İNSAN İRADƏSİ HƏR ŞEYƏ GÜC GƏLİR

 

   Quzanlıda gördüklərim

 

   Rayon mərkəzinə, yəni bu gün Ağdamın adını özündə yaşadan, Quzanlıya çatanda gün əməlli-başlı adamı qarsıyırdı. Dağlıq Qarabağın görünən yüksəklikləri, xüsusilə Şuşa belə məqamda adamın ağrılarını bir az da artırır, yarasının qaysağını qoparırdı. Çünki Quzanlıdan baxanda təkcə Ağdam deyil, üzü Şuşaya doğru bütün yüksəkliklər görünür və özündən asılı olmadan xatirələr səni 20 ildən öncəki zamana aparır. Özünü Şuşanın dolamalarında, İsa bulağında, ondan bir az da o yanda, Laçında, Kirs dağında hiss edirsən. Amma neyləyək ki, bu xatirələr biziovutmur, nə də indi nəfəsimizi kəsən yayın "qorapişirənindən", yəni avqustun istilərindən qorumur...

   Quzanlı qəsəbəsinin düz ortasında, necə deyərlər, işıqforun yanında maşını əyləyirəm. Adamlar xeyli seyrəlib. Təkcə yol kənarındakı sosial və məişət obeyktlərində seyrək qaynaşma var. Maraq güc gəlir. Səbəbini öyrənmək üçün qarşıma çıxan orta yaşlı kişiyə üz tuturam:

   - Nə yaxşı belə seyrəklikdi? Ayrı vaxtlarda burdan maşınla keçmək çətin olurdu.

   - Bilirsiniz, - deyə o, baxışlarının işarəsi ilə günəşi göstərir - bu havada çöldə-bayırda dolaşmağın bir faydası yoxdur. Əgər vacib bir işin yoxdusa, bu günün altında niyə gəzib dolaşmalısan ki?

   Təbii ki, verdiyim sualın cavabı da elə anladığım kimi oldu. Üstəlik həmsöhbətim məni bir az nabələdlikdə də qınadı. Düzdü, bunu demədi, amma baxışlarından hiss etdim, oxudum. Günahkar adamlar kimi onunla sağollaşıb ayrılmaq istəyəndə:

   - Deyəsən qonaqsan, gedək evə. Elə istidə ya gərək yaxşı çay içəsən, ya da sərin qarpız yeyəsən - dedi.

   Onun bu səmimi dəvəti doğrudan-doğruya ürəyimcə oldu. Çünki həm yaxşı həmsöhbətə oxşayırdı, həm də el adamına. Odur ki, əlimi uzadıb tanış oldum. O da özünü təqdim etdi:

   - Rizvan.

   Bəli, yenicə tanış olduğum Rizvan Axundov maşına əyləşdi və səmimi bir ərklə:

   - Sür, qardaş oğlu, - dedi.

   Biz Quzanlıdan keçən yolun təqribən 800-1000 metrliyindəki Qasımbəyli qəsəbəsinə doğru istiqamət götürdük. Yolun kənarlarındakı bir-birindən gözəl tikililəri göstərən Rizvan sanki mənə məlumat verir, bir növü yerli sakin kimi məni Quzanlıyla, Ağdamla tanış edirdi. Onun böyük həvəslə söylədikləri Rizvanın bu torpağa çox böyük tellərlə bağlı olduğunu göstərirdi. Aydınca duyulurdu ki, Rizvan həm də bu torpağın hər qarışına bələddir, Ağdam uğrunda gedən müharibənin canlı şahidlərindən biridir. Səmimi etiraf edim ki, belə bir insanla tanışlıq, onu dinləyib onunla həmsöhbət olmaq həm ürəyimcə oldu, həm də işimi asanlaşdırdı. Ağdama, daha doğrusu, Quzanlıya gəlməkdə məqsədim ölkə başçısı, Ali Baş Komandan İlham Əliyev cənablarının bölgəyə səfəri öncəsi burada aparılan quruculuq işləri ilə tanış olmaq, insanların əhval-ruhiyyəsindən xəbər tutmaq idi. Sanki ürəyimi oxuyan Rizvan Axundov sualsız mənim bütün maraqlarımı əhatə edən mövzunu özü xırdalayırdı...

   Yolüstü baş çəkdiyimiz "Qarabağ" komandasının bir vaxtlar məşq etdiyi stadionu göstərib dedi ki, burda təkcə idman yarışları keçirilmir, burda həm də möhtəşəm canlı konsertlər, bayram tədbirləri sərgilənir. Rayon icar hakimiyyətinin başçısı Nizami Sadıqov rayona rəhbər təyin edildikdən sonra Quzanlıda, bütövlükdə Ağdamın bizim nəzarətimiz altında olan ərazilərində görülən işlərin həm surəti, həm keyfiyyəti, həm də kəmiyyəti artıbdı. İndi demək olar ki, rayonda işıq, qaz, su problemi bilavasitə icra başçısının şəxsi nəzarəti altında köklü şəkildə həll edilir, yollar yenidən çəkilir, bəziləri təmir olunur. Bütün bu görülən işlər də özü-özlüyündə ağdamlıların doğma yerlərə qayıdışına bir təkan olur, bir çağırış olur. Adamlar Quzanlıya hər gəlişində bir yeniliklə qarşılaşırlar. Bu da özü-özlüyündə həm ruh yüksəkliyi yaradır, həm də insanlara inam bəxş edir. Düşmənlə göz-gözə qurub yaradan, əkib-becərən, əli işdən, torpaqdan soyumayan ağdamlılar çalışırlar ki, bu yayın isti günlərindən maksimum istifadə etsinlər, əkib-becərdiklərini təkcə tədarük etmək yox, həm də artıq məhsulu yerində və yaxud ölkənin müxtəlif şəhərlərində satıb digər ehtiyaclarını ödəsinlər. Çünki Ağdamın torpağı doğrudan-doğruya qızıldı. Zəhmət çəkib alın təri tökənə bu torpaq hər şey verir. İnsanları dəyərləndirməyi bacaran, onların işgüzarlığına stimul verən rayon icra hakimiyyətinin başçısı Nizami Sadıqov da həm yerli imkanların, həm də ölkə rəhbərliyinin yaratdığı imkanları rayona tətbiq etməyi, ünvanlamağı çox ustalıqla bacarır. Onun diqqəti adamları daha da ruhlandırır.

   Bəli, Quzanlıda olduğum müddət ərzində Rizvan Axundov mənə burada tikilən bir-birindən yaraşıqlı binaları, parkları, istirahət zonalarını, məktəb, səhiyyə ocaqlarını göstərir və hər biri haqqında da ayrıca bilgi verirdi. Onun söylədiklərindən bir daha əmin oldum ki, bu gün Quzanlıda "Regionların inkişafına dair" Dövlət Proqramı ölkə prezidenti cənab İlham Əliyevin tələb etdiyi səviyyədə həyata keçirilir. Ardıcıl olaraq döyüş bölgələrinə səfərlər edən Azərbaycan prezidenti burada yaşayan və məskunlaşan insanlara xüsusi qayğı göstərməklə Quzanlıda, eləcə də digər ərazilərdə həyat səviyyəsinin yüksəldilməsinə özəl diqqət ayırır və hər kəsdən də belə bir diqqət tələb edir.

   Hər gün insanların üzünə doğan günəşin şəfəqləri nə qədər odlu-alovlu olsa da, zəhmət, işgüzarlıq, torpaq sevgisi, qurub-yaratmaq istəyi ondan da odlu və alovludu. Mən Quzanlıda olanda avqustun bu qorabişirənində sahədə ot biçənləri də gördüm, divar hörənləri də, yol çəkənləri də. Deməli, insan iradəsi hər şeydən güclüdür.

 

 

   Əbülfət MƏDƏTOĞLU

 

   Azərbaycan Respublikasının Prezidenti yanında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi fondunun maliyyə yardımı ilə

 

 

  Ədalət.-2012.-18 avqust.-S.13.