Pişiyin yediyi oğlan - Hekayə

 

  Qapalı idi. Yeriyəndə başını yuxarı qaldırmazdı. Hündürboylu adamın başı sinəsinə doğru 10 dərəcə əyilib. Bəbək çərçivəsinin üst tərəfi ağlayan smaylikin göz yerinə çəkilmiş qövsə oxşayır. Alnındakı qırışlar sayılır. "Nə maraqlı xətlərdi, lap üzgüçülük hovuzundakı kanata oxşayır"- özünü aşırma çantaya qucaqlatdıran dayanacaqdakı qızın pıçıltısıdı. Ancaq mən eşitdim. Müəllifəm axı.

   Davam edək: sifətində yeniyetməlik barmağının üzərində ekspedisiya apardığı civzələrin çuxurları qalıb. Elə də çox deyil. Lap bir dənə də olsa, gözdən düşən şüa o çuxurda sınmalıdı.

   Monitordakı hərflər bostanda müqəvvanı saymayan sərçələrin lobyaların şaquli istiqamətdə bağlandığı ipdəki rəqsləri xatırladır. Son vaxtlar o sərçələri tez-tez görürəm. Əminəm, gözümün şüası çuxurlarda sınıb qalıb. Hər sifətdən geriyə nə qayıdıbsa, indi onun işığı ilə baxıram. Smaylik oğlanı təsvir edəndə təcrübəmə söykənirəm. Yerim rahatdı.

   Qızın dili yenə dinc dayanmır: "Saçına bağladığı lenti versəydin, pişiyimin boynundakı zınqrovun ipini dəyişərdim". Bu dəfə pıçıldamadı, oğlanın özünə dedi.

   Lap dəqiqini bilmək istəyirsiz? Lap dəqiqi olduqca sadədi. Kameranın gözü ilə baxaq: Arxa şüşəsindən dayanacağın içərisini göstəririk. Uzaq məsafəyə qaçış zolağında start vəziyyətdən əvvəlki pozanı almış idmançıları xatırladan iki nəfər. Qızlar oğlanlarla, oğlanlarsa qızlarla yarışmırlar - aydındı. Mənzərəyə arxa tərəfdən baxırıq axı. Hər ikisi şalvarda və gödəkçədə, saçları da uzun... Qız oğlana yaxınlaşır. Operator kameranı əsdirir. Peşəkar deyil, tamaşaçıya elə gəlir ki, qız oğlanın üstünə yıxılacaq. Aaaaa, yıxılır ki... bax mənim bundan xəbərim yoxdu.

   - Bağışlayın, ayaqqabılarım...- qız nə deyəcəyini bilmir...

   - Olur. Ayağınız əzilmədi ki?..- oğlan qamətini bir az da əyir.

   - Deyəsən əzildi - qızın gözü oğlanın sifətindəki çuxurlardan birinə ilişir. Çox çalışır çəkib çıxara bilmir. Başını sağa-sola fırladır...

   - Deyəsən özünüzü pis hiss... Bir-birini əvəz edən avtobusların səsi imkan vermir eşidim... Belədə ki, "hiss"- dən sonra "edirsiz" gələr də...

   Kameranı dayanacağın qarşısında qururuq. Ağlayan smaylik gülür. Oğlan gözlərinin quruluşuna yaraşmayan qəhqəhə çəkir. Qız da ona qoşulub.

   - Nə dedin, saçımdakı lenti verim pişiyinin boynuna bağlayasan?- oğlan əlini qızın başına çəkir - sən nə maraqlı qızsan.

   - Belə dedim, - qız təkrar edir: "Düşünürəm bu oğlan saçına bağladığı lenti versəydi, pişiyimin boynundakı zınqrovun ipini dəyişərdim".

   - Bəs qorxmursan, hirslənərəm? - oğlan daha gülmürdü.

   - Elə adama oxşamırsan, - qız əlini oğlanın saçındakı lentə uzatdı.

   İndi kameranı yığışdıraq. Bu mənzərəni az adam görsə yaxşıdı. Film kütlənin marağına hesablanır. Kütlə isə kütdü. Bizim oğlan lenti çıxarıb qıza verəcək. Filmə baxan kütlənin gəldiyi yeganə qənaət: oğlan qıza vuruldu.

   37 yaşdayam. Ailəliyəm. Övladım da var. Həyat yoldaşımı çox sevirəm. Saçımdakı qara tüklər yalnız başımı yuyanda güzgüyə baxsam görünür. Tükləri hövkələyirəm, ağların arasında qaraltılar güzgüdə əksini tapır. Qarnım da çıxıb, hətta redaksiyların birində iş yoldaşım olan 52 yaşlı xadimə xanım mənə 50 yaş vermişdi. Çox pərt oldum. Həmkarlarım mövzu tapmışdı. Doğrusu qıcıqlanırdım. Vəziyyətdən çıxmaq üçün yaşımı çoxaldan xanıma dedim: "Deyəsən özünə yoldaş axtarırsan ha...".

   12 cümləlik mətndən gördüz də məni... Sevməyin, vurulmağın qanadlarında gələn mövzu bu kişinin harasına yaraşır ki, onların əlindən tutub aşağı düşürsün, sonra ədəb-ərkanla hekayəsinə qonaq aparsın... Bu kişi uzağı sexdən yazar, o da çox primitiv alınacaq. Oxucu cənnət həzzi əvəzinə "Jalə" şirələrinin dadını hiss edəcək damağında. İstedadım ancaq ona çatar ki, məsələ bitəndən sonra qızı çarpayıdan qaldırıb, soyuducuya tərəf aparım, ordan "Jalə" götürüb içsin. Bildiyim budu: o məsələdən sonra xanımlar yanğıyla su istəyir. Gördünüz, nə qədər bəsitəm... İnsana cənnət həzzini dadızdıran, dünyanı yaradan və dağıdan prosesə "o məsələ" deyirəm.

   Gözümə barmaq uzanır. Əlimin arxası ilə qarşısını kəsirəm. Barmaq soruşur: "Hardan bilirsən cənnət həzzidir, cənnətdə olmusan? Tanış gəlir. Hə, bizimkidi, kütlədən qopub gələndi. "Bizi Allah yaradıbsa, bəs Allahı kim yaradıb?" "fəlsəfəsinin" daşından, qumundan özünə ev tikib, nə qapı qoyub nə baca...

   Əlbəttə, o belə qənaətə gələcək: oğlan qıza vurulub. Vurulmayıb. Qız lenti oğlanın əlindən alıb, üzündən öpmək istəyir. Qabağa doğru əyilir, dabanlarını qaldırır, yox, boyu çatmır. Oğlansa qımıldanmır. Gözlərinin ağı çoxalıb, kərtənkələ dilinə oxşayan burnunun pərləri tərpənir. Çənəsi ilə sinəsi arasındakı 10 dərəcənin yaratdığ trapes şəkilli "pəncərə"dən baxanda hülqumunun olub-olmadığını müəyyənləşdirmək çətindir. Amma nəsə batır-çıxır. Hovuzdakı üzgüçülərin başına oxşayır. Bilirsiz, hansının? Yazım da: qələbəyə ikinci çatacağını yəqinləşdirib azarkeşlərə imitasiya xarakterli baş rəqsi göstərən üzgüçünün. O, uduzub, başını suya salıb çıxarmasının qabağa getməyə dəxli yoxdu. Hər şey baş məşqçinin təəccübünə "neyniyim e..." cavabı vermək üçündü.

   Lent qızın əlindədi. Oğlan yenə gülür, ardından soruşur:

   - Daha nə lazımdı?

   - Heç nə...yox...hə də... heç nə...- qız kəkələyir, bu fikrini isə səlis şəkildə ifadə edir - burdasızsa, aparım bunu zınqrova keçirib pişiyimin boynunda gətirim.

   - Buyurun, - smaylik diyirlənə-diyirlənə dayanacaqdakı oturacağa qalxır və oturur.

   ...Oxuyursan. "Undum qoğal olmuşam, süd ilə yoğrulmuşam...". Sizi yaxşı tanıyıram. Mütəfəkkirinizin ədəbiyyatda miras qoyduğu üslubdan çıxa bilmirsiz... Maraqlı olsun deyə, ciddi hekayəmdə, ciddi bir oğlanı diyirlədirəm, sən mahiyyəti ayağının altına qoyub "qoğal nağılı"nın sauntrekini oxuyursan... Şüuraltı istək: təhsil olmasın, yurdun böyrünə "murd" yapışdırıb, doğulduğu obanı "yurd-murd" qəbiristanlığında basdırasan, mənəviyyatın iniltisində uşaq yatızdırasan, "laylay"ın sözlərini də bu iniltinin musiqisində zümzümə edəsən. Bircə qoğalla rəftarın düzgündü. Bircə qoğal olsun. Bildiyin bircədi: yemək.

   Smaylik oğlan acdığını hiss edir. Yaxınlıqda "Fast fud" var. Getmir. Tam 8 dəqiqə keçir. Zınqrov səsi gəlir. Bu da həmin pişik. Artıq dayanacaqdadı. Qız da sağ tərəfdən çıxır.

   -Bu da o - pişiyi göstərir.

   Oğlan əyilib pişiyi qucağına götürür. Ayağa durmur, eləcə 45 dərəcəlik bucaq altında qatlanan dizlərindən budunun sonuna qədər uzanan iki tilin üstündə oturub, arxasını aşağı-yuxarı yelləyir. Əvvəl pişiyin zınqrovunu oynadır. "Zınq-zınq". Qız isə belə reaksiya verir: "Dup-dup". Sonra əlinin içini onun burnuna yapışdırır. Əlini burunun ətrafında "Pole Çudes" çarxı kimi fırlatdıqca dırnaqları ilə heyvanın sifətində sanki mina axtarır. Pişiyin üzü şümaldı, dırnağına heç dəymir. Gözlərini alnına zilləyir, qırış deyil. Gözünə baxır - yupyumrudu. Pişiyin saçı da yoxdu ki, onun uzun qısa olduğunu bilsin. Hülqumuna baxmaq istəyir, görmür. Heyvanın çənəsi ilə sinəsi arasındakı 10 dərəcənin yaratdığ trapes şəkilli "pəncərə"dən baxanda hülqumunun olub-olmadığını müəyyənləşdirmək çətindir.

   - Təkcə burasından mənə oxşayır-pişiyin xirtdəyindən yapışan oğlan bu sözləri qızın qulağına deyir.

   , gur səslə deyir. Qız diksinir. Onun kənara çəkilmək istəyinə başına çırpılan pişik təkan verir. Smaylik pişiyi qızın başına çırpır. Miyovultu adamın beyninə Brejnev basdırılanda orkestrin ifa etdiyi marş təsiri göstərir. Qız fərarilik etməyə hazırlaşan əsgər sayaq arxaya doğru hərəkətə başlayır. İkinci addımda kürəyi dayanacağın yan pəncərəsinə söykənir. Bir dəqiqə qabaq qızın boyu məsafəsindən böyrü üstə yerə dəyən pişik ani olaraq ayağa qalxır sahibinin ayaqlarından başlayaraq başına doğru yol alır. Çatır. Yerini rahatlayandan sonra qalxıb bir neçə dəfə özünü qızın başına çırpır. Qızın yaxasından tutmaq istəyən ağlayan smaylik pişiyin uzaqgörənliyinə ucadan "əhsən" deyir. Qız küncə büzüşüb ağlayır. Pişik gözə dəymir. Oğlan pişiyi axtarır. Öz-özünə deyinir: "İt balası hara getdi?.." "İt balası" sözündən özü diksinir. Ağzından selik tökülən qızın hıçqırtılarına əhəmiyyət vermədən ordan uzaqlaşmağa hazırlaşanda pişiyin ona doğru qaçdığını arxasınca isə sarılı- qırmızılı tüksüz it düşdüyün görür. Heyvanlar dayanacağa yaxınlaşır. Sifəti qan içində, sallanan dilinin ucundakı pulcuqların qar dənələrini xatırladan, pəncələrindən qarışıq paroduya olduğu aydın sezilən, boğazında xaltası olan iti yaxından görəndə oğlanı vahimə basır.

   Artıq gecdi. Pişik hələ dayanacağın küncünə qısılmış vəziyyətdə qalan qızı qucaqlayan çantaya girir. İt oğlanın kərtənkələ dilinə bənzəyən burnunu gəmirir. Dəhşətli bağırtı boğuşma başlayandan ilk dəfə dayanacağa gələn avtobusdakı sərnişinlərin bir anda qapılardan tökülüşməsinə səbəb olur. İt arxası üstə yerə yıxdığı oğlanın sağ qulağını qoparıb. Heç kim yaxınlaşmır. Dayanacaqda qız var, pişik...

   Uzaqdan təcili yardım maşınının həyəcan siqnalı eşidilir... Sərnişinlər növbəti avtobusa doluşurlar. İndi görürəm, deyəsən hamısında qulaqcıq var. Dingildəyirlər. Təkcə bir nəfərdən başqa. Tərpənmir. Sanki yerindəcə ölüb. Dayanacaqdan səs gəlmir. İt smaylik oğlanın sinəsindən axan qanı yalayır, oğlansa ancaq sol ayağını tərpədir. Avtobus hələ tərpənməyib. Qulaqcığı olmayan sərnişin də həmin vəziyyətdədi. Pəncərəyə yaxınlaşıram. Bunun qulağı yox imiş ki... Bir qulağı...Qulaq?.. Yerdə var ki... əyilib itin qopardığı qulağı dayanacağın ortasından götürürəm. Bu an avtobus tərpənir. Özümü tez içəri atıram. Qulaqsız oğlana yaxınlaşıb əlimdəkini ona uzadıram. Gülümsünür. Qulağı məndən alıb, yanındakı boş oturacaqdakı zənbilə qoyur.

   Təcili yardım maşını çatıb. İki həkim oğlanı qaldırıb xərəyə qoymağa çalışır. Daha sol ayağı da tərpənmir. İt qanlı dilini sallayıb mənzərəni seyr edir.

   Daha heç nə görmürəm. Avtobus ordan uzaqlaşıb. Hara gedirəm ki... Avtobus ilk saxladığında düşməyə hazırlaşıram. Dayanacaq. Bir nəfər var, o da xanım...

 

 

   Ceyhun Musaoğlu

 

   Ədalət.-2012.-23 avqust.-S.3