ŞAMAXI: MİNİLLƏRİN ƏN GÖZƏL DÖVRANIMI?

 

   Möhtəşəm yüksəlişin təntənəsi

  

   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin nəticəsi olaraq ölkəmiz yüksək inkişafı ilə dünyanın diqqət mərkəzindədir. Müstəqil Azərbaycan Respublikası bütün sahələr üzrə yüksəlişdədir. Hətta idman sahəsində qazanılan uğurların ardıcıllığı da bu möhtəşəm yüksəlişin müəyyən təzahürləridir. İdmançılarımızın London Olimpiadasında 10 medal qazanaraq dünyanın bir çox ölkələrini, hətta ənənəvi idman ölkələrini geridə qoyması cənab prezidentin müstəsna qayğı və diqqətinin nəticəsidir.

   Azərbaycanın bugünkü inkişafı daha böyük qələbələrdən xəbər verir. Paytaxtımız dünyanın ən gözəl şəhərlərindən birinə çevrilir. Regionların da inkişafı göz qabağındadır. Kəndlər, şəhərlər, qəsəbələr daha gözəl və müasir görkəm alır, abad və yaraşıqlı yolların xəritəsi genişlənir, digər infrastrukturlar da dünya standartları səviyyəsinə uyğunlaşır. Beləcə Dövlət Proqramında qarşıya qoyulan vəzifələr uğurla icra olunur. Bir az obrazlı ifadə etsək indi Azərbaycan gözqamaşdırıcı aysberqə bənzəyir. Ancaq daha hamı bilir ki, bu Aysberq təkcə göründüyü kimi deyil, onun əzəməti zaman-zaman üzə çıxır, bəzən də qəfil görünür - səhər günəşi kimi.

 

   Qədim paytaxt, Sən kiminsən?

 

   ...Azərbaycanın qədim paytaxtı Şamaxı da son illər özünün böyük yüksəliş dövrünü yaşamaqdadır. Sevindirici haldır ki, bu yüksəliş təkcə abadlıq-quruculuq tədbirləri ilə diqqət cəlb etmir, sosial-iqtisadi həyatın bütün sahələri üzrə təqdirəlayiq uğurlar qazanılır. Elə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarısının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasla əlaqədar keçirilən rayon müşavirəsində də bütün bunlar barədə ətraflı danışılmışdır. Müşavirədə hesabat məruzəsi ilə çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Məmmədov demişdir:

   - 2012-ci ilin birinci yarısı ölkəmiz üçün uğurla başa çatmışdır. Belə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi düşünülmüş və çevik siyasət nəticəsində cari ilin birinci yarısında qarşıya qoyulan bütün vəzifələrin icra edilməsi təmin olunmuşdur. Bunu altı ayın statistik yekunları da təsdiqləyir. Keçən müddət ərzində ümumi daxili məhsul 1,5 faiz artmışdır. Bu artım nəticəsində keçən ilin müvafiq dövrü ilə müqayisədə ölkədə 1 milyard dollar dəyərində çox məhsul istehsal edilmişdir. Daha sevindirici cəhət budur ki, qeyri-neft sektorunda inkişaf davam etmişdir. Ötən altı ay ərzində bu sahə 11,3 faiz artmışdır. Bu, dünya miqyasında ən yüksək göstəricidir. Keçən illə müqayisədə ölkə iqtisadiyyatına qoyulan investisiyalar 30 faiz artmışdır. Mikroiqtisadi vəziyyət çox müsbətdir. İnflyasiya cəmi 2,2 faiz təşkil etmişdir. Əhalinin pul gəlirləri isə 14,2 faiz artmışdır. İnflyasiya ilə əhalinin pul gəlirləri arasında 12 faiz fərq vardır. Altı ayda kənd təsərrüfatı 10,4 faiz artmışdır. 2012-ci ilin birinci yarısında bölgələrin də regional inkişaf proqramı uğurla davam etdirilmişdir. Regionlarda gedən quruculuq-abadlıq işləri artıq ənənəvi xarakter daşıyır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev bununla bağlı giriş nitqində bir daha qeyd edir ki, mən bölgələrdə mütəmadi qaydada oluram və hər dəfə yenilikləri görəndə çox sevinirəm...

   ...Ötən dövr ərzində, yəni ilin altı ayında respublika üzrə 46 min yeni iş yeri açılmışdır ki, onun da 37 mini daimi iş yeridir. Böyük qürur hissi ilə qeyd etmək istəyirəm ki, Azərbaycanda hər həftə yeni müəssisə, yeni fabrik və yeni zavod tikilir, insanların məşğulluğu artır. Məlum olduğu kimi, sosial məsələlərin həlli respublikamızda daim diqqət mərkəzindədir. Sosial siyasətimizi gücləndirən əsas cəhətlərdən biri ünvanlı yardım proqramının ölkəmizdə uğurla icra edilməsidir. İndi hər bir ailəyə verilən məbləğ 109 manat səviyyəsindədir və 143 min ailə ünvanlı sosial yardım alır. Bu ilin yaddaqalan əlamətlərindən biri də sovet dövründən qalmış, yəni batmış əmanətlərin kompensasiyasıdır. Azərbaycan dövləti o əmanətlərə görə heç bir hüquqi və mənəvi məsuliyyət daşımırdı. Amma dövlətimizin başçısının ədalətli qərarından sonra həmin əmanətlərin ödənilməsinə başlanılmışdır. 2012-ci ilin ən mühüm hadisələrindən biri də may ayında Bakıda beynəlxalq əhəmiyyətli "Eurovision-2012" Mahnı müsabiqəsinin keçirilməsidir. Xüsusi qürur hissi ilə bildirmək istəyirəm ki, bu tədbir respublikamızın qısa müddət ərzində əldə etdiyi inkişafı bütün dünyaya göstərməklə yanaşı Azərbaycanın qədim tarixinin, xalqımızın zəngin mədəniyyətinin, yurdumuzun gözəl təbiətinin təbliği baxımından da geniş imkanlar açmışdır...

 

   A.Məmmədov daha sonra demişdir:

   - Diqqətinizə çatdırmaq istəyirəm ki, 2012-ci ilin birinci yarısını rayonumuz üçün uğurlu hesab etmək olar. Belə ki, ötən altı ay ərzində əldə edilmiş nəticələr göstərir ki, birinci yarımildə qarşıya qoyulmuş bütün vəzifələrin yerinə yetirilməsi əsasən təmin edilmişdir. İlin əvvəlləri olduqca sərt çətin keçən qış aylarına təsadüf etmişdir. Lakin bu çətinliklərə baxmayaraq bütün imkanlar tam səfərbər edilərək qarın-şaxtanın törətdiyi fəsadlar vaxtında aradan qaldırılmış, əhali normal qaydada elektrik enerjisi təbii qazla təmin edilmişdir. Həm təəssüf hissi ilə xatırladıram ki, ilin birinci yarısında rayonda baş verən təbii fəlakət halları ilə üzləşmişik. Bildiyiniz kimi, rayonun Muğanlı kəndində sürüşmə nəticəsində bir çox evlər yararsız təhlükəli vəziyyətə düşmüşdür. Dövlətimizin qayğısı sayəsində həmin fəsadların aradan qaldırılması üçün operativ tədbirlər görülməkdədir. Evləri yararsız vəziyyətə düşən vətəndaşlarımız üçün daha təhlükəsiz ərazidə dövlət hesabına yeni evlər tikiləcəkdir. Eyni zamanda ötən müddət ərzində rayonun əsasən dağ kəndlərində baş verən sel daşqınlarının aradan qaldırılması məqsədilə zəruri tədbirlər görülmüşdür, orada yaşayan insanlara mütamadi qaydada lazımi qayğı göstərilmişdir...

  

   (ardı gələn sayımızda)

 

 

   MƏZAHİR ƏHMƏDOĞLU

 

   Azərbaycan Respublikasının Prezidenti yanında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi fondunun maliyyə yardımı ilə

 

 

   Ədalət.-2012.-23 avqust.-S.3.