Vasim Məmmədəliyev şəxsiyyəti
Böyük ziyalı akademik Vasim Məmmədəliyev
nəinki cəmiyyətimizdə, beynəlxalq aləmdə də
birmənalı şəkildə qəbul edilən şəxsiyyətdir
Yüksək
yaradıcı potensiala malik insanlar bütün dövrlərdə
həyat eşqini istedadın onları məhkum etdiyi
ağır zəhmətdən alıblar. Yüksək mənəviyyat
sahiblərinin ömür tablosu sanki sonu görünməyən
mübarizə boyaları ilə işlənib. Qarşıya
qoyduqları saf amallara, ali məqsədlərə yetişmək
parlaq zəkası və istedadı ilə seçilən bu
insanlar üçün dünyanın ən böyük ərmağanıdır.
Yazıbyaratmaq, xalqa təmənnasız xidmət etmək istəyi
onların iç dünyasından qaynaqlanır. Bütün
zaman və məkanlarda xalqın döyünən qəlbi,
düşünən beyni olan belə fitri zəka sahibləri
həm də milli yaddaşın, milli ruhun
daşıyıcısı kimi cəmiyyətdə
sayılıb-seçiliblər.
Əsl elm xadimi bütün ruhu ilə
yaradıcı şəxsiyyətdir. O daxildən gələn
tükənməz enerji ilə çalışaraq
qarşıya qoyduğu saf və ali məqsədlərə
çatmaq üçün hər cür əziyyətə
qatlaşır, zəhmətdən usanmır. Yüksək
alimlik və tədqiqatçılıq keyfiyyəti onun fitrətindən,
məqsədə doğru inamla irəliləmək, hədəfə
yetişmək əzmindən qaynaqlanır. Elmi potensialı ilə
millətə, dövlətə layiqli xidməti
qarşıya məqsəd qoyan yaradıcı insan, ilk
növbədə, ziyalıdır. Ziyalı isə xalqın
içindən çıxaraq onun mövcudluğunu,
özünəməxsusluğunu şərtləndirən
bütün mənəvi-əxlaqi dəyərləri,
müsbət keyfiyyətləri qoruyub saxlayan, gələcək
nəsillərə çatdırmağa çalışan
şəxsiyyətdir. O, illərin arxasından geriyə
boylananda fəxarət hissi ilə ömrünün hədər
getmədiyini, özünün cəmiyyət
üçün dəyərli, lazımlı olduğunu
görür, bununla da mənəvi rahatlıq tapır, qəlbi
həyat eşqi ilə dolur.
Etiraf etməliyik ki, ətrafımızda
alimlik diplomu daşıyan çoxlu sayda "elm adamı"
ilə qarşılaşsaq da, onların çox az qismi gərgin
zəhmət tələb edən bu sahədə yüksək
nəticələr qazana bilir. Nə etməli, yüksək
elmi titulları və dərəcələri olan təsadüfi
"alimlər" həmişə olub, var və bundan sonra
da olacağı istisna deyil. Lakin nə yaxşı ki, Azərbaycanda
halal zəhməti, intellekti, zəkası, saf
düşüncəsi ilə elmin yüksək pilləsinə
ucalmış həqiqi elm xadimləri də yetərincədir.
Ziyalı adının məsuliyyətini çiyinlərində
ləyaqətlə daşıyan, sahib olduğu mövqeyə
uzun illərin gərgin zəhməti, inadkar fəaliyyəti
ilə yetişən belə alimlərimizdən biri də
Vasim Məmmədəli oğlu Məmmədəliyevdir.
Nüfuzlu nəsil-şəcərədən olan görkəmli
alim həm elmi ictimaiyyət və xalq arasında, həm də
vətənimizin hüdudlarından kənarda böyük
şöhrət qazanmışdır və nadir şəxsiyyətlərdəndir
ki, hər yerdə birmənalı şəkildə qəbul
olunur.
Elmdə yüksək pillələri
qət etmək hər bir tədqiqatçı alimin arzusudur,
lakin bu nəcib istəyi, niyyəti xalqın, dövlətin mənafeyi
naminə yönəldib səmərəli nəticələr
əldə etmək xüsusi istedad tələb edir. Belə
yüksək istedad sahibi olan, əməkdar elm xadimi Vasim Məmmədəliyev
Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin
dekanı, Şərqşünaslıq fakültəsinin Ərəb
filologiyası kafedrasının müdiri, Qafqaz Müsəlmanları
İdarəsi nəzdində Elmi-Dini Şuranın sədri,
AAK Rəyasət Heyətinin üzvü, Azərbaycan və
Dağıstan Muxtar Respublikasının əməkdar elm
xadimi, AMEA-nın həqiqi üzvü, İraq Elmlər
Akademiyasının, Suriya Quran Elmləri və Ərəb
Filologiyası Akademiyasının, Misir Ərəb Dili
Akademiyasının müxbir üzvü, İslam Əməkdaşlıq
Təşkilatının Müsəlman Hüququ
Akademiyasının akademiki və Azərbaycanın orada təmsilçisi,
İranın Beynəlxalq Əhli-Beyt Assosiasiyası və
Türkiyənin Elmi Araşdırmalar Vəqfinin
üzvüdür. Elm və təhsildə səmərəli
fəaliyyətinə görə ölkə
başçısı tərəfindən "Şöhrət"
və "Şərəf" ordenləri, "Yusif Məmmədəliyev"
medalı ilə təltif edilmişdir.
Cəmiyyətdə müəyyən
müsbət keyfiyyətləri ilə seçilən, rəğbət
qazanan Vasim Məmmədəliyev kimi parlaq ziyalıların
maraqlı olduğu qədər də şərəfli
ömür yoluna nəzər salarkən, onların
yetişdiyi mühitin, aldıqları mənəvi tərbiyənin
rolu qabarıq sezilir. Tarixən böyük filosoflar da şəxsiyyətin
formalaşmasında onun doğulub boya-başa
çatdığı mühitin, ailə dəyərlərinin
təsirini qabarıq önə çəkmişlər.
Yüksək əxlaqi keyfiyyətləri, təmənnasızlığı,
qayğıkeş münasibəti, sadəliyi, təvazökarlığı,
prinsiplərinə sadiqliyi ilə daim ətrafındakıların
yüksək rəğbətini qazanmış akademik Vasim Məmmədəliyev
mənalı, zəngin və şərəfli həyat yolu
keçərək xalqına fayda vermək əzmi və qətiyyəti
ilə ömrünü elmi axtarışlara həsr
etmişdir. Təkcə müqəddəs kitabımız
Qurani-Kərimin ana dilimizə mükəmməl tərcüməsi
kifayət edir ki, xalqın bu böyük alimə sonsuz və
dərin ehtiramını müşahidə edək.
"Ön söz"də yazdığı - "Allah kəlamı
olan Quran elə bir ecazkar ilahi kitabdır ki, heç bir müfəssir
onu tam dolğunluğu ilə təfsir və heç bir
mütərcim mükəmməl tərcümə edə bilməz.
Çünki Allah təala Özünün haqq dini islamı
və onun müqəddəs kitabı Quranı insanlara
yalnız müəyyən bir dövr üçün deyil,
qiyamət gününə qədər olub keçəcək
bütün dövrlər üçün göndərmişdir.
Qurani-kərim öz dərin qatlarında nəinki
saysız-hesabsız elmi fikirlər ehtiva edir, o həm də
bir çox nəhəng elmi kəşflərin sezimi
üçün zəmin yaradır. Elm, texnika inkişaf etdikcə,
insanın şüur səviyyəsi yüksəldikcə
Quranın müqəddəs ayələrinin mənaları təsəvvür
edildiyindən daha dərin görünür, onların fikir
tutumu daha da ənginləşir və sonsuzluq kəsb edir.
Allah təalanının göydən yerə uzanmış mərhəmət
əli olan Qurani-kərim zahirən tam anlaşıqlı
görünsə də, batinən insan düşüncəsinin
əhatə edə bilmədiyi bir kəhkəşan, bir
ümman kimidir. Allah təala zaman-zaman öz mərhəməti
və inayəti ilə şüaları min illər ərzində
yerə gəlib çatan bu kəhkəşandakı əsrarəngiz
ulduzlardan bizə yeni-yeni işartılar, nur şəfəqləri
bəxş edir. Bu sonsuz ümmandan üstümüzə təzə-tər
abi-həyat qətrələri çiləyir. İnsan bu mərhəmət
və inayətə, bu ilahi feyzə əqli səviyyəsi
yüksəldikcə, imanı kamilləşdikcə, əxlaqı
gözəlləşdikcə, zəkası nurlandıqca,
irfanı dərinləşdikcə, nəfsi təmizləndikcə,
nəhayət ruhu bütün varlığına hakim kəsilib
həqiqət məqamına varınca nail olur", - zərif
inci kimi yazılmış bu cümlələrin zənnimizcə
şərhə belə ehtiyacı yoxdur. Əslində bu
ön söz ölkəmizdə ilahiyyat və
islamşünaslıq elminin yenidən dirçəlib
parlamasına bir təkan oldu. İnsanı ilahi heyrətə
və riqqətə gətirən bu qüdrətli tərcümə
Vasim müəllimi bir daha onu əhatə edən mühitdə
yüksəklərə qaldırdı. Ümumiyyətlə,
Qurani-Kərimin Azərbaycan dilinə tərcüməsinə
hələ orta əsrlərdə cəhdlər göstərilsə
də, o yalnız ilk dəfə 1906-cı ildə
xalqımızın böyük oğlu, maarifpərvər
mesenat Hacı Zeynalabdin Tağıyevin maliyyə dəstəyi
ilə Bakı qazisi Mir Məhəmməd Kərim ağa tərəfindən
3 cilddə çap edilmişdir. Sovet dövründə isə
1968-ci ildə Azərbaycan KP MK-nın qərarı ilə
ideologiya üzrə katib, eyni zamanda tanınmış alim Cəfər
Cəfərovun rəhbərliyi altında Qurani-Kərimin ana
dilimizə tərcüməsi üçün yaradılan
komissiyaya görkəmli elm xadimləri, şair və ədiblər
daxil idi. Əlyazmalar Fondunun direktoru Məmmədağa
Sultanov, gənc və istedadlı tərcüməçi alim
Vasim Məmmədəliyev isə redaktor təyin edilmişdilər.
Lakin çox çəkməmişdi ki, Moskvadan tərcümənin
dayandırması haqqında göstəriş gəlmişdi.
Yalnız Azərbaycanın dövlət
müstəqilliyinin bərpasından sonra - 1991-ci ildə
akademik Ziya Bünyadovun Vasim Məmmədəliyevlə birgə
səyi nəticəsində Qurani-Kərimin Azərbaycanca tərcüməsi
işıq üzü gördü. Və bu, cəmiyyətin
mənəvi zənginliyi üçün böyük bir
hadisəyə çevrildi. Bu günədək 30-a qədər
müxtəlif nəşri olan Qurani-Kərimin bu mükəmməl
tərcüməsi xalq arasında da böyük populyarlıq
qazanmışdır.
Müasirləri olan çox
nüfuzlu şəxsiyyətlərin akademik Vasim Məmmədəliyev
haqqında dediyi sözlərdə böyük həqiqət
vardır. Vasim müəllim həqiqətən müsəlman
şərqinin müdrikliyini özündə cəmləşdirən
üləma kimi islam dininin, islam dəyərlərinin təbliğində,
geniş yayılmasında, düzgün yozulmasında bir
sözlə, xalqın mənəvi cəhətdən zənginləşməsində
və inkişafında böyük xidmətləri vardır.
Onunla ünsiyyətdə olan, ibrətamiz söhbətlərini
dinləyən hər bir kəs həqiqətən mənəvi
cəhətdən saflaşır və zənginləşir.
Vasim Məmmədəliyev erkən gəncliyindən
ağsaqqallıq mərtəbəsinə yüksəlmiş,
ağıllı məsləhətləri, dəyərli
tövsiyələri ilə hər kəsin məhəbbətini
qazanmışdır. Azərbaycan televiziyasında hər
cümə axşamı efirə verilən "Haqqın dərgahı"
verilişini artıq 20 ildir ki, xalqımız səbirsizliklə
gözləyir. Gözləyir ki, Vasim Məmmədəliyev
Qurani-Kərimin bəşəriyyətin ictimai və mənəvi
dünyasına bağlı qapılarını
üzümüzə açsın. İslami dəyərlərə
kor-koranə deyil, elmi, həyati nöqteyi-nəzərdən
bağlanaq, müqəddəs dinimizin tarixini bilək.
Özünəməxsus məxməri və əzəmətli
səsi ilə istər ərəbcə, istərsə azərbaycanca
Qurani-Kərimin ayə və surələrini kəlmə-kəlmə,
ilmə-ilmə şüurumuza həkk etsin!
Bütün müsəlman
dünyasında tanınan, hörmət edilən,
çıxışları maraqla qarşılanan bu azərbaycanlı
şərqşünas və islamşünas alimimiz
islamın əsl mahiyyətini yüksək kürsülərdən
açıqlayır. Müasirləri onu həqiqətən təkcə
İslamşünaslıq fədaisi deyil, dərin idrakı və
səmimi qəlbi ilə Vətənini sevən nüfuzlu
fenomen kimi təqdir edirlər. Nadir tip erudisiyaya, təkrarolunmaz
təfəkkür tərzinə, orijinal ünsiyyət
üsuluna malik bu ziyalıya, inamlı və imanlı şəxsiyyətə
hər yerdə dərin ehtiram göstərilir, sevilir və
alqışlanır.
Azərbaycanın Suriya Ərəb
Respublikasında fövqəladə və səlahiyyətli səfiri
Mahir Əliyev ustadı V.Məmmədəliyev haqqında
yazır ki, onlar birlikdə bir neçə ərəb ölkəsini
ziyarət ediblər: "Bir dəfə Səudiyyə Ərəbistanı
Krallığında rəsmi səfərdə idik. O vaxt kral
xəstə olduğu üçün bizi dövlətin
ikinci şəxsi, vəliəhd Abdulla qəbul etdi. Rəsmi
danışıqlar qurtardıqdan sonra vəliəhd nümayəndə
heyətinin üzvləri ilə bir neçə kəlmə
kəsdi. Vasim müəllimlə danışan vəliəhd
onu ərəb bilib soruşdu ki, sən bunlarla nə edirsən?
Cavabında Vasim müəllim "Mən də bunlardan biriyəm,
azərbaycanlıyam",-dedi. Vəliəhd bundan heyrətini
gizlətmədi, ətrafdakılara müraciətlə
"Siz heç ömrünüzdə belə ərəbcə
danışan əcnəbi görmüsünüz?" deyə
soruşdu. Artıq protokolla ayrılan vaxt bitsə də, vəliəhd
onun əlini buraxmırdı, sorğu-suala tutmuşdu. Bizdən
ayrılarkən dediyi son sözlərdən biri də bu oldu
ki, "Professoru qoruyan, indiki mərhələdə islam aləminin
belə şəxsiyyətlərə böyük ehtiyacı
var".
Vasim Məmmədəliyevin həyatında
belə görüşlərin sayı-hesabı yoxdur. Şahidi
olanlar dəfələrlə dövri mətbuatda ərəb
ölkələrində Vasim müəllimi dünya müsəlmanlarının
ehtiramını qazanmış nüfuzlu alim kimi böyük
heyrətlə qəbul edilməsindən qürur hissi ilə
istənilən qədər yazmışlar.
Vasim müəllim nəinki ədəbiyyatımızın,
klassik poeziyamızın, eyni zamanda ərəb, fars şeirinin
tanınmış araşdırıcılarından
sayılır. O, təsəvvüfü incəliklərinə
qədər öyrənmiş, Mövlana Cəlaləddin
Ruminin "Məsnəvi"si haqqında, hətta İran və
Türkiyə televiziyalarında dəfələrlə ətraflı
çıxışlar etmişdir. Hörmətli professorumuz
eyni zamanda Azərbaycan musiqisinin, xüsusilə də
muğamların gözəl bilicisidir. O, dəfələrlə
muğam gecələrini aparmış, respublikanın görkəmli
xanəndə və müğənnilərinin
yaradıcılıq görüşlərində mütəxəssis
kimi çıxış etmişdir. O, həm də klassik
Avropa musiqisinə dərindən bələddir. Onunla saatlarla
Bax, Motsart, Bethoven, Şopen List, Messian və digər dahi bəstəkarların
yaradıcılığı haqqında danışmaq olar. Bu
gün paytaxtımızın ərəb dilçiliyinin
tanınmış ocaqlarından birinə çevrilməsində
sovet samişünaslarının lideri G.V.Seretelinin ləyaqətli
yetirmələrindən olan Vasim müəllimin əvəzsiz
xidmətləri vardır. Bu sahədə 41 elmlər namizədi
və 3 elmlər doktoru yetirmiş akademik bu gün Azərbaycan
şərqşünaslarının lideri kimi dünyanın
müxtəlif ölkələrində keçirilən
toplantılara qatılır.
İnanırıq ki, görkəmli
alim bundan sonra da böyük səylə, qətiyyətlə
çalışacaq, Azərbaycan elminin ən son nailiyyətlərini
dünya ictimaiyyətinə çatdırmaq prosesində daim
yüksək fəallıq və vətənpərvərlik
nümayiş etdirəcəkdir.
Elm kahkəşanımızın
parlaq ulduzu, ulu Şərqin müdrik üləması hesab
etdiyimiz Vasim Məmmədəliyev bu günlərdə şərəfli
və mənalı ömrünün 70-ci baharını
yuvarlaqlaşdırır. Həyat eşqi və
yaradıcılıq potensialı bulaq kimi çağlayan
Vasim müəllim hələ də yorulmadan
çalışır, çoxsaylı tələbələrinə
işıqlı cığırlar açır.
Arzu edək ki, müdriklik
çağı olan bu illər ömrün son baharı deyil,
coşqun və əlvan yaradıcılıq
palitrasının zərif rayhəli çələnginə
bənzəsin. Cəlallı Yaradanımız
cansağlığı və uğurlarını Haqqın dərgahının
əbədi sakinindən əsirgəməsin!
Mirvari
Rəhimzadə,
əməkdar
jurnalist
Ədalət.-2012.-24
avqust.-S.4.