GÖYÇAY: SEVİNC VƏ QÜRUR ÜNVANI

 

... Bu adın öz yeri var gözəl vətəndə

 

   Doğma respublikamızın, müstəqil Azərbaycanımızın son illərdəki sürətli inkişafı, indi nəinki regionun bütövlükdə dünyanın diqqət mərkəzindədir.

  

   Avropa və dünya miqyaslı bir sıra mühüm tədbirlərin, "Evrovision" kimi musiqi bayram-yarışmasının Azərbaycanda keçirilməsi, paytaxtımızla yanaşı Naxçıvanın, Gəncənin, Mingəçevirin, Şəkinin, Lənkəranın, Qubanın, Zaqatalanın, Göyçayın, Qəbələnin, Şamaxınıng özünə məxsusluğunu, koloritini saxlamaqla ən müasir şəhər və rayonlara çevrilməsi hamımızı, dost, qardaş bildiklərimizi sevindirir. Daim inkişafda olan rayonlarımızdan biri də meyvələr şahı narın vətəni olan Göyçaydır. Əhalisi 110 min nəfərə yaxınlaşsa da, Göyçay ərazisinə görə respublikanın kiçik rayonlarından sayılır. Adının həmişə ön sıralarda və bir qədər də böyük çəkilməsinin səbəbi isə onun özünəməxsus inkişaf yolunda olmasındadır, şəhər gözəlliyinin, abadlığının nümunəsindədir. İndi bəlkə də çoxları unudub ki, keçmişlərdə Bakı, Gəncə və Sumqayıtdan sonra ilk yeraltı keçid Göyçayda tikilmişdi. Ulu Öndər də o vaxtlar Göyçaya gələndə bu rayonun böyük gələcəyinə inanın bir çox digər ilklərə də imza atmışdı. Neçə-neçə müəssisə, İtaliya markalı nar emalı zavodu, şəhəri sel-sularından qoruyan nəhəng bənd və başqa böyük tikililər Onun yadigarlarıdır.

   İndi göyçaylılar Ulu Öndərin layiqli davamçısı, ölkənin daha böyük yüksəlişə aparan sevimli Prezidentləri İlham Əliyevin ətrafında sıx birləşməklə aparılan daxili və xarici siyasəti dəstəkləyir, hər gün daha yaxşı çalışmağa, vətənin tərəqqisi naminə fədakarlıq göstərməyə can atırlar.

 

   2012-nin uğurlu başlanğıcı

 

   Bütün bunlar 2012-ci ilin birinci yarısının yekunlarına dair keçirilən müşavirədə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədovun məruzəsində bir daha diqqətə çatdırılmışdır. Rayon rəhbəri çıxışında eyni zamanda vurğulamışdır ki, respublikanın digər bölgələri kimi Göyçay rayonu da 2012-ci ilin birinci yarısında dinamik inkişaf etmiş, iqtisadiyyatın bütün sahələrində uğurlu nəticələr əldə edilmişdir. Ötən altı ay ərzində ümumi məhsul istehsalı 2011-ci ilin birinci yarısına nisbətən 9,7 faiz və ya 8,3 milyon manat artaraq 86 milyon manata çatmışdır. Hesabat dövründə rayon üzrə 8,2 milyon manatlıq məhsul istehsal edilmişdir ki, bu da 2011-ci ilin birinci yarısı ilə müqayisədə 2,1 faiz çoxdur. Sənaye məhsulunun 64,8 faizi qeyri dövlət bölməsində, 35,2 faizi dövlət bölməsində istehsal olunmuşdur. Rayon iqtisadiyyatının digər sahələri kimi tikinti sahəsində də müəyyən uğurlar əldə edilmiş, iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 16,2 milyon manat və ya ötən ilin birinci yarısına nisbətən 43,4 faiz çox investisiya yönəldilişdir. Tikinti-quraşdırma işlərində istifadə edilmiş investisiyanın həcmi həmin müddət ərzində 42,5 faiz artaraq 15,6 milyon manat olmuşdur. İnvestisiyaların 85,4 faizi istehsal təyinatlı obyektlərin inşasında istifadə edilmişdir. 2012-ci ilin birinci yarısında tikinti təşkilatları tərəfindən 4,2 milyon manatlıq inşaat işləri görülmüşdür ki, bu da 2011-ci ilin müvafiq dövrünə nisbətən 86,7 faiz çoxdur.

   Yuxarı Şirvan kanalının Bığır kəndinin ərazisindən keçən hissəsində inşa edilən 3 mva gücündə su elektrik stansiyasının tikintisində işlər davam etdirilir. Obyektdə beton su ötürücülərin inşası, istehsal olunan enerjinin ötürülməsi üçün transformator yarımstansiyasının tikintisi başa çatdırılmış, turbinlərin quraşdırılmasına və su elektrik stansiyasından Bığır yarımstansiyasına qədər elektrik xəttinin çəkilişi işlərinə başlanılmışdır.

   Yalman kəndində üzüm qəbulu müəssisəsi və sutkada 8 ton spirt istehsal edən qurğu kompleksinin tikintisi davam etdirilir. Ümumi smeta dəyəri 3,1 milyon manat olan obyektin tikintisi üçün vəsaitin 1,1 milyon manatı Sahibkarlığa Kömək Milli Fondu, 2 milyon manatı "Göyçay-Konyak" ASC tərəfindən ayrılmışdır.

 

   Su təchizatı - ən optimal nəticəyə doğru

 

   Cari ilin fevral ayından şəhərin su təchizatı kanalizasiya sisteminin yenidənqurulması layihəsinin ikinci mərhələsinə başlanılmışdır. Tikinti işləri bu sahə üzrə ixtisaslaşmış Türkiyənin "Atinak" şirkəti tərəfindən aparılır. Ötən müddət ərzində şəhərin şimal hissəsində ümumi tutumu 2000 ton olan iki su ambarı inşa edilmiş, buradan M.Ə.Rəsulzadə küçəsindən keçməklə su ötürücü boruların quraşdırılması işləri başa çatdırılmışdır. Bütövlükdə son aylar 18,4 p/km. kanalizasiya, 17,6 p/km. su xətləri çəkilmiş, kanalizasiya xətlərinin üzərində 1000-1500 diametrli 220 ədəd baxış quyusu quraşdırılmış kanalizasiya xətləri üzərində evlərə bağlantılar üzərində quraşdırma işlərinə başlanılmışdır. Su şəbəkəsi üzrə müxtəlif diametrli 40 ədəd siyirtmə quraşdırılmışdır. Layihənin icrasına Türkiyədən gələn mühəndis-texniklərlə yanaşı 120-ə yaxın rayon sakini cəlb edilmişdir. Gələcəkdə şəhər əhalisinin içməli su ilə təminatının daha da yaxşılaşdırılması məqsədi ilə "Azərsu" Səhmdar Cəmiyyəti tərəfindən rayon mərkəzindən 14 km. şimalda Göyçay çayının yatağında drenaj şəbəkəsinin qurulması üçün mühəndis axtarış işləri aparılır.

  

   (ardı gələn sayımızda)

 

 

  MƏZAHİR ƏHMƏDOĞLU

 

  Ədalət.-2012.-28 avqust.-S.3.