Rəssamla könül söhbəti

 

    -Xoş gördük, arkadaş. Çoxdan idi ki, Səninlə möhtərəm oxucuların hüzurunda könül söhbəti etməyə məqam axtarırdım. Nəhayət ki, o imkanı bu gözəl nərd stolunun ətrafında, bu sufiyanə çay süfrəsində yaxaladığımı sanıram. Nə deyirsən, başlaya bilərikmi?

    - "Zər qədrini zərgər bilər" deyib dədələr. Bu kəlamın birbaşa mənası aydındır. Bir də bu kəlam ondan xəbər verir ki, dədələrimiz də nərdə biganə qalmayıblar. Oyun zamanı bir çox mətləblər üzə çıxır. Kimin kim olduğu bilinir. Məsələn, sən udanda(hərdən olur) nə qədər sevinirsənsə uduzanda(tez-tez olur) ondan da artıq kədərlənirsən.

   -Aydın məsələdir. Uduzan udana alma-armud ha tullamayacaq. Belə deyəcək də. Onsuz əlahəzrət oxucu gözəl bilir ki, mən Allahın verdiyinə sevinib, aldığına kədərlənən deyiləm. Mətləbə keçək əziz qardaş. Bilirik ki, bu yaxınlarda rəssam dostumuz İlqar Əkbərovla bayrağı uca olmuş qardaş Türkiyədə bir sıra uğurlara imza atmısınız. Təbrik edirəm. Başınız uca olsun həmişə. Mən bilən yenə də səfər üstəsiniz. Cijim demiş, deyəsən yol görünür. İstərdim bu barədə geniş danışasan.

   - Bəli, sərgidaşım İlqar Əkbərovla birgə sərgilərimiz olub, davamı da olar inşallah. Bu ilin fevral ayında İlqar bəylə və Türkiyəli iki rəssam arkadaşlarımızla Türkiyənin Mədəniyyət və Turizim Bakanlığının və İzmir bələdiyyəsinin təşkilatçılığı ilə İzmir şəhərində birgə sərgimiz oldu. Sərgi olduqca uğurlu alındı. Türkiyəli izləyicilər böyük həvəslə sərgiyə gəlirdilər. Türkiyədə sənətə maraq oluqca yüksəkdir. Xüsusilə də Azərbaycan rəssamlarının çalışmalarına...

   - İzmirdəki sərgidən yadda qalan, maraqlı epizod...

    - Təəssüf ki, burada səfər qabağı olduqca böyük maneələrlə üzləşdik. Çoxlu maneələr oldu. Şükür, keçdik o maneələri. Təəssüf olsun ki, bizim bütün bəlalarımızın başında pula olan sevgimiz dayanır. Dediyim kimi çox tələbkar izləyicidir türk izləyicisi. Maraqlı bir hadisə oldu ki, gördüm ki, bir nəfər mənim ana portretimin qabağında uzun müddət seyr etdikdən sonra məni yanına çağırıb soruşdu ki, xocam Sən mənim annemi gördünmü, dedim yox abi, dedi nasıl olur yaa, bu resimdeki tıpkı benim annem yaa, arkadaş. Demək olar bütün qəzetlər sərgi haqqında yazdı. Televiziyalarda saatlarla canlı çıxışlarımız oldu. Çox təəssüflər olsun ki, yerli televiziyalarımız susdu. Bax bunu dilə gətirəndə adama siyasətbaz deyirlər...

   -Aldırma qardaşım, aldırma. Borçalılı Qara Uğurlunun "göyə atmışam fındığı, vejimə döylü sındığı" düşüncəsi ilə. Nəvai, həyatda ən çox nədən və ya kimən qorxursan?

    -Qorxuram yaltaqlıqan, riyakarlıqdan... Yaltaq və riyakar adamdan nə desən gözləmək olar.

   -Nəvai, Sən həm də "Metin X" şirkətinin qurucususan. Şirkətin işi yaradıcılığına mane olmur ki?

    -Burada bir maddiyyat və mənəviyyat məsələsi var. Bunları bir-birindən ayrı təsəvvür eləmirəm. Çalışıram ki, maddiyyatımı qurum və onunla mənəviyyatımı təmin edim. Əslində mənim heç rəssamlıq iddiam da yoxdur. Bu sənət məndən ötrü könül işidir. Mənim rəssamlığım heç kəsi narahat etməsin. Hiss edirəm ki, bəziləri narahatdır. Adicə oğlum şeir yazır onu da qoymuram çap etdirməyə. Eşitdiyimə görə pis də yazmır. Ancaq ona demişəm ki, maddiyyatını qur, sonra şeirlərini şap etdir.

   -Əziz qardaş, əsasən günün hansı vaxtlarında işləyirsən?

    -Gecə-gündüz, gün işığında, şam işığında- könlüm nə zaman istədi keçirəm emalatxanama yavaş-yavaş işləyirəm.

   -Nəvai, Sən hörmətli alimimiz professor, millət vəkili Nizami Cəfərovla bir kənddə Ağstafanın Zəlimxan kəndində doğulsan da, Nizami müəllim demiş, özünü 90% İncəli hesab edirsən. İncəlilər hərdən zarafatnan deyirlər ki, bizim rəssamlar aşıq ola bilmədilər, gedib rəssam oldular.

    -Təbii ki, bu zarafatdır. Hörmətli Nizami Cəfərov çox gözəl bilir ki, mən nə qədər Zəlimxanlıyamsa, o qədər də İncəliyəm. Bu məsələdə kökə bağlılıq da var. Atam İncə dərəsindəndir. Düzdür, atam ordan köçsə də həmişə o dərəyə bağlı adam olub.Odur ki, çox hörmətli ictimai-siyasi xadim, şəxsiyyətinə daim sayqı duyduğum Nizami bəyin sözündə həqiqət var 

   -Nəvai, sənətə necə gəldin?

    - Bizdə qəribə bir nüans var. Uşaq şəkil çəkəndə valideyn elə bilir ki, uşaq yekələnəndə rəssam olacaq. Həmən həyəcan təbili çalınır, müvafiq tədbirlər görülür ki, yazıqdır uşaq rəssam olmasın. Fikirləşmirlər ki, uşağın hərtərəfli inkişafı üçün şəkil çəkmək olduqca vacibdir. Xoşbəxtlikdən mənə elə münasibət olmayıb. Əksinə rəhmətlik nənəm (mən nənə himayəsində böyümüşəm) özü mənə şərait yaradırdı. Bir də ki, mən orta məktəbdə də zəif oxumamışam. Çünki onun da bir ənənəsi var idi ki, mənim dayılarım elm adamlarıdır. Məsələn, Sənin də yaxşı tanıdığın dayım Səlahəddin Yusifov Neft Akademiyasının professorudur, Səməd Yusifov da həmçinin... Rəssamlığın milli özünüdərkdə rolu olduqca böyükdür. Sənin təbirincə desək bayrağı uca olmuş Türkiyədə insanlar əməkli olduqdan sonra rəssamlıq dərnəklərinə üz tuturlar. Hətta deyim ki, bu kütləvi xarakter daşıyır..

   -Sənət adamı və siyasət... Bəzən bunların bir araya sığmadığını deyirlər...

   -Bu da bizim qəribəliklərimizdəndir ki, hardasa haqsızlığa qarşı çıxanda adını qoyurlar siyasətçi. Bəs vətəndaşlıq mövqeyi nədir? Axı biz də insanıqsa ətrafımızda baş verənlərə münasibətimiz olmalıdır.

   -Nəvai, deyirlər ki, yaradıcılıq təklik sevir. Maşallah olsun, Sənin də yanın həmişə dostlarla dolu olur?

   -Bizim qapı dost qapısı... Həyatımı dostlarsız təsəvvür edə bilmirəm. Çoxlu dostlarım var. Adlarını çəkmək istəmirəm dostlarımın, çünki kiminsə adı yaddan çıxa bilər.İnciyərlər. Mənim də nə ürəyim var. Lakin o da var ki, Dilmanın adını çəkməsəm dostlarım inciyər məndən. Elə biri də Sən özün. Az qala 30 ildir Dilmanla tanışıq. Özü də bu tanışlıq Akif Səmədlə başlayıb. Ümumiyyətlə, mənim taleyimdə Akifin böyük rolu olub. İlk dəfə məni mətbuata da Akif Səməd təqdim eləyib. Özü də çox maraqlı bir təqdimatla. Akif yazmışdı ki, "rəssam var ki, adam, at, it şəkli çəkə bilmir. Nəsə çəkir adını da nəsə izm qoyur. Amma Nəvai adam, it və at şəkli çəkə bilir."

   -Nəvai, xoşbəxtlikdən mürşüdüm Akif Səmədin ən stajlı dostlarından biri də Sən olmusan. Allah keçənlərinə rəhmət eləsin. Bu mübarək dostluğun yolunda da az iş görməmisən. Sumqayıtda tədbirinin keçirilməsindən ta Akif Səməd mükafatını təsis etməyinə qədər. Ancaq bir söz deyəcəm xətrinə dəyməsin. Elə bilirəm mükafatı Naima xanım Qaramanlı, Bəsti Əlibəyli kimi bu mükafatı almağa halal haqqı çatanlarla bərabər arada özü istəyənlərə də verirsən.

   -Bu heç də belə deyil. Akif mükafatını hətta o adama verə bilərəm ki, bircə dəfə sidq ürəklə, ağız dolusu Akif Səməd desin. Yuxarıda da qeyd elədim Akif Səməd haqqında. Ancaq Sən də gəl məni bu qədər sıxma küncə. Heç də sən deyən kimi də deyil axı. Akif Səməd mükafatını hər istəyənə vermirəm axı. Sənin sözündən elə çıxır ki, Akifi tanıyanların hamısına mükafat verilməlidir. Mən bilirəm ki, Sən özün də Akif Səməd mükafatına layiq olan birincilərdən birisən. Ancaq hər şeyin zamana ehtiyacı var. Özün şahidsən ki, mən bu məsələdə şair İbrahim İlyaslı ilə də İncəlilər demiş, maslahat elleerəm.

   -Nəvai, mənim adımı mükafata layiq olanların sırasına çəkdiyin üçün çox sağ ol. Ancaq mən o mükafata hələ layiq olduğumu sanmıram. O, mükafat məndən ötrü "Vətənə xidmətə görə" medalından da üstündür. Özü də məndən qabaqda ən azından Akif Aşırlı var, Aşıq Nazim var, Dilman var, Qərib var, Məmməd İsmayıl var, Dəmirçioğlu var, Arif Əmrahoğlu var, Ehtiram İlham var, Ramiz Hümmətov var....Nə isə bu söhbət başqa vaxta qalsın. Suala gəlirəm, Nəvai, o günü emalatxananda 17-18-ci əsrin estetikası ilə portret janrında işlədiyin çox möhtəşəm bir əsərinlə tanış oldum. Portretdə hamımızın yaxşı tanıdığımız xeyirxah elqızımız, çöhrəsinin hər cizgisindən ziyalılıq, xanım-xatun ana obrazı yağan filologiya üzrə fəlsəfə doktoru Salatın xanım Əhmədlini canlandırmısan. Adam baxdıqca-baxmaq istəyir. Ağır gecə zəhmətləri bahasına başa gələn bu əsəri işləmək öz istəyin olub, yoxsaaa?

   - Bilirsən ki, hərə öz taleyini özü yazır. Nəyi ilə? Təbii ki, öz əməlləri ilə. Salatın xanım da ədəbiyyata, doğulduğu kəndə-kəsəyə, ehtiyacı olanlara, istedadlı adamlara həmişə öz xeyirxahlığını əsirgəməyib. Təbii ki, gözəl ürək sahibi, tanınmış ictimai-siyasi xadim olan Tağı müəllim dəstəyi ilə. Ona görə də əlimdən gələni mən niyə əsirgəməliyəm deyibən bu portreti çəkmək içimdən gəldi. İnan ki, mən hələ də Salatın xanımla şəxsən tanış deyiləm. Əsas odur ki, mənə onun əməlləri tanışdır. Belə bir elqızımdan fəxr eləmişəm  

   -Nəvai, oxuculara da maraqlı olardı bilmək ki, hal-hazırda hansı əsərlər üzərində işləyirsən?

   -Portretlər silsiləsi üzərində çalışıram. Qalanları sirr olsun. Tam açıqlamaq olmaz.

   -Nəvai, Sənin gözəl şeir seçmək qabiliyyətin var. Bu an könlündən keçən bir misra de. İnsafın varsa birini də özündən de.

   - Oxunmur alın yazım,

    Xəttin nə pisdir tanrım.

   -Nəvai gəlsənə, Sənin etiraf mədəniyyətini test edim? Hazırsanmı?

    -Hazıram buyur.

   -Elə isə hər dəfə nərddə mənə uduzduğunu oxuculara etiraf elə.

    -Bəli etiraf edirəm...

   -Allah Sənə şükür.

    - İntəhası, Sən məni bir oyun, uzağı iki oyun uda bilərsən. Unutma ki, nərd tasla bilinir. Oysa ki, tas həmişə mənlik olur.

   Qələmə aldı:

 

 

   Həmid ORMANLI

 

   Ədalət.-2012.-29 avqust.-S.3.