MKM: Yeni qaydalaryeni münsiflərlə

 

  Nigar Köçərli: "...hədəflərə nail olduq"

 

  Çağdaş Azərbaycan ədəbiyyatı naminə Milli Kitab Mükafatı (MKM) növbəti seçimlərinə başlayır. Milli Kitab Mükafatı Azərbaycanın ədəbiyyat sahəsində ən böyük layihəsidir. MKM 2009-cu ildə "Əli və Nino" Nəşriyyat evi tərəfindən təsis edilib və qısa bir müddət ərzində mediada və cəmiyyətdə çox geniş rezonans doğurub. Layihənin baş sponsoru "Bakcell" şirkəti, rəsmi sponsoru "Bank Respublika", ASC və "Əli və Nino" Nəşriyyat evidir. BMM-də keçirilən təqdimat mərasimində çıxış edən MKM-in təsisçisi Nigar Köçərli bildirdi ki, növbəti MKM layihəsi zamanı da milli ədəbiyyatımız üçün inci hesab edilən ədəbi əsərlər yarada biləcək müasir müəlliflərin oxucular üçün kəşf edilməsi və stimullaşdırılmasına çalışacaqlar. "Keçən il baş tutan ilk MKM layihəsi çərçivəsində biz qarşımıza qoyduğumuz hədəflərə nail olduq. Bu müddət ərzində müasir ədəbiyyatımızın inkişafı problemləri cəmiyyətin ən çox müzakirə etdiyi mövzulardan biri oldu".

 

   "Bakcell" MKM-ə ikinci dəfə sponsorluq edəcək

 

   Tədbirdə çıxış edən "Bakcell"-in icraçı direktoru Riçart Şirer belə bir layihəyə dəstək verdiklərindən məmnun olduqlarını bildirib. Onun sözlərinə görə, "Bakcell Azərbaycan tarixinə, mədəniyyətinə və ədəbiyyatına diqqətlə yanaşır. Bizim indiyə qədər həyata keçirdiyimiz bir çox böyük mədəni layihələr buna sübutdur. Bakcell artıq 2-ci dəfədir ki, MKM-in rəsmi tərəfdaşı olmaqdan və müasir Azərbaycan ədəbiyyatının inkişafına tövhə verməkdən məmnunluq duyur".

  

   "Bank Respublika" ədəbiyyatımıza dəstəyi davam etdirəcək

 

   "Bank Respublika" ASC İdarə Heyəti Sədrinin Müavini Rafael Qasımov da ədəbiyyatın inkişafına yönəlmiş bu cür layihələrin reallaşmasını vacib sayır: "Bank Respublika "Sizə faydalı" ictimai missiyasına sadiq qalaraq bu ilki MKM-nə dəstək verir. Belə ki, MKM-in sponsoru tərəfindən ayrılan vəsait ən yaxşı müəlliflərin dəstəklənməsinə və onların əsərlərinin dərc olunmasına sərf olunacaq. Hesab edirik ki, belə layihələrin həyata keçirilməsi intellektual və mənəvi kapitalımızı daha da zənginləşdirir və Bankın burada səlahiyyətli nümayəndəsi kimi Sizi əmin etmək istəyirəm ki, Bank Respublika analoji layihələrin keçirilməsi üçün dəstək verməkdən kənar qalmayacaq".

 

   MKM-də yeni münsiflər

 

   Nigar Köçərli daha sonra bildirdi ki, müsabiqələrdən fərqli olaraq, bu dəfə münsiflər heyətinin sırası genişlənib.

   Belə ki, mükafatın münsiflər heyəti belədir:

 

   Çingiz Abdullayev

   Pərviz Cəbrayıl

   Nərgiz Cəlilova

   Rafiq Əliyev

   Mehriban Ələkbərzadə

   Əkrəm Əyrisli

   Ramiz Fətəliyev

   Cəmil Həsənli

   Şahbaz Xuduoğlu

   Rüstəm İbrahimbəyov

   Hamlet İsaxanlı

   Elxan Qaraqan

   Niyazi Mehdi

  

   Rəşad Məcid

   Afaq Məsud

   Qənirə Paşayeva

   Sabir Rüstəmxanlı

   Ayaz Salayev

   Elçin Şıxlinsk

   Mükafat

   fondu dəyişmir

 

   Ötən il olduğu kimi, bu il də 1-ci yerin üç min, 2-ci yerin iki min, 3-cü yerin qalibi isə min manat pul mükafatı ilə təltif olunacaq. Qaliblərin kitabları həm kağız, həm elektron formatda çap olunacaq. Əlavə olaraq, ən yaxşı şeirə görə 300 manat məbləğində mükafat veriləcək. Müsabiqədə hekayələr, povestlər, romanlar və digər ədəbi üslublarda yazılmış nəsr əsrləri qəbul olunacaq. Hər bir əsər 40 min işarədən az olmamalıdır. Namizəd əsərlərin müəlliflərinə yaş, cins, yaşayış yeri və əsərin nəşr olunma yeri üzrə heç bir məhdudiyyət tətbiq olunmayacaq. Əsərləri yalnız müəlliflər təqdim etməlidir və bura həm dərc olunmuş, həm də dərc olunmamış əsərlər daxildir.

 

   Yazarlar MKM-lə bağlı nə düşünür?

 

   Gənc rəssam və yazar Fərhad Yalquzaq MKM-ə qatılmaq arzusundadır: "MKM-ə qatılmağı düşünürəm, ancaq hələ nə ilə qatılacağımı qət etməmişəm. Hələ zaman var, bir şey hazırlayıb təqdim edəcəyəm. O ki qaldı gözləntilərimə... açığı hər şeyin obyektiv keçəcəyinə o qədər də inamım yoxdur, Azərbaycan reallıqlarını bilirəm. Ancaq yenə də balaca bir ümid var ki, az da olsa obyektivlik olacaq... digər tərəfdən, hər kəs qalib olmaq istəyir və öz əsərinin buna layiq olduğunu düşünür və bunun özü də subyektiv bir amildir. Odur ki, çalışıb yaxşı əsər təqdim etmək lazımdır, qalanını, necə deyərlər, buraxaq münsiflər heyətinin vicdanına..."

   Gənc alim və yazar Əhməd Şahidov MKM-i səbirsizliklə gözləyirmiş: "Bu il keçiriləcək Milli Kitab Mükafatını səbirsizliklə gözləyirəm. Çünki bu müsabiqəyə "Sevdiyim qadınla" qatılacam. Bundan öncə də, şeirlər kitabım işıq üzü görsə də, məhz "Sevdiyim qadın" romanım ədəbiyyatda ilk və sanballı addımımdır. Odur ki, bu romanımı digər əsərlərlə rəqabət apara biləcək durumda sandığımdan bu yarışa qatılmaq barədə düşünürəm. Və inanıram ki, bu müsabiqədə Azərbaycanın ən mükəmməl, oxunaqlı əsərləri yarışacaq. Münsifləri tanımasam da, ədalətli olacağına ümid bəsləyirəm. Çünki, əgər ədəbiyyatımızın dünya səviyyəsinə çıxmasını istəyiriksə, bizim romanlarımızın təkcə Azərbaycanda deyil, xaricdə də sevə-sevə oxunmasını istəyiriksə, gərək ədalətli seçim olsun. Məhz ədalətli seçim zamanı yaxşıların yaxşısı seçilir və əsl yazarlar layiq olduğu qiyməti ala bilirlər. Çox istərdim ki, Milli Kitab Mükafatı siyasiləşməsin. Çünki bu, ədəbiyyatdır, bura siyasəti qatsaq, kimlərisə irəli çəkib, başqalarını sıxışdırsaq, onda gələcəkdə bu yarışmaya etibar da itəcək. İnanıram ki, MKM biz yazarlara uğur gətirəcək."

   Yazıçı Kənan Hacı da MKM-ə qatılmağa qərar verən yazarlar arasındadır: "Ötən il MKM haqda tənqidi fikirlərimi mətbuatda yazmışdım. Amma çox şükür ki, çox ədalətli seçim oldu. Münsiflərdə ədəbiyyatı bilən adamlar vardı. Bu il də münsiflərdə ədalətinə inandığım insanlar var. Sabir Rüstəmxanlı, Əkrəm Əylisli kimi yazıçıların münsiflərdə yer alması məni bir az ümidləndirir. Müsabiqəyə qatılmağı düşünürəm."

   Gənc yazar Şahlar Ruhi ötən MKM-ə qatılmadığı kimi, bu MKM-ə də qatılmayacaq: "Xüsusi bir hadisə olmasa, MKM ə qatılmayacağam. Çünki mən ədəbi müsabiqələri məntiqsiz hesab edirəm. Müsabiqələri məntiuqsiz hesab etdiyimdən onları analiz etməyi düzgün hesab etmirəm."

   Gənc yazar Zaur Qəriboğlu ədəbi müsabiqələri mənasız hesab etsə də, bu müsabiqəyə hökmən qatılacaq: "Heç vaxt bu musabiqəyə qatılmaq fikrində olmamışam, amma bəlkə, bu il qoşuldum. Nə gözlədiyimə qaldıqda isə bu gedişatdan asılıdır. Uğurlar diləyək, başlasın, görək, nə olur".

 

 

   Cəlil Cavanşir

 

   Ədalət.-2012.-29 avqust.-S.4.