Çingiz Mustafayev - 52
Çingiz
Fuad oğlu Mustafayev 1960-cı il avqustun 29-da hərbçi ailəsində anadan olub. 1983-cü ildə
Azərbaycan Tibb İnstitutunu
bitirib. 1985-ci ildə yaratdığı
"Cəngi" birliyindəki fəaliyyəti ilə Azərbaycan
gənclərinin lideri səviyyəsinə
yüksəlib. Bu Sovet
İttifaqında başlanan yeniləşmə
prosesinin Azərbaycanda təşəkkül
tapan ilk yetkin təzahürü idi.
Azərbaycanın mədəni-ictimai həyatında oynamağa başladığı rol Çingiz Mustafayevi islahatçı-novator lider simasında təqdim etməkdə idi.
Ermənistanın Azərbaycana
qarşı Qarabağ təcavüzü başlayandan sonra
Çingiz jurnalistikaya üz tutdu. O, 1991-ci ildən Azərbaycan
Dövlət televiziyasında reportyor kimi
çalışmağa başladı. Ancaq yalnız Azərbaycan
miqyasında fəaliyyət göstərməklə kifayətlənmədi.
Onun reportajları informasiya blokadasında olan Azərbaycan
haqqında gerçəkliklərin Amerika və Avropanın
aparıcı teleagentlikləri və televiziyalarına yol
tapdı. Dövlət televiziyasında mövcud olan senzura və
ciddi yasaqlar Çingiz Mustafayevi geniş fəaliyyət imkanlarından
məhrum edirdi. Ona görə də Çingiz əlahiddə
olaraq 215 kl studiyası kimi muxtar qurumun yardılmasının təşəbbüskarı
və yaradıcısı oldu. Onun reportajları bir qayda olaraq
cəbhədən olduğuna görə 215 kl
studiyasını da tamaşaçılar məhz müharibədən
məlumat verən telequrum kimi qəbul edirdilər.
Çingiz Mustafayev Ermənistan-Azərbaycan
müharibəsinn 1992-ci ilə qədər olan
dövrünün əsil salnaməsini yaratdı. Ölkənin
döyüş gedən bütün bölgələrindən
operativ xəbərlər, ayrı-ayrı əsgərlər
haqda xüsusi reportajlar və bütün bunlarla yanaşı
Azərbaycanda gedən siyasi proseslər barədə ətraflı
informasiyalar onun müəllifliyi ilə pərvəriş
tapırdı. Çingiz Mustafayev Azərbaycan
tamaşaçısına hər bir reportajı ilə
tanış olsa da, dünya onu daha çox Xocalıda çəkdiyi
filmlə tanıdı. Çingiz Mustafayevin məhz bu filmi ilə
Ermənistanın imici bütün dünyada ciddi
sarsıntıya məruz qaldı. O, döyüş
zonalarına yalnız reportyor kimi yollanmırdı.
O, cəbhədə bir əsgər,
bir zabit və hətta bir komandan kimi çox vəzifəni
öz üzərinə götürürdü.
Laçından çıxan əsgərlərlə onun geri
qayıtmaq barədə verdiyi kəskin və qısa göstərişlər,
bu əmrlərin yerinə yetirilmədiyi təqdirdə
Çingizin emosional davranışı ən yeni teletarixin ən
dramatik səhifələridir.
Və Çingiz Mustafayev bir
telejurnalist olaraq cəbhədə yarandığı kimi cəbhədə
də həlak oldu. 1992-ci ilin iyun ayının 15-də
Ağdamın Naxçıvanik kəndində çəkiliş
zamanı aldığı mərmi qəlpəsindən həlak
olan Çingiz sonadək kameranı söndürmədi. Bu həm
də onun öləndən sonra da yaşayacağına
işarə idi.
Çingiz Mustafayev 1993-ci ildən Azərbaycanın
Milli Qəhrəmanıdır.
Ədalət.-2012.-30
avqust.-S.4.