SÖZÜMÜZÜN
ƏKRƏM ƏYLİSLİSİ
ƏDƏBİ
HƏYAT
(Əkrəm Əylislinin 75
yaşına)
Əkrəm Əylislinin 75 yaşı tamam olur. İlk
dəfə 38-40 yaşlarında gördüyüm
bu yazıçı sanki
heç nə olmayıbmış kimi elə o yaşda, o görkəmdə
bu yaşına gəlib çatıb.
Zahirən çox az
dəyişib. Amma mənim 38-40 yaşında gördüyüm
Əkrəm Əylisli bu illər ərzində
yazıçılığın və
ziyalılığın çox enişli-yoxuşlu yollarını keçib. Ə.Əylisli Azərbaycan nəsrini
yeni, orijinal nəsr
nümunələri ilə zənginləşdirib, təkcə
Azərbaycan ədəbi mühitində deyil,
ondan kənarda da
öz məşhurluğunu hifz edə bilib. Sovet dövrü və sovet ədəbiyyatı
kontekstində götürməli olsaq,
Ə.Əylislinin itirməli bir
yazısı olmayıb, çünki onun nəsri dövrə, zəmanəyə uyğun yox, müxalif ədəbi nümunələr idi və Ə.Əylisli də bir
çox ədəbi silahdaşları kimi gəmidə oturub gəmiçi
ilə dava eləyənlərdən
biri idi.
Əkrəm Əylislisiz XX əsr (lap elə XXI əsr) Azərbaycan nəsrini təsəvvür eləmək qeyri-mümkündür. Təsəvvür edək ki, 75 il bundan əvvəl Ordubadın Əylis kəndində, Nəcəf kişinin ailəsində belə bir adam dünyaya gəlməyib. Təsəvvür edək ki, bu ada nə orta məktəb, nə də ali məktəb bitirib, sonra nə Moskvada oxuyub, nə də az müddət Türkmənistanda yaşayıb. Təsəvvür edək ki, ilk yazılarını əllinci illərin sonlarında-altmışıncı illərin əvvəllərində çap etdirən, elə ilk hekayə və povestlərindən istedadlı bir nasir kimi ədəbi ictimaiyyətin diqqətini cəlb edən Əkrəm Əylisli adlı bir yazıçı ollmayıb və əgər beləydisə, nə «Adamlar və ağaclar»,»Kür qırağının meşələri», «Bir misranın yuxusu», «Ürək yaman şeydir», «Ağ dərə», «Büllur külqabının nağılı», «Ürək yaman şeydir», nə də digər gözəl nəsr nümunələri heç yerli-dibli meydana gəlməyib.gO zaman son əlli ilin Azərbaycan nəsri çox şey itirərdi. Nəsrimizdə Buzbulaq dünyasının mənzərələri, müxtəlif səciyyəli insanların mənəvi aləmləri canlanmazdı, biz ağappaq gecələrin, ay işığının, gilənar çiçəklərinin, badam ağaclarının, uca-uca dağların Ə.Əylisliyə məxsus təkrarsız boyalarının həsrətini çəkərdik.
«...hər şeydən çox
dağlar yadımda qalıb.
Bir də
günəş yadımda qalıb.
Bir də
orası yadımdadır ki, bir zaman gün çıxanda
dağlar gülümsərdilər.
Dağların gülümsəməyi hərdən yuxuma girir və hərdən yuxumda dağlar gülümsəyəndə, mən dünyada saysız-hesabsız rənglər görürəm. Mənə elə gəlir ki, o rənglərin hamısını haçansa, doğrudan da, görmüşəm. Mənə elə gəlir ki, o rənglərin çoxusunu yavaş-yavaş itirmişəm. Hər dəfə əlimə qələm götürəndə o rənglərin hansınısa tapacağıma ümidim olur. Mən kəndə, uşaqlıq çağlarıma bilə-bilə qayıtmıram. O çağlar özü məni çağırır. O çağlar ki, dağlar gülümsərdilər, o çağlar ki, dünyada saysız-hesabsız rənglər vardı».
«Mənim
nəğməkar bibim» povesti bu lirik etirafla başlanır və
Əkrəmin bütün nəsri boyu həmin etirafdan
doğan hisslər, həyəcanlar təkrarsız lövhələrə
çevrilir.
Doğrudan
da, Əkrəm Əylisli nəsri sözün həqiqi mənasında
sehrli, musiqili bir nəsrdir və əgər 60-70-ci illərin
nəsr üslubları içərisində seçilməsəydi,
ədəbiyyatımızda belə bir lirik, şairanə
üslubun, yazı tərzinin gözəlliyini duymazdıq. Əkrəmin özünü, boyunu-buxununu min adam içərisindən seçib ayırmaq, tanıyıb görmək
mümkün olduğu
kimi, onun deyim və duyum tərzini,
yazı manerasını, üslubunu da elə ilk cümləsindən
bəlirləmək mümkündür.
Ə.Əylisli nəsri lirikdir, emosionaldır, az qala nəğmə kimi oxunur. Lakin təbii ki, bu əlamətə görə ona dəqiq qiymət vermək olmaz. Nəsrimizdə həddən artıq lirik, göz yaşardan, hətta hind filmlərindəki kimi sırf hissiyyat üstündə qurulan təsvirlərə az təsadüf etməmişik. Ancaq həmin təsvirlər yalnız zahiri forma kimi diqqəti cəlb edib, necə deyərlər, elə vəzncə yüngül olub, ağ pambıq kimi... Əkrəmin nəsrində isə dünyanın ağrıları, dərdləri, öz kiçik kəndinə sığmayan, bir genişlik arayan insanın duyğu və düşüncələri də öz əksini tapır.
«O
pişpişəyə deyərsən ki, Əjdər
ölür! Və birdən-birə Sərvər gördü ki, Əjdərin
gözləri dolub, gördü
ki, Əjdər ağlayır, gözlərinin
gildir-gildir yaşı pencəyinin
yaxasına tökülür».
«Ürək yaman şeydir» hekayəsinin qəhrəmanı Əjdər «hökumətin üç min manat pulunu götürüb aradan çıxdığı üçün» bir daha Buzbulağa qayıda bilmir. Günlərini Bakı bazarlarında alverlə keçirir. Ancaq alverçi olsa da, restoranlarda yeyib-içsə də, Əjdər təmiz adamdır. Bu təmizliyi ürəyi kimi qoruyur. Vaxtilə Elçin Əfəndiyev «Hekayə janrı: İmkanlarımız və iddiamız» adlı məqaləsində bu hekayə barədə yazırdı: «Ürək yaman şeydir» hekayəsi janr etibarilə ənənəvi lirik hekayədir və Ə.Əylisli bu ənənəni məhz lirik boyalar hesabına inkişaf etdirərək, dünənin yox, bu günün hekayəsini-mübariz janr nümunəsi yaratmışdır. Əjdər «hökumətin üç min manat pulunu götürüb aradan çıxdığı» və Buzbulaq kəndinin yaxınlığında, «ilan mələşən» bir yerdə çör-çöpdən özünə koma düzəldib gizləndiyi vaxtlar, gecələr yatanda onu ilan vurmasın deyə kirpi saxladığı və bu vəfalı kirpi ilə yeganə həmdərd olduğu günlər bir şeir yazmışdı:
«Yetim
kirpi, çək mənim keşiyimi,
Doğma
yurda qaçaq düşüb gəlmişəm.
Buraxmışam evimi-eşiyimi,
Tülkü
kimi kol dibinə girmişəm»
Əjdər
başqa şeirin də bir misrasını yazmışdı:
«Zalım dünya, göylərə bax, ay
çıxıb...». Və komasının
qabağında oturub aya
baxa-baxa bu misranı
öz-özünə elə hey təkrar
etmişdi, amma
ardını deyə bilməmişdi, çünki
Əjdər şair deyildi.
Düzdür,
o özü şair deyil, lakin onun ürəyi şair ürəyidir,
hər şeyi duyur, hiss edir və buna görə də
Buzbulaqdan qaçıb Bakı bazarlarında alverçiliklə
məşğul olduğu vaxt-xeyli illər keçdikdən
sonra deyir: «Ürək yaman şeydir...».
«Ürək
yaman şeydir...» -bu sözlər bizi də yandırır,
çünki bir bədii xarakter kimi, Əcdər dolğun,
bütöv və yenidir».
Əkrəm
Əylislinin dəli-dolu, yerinə-yatağına
sığmayan çaylar kimi «nadinc» qəhrəmanları
keçən əsrin 60-80-ci illərinin mənəvi
ab-havasını bütün reallığı ilə
gözlərimiz qarşısında canlandırır. Ancaq bu qəhrəmanların heç
də hamısı dəli-dolu, üsyankar,
ipə-sapa yatmayan deyil,
onların arasında ürəyi ilə baş-başa
verən, dərdini ağaca, suya, ay
işığına danışan həssas təbiətli adamlar daha çoxdur
və Əkrəm Əylisli elə bir
yazıçıdır ki, öz qəhrəmanlarının
taleyini başlı-başına
buraxmır, onların kənddən başlanan
yolunu dünyanın hansı bir nöqtəsindəsə davam
etdirir. İllər uzunu
qatardan-qatara, təyyarədən-təyyarəyə
bu dünyanı dolanan
qəhrəmanlar axır ki, qəribçilikdən
sıxılıb Buzbulağa can atırlar. Əkrəmin qəhrəmanları
yaşadıqları mühitdə çətin
anlaşılan, hətta bəzi məqamlarda qəbul olunmayan qəhrəmanlar kimi
diqqəti cəlb etmişlər. «Kür
qırağının meşələri» povestinin
qəhrəmanı Qədir ipə-sapa yatmayan,
yaşadığı mühitdə hamının birmənalı
şəkildə qəbul etmədiyi bir
şəxsdir. Halbuki, onun
dəli-dolu hərəkətləri ilə ürəyinin təmizliyi,
niyyətinin saflığı arasında ziddiyyət var. Hərbi xidmətə getməmişdən
əvvəl Qədir adamları «çox söymüşdü, çox
incitmişdi. Həm də təkcə
özlərini yox, allahlarını da, peyğəmbərlərini də! Həm də
təkcə allahlarını, peyğəmbərlərini yox, qızlarını da,
arvadlarını da. Bir
dəfə qəhqəhə çəkib gülməkdən
ötrü Qədir maşının
kabinindən əl atıb, yolla gedən
qızların başından yaylığını
qapmışdı; hörmətli-izzətli kişilərin
üstünə maşın sürmüşdü,
arvadların su dolu
vedrəsinə qum atmışdı, qoz qabığı atmışdı, papiros kötüyü
atmışdı...O bu adamları çox söymüşdü,
çox incitmişdi,
hətta döymüşdü..Ancaq altı il bundan qabaq». Qədirin bu kəndə gəlməyə heç bir üzü yox idi. Amma Qədir tamam dəyişmişdir.Bircə o qalır ki, arvadı Səltənət
və kənd camaatı onun dəyişdiyini,
tamam başqa adam olduğunu başa düşsünlər.Amma Qədirin dəyişdiyini
heç kəs anlamır. Ona
görə də Qədir bu kənddən
baş götürüb
gedir.
Ə.Əylislinin
bu tipli qəhrəmanları az deyil. Ancaq
öncə qeyd etdiyimiz
kimi onun
düşünən qəhrəmanları da
var. «Güllü
paltar mövsümü»ndəki Uanəli
müəllim, «Büllur
külqabının nağılı»nda Mirzə Manaf, «Ağ dərə»də
Ramazan belə obrazlardandır.
Ə.Əylislinin qəhrəmanlarını səciyyələndirən
oxşar xüsusiyyətlər onların
hamısına xas olan
etirazçılıq, həyatdakı mənfiliklərə
qarşı barışmazlığıdır. Xüsusilə,
«Dəhnə» povestində sovet cəmiyyətinin
iç üzü
açılır, quruluşun artıq
çürüməyə başladığı bədii-publisistik
düşüncənin obyektinə çevrilir.
Əkrəmin
təsvir etdiyi Buzbulaq və bu kəndin adamları bir də
ona görə maraqlıdır ki, Buzbulaqdan bütün Azərbaycan
görünə bilir. Mərhum tənqidçi Arif Hacıyevin düzgün
müşahidə etdiyi kimi:
«Buzbulaq kəndi Azərbaycan
torpağının ümumiləşdirilmiş poetik və rəmzi obrazına çevrilir.
Buzbulaqlılar isə Azərbaycanın hansı konkret hissəsində yaşamalarından
asılı olmayaraq. Azərbaycanlılardır».
Əkrəm
Əylisli haqqında dünyanın tanınmış
yazıçılarının bir çoxu ürəkdən
gələn sözlər deyib və bu kiçik yazıda onları
xatırlatmağa ehtiyac yoxdur. Bircə onu
deyə bilərəm ki, Şukşin,
ya Rasputin rus nəsri üçün
nədirsə, Əkrəm Əylisli də bizim
nəsr üçün odur.
Yazıçı var ki,
yazdıqları elə hey torpaqdan,
kənddən danışır, amma torpaq və kənd qoxusu yoxdur bu əsərlərində.
Əkrəmin əsərlərindən isə əsl kənd
havası gəlir, torpaq qoxusu
gəlir. Və Əkrəmin əsərlərinin heç birində kəndlə şəhər
qarşılaşdırılmır. Sadəcə olaraq kənd xalqla
bağlı əxlaqi sərvətlərin qoruyucusu
kimi diqqəti cəlb edir.
Bu əxlaqi sərvətlərin
aşınma dövrünü də o, «Ətirşah Masan»
romanında təhlil hədəfinə çevirib.
Əkrəm Əylislinin ədəbiyyat haqqında da çox maraqlı fikir və mülahizələri var və bu yazıda qismən də olsa, onlara müraciət etmək istəyirik. O,yazıçılığın necə məsuliyyətli bir sənət olduğundan söz açaraq yazır ki: «Dünyanın çox-çox şirin nemətlərindən şüurlu surətdə imtina eləməyi bacarmayanlar bədii yaradıcılığın mahiyyətini heç vaxt dərk eləyə bilməzlər... Məsələ çox gəzməkdə, çox görməkdə deyil, baxılan, görülən şeyə yazıçı münasibətinin aktivliyində, passivliyindədir. Yazıçının öz iş stolunun arxasında keçirdiyi vaxtın bəhrəsini, məncə, heç nə əvəz eləyə bilməz. Yazıçı öz iş stolunun arxasında, öz laboratoriyasında, özünün əzablı-işgəncəli saatlarında yetişir. Şeir yazmağı, hekayə yazmağı riyazi düsturları həll etməkdən, kimyəvi reaksiyalara cavab tapmaqdan asan bilib, şeir, hekayə yazmağa başlayanlar, məncə özlərinə olduqca maraqsız və mənasız bir həyat hazırlayırlar».
Ə.Əylislinin
bədii dili Azərbaycan ədəbi dilinin qüdrətini və
müasir durumunu əks etdirir. Onun tənqidi
və publisistik yazılarında Azərbaycan
dilinin saflığı, gözəlliyi
haqqında maraqlı fikirlərlə
qarşılaşırıq. O yazır: «Mən əlbəttə,
yazıçıları oxuculara layla deməyə çağırmıram.
Yalnız onu demək istəyirəm ki, bədii duyğu, bədii
düha bizə qandan keçir-heç bir bilik və savad onu əvəz edə bilməz. Mən bir də onu demək istəyirəm
ki, yazıçı olmaqdan
ötrü xalqın əsrlər boyunca yaratdığı bədii sərvəti
ana südü, ana laylası kimi qavramaq, həzm eləmək lazımdır. Mənim
əqidəmə görə, bədii sözlərin ən doğrusu, ən safı, ən səmimisi və
təsirlisidir. Yazıçı, hər şeydən əvvəl,
o adamdır ki, qəlp
sözlə saf sözün
fərqini öz fəhmi ilə duya bilir».
Ə.Əylislinin
müasir ədəbi proses, bu prosesin fəal
iştirakçıları olan ayrı-ayrı görkəmli
söz ustaları haqqında fikir və mülahizələri
də öz orijinallığı və obyektivliyi ilə diqqəti
cəlb edir. Onun İsa
Hüseynov, Sabir
Əhmədli, Yusif Səmədoğlu, Məmməd
Araz, Ramiz Rövşən,
Ələkbər Salahzadə yaradıcılığı ilə
bağlı fikirləri buna misal ola bilər.
75
yaşlı böyük sənətkarımıza yeni
yaradıcılıq uğurları arzulayaq...
Vaqif YUSİFLİ
Ədalət.-2012.-1 dekabr.-S.13.