Salyan yeni inkişaf mərhələsində

 (əvvədi ötən sayımızda)

 

İqtisadi-sosial inkişaf rəsmi rəqəmlərdə

Rayonların, kəndlərin, qəsəbə və yaşayış məskənlərinin müasirləşməsi, sosial və digər obyektlərin artması ölkənin ümumi inkişafından xəbər verməklə, həm də bu işlərin görünən tərəfidir. Yaşam tərzinə birbaşa təsir edən iqtisadi, sosial durum isə gündəlik həyatda hiss edilməklə bərabər konkret, dəqiq rəqəmlərdə öz əksini daha real tapmış olur.

Salyan rayonu 2012-ci ilin üç rübündə xeyli uğurlar əldə etmişdir. Sənaye və kənd təsərrüfatı məhsullarının ümumi həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə müvafiq olaraq 16,3 və 2,9 faiz artmışdır. Ticarətin dövriyyəsi genişlənmiş, xidmət sahələri fəaliyyətlərinin nəticələrini görməyə başlamışlar.

Rayon sakinlərinin işlə təmin edilməsi istiqamətində tədbirlər davam etdirilmişdir. Nəticədə haqqını danışdığımız müddət ərzində rayonda 659 yeri təşkil edilmişdir. Bunlardan isə 437-si daimidir. Ümumiyyətlə 2004-cü ildən bu günə kimi Salyan rayonunda 18826 yeri açılmışdır ki, bunun da 12305-i daimi yeridir.

Bu müddət ərzində Salyan rayonunda yerli büdcənin gəlirləri 5 milyon 275 min manat, yəni 111 faiz icra edilmişdir.

Rayon sakinlərinin sosial problemlərinin həll edilməsi istiqamətində «Ünvanlı sosial yardım haqqında» qanuna əsasən 1977 ailənin 8422 nəfər üzvünə yardım edilmişdir.

Salyanda kənd təsərrüfatını daha da inkişaf etdirmək, yeni istehsal sahələrini yaratmaq istiqamətində uğurlu layihələr həyata keçirilir, sahibkarlığın inkişafına geniş meydan verilir. Bunun nəticəsidir ki, sutkalıq gücü 20 ton olan müasir çörək zavodu «Sünbül-2012» MMC tərəfindən inşa edilib istifadəyə verilmişdir. Çuxanlı kəndi ərazisində «Şəfa» Quşçuluq ASC istehsalat gücü 450 min ədəd yumurta olan inkubatoru sakinlərin istifadəsinə verilmişdir. Qaraçala qəsəbəsində fəaliyyət göstərən «Hacı Camalxan» kəndli fermer təsərrüfatı 10 min tonluq taxıl anbarının inşasını yekunlaşdırmışdır. «Qırxçıraq» qəsəbə ərazisində «Ələddin-fermer» MMC-nin illik gücü 600 ton quru meyvə istehsal müəssisənin, Kürsəngi kənd ərazisində istehsal potensialı 100 min dekalitr olan şərab zavodunun tikintisi uğurla davam etdirilir.

Bütün bunlar çox yaxın vaxtlarda Salyan rayonunun iqtisadi-sosial həyatına öz töhfəsini verəcək və sakinlər daha yaxşı yaşayacaqlar.

Salyan böyük aqrar rayondur

Kifayət qədər böyük əraziyə malik olan Salyan, həm də sayılıb-seçilən aqrar rayonudur. Kənd təsərrüfatının müxtəlif sahələri, xüsusən pambıqçılığın burda geniş nailiyyət qazanması uzaq keçmişdə qalmayıb.

Bu gün də salyanlılar rayon iqtisadiyyatını təşkil edən əkinçilik və maldarlığa böyük önəm verirlər. Onlar bu ilin məhsulu üçün 17407 hektar sahədə taxıl əkmiş, əvəzində 53410 ton taxıl əldə etmişlər. Bu isə hər hektara 30,7 sentner məhsul deməkdir. 4004 ton kartof, 7889 ton tərəvəz, 9259 ton bostan, 1108 ton meyvə, 1704 ton üzüm, 1403 ton qarğıdalı, 780 ton pambıq istehsalı bu ilin 9 ayı ərzində əldə edilmişdir.

Bu müddətdə rayonda iribuynuzluların sayı 61822-yə, xırdabuynuzluların sayı 182974 başa çatdırılmışdır. 5665 ton süd, 24 milyon 100 min ədəd yumurta, 334,5 ton yun istehsalı da salyanlıların zəhməti hesabına başa gəlmişdir. Qeyd edək ki, bütün bu rəqəmlər ötən ilin müvafiq ilə müqayisədə bir neçə faiz çoxdur.

Bütün bu bolluğun nəticəsidir ki, Salyan rayon sakinləri həftənin şənbə və bazar günləri paytaxt sakinlərinə kənd təsərrüfatı malları göndərməyi vacib bilirlər. Paytaxtın Yasamal, Xətai, Nərimanov və Səbail rayonlarına göndərilən bu məhsulların qiymətləri də Bakı bazarlarından xeyli ucuzdur.

2012-ci ilin üç rübündə Nazirlər Kabinetinin 2007-ci il 15 fevral tarixində təsdiq edilmiş «Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına yardım verilməsi Qaydaları»na əsasən rayonun 18 ərazi komissiyasında bu məsələyə baxılmışdır. Qərara alınmışdır ki, 11159 nəfər kənd təsərrüfatı istehsalçısına əkib becərdikləri 33889 hektar əkin sahəsinə görə 1 milyon 356 min manat subsidiya verilmişdir.

Salyanda kənd təsərrüfatını daha da inkişaf etdirmək əraziləri suvarma suları ilə vaxtında suvarmaq üçün rayonda mütəmadi iş aparılır. Torpaq sahələrinin su təminatına və meliorativ vəziyyətinin yaxşılaşdırılması məqsədilə 633 kilometr kollektor dren şəbəkəsi, 606 kilometr suvarma kanalları lildən təmizlənmişdir. 15 ədəd elektrik mühərriki cari, 36 ədəd nasos aqreqatı əsaslı təmin edilmişdir.

Təhsil diqqətdə olan sahədir

Ölkənin hər yerində olduğu kimi Salyan rayonda da təhsilə xüsusi fikir verilir. Yeni məktəb binaları inşa edilir, təmirə ehtiyacı olan tədris müəssisələrinə, uşaq bağçası - körpələr evinə vaxtında əl gəzdirilir.

480 şagird üçün Qarabağlı-1, 360 şagird üçün Yolüstü kənd tam orta, Quyuçu kənd ümumi orta məktəbləri, Uşaqların Texniki Yaradıcılıq Mərkəzi, Uşaq kitabxanası tikilib istifadəyə verilmişdir. İnşa edilən məktəblərin hər birində idman zalları, lazımi inventar, avadanlıqlar var.

Hazırda 220 şagird üçün Boranıkənd ümumi orta məktəb, Plastmas yaşayış massivində 640 şagird üçün tam orta məktəblərində inşaat işləri sürətlə davam etməkdədir. Salyan rayonunun Təhsil şöbəsinin inzibati binasının tikintisi də yaxın vaxtlarda yekunlaşacaq. 5 saylı ümumi orta məktəb üçün idman zalı, əlavə 2 sinif otağı da yeni tikintilər siyahısındadır.

Valideynlərin daha çox müraciət etdikləri 2 saylı uşaq bağçası əsaslı təmir edilmişdir. Qeyd edək ki, rayon ərazisindəki bütün təhsil ocaqları, uşaq bağçası - körpələr evi Salyan rəsmilərinin daim diqqət mərkəzindədir. Təhsil işlərinin uğurları da məhz bu amillə sıx bağlıdır.

2012-ci ilin sonuna çox qalmamışdır. Lakin haqqında bəhs edilən bu uğurlar yəqin ki, ilin sonuna kimi bir xeyliartacaq.

 

Səxavət Məmmədli

Ədalət.-2012.-4 dekabr.-S.7.