QEYRƏT
CƏNGİ VƏ SEVGİ NOBARI
Ədəbi-bədii
romandan - parça
(əvvəli ötən sayımızda)
- İkinci təəssüratınız?
- Bu, beş yüz il əvvəl xalqı
yadelli işğalçılara qarşı döyüşə
aparmış de Arkın bu gün də yaşadılması
ilə bağlıdır. Bu, birinci sualımın
davamıdır.
- Xoş təəssüratdır. Yəqin
Parisdə siz hörmətli qonaqlara bunu da demiş olarlar ki,
alman faşizminə qarşı qanlı döyüşlərdə
de Arkın bayrağı ön xətdə
dalğalanırdı. Bu çox ibrətlidir!
-
Bizim də qadın qəhrəmanlarımız olub. Onlar
haqqında əfsanələr var. Amma Canna de
Arkımızı Qarabağ döyüşlərində
görmədik. Siz buna necə nail olmusunuz?
-
Jurnalistə hər ixtiyarat verilib, yalnız qabaqcadan: hadisəni
görüb, yoxlayıb, təsdiqlədəndən əvvəl
söz demək haqqından başqa səfərin sonunda
fikrimizi bölüşərik.
-
Sizin mərd iradəniz, qan seli axıdılmış
Qarabağa səfəriniz məndə belə təəssürat
yaradır ki, damarlarınızda Canna de Arkın qanı
axır.
- Təkcə
onun yox, Bastılıya hünəri göstərmişlərin
də, həmçinin azərbaycanlı babamın da. Babam,
sabiq sovet əsgəri faşizmə qarşı döyüşlər
zamanı əsir düşmüş, çox çətinliklə
Fransa müqavimət hərəkatına qoşulmuş,
hitlerin acı niyyətini puça çıxaran
fransızlar sırasında özünə yer tutmuşdur.
- Belə, deyin: əsli hu!
Ertəsi
gün işin axırında Prezident məni yenə dəvət
etdi. Həmişə olduğu kimi köçkünlərlə
bağlı gördüyüm işlərlə maraqlandı.
Çöhrəsindəki cizgilər həmişəki kimi,
vəziyyətlə bağlı nurlanır və kölgələnirdi.
Bu dəfə əl içindəki cizgiləri andıran
çalın-çarpaz xətlər də,
qaşının düyünlənməsi də əlavə
olunmuşdu.
-
Qızım, Rövşanə, müsəlman kişisi ailəsindən
söhbət eləməz. Mən pozmalı oluram bu ənənəni.
Ahıl
yaşımda qızım dünyaya gəldi. Sevincimin həddi-hüdudu
yox idi. Mən elə zənn elədim ki, bu, Tanrının
mənə bəxş etdiyi ən yaxşı töhfədir.
Qoca vaxtımda bunun bəhrəsini görürəm.
Bu bir neçə ayın ərzində sənin
də qismətimə çıxmağından məmnunam.
Ərk eləyib, bir qərarımızı səninlə
bölüşmək istəyirəm. Qızıl
Xaç cəmiyyəti və Fransa jurnalisti belə bir təklif
veriblər: səni fransız jurnalistinə köməkçi
- dilmanc kimi qarşıdakı səfərə cəlb eləsinlər.
Sən Parisdə doğulmuş türk qızı - tərcüməçi
funksiyasını yerinə yetirməli olacaqsan, həm dəg
Dedim: tərcüməçi
başqa bir millətdən seçiləydi gərək. Həm də mən, diplomat deyiləm. Düşmənlə xoş danışa bilmərəm.
- Narahat
olma. Mən nə üçün orqanlarla iş təklifinə
qol qoyduğumu anlayıram. Jurnalist erməniləri
inandırıb ki, mən sizləri iravanlılardan
yaxşı tanıyıram. Qızıl
Xaç cəmiyyəti də o tərəfi inandırıb
ki, biz ermənilərimizi çöldən
tapmamışıq ki, belə ağır gündə
onları tək buraxarıq.
Bir qədər sakitləşəndən, Bakıda
fransızdan xoş təəssürat kəsb edəndən
sonra səfər ərəfəsində soruşdum.
-
Müsyö, bir sualıma cavab verin. Qarabağın
taleyi necə qurtaracaq və ermənilər
torpağımızdan öz xoşlarına
çıxmalı olsa, biz yenidən iç-içə
yaşayanda, qardaşlıq mahnıları oxuyacağmı?!
Adılo güldü.
- Siz de
Ark barışığına nail olsanız biryolluq xatircəm
həyat sürərsiniz. Yadellilər onu zindana salanda - sehrbaz
kimi oda atıb yandıracaqları ilə hədələyəndə,
Canna demişdi: bizim barışımız oxların
ücündakı nizə ilə olacaq!
Ark oda atıldı - yaşadı. Bax, belə!
Prezidentin
sözlərini xatırladım: bütün hərblər
sülhlə bitib! Ədalətli sülh ilə!
Və de
Arkın harayına qoşulub ürəyimin istisi ilə dedim:
ya qismət!
Atam deyərdi:
gəzən ayağa çiçək də dəyər,
daş da!
Mən bu
yolu seçirəm!
Adılo
dedi: qalibləri mühakimə etmirlər, xanım!
Bunu
manifest seçin özünüzə!...
Cavabım
belə oldu: Qarabağ düşmən tapdağı
altında inlədikcə, bir çoxları kimi, bəlkə
də bir qədər artıq, mənim taleyimdə - alın
yazımda sərt döngələr, sarpmalar, təzadlı
baxışlar artacaq
Bütün
bunları, nəyin bahasına olursa-olsun dəf edəcəyəm,
qürurla özümü kamil azərbaycan xisləti -
fransızlar sayağı - Vətəni təmsil edən
yurddaş etməyə çalışacağam!... Ölənədək
çarpışacağamg İnanıram ki, gənclik arxamca
gələcək.
YOL -
MURADDIR
Asanlıqla olmasa da mənim dilmanclıq məsələm
həll olundu.
Beynəlxalq Qızıl Xaç cəmiyyətindən
göstəriş gəldi və biz yola çıxmalı
olduq.
Bu günlər, başım şəhərimizi
fransız jurnalistinə tanıtdırmağa, daha dəqiq desəm
- sevdirməyə qarışsa da, yol əndişələrim
məni rahat buraxmırdı.
Bizim kəndimiz Ərgünəşin - Ziyarət
dağının döşündə yerləşir. Necə
çayı keçmək, necə baş-başa vermiş
şiş qayaların arasından adlamaq lazım gəlir.
Yol-yolağa isə bircədir.
Qaçaqaç düşəndə bunun
ağrısını çox çəkdik. Arana nisbətən,
dağ kəndlərindən Mil düzünə
çıxmaq üçün yol - su içimi kimi asan
deyildi. Erməni bizdən yaxşı
bilirmiş. Yolumuzu kəsdilər, dedilər: bizim əlimizlə
ölməyi özünüzə
sığışdırmırsınızsa, onda əcəlinizə
özünüz hökm verin, çaya tökülün,
Araza, Köndələnə qismət olun.
Bu ağrıları - neçə dəfə dağa -
arana çəkib, niyə vaxtında buna əncam çəkilmədiyini
giley-güzara gətirdimsə, rahatlıq tapmadım.
Hər anın öz hökmü var, deyiblər. İndi xarici
jurnalisti əlimizə göydən düşübmüş
kimi əzizlədiyimiz halda, onun necə sağ-salamat
aparacağımızın dərdini də çəkirdim.
Sanki keçmişdən vəhy gəldi. Atam idi
danışan. «Qızım, xeyirxah
insanı dünyanın o başından bura göndərən,
yolu da açacaq. Yol - muraddır, arzu və
niyyətləri gerçəkləşdirən Allahdır.
Yolun qabağını ancaq çaylar kəsə bilər,
başqa heç kəs, heç nə!»
Atamla üzbə-surət danışırammış
kimi soruşdum.
- Axı,
hər yol sudan keçmir?
- Məcazi
mənada - su soyuqluq, deməkdi. Əgər
muradına qovuşmaq istəyirsənsə, qəlbinin hərarətini
saxlamalısan.
Fikrə daldım. Üz tutduğum bu yolda öldü var, döndü yox!
Dönsəm, anamı da itirərəm,
atamı da. Doğma yurdumun-elimin etibarını da!...
Anam bayatı ilə deyərdi sözünü.
Araz daşar,
Kür daşar,
Bəndi basar su, aşar.
Açıb
desəm dərdimi
Bütün dağ-daş ağlaşar.
Təskinlik
tapdım, indi ağlaşma vaxtı deyildi!
Toxtadım...
İnanıram
ki, belə bir səfərə getdiyimi anama desəydim daş
atıb başını tutardı: «atan gedər-gəlməzə
üz tutdu, sən də əcdahanın ağzına
atılırsan. Bəs mən?! Onda mən də səninlə gedirəmg qoy, yurdumuz
əlimizdən çıxdı, nəslimizin də
kökü kəsilsin. Acizliyimizə görə! Bunları xatırlayanda Adılo gözümün
qabağına gəldi. Məgər onun
anası - atası yoxdur?! Niyə belə qətiyyətlə
ölüm meydanına atılıb. Onun
öz qərarında israrlı olduğunu anlayanda, tərəddüdlərim
üçün xəcalət çəkdim.
Yenə varlığımdan da çox istədiyim anam köməyimə
gəldi. Düzdür onu sevdiyimi dilimə gətirə
bilmirdim. Tərif xoşlamırdı.
Şagirdlərinə dönə-dönə
demişdi ki, «Məndən razısınızsa, yaxşı
oxuyun. Yaxşı insan olun. Mənim
mükafatım odur.»
Televiziya ilə apardığım bir verilişdə
«Ana» şeirini səsləndirdim. Güman elədim ki,
bu qəmli vaxtında ürəyi açılar.
Növbəti görüşdə sözü hərləyib
Cəfər Cabbarlı şeiri üstünə gətirdi:
Ana! Ana! O
qadın qarşısında bir qultək,
həmişə səcdədə olmaq mənə fəxarətdir.
Onun əliylə
bəla bəhrinə yuvarlanmaq
Yenə xəyal edirəm bəzmi istirahətdir.
- O ana
yoxdur! O ananı ana eyləyən torpaq düşmən
tapdağı altındadır. O ananın övladları bəla
bəhrinə yuvarlanmayınca, heç kəsin anası
olmayacaq, millət yetim qalacaqg
Anamdan belə qiyabi razılıq kifayət idi.
Dan yeri söküləndə yola
çıxmalıydıq. Bir qədər
gecikmişdik. Axşam Prezidentin yol
xeyir-duasını almışdım. Qızlarla
vidalaşmışdım. Yox, nə mən «salamat
qalın» kəlməsini demişdim onlara, nə də onlar
dillərinə «yaxşı yol» gətirmişdilər, təskinlik
üçün göz yaşlarımız sözdən də
kəsərli idi. Mən özümü toxdaq
saxlamağa çalışırdım. Onlar
da məni kövrəltməkdən çəkinirdilər.
Ancaq vida bununla bitmədi.
Səhər idarəmizin qapısına çatanda nə
görsəm yaxşıdır. Şəfiqə
müəllimə yanında da qızlar dayanıb məni
gözləyirlər. Ayrılıq əhvalımızı
durultmaq üçün müəllimə zarafat elədi:
«Dünyanın işinə bir bax. Dəli Sona ərinə
yalvarırdı ki, qoyma məni yad kişilər aparalar.
İndi biz səni xeyir-dua ilə fransız
oğlu ilə yola salırıq. Zəmanənin
hökmünə bax!»
Şəfiqə xanım - aktyorluq peşəmi dəyişəndə
də naarazı qalmışdı. Axı, Mədəniyyət
İnstitutuna girə bilməyimin səbəbkarı
olmuşdu.
Qısa danışmalı olacağam.
Çox böyük həvəslə imtahanlara
hazırlaşdım. Ancaq biləndə ki, birinci imtahan sənət qabiliyyətinin
yoxlanılmasıdır, həyəcanlandım...
İçəri girən kimi, sövqi-təbii Şəfiqə
xanım oturan masaya yaxınlaşdım. Ala pincək rəssam,
ağzımı açıb danışmamış mənə
yan aldı, uzun saçlarımı ovcuna alıb, müəllimlərə
göstərdi: bu saçla aktrisa olacaq?!
Şəfiqə
xanım: Mən də aktrisalığa gələndə
saçlı qız idim.
- Sən
başqa, Allah vergisisən!
Şəfiqə
xanım:
- Vergilər,
bir vaxt geri alınır. Mən aktrisalıqdan
getmək, ailə qayğıları ilə yaşamaq fikrindəyəm.
Və
imtahan sədri üzünü mənə tutub dedi:
- Qabiliyyətini
göstər, qızım.
Ortaya çıxdım. Dəli Sonanın
dialoqunu söylədim.
«Molla
Abbas, qorxuram! Molla Abbas, sən məni tut, mən qorxuram! Molla
Abbas o arvadlar ki, özlərini tullayıb ərlərinin
qardaşlarına qoşulub gedirlər, o arvadların ucundan
qorxuram dünya və aləm dağıla, külli-küfan ola. Molla Abbas, qorxuram ulduzlar yerə tökülə.
Vay nələr görürəm? Molla
Abbas, bunlar dəli yığıncağı imiş.»
Monoloq göz yaşları, hıçqırıqlarla
bitdi.
Hər ikimiz bu ilk ustad-şagird
görüşünü həyəcanla və qismətin sərt
döngədə dəyişməsini təəssüflə
xatırladıq. Sifətlər aydın
danışırdı.
Ancaq ağıllı aktrisa qüssəsini tərk etməyi
bacardı.
Şəfiqə
xanım ayağa qalxıb məni bağrına basdı, dedi:
- Mənim
gözüm yaşardı. Gənclik bizi ləyaqətlə
əvəz edəcək, fikir verdiniz, Sonanı necə
canlı oynadı. Mənim fikrimcə
qadınlar taleyini xalqın içində olan, onların dərd-səri
ilə yaşayan qızlar daha həssas aktrisa olacaq. Qeyrət aşılanması da bunu tələb edir.
Bu da növbəti xeyir-dua idi.
Eynəmiz açıldı. Mən, necə deyərlər,
daşın hara, nə üçün
atıldığını anlayırdım. O demək
idi ki, doğma Qarabağı ziyarətə get, ancaq
Sonanın sözləri qulağında sırğa olsun,
özünü özün kimi saxla! Qarabağlı
qızı kimi!
Adılo xaç nişanlı maşınla gəldi,
erkən çağı bu qədər qadının buraya nə
üçün toplaşdığını ağlı kəsdirməsə
də, etirazını da bildirmədi. Ancaq öz adımla
yox, «de Ark» deyə müraciəti çaşdırdı məni.
Bir qədər əvvəl nəql elədiyim hadisələr
yaşandı.
İnanın
ki, Prezidentin kabinetində bu maraqlı söhbəti dinləyərkən,
ağlıma gəlmirdi ki, mənim taleyim də Canna de
Arkın taleyi kimi bitəcək! Axı, onda bilmirdin ki, məni
belə bir səfər gözləyir
Alın
yazısı imiş bu
Bəlkə
də o zaman ağlıma gəlsəydi, sarsılardım da! İndi isə hər təhlükəni beynimdən
kənarlaşdırmışdım. Əksinə,
uzun hörüklü rəfiqələrimin ziyarətindən
rahatlıq tapıram.
Qızıl
Xaçın təmsilçisi ilə tanış
edəndə, sorğum çox güman Adılonu da, mötəbər
təşkilatın nümayəndəsini də təəccübləndirdi.
Soruşdum.
Vahid
yoldaş, Qarabağın yollarına bələdsiniz?
- Düzən Qarabağ yollarından haliyəm.
Özüm bakılı olsam da oğlum orada xidmət edəndə
çox getmişəm. Sərhəddə qədər, bax o
yolla gedərik. Qonağa maraqlı olar ki, bu dinc insanlar
ev-eşiklərindən didərgin salındıqlarından
necə qeyri-insani həyat sürməyə vadar olublar. Bu yol
Araz kənarında çadır şəhərciklərdən
keçir.
Xaç
nişanlı libasda azərbaycanlı olduğunu biləndə
fərəhlənmişdim. O da mənim belə bir səfərə
ürəklə, tərəddüdsüz getdiyimdən
razı qaldığını hiss etdirdi.
Bundan sonra mən ona Vahid bəy deyə müraciət
edirdim.
- Ancaq bir
xahişim var. Çadır şəhərcikləri keçəndən
sonra, Bəhramtəpə yanından Ağcabədi - Bərdə
yoluna çıxaq.
Razılaşdı.
Prezidentin yanından çıxanda «Qızıl Kral»
haqqında eşitdiklərimi nəql eləmişdim. Bu məqamda təkrarlayıram
- akademik Versal sarayın bünövrəsini qoymuş XIV
Lüdoviqlə bağlı ibrətli sözünü bitirəndə,
Adılo ondan soruşdu. Parisdə xoşunuza gələn
ikinci nə olub.
Cəmil Əlibəyov
(Ardı var)
Ədalət.-2012.-4 dekabr.-S.6.