«Azərbaycanda meyxanaçılar da film çəkir»

 

Elməddin Süleymanov: «Bukovskini bu ölkədə öldürdülər»

Müsahibim Türkiyə Beykent Universitetinin tələbəsi Elməddin Süleymanovdur. Təxminən dörd ay öncə onun Bakıda təşkil etdiyi şeir gecəsində iştirak etmiş və geniş reportaj yazmışdım. Eyni zamanda Elməddinin istedadlı və bacarıqlı bir gənc olduğunu həmin yazıda xüsusi vurğulamışdım. Bakıda yay tətilini şeir gecələrinə həsr edən Elməddin Türkiyəyə qayıdan kimi, bir film çəkmək həvəsinə düşdü və cəmi bir aya təxminən 30 dəqiqəlik «Plastilin» adlı filmi ərsəyə gətirdi. Filmin operator və montaj işini Mahir Kərimli həyata keçirib. Elməddin isə filmin həm ssenari müəllifi, həm də yeganə aktyorudur. Bir sözlə film cəmi iki nəfərin gücünə çəkilib.

Filim youtube-də təxminən 1000 dəfə izlənib və xüsusilə gənclərin çox diqqətini çəkib.

Hazırda Türkiyədə oxuduğu Universitetdə imtahanlara başı qarışan Elməddinlə skype vasitəsi ilə çəkdiyi filmdən, oxuduğu kitablardan və Azərbaycan ədəbiyyatından danışdıq.

-İstərdim ki, filmin yaranmasından, film çəkmək ideyasının doğuluşundan danışasan. Necə oldu ki, film çəkmək qərarına gəldin?

-Həm teatr səhnəsində, həm də film sektorunda bu üslub çox işlənib. Amma mənim üçün çəkdiyimiz filmin mövzusu çox fərqli və maraqlı bir həyat hekayəsi əsasında yaranıb. Bir az da dəyişik üslubda və formada bu mövzunu Azərbaycan tamaşaçısına çatdırmaq qərarına gəldim. Film çəkmək qərarımı isə, bu sahəyə olan marağıma və sevgimə görə vermişəm. Əslində mənim bu sahədə oturuşmaq və yerimi möhkəmlətmək arzum yoxdur. Sadəcə maraqdan bu işə girişdim. Gələcəkdə necə olacağını deyə bilmərəm.

-Öz gördüyün işdən razı qaldınmı?

-Sözün açığı ilk iş idi. Eyni zamanda bu ilk iş bir tələbənin gördüyü ilk işdir. Bunu xüsusi olaraq vurğulamaq istəyirəm. Dünyanın hər yerində tələbələrin gördüyü işlər kiçik imkanlar və kiçik şərtlər daxilində baş tutur. Bütün məhdud imkanlara baxmayaraq, film haqqında söylənən rəylərə əsasən belə qərara gəlmişəm ki, məncə çox normaldır. Ya çox yaxşı, ya çox pis deyən yoxdur.

-Adətən gənclər uğursuzluğunu, alınmayan işlərini yaşla, gəncliklə ört-basdır etmək istəyirlər. Sən də özünə haqq qazandırırsan, yoxsa hesab edirsən ki, gördüyün iş məhz belə olmalı idi?

-Əslində tənqid hər zaman var. Xüsusilə də publikanın gözlədiyindən artıq iş görən adamlar üçün tənqidlər hər zaman olur. İnsanın özünə haqq qazandırmağı təbii prosesdir. Mən təbiət etibarı ilə minimalist insanam və hər zaman minimumlara qane olmağa çalışıram. Bu ölkə üçün, sənət üçün iş görən insanlar çox vaxt tənqidə məruz qalıb. Hal-hazırda bu bir inkişaf mərhələsidir mənim üçün. İnkişaf etdikcə tənqidlər çoxalacaq və mənim də tənqidlərə münasibətim yəqin ki, dəyişəcək. Birinci işdən fantastik bir nəticə özüm də gözləmirdim. Yəqin ki, tamaşaçılar bizim ilk işimiz olduğunu nəzərə alacaq. Yenə təkrar edirəm, bu bir tələbə işidir. Gələcəkdə görəcəyim işlərdə daha yaxşı nəticə əldə etməyə çalışacağam.

-Bildiyim qədər sən tamam başqa bir sahədə təhsil alırsan. Yəni sənin gələcək ixtisasının kinoya, kinossenaristliyə qətiyyən aidiyyatı yoxdur. Necə oldu ki, gələcəyin sənaye mühəndisi oturub qərar verdi ki, ssenari yazsın?

-Əslində bu mənim həyat hekayəmlə bağlıdır. Orta məktəbin 8-9-cu siniflərində oxuyarkən dram əsərlərini götürüb özüm üçün aktyorluq edirdim. Aktyor olmaq mənim arzularımdan olub. Evdə monoloq söyləyə-söyləyə dolaşır, ciddi şəkildə aktyor olmaq istəyirəm. Daha sonra bir rok qrupu yaradıb İstanbulda gecə həyatı yaşamaq xülyasına düşdüm. Zaman-zaman ssenaridə tapdım özümü. Mən yazmasam rahat ola bilmərəm. Bəs niyə mühəndisliyi seçdim? Sözün düzü bunu bilmirəm, çünki universitetdə təhsil almaq kimi ciddi arzum yox idi. Ancaq ən ideal sayıla biləcək sahəni seçdim. Hələ ki, seçimimlə razıyam. Yaxşı ki, ssenaristlik sahəsini seçməmişəm. Çünki mənim tanıdığım, incəsənət sahəsində təhsil alan insanlar var ki, onların nə isə eləmək niyyətləri yoxdur. Bəlkə də mühəndislik oxumaq sıxıcı olduğu üçün mən bu sahəyə daha həvəslə və istəklə yanaşıram. Bu cür təbii və şəffaf sənət insan üçün daha rahatdır.

- Deməli, sən bu sahədə rahatlıq tapırsan?

- Bəli, bu sahə mənim ən çox rahat olduğum və özümü gümrah hiss etdiyim sahədir.

- Hansı rejissorların yaradıcılığını izləyirsən?

- Mən əslində çox film seyr etməyi sevmirəm. Çünki mənim üçün ən önəmli olan kitab oxumaqdır. Ancaq mənim favorit rejissorlarım var. Məsələn Cim Carmuş, Vudi Allen, Tarkovski mənim sevdiyim rejissorlardır. Müəyyən rejissor işlərini həvəslə izləyirəm. Ancaq çox da güclü film həvəskarı deyiləm. Bəzən iki saatlıq filmi iki-üç günə izləyirəm.

-Amma sadaladığın rejissorlardan təsirlənməmisən. Məncə sənin filmində bu rejissorların təsiri yoxdur. Sadəcə bəzi məqamlarda təsir duyulur...

-Məncə insan gördüyü, tanıdığı, izlədiyi şeylərin təsiri altına düşməməlidir. İnsan özünü axtarmalı, özünü ifadə eləməlidir. Ancaq bənzərliklərin olması təbidir. Çünki hər şey bir-birinə bənzər və bir-biri ilə əlaqəlidir.

-İstəyirəm bir az da ədəbiyyatdan danışaq. Çünki sənin daha çox maraq göstərdiyin sahə ədəbiyyatdır. Məncə şeirlə başlamısan...

-Bəli, ədəbiyyat mənim sevdiyim sahədir. Yaradıcılığa yeni başlayanda nəsr də yazmışam, amma şeir məndə daha təbii alınırdı.

Ədəbiyyat böyük sahədir. Ədəbiyyatı ədəbiyyat edən ona göstərilən münasibətdir. Təəssüf ki, ədəbiyyat hal-hazırda yerlə sürünür. Xüsusilə də şeir sahəsi. Mən düşünürəm ki, peşəkar mütaliəsi olan insan, həm də peşəkar yazıçı ola bilməz. «Çoxlu mütaliə edib ədəbiyyatla məşğul olmaq lazımdır» düşüncəsində olanlar yanılır. Çox təbii olaraq, mütaliə prosesindən sonra insanda yazmaq həvəsi yaranır. Ancaq çox oxuyub yazmayan insanlar və ya az kitab oxuyub yaxşı əsərlər yazanlar da var. Bu zaman və insana bağlı bir məsələdir. Düzünü deyim ki, Azərbaycan ədəbiyyatının vəziyyəti ürəkaçan deyil.

- Sən özün oxuduğun əsərlər kimi bir əsər yaza bilirsənmi? Mütaliən sənə təsir edirmi?

- İstənilən adam bir həftə ardıcıl və sistemli Şekspiri mütaliə etsə və növbəti həftə yazmağa başlasa yazdıqları Şekspirin yazdıqlarının təsirində olacaq. Ən azı bir detal bənzəyəcək. Mən sistemli mütaliənin də bu baxımdan tərəfdarı deyiləm. İndiyə qədər əlimə nə keçib oxumuşam. Öz üslubunu yaratmaq məsələsi 2012-ci ildə mümkün olacaq bir şeir deyil. Mənim şeirlərimdə bəzən Bukovski təsiri duyulur və mən səmimi olaraq bu təsiri etiraf edirəm. Açığı məcbur oluram ki, şeirə bir söyüş daxil edim. Amma bundan xilas olmaq üçün bir müddət bu yazmağa ara verdim.

 

-Özün də qeyd etdin, həm şeirdə, həm nəsr yazılarında eyni zamanda çəkdiyin filmdə söyüşə, jarqonlara çox meyillisən. Mətndə söyüş istifadə etmək fərqlənmək ehtiyacından yaranır, yoxsa bu təbii bir partlayışdır?

-»Plastilin» filmi ən çox söyüşlərə görə tənqidə məruz qalıb. İnsan bir işi görəndə hər şeyin normada və qaydasında olduğunu düşünə bilər, amma qıraqdan baxanlar bunu başqa cür qiymətləndirər, başqa münasibət göstərər. Söyüş bütün zamanlar üçün diqqət cəlb edən bir məsələdir və qəbul edək ki, çoxları buna qatlana bilmir. Amma söyüşü necə söymək məsələsi də önəmlidir. Elə adamlar var ki, mətndə bunun dozasını çox edir. Söyüşə qarşı çıxanlar və qəbul etməyənlərlə razılaşmıram. Normal insan həyatında söyüşdən istifadə edir və hər kəs söyüş söyür. Əgər mətndə söyüşləri ixtisar etsək, filmdə söyüş olmasa biz öz səmimiliyimizə zərbə vurmuş olarıq.

-Bilirsən, cəmiyyətin bizdən gözlədiyi müəyyən şeylər var. Məsələn, insanlar filmə baxıb ordan tərbiyəvi bir nəticə çıxarmaq, nə isə öyrənmək istəyir. Təbii ki, içini yazmaq, ürəyin istəyən kimi ssenari ekranlaşdırmaq sənin haqqındır. Ancaq mənə maraqlıdır, nə üçün cəmiyyətin istədiyi, ağsaqqalların arzuladığı kimi yaşamaq istəmirsən?

-Mən hər zaman bu fikri müdafiə eləmişəm: «İnsanın güclü siyasəti olmalıdır». Məsələn, kənddə kəndli, şəhərdə şəhərli olmalısan. Bu ikiüzlülük deyil, vacib məqamdır. Hesab etmirəm ki, cəmiyyətə qarşıyam. Bacardıqca cəmiyyətin qoyduğu qaydalarla oynamamağa çalışıram və tam ortada dayanıb müşahidə edirəm. Bütün doğrular və yalanlar bu cür deşifrə olunur. 35-40 yaş arasında olan milyonlarla insanlar var ki, cəmiyyətin qaydaları ilə oynayır. Bu insanlar 18-20 yaş arasında özünü dəyişdirə, təsdiq edə bilməyən insanlardır. İnsan 20 yaşına qədər özünü dəyişə bilmirsə, bu yaşdan sonra metamorfoz mümkün deyil.

-Filmə qarşı tənqidlər səni ruhdan salmadı ki?

-Qətiyyən. Mən hətta ssenarini yazanda qeydlər etmişdim ki, hansı hissələr tənqidə məruz qalacaq. Əgər tamaşaçı müəyyən məqamda özünü qəhrəmanların yerinə qoya bilirsə və müqayisə apara bilirsə bu artıq filmin uğurudur. Mən çoxlu mesajlar aldım. Bəziləri yazırdı ki, «mənim həyatımı yazmısan», «mən hər gün belə hadisələrlə rastlaşıram». «bu mənəm» və s. Bu artıq mənim üçün gördüyüm işin uğurudur. Hər kəsin həyatında belə məqamlar var. Amma gözləmədiyim tənqidlər də oldu.

Səmimi olaraq deyim ki, mən özümün ssenarist işindən razıyam, amma rejissor və aktyor kimi tənqidlər hələ çox olacaq. Təsəvvür edin ki, bizim qurduğumuz «Ghetto Film»in ilk işində cəmi iki nəfərlə film çəkdik. Amma bildiyimiz kimi film bir komanda işidir. Tənqidlərin olması təbiidir. İki nəfərə ancaq bu qədər iş görmək olar. Filmin sonunda az qala yediyim simitlərə də təşəkkür etmək istəyirdim ki, kollektiv çox görünsün. (gülür)

-Gələcəklə bağlı hansı planların var?

-Qarşıda hələ iki illik bir universitet təhsili var. Paralel olaraq müəyyən işlər planlaşdırıram. Roman üçün çox tezdir. Amma bir şeir kitabı haqqında düşünürəm. Yayda da bir uzunmetrajlı film çəkmək istəyirəm.

-Son olaraq Azərbaycan kinosu və Azərbaycan ədəbiyyatı haqqında fikirlərini öyrənmək istərdim. 21 yaşında hekayələr, şeirlər yazan, film ssenarisi ərsəyə gətirən və aktyorluq edən bir gəncin nə düşündüyü məncə oxucular üçün də maraqlıdır...

- Ədəbiyyat haqqında bir az sərt danışacam. Ən yeni Azərbaycan ədəbiyyatını demək olar ki, oxumuram. Azərbaycan ədəbiyyatının son olaraq iki kitab oxumuşam: Qan Turalının «Mustafa» romanı və sənin «Underground sevgilər» şeirlər kitabını. Qan Turalının «Mustafa» romanında inqilabçı bir gəncdən bəhs olunur və məncə bu Turalın özüdür. Tural romantik bir insandır və bu sahədə də irəliləyir. Sənin isə nəsrin haqqında bir şey deməyəcəm. Şeirlər isə, alınır. Sənin daha çox şeir yazmağını arzulayıram.

Hal-hazırda sosial şəbəkə şairləri və yazıçıları var. Bütün dünyada yazarlar ölkə miqyasında tanınmağa cəhd edir, ancaq bizdə hamı sosial şəbəkələrdə tanınmağa can atır. Yazarlardan Seymur Baycanın qəribə fantaziyası var. Yazdıqları məncə gördükləridir. Yaxşı yazıçıdır, amma mövzuları mükəmməl deyil. Əli Əkbər gəncliyini yaşaya bilməyənlərdəndir. Onu ciddi personaj hesab etmirəm. Hansısa bir jurnalistə qarşı şantaj işi aparılır və ölkədə çox adam buna qarşıdır. Amma Əli Əkbərin çıxıb sosial şəbəkədə «Filankəsi bəyənməyənin...» deyə söyüş söyməsi, gəncliyə bu cür yön verməsini qəbul etmirəm. Belə yazıçı mənim üçün yeniyetmədir. Şeirdə Aqşin Yenisey qadın və allah mövzusundan başqa mövzuların da olduğunu nəzərə almalıdır. Nə istəyirik qadından və allahdan? Azərbaycanda bu mövzu çox işlənib. Məncə fantaziya gücümüz olmalı, başqa mövzular seçməliyik. Qisməti çox bəyənirəm. Qismət fərqli yazmağı bacarır. Mənim də çox sevdiyim «Beat generation» haqqında bir yazı yazmışdı. Deməli, o, cəmiyyətə fərqli şeylərin lazım olduğunu, gənclərə yön verməyin vacibliyini başa düşür. Amerika ədəbiyyatında Villiam Berrouz, Cek Keruak kimi yazarların Azərbaycan oxucusuna çatdırır. Təəssüf ki, bizdə yazılan kitablardan film çəkmək mümkün deyil. Bir də təəssüf ki, bizdə qurşaqdan aşağı yazan bir nəsil yaranıb. Bunu da yaxşı yazmağı bacarmırlar. Bukovskini bu ölkədə öldürdülər. Məncə Bukovskinin sonuncu ölümü Azərbaycanda baş verdi. Qurşaqdan aşağı yazmaq mövzusu çox bayağılaşdı. Bakıda keçirdiyimiz «Ghetto Poetry Night» şeir gecəsini xatırla. Gənclər çıxıb ancaq söyüş dolu şeirlər oxudu. Amma məsələ bu cür olmalı deyil axı. Başqa mövzularda da yazmaq lazımdır. Türkiyədə bu Küçük İskenderdə alınır.

Film məsələsində isə çox qarışıqlıqdır. Mən «Plastilin» filmini çəkməyə başlamamış youtube vasitəsi ilə bəzi qısametrajlı və tammetrajlı filmlər izlədim. Son dövr kinematoqrafiyamız çox bayağıdır. Maraqlıdır ki, Azərbaycanda meyxanaçılar da film çəkir. Eyni zamanda çəkilən filmlər də çox sünidir. Əgər film çəkiriksə, sənətlə məşğul oluruqsa səmimi olmalıyıq.

 

Cəlil Cavanşir

Ədalət.-2012.-4 dekabr.-S.5.