Tariyel Qasımov: «Onlar öz içlərini
yeyə-yeyə qocalacaqlar»
«Bu, bizim rejissorlarımızda
çatışmayan cəhətdir»
Xalq artisti Tariyel Qasımovun Milli.Az-a
müsahibəsi
- Tariyel müəllim,
özünüzü necə hiss edirsiniz?
-
Özümü çox yaxşı hiss edirəm. İşləmək,
yaşamaq, yaratmaq arzusundayam. Özüm də sağlamam, hər
şey yerindədir. Yəqin, bu sualı yaş məsələsi
ilə əlaqədar verdiniz. Düzdür, bu qanun
verilmişdi, amma bunun bizim sənətə heç aidiyyəti
yoxdur.
- Hazırda teatrda müqavilə ilə
işləyirsiniz?
- Bəli.
Əvvəllər də müqavilə ilə işləyirdik,
amma maaş da alırdıq. Amma indi nə qədər işlədin,
o qədər pul alırsan. Mən özüm də Qazax
Dövlət Dram Teatrında və Dərbənd Azərbaycan
Dövlət Teatrında direktor işləmişəm və
görmüşəm ki, bu, direktorlara sərf etmir. Heç
bir direktora sərf etməz ki, aktyora artıq pul versin. Halbuki
ştatda maaş alan aktyorlar var, mənim yerimə onu da oynada
bilərlər. Elə aktyorlar da var ki, tamaşaçılar
onları həmişə səhnədə görmək istəyirlər.
Məsələn, bizim teatra gəlib soruşurlar ki, Tariyel
Qasımov oynayacaq, yoxsa yox? Allah-Təala elə edib ki, mən
sevilən aktyor olmuşam.
Xoşbəxtəm
ki, gəncliyimdən bu teatrda baş rolları mən
oynamışam. Ən böyük xoşbəxtliyim isə o
idi ki, sovet dövründə yeganə aktyor idim ki, xarici
ölkələrdə filmlərə çəkilirdim. Arada,
düzdür, Sovet İttifaqı dağılandan sonra rəhbərliyə
naşı, səriştəsiz adamlar gələndə bizim
incəsənət aləmində olan adamlar pərən-pərən
oldular. Maaş az idi, dilənçi kökünə
düşmüşdük. Buna görə bizim çox
böyük sənətkarlarımız xarici ölkələrə
çıxıb getdilər. Amma sonra onların
hamısını dala qaytardılar. Bizə göstərilən
diqqət və qayğı dünyanın heç bir ölkəsində
olmayıb. Biz çox minnətdarıq ki, bu gün bizə
qayğı və diqqət göstərilir. Evlər, təqaüdlər
və mükafatlar verilir. Bundan yaxşı nə ola bilər ki?
Bircə qalır ki, yaşayıb-yaradasan və
tamaşaçıların rəğbətini qazanasan.
- Siz bu sənətdə çox əziyyət
çəkmisiniz, indiki cavanlar necə, əziyyətə, əzaba
qatlaşmağı bacarırlarmı?
- Bu
gün onlar üçün yol açıqdır. Onlardan
yalnız zəhmət və istedad tələb olunur. Əgər
bu varsa, onlar gələcəkdə böyük sənətkarlar
ola bilərlər. Mən bir ağsaqqal kimi çox təəssüflənirəm
ki, indiki gənclərin hamısı yox, əksəriyyəti
«mən aktyoram» deyə bu sənətə gəlir. İstərdim
ki, cavanlar özlərini sənətə sevdirməsinlər,
sənəti özlərinə sevdirsinlər. Biz elə
olmuşuq, gecə-gündüz oxumuşuq, müəllimlərimizdən
xahiş etmişik ki, gecə saat 12-yə kimi məşq edək,
stol arxası məşqlərimiz çox olsun ki, biz
obrazın xarakterini tam açaq. Mətni yaxşı bilək
ki, sabah səhnəyə çıxanda əlimizdə dəftər
olmasın. Amma çox təəssüflər ki, bəzi
rejissorlar bunu etmirlər. İki dəfə stol arxasında məşq
etdirir, sonra isə əlində dəftər, bilmirsən dəftərə
baxasan, yoxsa obrazı yaradasan. Bu, bizim rejissorlarımızda
çatışmayan cəhətdir.
- Əvvəllər televiziya tamaşaları
ilə evlərə qonaq gəlirdiniz. İndi bu
tamaşaların yerini seriallar tutub. Siz də «Muradına
çatan günəş» serialında çəkilirsiniz.
Necə oldu ki, razılıq verdiniz?
- Mən
o illər üçün çox darıxıram. Əvvəllər
bizim yeganə bir dövlət televiziyamız var idi, ayda 4 dəfə
mən televiziya tamaşalarında baş rollarda
çıxış edirdim. İndi yaşlı nəslin
nümayəndələri məni görəndə deyirlər
ki, Tariyel müəllim, niyə bir balaca
qocalmısınız? (gülür). Elə bilirlər ki, mən
elə cavan qalmalıyam. Yəqin, siz bilirsiniz ki, mən bu son
neçə ildir ki, heç bir serialda çəkilmirdim. Təkliflər
gəlib, amma qəbul etməmişəm. Hiss etmişəm
ki, nəsə mətn, ssenari və yaxud rejissor zəifdir. Bu
filmə məni ilk dəfə bizim gözəl şoumen,
aparıcımız Murad Dadaşov dəvət etdi. Mənim
orada yeganə bir sözüm o oldu ki, ssenarini verin, oxuyum.
Ssenari çox xoşuma gəldi. Serial istefada olan polkovnikin ailəsinin
faciəsindən bəhs edir. Rejissoru Asif Abramov türk filmlərində
təcrübə keçmiş istedadlı bir insandır.
Hiss olunur ki, Asif Abramov öz işində peşəkardır.
Ümumilikdə kollektivdən, aktyor seçimindən
çox razı qaldım. Mən inanıram ki, bu serialı
tamaşaçılar çox gözəl qəbul edəcəklər.
- Tariyel müəllim, həyatda
qorxub-çəkindiyiniz insan tipi hansıdır?
- O, gizli
olur, üzünə gülürlər, amma arxadan sənə
badalaq vururlar. Çox əfsuslar olsun ki, sən onu yalnız
hadisə olandan sonra bilirsən ki, bu necə insandır. Mənim
70 illik yubileyimdə müğənni Vasif Məhərrəmli
oxuyurdu və mahnı bitdikdən sonra qoluma girib məni səhnəyə
dəvət etdi. Tamaşaçılara dedi ki, əziz
tamaşaçılar, gəlin etiraf edək ki, Tariyel müəllim
70 yaşının olmasına baxmayaraq, çox cavan
qalıb, mən ona 50 yaş verirəm. Tariyel müəllim,
bunun sirrini de, biz də bilək. Mən ona belə cavab verdim
ki, heç vaxt paxıl olmamışam, heç kimə pislik
etməmişəm, başqasının sevincinə
sevinmişəm, kədərinə kədərlənmişəm.
Elə adamlar var ki, 50 yaşında 80 yaşlı insan kimi
görünürlər. Onlar öz içlərini yeyə-yeyə
qocalacaqlar. Sonra dedi ki, bəs niyə aktyor ordusu içində
ən yaraşıqlısı sizsiniz? Dedim ki, bunun sirrini
anamdan soruşun. Anam da zalda oturmuşdu, durub hamıya əl də
etdi. Zarafatca dedim ki, anam məni belə dünyaya gətirib, yəqin,
ona görədir (gülür). Allah bütün analara can
sağlığı versin, mənim anamın 97 yaşı
var. Bizdə yalnız ürək xəstəliyi var, ürəyini
qorudunsa, axıra kimi gedəcəksən (gülür).
- İstərdinizmi sizin
üçün xüsusi tamaşa qoyulsun?
- Əlbəttə,
çox istərdim. Bildiyiniz kimi, teatrımızda bu
yaxınlarda rejissor dəyişikliyi oldu. Çox yaxşı
ki, oldu. Bəhram Osmanov məni çağırıb dedi ki,
inşallah, 2013-cü ildə elə tamaşalar
götürülməlidir ki, sizin kimi sənətkarlar o
tamaşalarda oynasınlar. 2 il sonra mənim 75 yaşım
tamam olur. Yəqin ki, yubileyim üçün bir yaxşı
tamaşa götürüləcək. Həmişə arzum
olub ki, «Atayevlər ailəsi» tamaşasında yoldaş Atayevi
oynayım. Düzdür, bu tamaşa bizim teatrın profilinə
yaddır, çünki bizdə tamaşalar daha çox gənclərin
zövqünə uyğun olur. Yəqin ki, benefis kimi bu
tamaşanı oynayacağam.
- Elə bir rolunuz olubmu ki, sırf
özünüzü oynayasınız?
-
Oxşarlıq olub, haradasa hiss etmişəm ki, bu mənim həyatımın
bir parçasıdır, amma tam olmayıb. Belə
götürəndə aktyor bütün rollara öz
xarakterini qoyur. Bu yaxınlarda bir rejissor istəyirdi ki, o necə
istəyir, mən də elə oynayım. Ona dedim ki, sən
istəyirsən ki, istədiyin kimi oynayım, amma mən sənin
hisslərini heç cür verə bilmərəm. Mən bunu
Tariyel Qasımov kimi, öz hisslərim necə qəbul edir, elə
oynayacağam. Nə isə, bir az mübahisə etdik,
axırda mən deyənə gəldik. Çünki həqiqətən
də o obrazı mən yaradıram. Amma sırf mənim həyatımdan
nə tamaşa, nə də kino olmayıb.
(Kitabı
göstərərək) Bu «Ömrün sənət
yollarında» adlı kitabı mən yazmışam. Burada mənim
sənətim, həyatım haqqında maraqlı faktlar
toplanıb. Bu kitab kinossenari kimi yazılıb. Çox istərdim
ki, bunu hansısa rejissor götürüb film çəksin.
Mənə adətən jurnalistlər sual verirlər ki,
şöhrətli olmaq istərdiniz, yoxsa xoşbəxt?
Xoşbəxt bir gün ola bilərsiniz, sabah elə bir hadisə
ola bilər ki, bədbəxt olarsınız. Mən həmişə
istəmişəm ki, şöhrətli aktyor olum.
Çünki öləndən sonra həmişə
xatırlanırsan.
Bu
yaxınlarda Yeni Kinematoqrafiya İttifaqı yarandı, hər
kim bu ittifaqı yaratdı, sağ olsun. Sonradan mən də
oranın üzvü oldum. Köhnə ittifaq heç bir fəaliyyət
göstərmirdi. Bir neçə kəlmə də Teatr
Xadimləri İttifaqı barəsində söz demək istərdim.
70 illik yubileyim idi, Mədəniyyət Nazirliyi fəxri fərman,
pul mükafatı vermişdi mənə. Teatr Xadimləri
İttifaqı isə mənə paslı dəmirin içində
bir kağız parçası göndərmişdi. Ayıb
deyildi bu? Məni təkcə ölkəmizdə yox, başqa
ölkələrdə də tanıyırlar. İttifaqın
sədri Azərpaşa Nemətov özü də mənimlə
yaxın dostdur. Heç olmasa, gəlməzdin, onu da göndərməzdin.
Əlbəttə, ondan incidim və televiziyada bu barədə
çıxış etdim. Mən onun tamaşalarında
yaxşı rollarda oynamışam, amma o mənim yaxın
dostum olsa da, aktyor imkanlarımı görmür. Ona görə
də mən həmişə heç kimdən çəkinmədən
ürək sözlərimi demişəm, düzdür, bu
bizim keçmiş direktorlarımızın bəzilərinin
xoşuna gəlməyib. İndiki direktorumuz sənət
adamıdır, vaxtilə aktyor olub, bizi çox gözəl
başa düşür.
- Tariyel müəllim, şəxsi
həyatınızdan nəyi bizimlə bölüşmək
istərdiniz?
- Bir
oğlum, bir qızım var. Oğlum kinostudiyada baş
prodüserdir. Allaha şükür, ailəm, nəvələrim
ilə çox xoşbəxtəm.
- Nə vaxtsa xalqın sevgisini itirməkdən
qorxmusunuzmu?
- Yox,
bundan sonra daha qorxmuram. Çünki mən elə rol
götürüb oynayıram və elə filmdə çəkilirəm
ki, tamaşaçılar məni qəbul etsinlər. Mən
öz aktyorluq sənətimə, mənliyimə hörmət
edən insanam. Kimdənsə nəyə görəsə
söz götürməyi xoşlamıram.
- Sizi sevənlər
çoxdur, istər yaşlı, istərsə də cavan nəsil.
İstərdim ki, sonda bu insanlara ürək sözlərinizi
deyəsiniz...
- Mənim
üçün çox xoşdur ki, məndən müsahibə
götürən oğlan da cavandır. Mən siz cavanlara
müvəffəqiyyət arzulayıram. Nə qədər
böyük nailiyyətlər əldə etmək istəyirsinizsə,
bir o qədər də zəhmət çəkin. Məni sevənləri
mən də sevirəm. Allah da onları sevsin.
Ədalət.-2012.-4 dekabr.-S.8.