Akif Əli: «Gördüm kinoaktyor kimi məşhurlaşıram...»

 

«...insanların gizli, sirli, intim, özəl həyatına müdaxilə edirlər»

Onlar sənətçi, siyasətçi, yazıçı, deputat kimi doğulmayıblar. Onlar da hamı kimi orta məktəbə gedib, sonra ali təhsil alaraq müxtəlif peşələrə yiyələniblər. Ancaq həyat bəzən onları öz sevdikləri peşələrindən də ayrı salıb. İllər ötüb, tamam başqa bir sahəni özlərinin həyat kredosu seçiblər.

O, alim, dövlət qulluqçusu, tanınmış qələm sahibidir. Kimi onu bir yazıçı, kimi də Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri kimi tanıyır. Lakin kimcür bilir-bilsin, hər kəs onu öz işinə vicdanla yanaşan bir insan kimi xarakterizə edir. O, çoxlarının sevimlisinə çevrilib. Beləliklə, haqqında danışdığımız insan Akif Əlioğlu Məhərrəmovdur.

Hüquqşünas ailəsində dünyaya göz açan Akif müəllim 1974-cü ildə M.F.Axundov adına Azərbaycan Dövlət Rus dili və Ədəbiyyatı İnstitutunu (indiki Bakı Slavyan Universiteti) bitirib. 1989-cu ildə Bakı Ali Partiya Məktəbinin əyani kursunu bitirib. 1990-cı ildə «Vətən səsi» qəzetinin yaradılmasında iştirak edib və 1991-1993-cü illərdə həmin qəzetin baş redaktoru vəzifəsində çalışıb. Eyni zamanda elmi-pedaqoji fəaliyyətlə məşğul olaraq, Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda (indiki Dövlət İdarəçilik Akademiyası) baş müəllim, dosent və Mədəniyyətşünaslıq kafedrasının müdiri işləyib. 1994-cü ildən Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışır. II dərəcə Dövlət müşaviridir.

Bir çox filmlərə çəkilən Akif Əli «Gözəlliyin qədrini bilək» (1984), «Azərbaycanın müasir kinoaktyorları» (1984), «Unudulmaz yollar» (1985), «Məhəbbət təranələri» (1989), «Qaragöz oyunu» (1999), «M.Ə.Sabirin satira sənətkarlığı» (1999), «Öncə - vətəndir» (2003), «Böyük ömrün anları» (2004), «İdrak» (2007), «Vətən mücadiləsi», kitablarının müəllifidir.

- Akif müəllim, doğulduğunuz el-oba tez-tez yadınıza düşür?

- Mən Azərbaycanın ən füsunkar guşələrindən olan Şuşada dünyaya göz açmışam. Şuşa mədəniyyət tarixinin mühüm məkanlarından biridir. Şuşa Azərbaycana çox görkəmli şəxsiyyətlər bəxş edib. Bu gün el arasında ən çox sevilən bir şikəstə var - «Aləm cənnətə dönsə, yaddan çıxmaz QarabağOdur ki, Şuşa nəinki təkcə mənim, ümumiyyətlə, bütün xalqımızın yadından heç vaxt çıxmır, çıxmayacaq da. Bizzamansa Şuşaya qayıdacağıq.

- Şuşaya həsr etdiyiniz yazılarınız varmı?

- Vətənimiz gözəl Azərbaycanla, o cümlədən doğulduğum yerlərlə bağlı xeyli yazılarım olub. Ötən əsrin 90-cı illərinin əvvəlində «Vətən səsi» qəzetinin Baş redaktoru işlədiyim dövrlərdə biz Şuşa ilə bağlı çox yazılar dərc etmişik. 1992-ci ilin yanvarında qəzetdə həyəcan təbili çaldıq ki, Şuşa əldən gedir! Həmin vaxt Şuşadakı proseslər bunu deməyə əsas verirdi. Təəssüf ki, o zaman iqtidarda olan bəzi xain və satqın səlahiyyətlilər bu çağırışları qulaqardına vururdu. Və çox təəssüf ki, mayda Şuşa əldən getdi... Mən sonralar Şuşaya həsr etdiyim «Dumanlı dağlar» adlı kino-pritça yazdım. Bu əsərdə işğal zamanı erməni vəhşilərinin xalqımızın başına gətirdiyi müsibətlərdən və işğal hadisələri fonunda gənc bir xanımın şücaətindən bəhs olunur. Bu kino-pritçanı həm bədii əsər kimi oxumaq olar, həm də onun əsasında film çəkmək olar. İnternetdə, mənim şəxsi saytımda (akifali.de), yaxud «Vətən mücadiləsi» adlı kitabımda həmin yazı ilə tanış olmaq mümkündür.

- «Dumanlı dağlar» əsərinə kino çəkilməsi ilə bağlı harasa müraciət etmisinizmi?

- Mən yox. Amma bir neçə il öncə gənc rejissorlardan biri həmin kino-pritçanın əsasında işlədiyim ssenarini götürərək, film çəkmək istədi. Əsəri Mədəniyyət Nazirliyinin keçirdiyi «Bu meydan, bu ekran» müsabiqəsinə təqdim etdi. Lakin nazirliyin Kino idarəsi o vaxt müsabiqədə başqa mövzulara üstünlük verdi, Qarabağ tematikası arxa plana keçdi. Əminəm ki, münsiflər obyektiv olsaydılar, ssenarinin problemi yox idi.

- Necə oldu ki, M.F.Axundov adına Azərbaycan Dövlət Rus dili və Ədəbiyyatı İnstitutunda ali təhsil almaq qərarına gəldiniz?

- Uşaqlıqdan kitaba, mütaliəyə, ədəbiyyata həvəs göstərmişəm. Nədənsə, atam kimi prokuror yox, ədəbiyyatçı olmaq istəmişəm. Bakı Dövlət Universitetinə imtahan vermişəm, amma Rus dili və Ədəbiyyatı İnstitutuna (indiki Bakı Slavyan Universiteti) oxumağa göndəriblər. Peşman deyiləm. Fikrimcə, filoloq milli ədəbiyyatla yanaşı dünya ədəbiyyatını da yaxşı bilməlidir. O institutda çox mükəmməl, hərtərəfli bilik verirdilər. Nəticədə sonralar filologiya üzrə elmi yazdım, 1988-ci ildə «M. Ə. Sabirin satira sənətkarlığı» mövzusunda dissertasiya müdafiə etdim, araşdırmalar apardım, kitablar, məqalələr yazdım... Niyyətin hara, mənzilin ora...

- Filmlərə çəkilmək ideyası kimə məxsusdur?

- Gənclik illərində hamı bədii filmlərə baxır və özünü ekrandakı ifaçıların yerində hiss edir. Mən də bu arzularla institutda oxuya-oxuya eyni zamanda axşamlar «Azərbaycanfilm» kinostudiyasının nəzdindəki Adil İsgəndərovun Kinoaktyorluq kurslarına gedirdim. Beləliklə, tədricən həm kino sahəsinə daxil olurdum, həm də filologiya təhsili alırdım. Günlərin bir günü də filmə dəvət etdilər. İlk dəfə «Tacikfilm» və «Lenfilm» kinostudiyalarının birgə çəkdiyi «Uzun müharibədə qısa görüşlər» filmində baş rola - Rüstəm roluna çəkildim. Sonra Rasim Ocaqov məni Bakıya, «Tütək səsi» filminə dəvət etdi. «Tütək səsi»ndə Tapdıq obrazını canlandırdım. Sonra Arif Babayev «Arxadan zərbə»yə çəkdi... Sonra.... Sonra gördüm ki, kinoaktyor kimi məşhurlaşıram, kinodan getdim. Dəvətlər olsa da çəkilmək istəmədim. Düşündüm ki, özümü ifadə üçün yazı, elmi, ədəbi, bədii publisistik yaradıcılıq daha məqbuldur.

- İndi də çəkilmək istərdinizmi?

- Yox... (Bir qədər düşünür.) Amma nəzəri cəhətdən, əgər uyğun şərtlər olarsa... Məsələn, yaxşı ssenari, yaxşı rejissor, yaxşı qonorarbol vaxt olsa... fikirləşmək olar. Hətta indiki təcrübəmlə imkan olsa ssenariniyazaram, filmi də çəkərəm, həm də çəkilə bilərəm...

- Qəzetdə çalışmaq maraqlıdır, yoxsa televiziyada?

- Ümumiyyətlə, harada işləməyindən asılı olmayaraq, yaradıcılıq işi çox maraqlıdır. Televiziya ilə qəzet, əlbəttə, fərqli sahələrdir. Hərəsinin özünün maraqlı nüansları var. Amma qeyd edim ki, televiziya işi daha mürəkkəbdir, çətindir. Hər ikisi, yəni həm televiziya, həm də qəzet mənim üçün əzizdir. Hər yerdə böyük həvəslə çalışmışam. İşə həvəssiz, candərdi getməmişəm.

- Televiziya sizin üçün nədir?

- Televiziya həm mədəniyyət ocağıdır, həm də ideoloji iş sahəsidir. Həm dövlətin dayaqlarından biridir, həm də xalqı maarifləndirmək vasitəsidir. Ola bilər ki, kimsə televiziyaya məşhurlaşmaq imkanı kimi baxır. Amma məncə, televiziyadan xalqı maarifləndirmək, dövlətçilik naminə səmərəli istifadə etmək vacibdir. Deyim ki, tele-ekran çox amansızdır. Ekran kimin kim olduğunu dərhal göstərir.

- İndiki televiziya proqramlarından razısınızmı?

- Hansısa proqramdan razı qalırsan, hansındansa yox. Kanallar bolluğunda elə verilişlər olur ki, heç bir əxlaqi parametrlərinə görə uyğun olmayan insanlar camaata mənəviyyat dərsi keçir. Bəzən elə adamlar ailədən, ülvi məhəbbətdən, mənəviyyatdan danışır ki, baxırsan bunlara onun mənəvi haqqı çatmır. Elə verilişlər də olur ki, insanların gizli, sirli, intim, özəl həyatına müdaxilə edir. Təbii ki, belə proqramları lazımsız hesab edirəm. Ucuz şou göstərmək, sensasion olay yaratmaq xatirinə efirə veriliş çıxartmağı qəbul etmirəm. Onları heç xalq da bəyənmir. Xalqın maariflənməsinə xidmət edən proqramlara isə hər zaman ehtiyac var. Bəzən efirə elə verilişlər gedir ki, düşünürsən, yəni bu işə bu qədərmi nəzarət yoxdur? Axı belə nəzarət üçün xüsusi maaşlı vəzifələr mövcuddur!

- Məmur olmaq çətindir, yoxsa yazıçı olmaq?

- Hesab edirəm ki, məmur olmaq, dövlət qulluğunda çalışmaq daha şərəfli işdir. Müstəqil dövlətə xidmət edirsənsə, onun qulluğunda durursansa, bundan şərəfli yoxdur. Bu işi mən daha üstün hesab edirəm. «Məmur şərəfi» məqaləmdə də qeyd etmişəm ki, Anton Çexovun «Məmurun ölümü» əsərində məmur obrazı mənfi planda təqdim olunur. Təbii, bu, çarizmə qarşı olan bolşeviklərin ideologiyasına xidmət edirdi. Yəni o dövrlərdən etibarən insanların şüurunda «məmur» mütləq mənfi çalarda qalıb. Halbuki, çox dövlətlərdə, o cümlədən qonşu Türkiyədə məmura, dövlət qulluqçusuna həqarət yasaqdır. Əslində bu elə belə də olmalıdır. Çünki dövlət işi - artıq ciddi işdir... Ciddi isə ciddi münasibət tələb edir... O ki qaldı yazıçılığa - təbii, bu fəaliyyət növü də mənə doğmadır.

 

- Necə düşünürsünüz, Akif Əlini daha çox Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri kimi tanıyırlar, yoxsa bir yazıçı kimi?

- Dünyada, o cümlədən Azərbaycanda yazıçı çoxdur! Amma Azərbaycanın Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri - bir nəfərdir. Dövlət qulluqçusu, ikinci dərəcə Dövlət müşaviriyəmsə, demək mən özümü bu işə daha çox həsr etmişəm. İndi artıq yaradıcılıq mənim üçün bir hobbidir. Məzuniyyətdə olanda, işdən sonra boş vaxt tapanda yaradıcılıqla məşğul oluram...

- Sizcə həqiqi yaradıcı adam necə xasiyyətə malik olur?

- İnsan da həyatın özü kimi mürəkkəbdir. Həqiqi yaradıcı əsl ziyalı, alicənab, yüksək mədəni səviyyəli olmalıdır. Ancaq əgər insanda bir balaca istedad işartısı varsa, o heç vaxt abırsız, həyasız, üzlü adam ola bilməz. Yaxud adam həyasız-abırsızdırsa, demək onda yaradıcılıq istedadı yoxdur. O bazar adamıdır. Ortalıqda belə «yaradıcılara» çox rast gəlmək olur. Onların populyarlığı olsa da, istedadları yoxdur. Çalışıb istedadlı adamlara kömək etmək lazımdır. İstedadsızı qapıdan qovsan, pəncərədən gələcək. Bir qələm adamı olaraq ədəbiyyatçının, yazarın missiyası xalqa xidmət etməkdirsə, o necə təkcə özünü düşünə bilər?!

- Çoxlu sayda əsərlərin müəllifisiniz. Maraqlıdır ki, nə əcəb indiyə qədər fəxri ad almamısınız?

- Fəxri adı xahişlə almaq olmaz. Fəxri ada təqdim oluna bilərsən. Bu isə artıq yaradıcı şəxsin yox (yenə söhbət həqiqi yaradıcıdan gedir), hansısa yaradıcı qurumun, ya təşkilatın, cəmiyyətin funksiyasıdır... Mən, məsələn, şəxsən özüm müsabiqəyə əsər təqdim etməyi sevmirəm. «ağlamayana pəpə yoxdur» - məsəlini qəbul etmirəm.

- Yaradıcılığınız sizin bu vəzifə pilləsinə qədər qalxmağınıza köməklik etdimi?            

- Nazirlər Kabinetindən öncə Tele-Radioda müxtəlif vəzifələrdə çalışmışam. Elmi yazmışam, ədəbi materiallar işləmişəm, məqalələr, kitablar çap etdirmişəm. Nəhayət, qəzet redaktoru olmuşam. Həmin ağır 90-cı illərdə ölkəmizdə siyasi, iqtisadi vəziyyət mürəkkəb idi. İnsanlar oriyentiri müəyyənləşdirməkdə çətinlik çəkirdi. Bizim qəzetdə gedən yazılarda daim qeyd edirdik ki, xalqı ölkəni bu bəladan yalnız Heydər Əliyev kimi qüdrətli şəxsiyyət xilas edə bilər. «Vətən səsi» həmişə bu amala sadiq qalıb. Nəhayət, həqiqətən ədalət zəfər çaldı... Ulu öndər qayıtdı dövlət müstəqilliyimizi xilas etdi. Ölkə böyük bəladan qurtuldu. Xalq dinclik, əmin-amanlıq tapdı... 1994-cü ildə ulu öndərin xeyir-duası ilə mən Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri vəzifəsində fəaliyyətimi davam etdirdim... Onu da deyim ki, bu gün Azərbaycan daha 90-cı illərin Azərbaycanı deyil. Ölkəmiz iqtisadi baxımdan çox güclüdür. Qüdrətli ordumuz var. İndi bizim yalnız bir qlobal problemimiz var - Qarabağ. Əgər danışıqlar bir nəticə verməsə, Ali baş komandan, prezident İlham Əliyevin başçılığa ilə ordumuz işğal altında olan torpaqları azad edəcək. Bayrağımız mütləq Şuşada, Cıdır düzündə dalğalanacaq...

- Ailə üzvləriniz arasında yazıçı olan varmı?

- Nəinki ailə üzvlərimiz arasında, ümumiyyətlə nəslimizdə yazıçı yoxdur. Bundan sonra bilmirəm olacaq, ya olmayacaq.

- Ömür-gün yoldaşınızla harada tanış olmusunuz?

- Fəridə xanımla 1985-ci ilin yayında Ağdamda tanış olmuşuq. O zaman televiziyada Gənclik redaksiyasının Baş redaktoru idim. Bizim çox məşhur «Aygün» Qızlar üçün proqramımız vardı. Həmin verilişin birini Ağdamda çəkirdik. Fəridə xanım o vaxt Tibb İnstitutunda təhsil alırdı evdəkilərin razılığı ilə çəkilişlərə gəlirdi. Elə çəkiliş meydançasında da tanış olduq 1985-in dekabrında artıq ailə həyatı qurduq... Ağdamın «Çörək muzeyi»ndən başlanan o yolu 27 ildir bərabər gəlirik...

- Dərs dediyiniz tələbələr arasında tanınmış simalar varmı?

- Dərs dediyim tələbələr ən müxtəlif sferalarda çalışırlar. Mən buna çox sevinirəm. Gəlin ad çəkməyək, çünki onların hamısı vəzifəsindən asılı olmayaraq çox yaxşı insanlardır. Öz işlərini layiqincə yerinə yetirir, vicdanla çalışırlar. Biz daha tələbə-müəllim münasibətində deyilik, biz - dostuq.

 

- İndi də dərs deyirsinizmi?

- Yox, vaxtilə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda (indiki Dövlət İdarəçilik Akademiyası) baş müəllim, dosent, Mədəniyyətşünaslıq kafedrasının müdiri (1992-94) işləmişəm. Sonradan xəstələndim və çox ağır bir əməliyyat keçirdim. Uzun müddət dərslərə gedə bilmədim... Bu günsə əsas problem - yenə də vaxt problemidir.

- Hazırda hansı əsər üzərində çalışırsınız?

- Bir ilə yaxındır ki, Azərbaycanın qüdrətli dövlət xadimi və sərkərdəsi Babək haqqında əsər yazıram. Hesab edirəm ki, Azərbaycan xalqının heysiyyatının, torpaqlarının şərəfinin qorunması uğrunda vuruşan Babək kimi sərkərdələr az-az dünyaya gəlir. O, 22 il yadelli işğalçılara qarşı mübarizə aparıb. Ölümə gedib, amma əqidəsindən dönməyib. Ulu Babəkin dolğun bədii obrazını yaratmaq istərdim. Əsərin çox hissəsini artıq yazmışam. Və onu yazmamışdan öncə Babək haqqında bir çox materiallarla tanış olmuşam.

- Son olaraq gənc yazarlara nə tövsiyə edərdiniz?

- İstedadlı yazarlara uğurlar arzu edirəm. Çoxlu mütaliə etsinlər. Mütaliəsiz ziyalı yoxdur. Mütaliə etmədən nəsə dəyərli bir şey yazmaq mümkün deyil. Mütaliə ilə « dünyalarını» zənginləşdirib, sonra yazmağa başlasınlar. Onsuz da yazmaq heç zaman gec deyil. Amma yazdıqdan sonra mütaliə etməsinlər, mütaliə etdikdən sonra yazsınlar. Onda özlərinə əmin olacaqlar və həm faydalı yazacaqlar, həm də cəsarətli. Çünki bilik insana cəsarət verir. Yenilik etməkdən qorxmasınlar. Mən hər zaman yenilikçi istedadlı gəncləri dəstəkləmişəm.

 

Anar Məcidzadə

Ədalət.-2012.-5 dekabr.-S.8.