Əkrəm Əylisli: "Elçibəy
demişdi ki, kommunist partiyası olmadan yaşaya bilmərəm"
"50 ildən
artıqdır ki, o, vicdansızlıq edir"
Bu gün- 6 dekabrda Xalq Yazıçısı Əkrəm Əylislinin 75 yaşı tamam olur. Kulis.az internet jurnalı bu münasibətlə Əkrəm Əylislidən müsahibə alıb.
- Əkrəm müəllim, təbrik edirik, 75
yaşınız tamam olur. 75 yaşda özünüzü necə hiss edirsiniz?
-
Sualınız sadə görünsə də, bu sualda o qədər
mürəkkəblik var ki. 75 yaşın qəribə,
sehrli dünyası olur. Əgər mənəvi
varlıq olaraq yaşayıb, bu günə
çıxmısansa, özün üçün daha
maraqlı adam olursan. İnsan
yaşlandıqca özünə olan marağı daha da
artır. Bu saat ən qəribə, ən həyəcanlı
hiss odur ki, yazmağa bir az vaxt olaydı. Əvvəl həmişə yazıdan
qaçmışam. Min oyunlardan
çıxmışam ki, yazmayım. Axı
yazdıqca təzələnməlisən. Bunu demişəm və yenə də deyirəm ki,
stolun arxasına keçəndə sıfırdan
başlamalıyam. Yazmağa başlayanda
Əkrəm Əylisli yox olur. Yazılan
cümləni elə bil yeni bir yazıçı yazır.
Ən uğurlu da onda alınır. Elə-belə, xətir üçün yazanda
alınmır.
- Bir dəfə
yazmışdınız ki, "...Adına "yaradıcılıq
əzabı" deyilən müsibətin nə demək
olduğunu da elə bu birinci cümlədən kifayət qədər
aşkar hiss eləməyə başlayıram. Biz xeyli vaxt
bir-birimizə düşmən kəsilirik: mən və həmin
o birinci cümlə! Və o
"vicdansız" birinci cümlə heç vaxt mənim
istəyimcə alınmır. Mən onun
nazı ilə oynamağa məcbur oluram". 55 ildən artıq yaradıcılıq təcrübəniz
var. Hələ də o birinci cümlə
"vicdansızlıq" edir?
- Mən ədəbiyyatda
cavan ruhdan ayrılan adam deyiləm. Bir vəzifədə olmuşam, ancaq vəzifədən
ayrılan zaman həmin vəzifə yadımdan
çıxıb. Yaşımın fərqini dərinliyiylə
hiss etmirəm. Mənimlə Qan Turalı
arasında yaş fərqi var. Bəs düşüncəmizdəki
fərq nədir? Dünyanı görməyimizdə,
hissiyyatımızdakı fərq nədir? Bunu hələ də başa düşə bilmirəm.
O ilk cümlə də hələ də mənə təslim
olmur, "vicdansızlıq" edir. 50 ildən
artıqdır ki, onunla döyüşdəyəm.
- Siz
yaradıcılığa 50-ci illərin sonunda
başlamısınız. O illərdə ədəbi
darğalar, ədəbi bütlər, nüfuzlu
yazıçılar vardı. Onlar həmin
dövrdə çox güclü idilər. Məsələn,
Əbülhəsən, Süleyman Rəhimov, Mehdi Hüseyn,
Mirzə İbrahimov və s. Sonradan sizin nəsil də ədəbi
hakimiyyət əldə edib, özünü təsdiqlədi.
Maraqlıdır, 30 yaşınız olanda 75
yaşlı yazıçılar sizə necə təsir
bağışlayırdı?
- 50
yaşındakılara da çox qocalmış kimi
baxırdıq (gülür). Deyirdik ki, bu qocalar
niyə çıxıb getmir?! Biz
cavanlara yer vermirlər. İndi bunları hərdən
yaşı 70-i keçmiş, vəzifədən ayrıla
bilməyənlərin yazıçıların yadına
salıram. Amma bilmirəm ki, onlar niyə vəzifədən
getmirlər (gülür).
- Anarın Mirzə İbrahimovla vəfatı ilə
bağlı bir yazısı var. Anar yazır ki, Mirzə
İbrahimov zamanı anlaya bilmədi. Anar bunu yazanda SSRİ
dağılmışdı. Gənclər
adətən həmişə yaşlı
yazıçıları qınayırlar ki, yeni dövrün
nəbzini tuta, zamanla ayaqlaşa bilmirlər. Bəs siz necə? Dövrü
anladığını düşünürsünüzmü?
- Mirzə
İbrahimov hansı zamanı qəbul etməli idi? Sovet
hökuməti dağılandan iki il sonra
Mirzə İbrahimov öldü. Çox çəkmədi
ki... 75 yaşımda istəmirəm kiminsə könlünə
dəyim, ancaq bir söz deyəcəyəm. Anarın şeirlərini oxuyanda yadıma Mirzə
İbrahimov düşdü. Mirzə
İbrahimovun yadına rəhmətlik arvadı
düşürdü və arvadına şeir yazırdı.
Bunlar niyə belə bir-birinə
oxşadılar? Şeirləri də eynilə
həmin şeydi haa. Anar doğrudanmı
başa düşmür ki, bu cür şeir yazmaq olmaz. Anarın yazdığı şeirləri oxuyanda dəhşətə
gəlirəm, onun ağlı kəsmir ki, bu cür şeir
yazmaq olmaz. Bu şeir deyil. Yazdığı şeirlərlə niyə
yadına düşmür Mirzə İbrahimov? (gülür)
-
Yazırsınız ki, dünyadakı vicdanlı
yazıçıların hər birinin qəlbinin bir hissəsində
sosializm var. Yəqin ki, sovet vaxtı Kommunist Partiyasının
üzvü olmusunuz. İndi də ürəyinizdə
sosializm qalıbmı?
-
Olmuşam, Kommunist Partiyasının üzvü olmaq qəribə
bir şey deyildi. Əbülfəz Elçibəy
də Kommunist Partiyasının üzvü olub (gülür).
Allah ona rəhmət eləsin. Bəy məhkəmədə demişdi ki, nə
edirsiniz edin, məni partiyadan çıxarmayın. Mən partiyadan ayrı yaşaya bilmərəm.
- Əkrəm Əylisli özünü hansı səviyyədə
solçu hesab edir?
- Bunu
sözlə ifadə etmək çox çətindir. 6-7 yaşımda keçirdiyim, yadımda qalan
hissiyyatlarım var. İnanın ki, o hissləri duyuram. Uşaqlığın qorxu hissi, təbiətə
münasibət və s. "Adamlar və ağaclar"a son
söz yazmışdım. O ki evdən birinci dəfə
çıxır. Qorxu basır bunu. İnsanların arasına çıxır,
uşaqdır da. Çıxır o
mühiti, o insanları görür. Qəliz
məsələdir, onları söhbətdə açmaq
olmur. Onları ancaq yazmaq olar. Mən bütün dünyanın modelin bir Əylisdə
görürəm. Əylis mənim
üçün dünyadır. Dünyanın
hər şeyi, insan münasibətlərinin bütün mənzərələri
- zalımlığı, rəhmdilliyi, satqınlıq, mərdlik,
namərdlik mənim üçün Əylisdə cəmlənib.
- İsmayıl Şıxlıyla bağlı xatirəniz
var. İsmayıl Şıxlı sizi görüb deyir ki, mənəviyyat-zad
qurtardı. Ayrılanda demisiniz ki, hara gedirsən? Deyib ki, mitinqə, meydana. Sizin əsərlərinizdə
yüksək mənəvi-əxlaqi keyfiyyətlərə,
öz mənəviyyatını, əxlaqını itirməyən
insanlara geniş yer verilib. Kənd sizin əsərlərinizdə
az qala mənəviyyat məbədinə
çevrilib. Amma "Ətirşah
Masan"inizin qəhrəmanı Ələddin də deyir ki,
burda mənəviyyat qalmayıb, kənddən
çıxıb getmək istəyir.
- İsmayıl Şıxlının dediyi "mənəviyyat
qurtardı" söhbətini indi də tez-tez
xatırlayıram. İsmayıl Şıxlını
doğrudan da çox ziyalı, insaflı, tərbiyəli bir
şəxsiyyət idi. Pedaqoji İnstitutda
dərs deyirdi. Ömründə
rüşvət almamışdı. Belə
şeylərdən uzaq insan idi.
Onun dediyi fikir hər gün yadıma düşür. İsmayıl
Şıxlı nə qədər böyük, nə qədər
dərin insan imiş. Həqiqətən də
indi mənəviyyat yoxdu. Hələ ki,
qurtarıb. İndi siz nəsə etməyə
çalışırsınız, çarpışma gedir.
Siz həqiqətləri açmaq istəyirsiniz.
Amma bu mühit təmizlənməlidir.
Mənəviyyat da həqiqətdir də. "Ətirşah
Masan"da mən bunu demişəm, bu əsər buntdur,
qiyamdır. Bu xalqa, qoca nənələrə,
gəlinlərə vurğun kənd uşağı birdən
gözünü açıb, yenidən qayıdır kəndə.
Baxır görür ki, onun uca səviyyədə
təsəvvür etdiyi insanlar haqda yanılıb. Onlar heç vaxt uca səviyyədə olmayıblar.
O təsəvvür etdiyi səviyyədə nə nənə
olub, nə baba. Bu hardasa onları içinin
arzusuyla böyüdüb. Orda bunt eləyir ki, yox, belə
deyilmiş. "Ətirşah Masan"
depressiyada yazılıb.
- Simvolik
baxımdan Masan nənə Ursulanı xatırladır. Hadisələrin mərkəzində o dayanır.
-
Keçən il Qrem Qrin adlı
yazıçı ilə tanış olmuşdum. Qrem Qrin adlı yazıçı
oxumamışdım. Qrem mənim
üçün 100 faiz Dostoyevski, Tolstoy səviyyəsində,
hətta Markesdən üstün, nəhəng
yazıçıdır.
Dünən
axşam isə Hans Kris adlı
yazıçını oxuyurdum. Baxıram ki, allah,
allah, Qrem Qrinə necə oxşayır. Qrem
ondan əvvəl yaşayıb. Yazıçılar
hamısı bir-birindən təsirlənirlər. Markes özü də kimdənsə təsirlənib.
Təsirlənmək oğurlamaq demək deyil.
Uzun müddət Azərbaycan ədəbiyyatı
nağılların təsiri ilə yazılıb.
- İsmayıl Şıxlının bir yazısı
var. O da sizin kimi kənd uşağı olub. Deyir bakılı ola bilmirik, ürəyimiz kənddə
qalıb. Kəndə də gedirik, şəhər
üçün darıxırıq. Ancaq
siz kəndə qayıda bildiniz. Qayıdan
kimi də "Ətirşah Masan" kimi əsər
yazdınız.
- Kəndə
qayıtmağımla bağlı bir neçə yazım,
pyesim var. "Yazığam sevmə məni" adlı bu
pyes yaxşı pyesdir. Bu pyesi Dövlət Gənc
Tamaşaçılar Teatrında oynadılar. Həqiqətən gözəl pyesdir. "Ceviz kölgəsinin nağılı"
adlı çox gözəl bir hekayəm də var.
Ağacı kəsirlər, kölgə yox olur. Orda nələr baş verir. Bu
hekayəni Əylisdə son müşahidələrimin nəticəsi
olaraq yazmışam.
- Kəndə qayıdıb nə gördünüz? Şəhərdən bezib kəndə gedirsiniz, kənd belə. Kənddən qaçırsınız şəhərə, şəhərdən də kəndə. Sizcə mənəviyyat haradadır?
- Yazıçı ömür boyu çabalayır. Elə bilir həqiqət ordadı, cumur ora. Yazıçının ikinci həyatı var?! Ən böyük yazıçılıq nümunəsi Lev Tolstoydur. O da kənddə özünə yer tapmırdı. Kəndi tərk edir və yolda da ölür. Yazıçı həmişə axtarır, narahat olur. Narahatçılıq qurtaranda yazıçılıq da qurtarır. Rahatlıqla yazıçılıq heç cür uzlaşmır. Yazıçılıq daim ağrıyan bir vücuddur. Həm də ağlayan. Ağrıya-ağrıya ağlayan bir vücud.
- Orxan Pamuk deyir ki, romançının ən yaxşı cəhəti odur ki, oxucu romanı oxuya-oxuya həm də fikirləşir ki, bunun nə qədəri həyatda baş verib, nə qədərini yazıçı uydurub. Əlavə edir ki, bu romanı maraqlı edən əsas cəhətlərdən biridir. "Gilənar çiçəyinə dediklərim"i oxuyarkən hiss olunur ki, avtobioqrafik məqamlar çoxdur.
- Özümdən nə isə olmasa, heç vaxt uydura bilmərəm. Mən özümdən uydurmuram. Özümü yazmasam yaza bilmərəm.
- Qələndər obrazı sizə oxşayırmı?
- Şübhəsiz ki, mən özümü yazmışam. Həqiqətən də elə bir şey olmasa, yaza bilməzdim.
- Yeni əsər üzərində işləyirsinizmi?
- İki roman "Daş yuxular" və "Möhtəşəm tıxac" üzərində işləyirəm. Amma bu haqda geniş danışmaq istəmirəm.
-75 yaşınızın tamam olduğu bu günlərdə hansı əsərinizlə fəxr edirsiniz? Əlinizi stola çıxıb hansı əsəriniz haqda "bunu mən yazmışam" deyə bilərsiniz?
Belə çox əsərim var. "Ağ dərə", "Tənha narın nağılı", "Söyüdlərin sarı işığı"... Başqa əsərlərimi də qeyd edə bilərəm.
Fərid
MİRZƏYEV
Ədalət.-2012.-6 dekabr.-S.6.