ÖMRÜN
SƏHİFƏLƏRİ
İnsan ömrü ayrı-ayrı mərhələlərdən keçir. Təbii ki, hər ömrün özünəməxsus çalarları, ağlı-qaralı səhifələri olur. O səhifələri ömür yolu da adlandırırlar. Yol isə uzanıb gedən sonsuzluqdur. Kimsə deyə bilər ki, axı yol hansısa bir mənzilə çatır və bitir. İlk baxışdan belə görünsə də, unutmayaq ki, hər bitən yoldan yeni bir yol başlayır, əbədiyyət yolu...
Bu, artıq hamının keçdiyi yol deyil, seçilən yoldur. Elə yolçusu da seçilmişlər olan, sıradan birilərinin getmədiyi, başqalarına örnək göstərilən ömür yolu. O ömür yolu ki, fərdilikdən çıxır, ictimailəşir, diqqət mərkəzinə çevrilir. Hamının qismətinə düşməyən belə ömür yolunun birinə işıq tutmaq, daha doğrusu, bu yolun kənardan necə göründüyünü, öz yolu olanların bu yol haqqında düşüncələrini, səmimi hisslərini sizinlə bölüşmək istəyirik.
Qısa girişdən də gördüyünüz kimi, bu dəfə tanınmış şair, yazıçı və publisist, Əməkdar jurnalist Eldar İsmayılın öz yaradıcılığından söhbət açmayacaq, onun yaradıcılığına Azərbaycan ədəbiyyatında xüsusi yer tutan görkəmli şair və yazıçıların, ədəbiyyatşünasların, qələm dostlarının verdiyi qiyməti, eləcə də qardaş Türkiyə yazarlarının ayırdığı diqqəti incələməyə çalışacağıq.
Əslində həyatının böyük bir hissəsini milli ədəbiyyatımızın inkişafına həsr edən, gerçək tarixi faktlara söykənərək dəyərli nəsr əsərləri yaradan, poeziyamızı bənzərsiz şeirləri və poemaları ilə zənginləşdirən Eldar İsmayılın ədəbi irsinə biganə qalmaq təəccüblü görünərdi. Bu baxımdan onun istər bədii yaradıcılığına, istərsə də şəxsi keyfiyyətlərinə müxtəlif aspektlərdən yanaşan söz adamlarının fikirlərindən, şair dostlarının poetik nümunələrindən ibarət olan kitabın geniş oxucu auditoriyası tərəfindən maraqla qarşılanacağının fərqindəyik.
"Xatırladım şair dostum Eldarı" kitabı Azərbaycanın mərhum xalq şairi, türk dünyasının fenomen şəxsiyyəti Bəxtiyar Vahabzadənin mülahizələri ilə açılır. "Göyçə" qəzetinin ilk nömrəsini oxuyan şair bəstəkar R.Nəsiboğlunun E.İsmayılın "Allah amanatı" şeirinə yazdığı nəğmənin notlarını bilmədiyindən mahnı haqqında bir söz demədiyini, "Amma bu şeir, misralardakı yanğı tüstümü təpəmdən çıxartdı. Bu, adi şeir deyil, ata-baba yurdundan, isti ocağından qovulan zavallı didərginlərin torpaq həsrətinə nisgilli bir ağıdır. Bu ağı göyçəlilərin dərdini, nisgilini quru sözlərlə deyil, od-alova bürünmüş hisslə nə qədər gözəl ifadə etmişdir. Öz el-obasını tərk etmiş didərginin dərdini o yerlərdə "qərib-qərib elim qalıb" ifadəsindən güclü və tutarlı demək mümkün deyil. Fikrin gücünə bax ilahi: torpağın sahibi olan el də qəbir-qəbir qalarmı? Bəli, isti ocağından qovulmuş göyçəlilərin eli o torpaqlarda sahibsiz qalan qəbirləridir. Halal olsun dərdini bu qüdrətdə, bu tutumda deyə bilən qələm sahibinə!" -söyləyir.
Təsadüfi deyil ki, türkiyəli alim
Mustafa Özbaş da Türkiyədə işıq
üzü görən "Allah amanatı"ndan seçmə
şeirlər"i yüksək qiymətləndirir: "
Türkçenin en güzel konuşulduğu yer olarak biz
Azerbaycanı bilmekteyiz. Bu
dilin bu kadar orijinal bir şəkelde
konuşulduğu bir ülkede orijinal eserler de yer almaktadır. Bunlardan birisi de Eldar İsmayılın "Allah
Emaneti" adlı eseridir. İnsanlar arasındakı
yerin, onların senin neznindeki yerleri kadardır diyerek
şiirlerini kaleme alan Eldar
İsmayılın bu kitabında müthiş derecede güzel
ve bir o kadar da anlamlı şiirleri mevcutdur. Gelecek
nesil bu ve buna benzer eserleri okuyarak geçmişini bilecek ve bu
ülkenin bağımsızlığı için verilen
mücadileleri unutmayacaktır".
E.İsmayılın
"Mən burda qəribəm, yurd orda qərib" adlı
kitabında toplanan şeirlərin bir qismini türk
oxucularının faydalanması amacıyla osmanlı türkcəsinə
uyğunlaşdıran Zehra Yılmaz bu kiçik xidmətinə
görə özünü mutlu saymaqla bərabər, onu bu
sahədə çalışma yapmağa həvəsləndirən
Türk Dili ve Ədəbiyyatı Anabilim Dalı
Başkanı Dr. Ali Kafkasiyalıya təşəkkür etməyi
də unutmur.
Yeri gəlmişkən
qeyd edək ki, təpədən-dırnağa
türkçü olan, şeirlərində və
poemalarında, tarixi romanlarında, publisistik əsərlərində
türk dünyasının üzləşdiyi çətinlikləri
önə çəkən Eldar İsmayıl həmişə
öz ənənəsinə sadiqdir: "Mən bir
şair-yazıçı olaraq Türkiyədə baş verən
olaylara öz münasibətimi əvvəllər də
bildirmişəm, bu gün də bildirməkdə davam edirəm.
Bütün bunlar bir vulkan kimi mənim
içimdən püskürüb qalxır."
Şairin
türk sevgisi əbədidir, sonsuzdur, çünki bunun tarixi
kökləri var. Elə bu əbədi sevgidən ruhlanaraq
"Türkün xilaskarı" poemasını ərsəyə
gətirmiş, Türkiyənin ən ağır illərində
zəkasına, uzaqgörənliyinə, cəsarətinə və
sərkərdəlik qabiliyyətinə arxalanaraq
xalqını fəlakətdən qurtaran böyük
Atatürkün canlı obrazını, bədii portretini yaratmışdır.
Mübaliğəsiz demək olar ki, ürəklərdə
heykəlləşən türk dünyasının
böyük oğluna poetik bir heykəl qoyan Eldar
İsmayılın bu uğurunu tarixçi alim, professor Firudin
Cəlilov belə dəyərləndirir: "Elini, dövlətini,
ölkəsini sevən oxuculara ərməğan olan
"Türkün xilaskarı" poeması oxunaqlı bir dildə
yazılmış azər dilinin poetik imkanlarından
bacarıqla istifadə olunmuşdur. İnanıram
ki, gənclərin vətənsevərlik duyğularını
oyadacaq bu Atatürk Oğuznaməsi məktəblərdə
oxu kitabına çevriləcək və dərsliklərə
Atatürk sevgisi ilə yoğrulub, Atatürk öygüsü
ilə ərsəyə gələn bu poemadan parçalar
salınacaqdır."
Eldar
İsmayıl yaradıcılığına yaxından bələd
olan məşhur simalardan biri də onunla uzun illər dostluq
etmiş, şairin Göyçədəki evində dəfələrlə
qonaq qalmış, təkcə şeirləri ilə deyil, həm
də duzlu-məzəli söhbətləri ilə
oxucuların qəlbinə yol tapmış mərhum xalq
şairi Hüseyn Arif idi. "Onun əsərlərində
məni düşündürən ümdə cəhət
müəllifin həyata, xalqa, torpağa, Vətənə
bağlılığıdır. Eldarda
torpaq ehtirası, torpaq eşqi güclüdür" deyən
Hüseyn Arifin qələm dostuna ithaf etdiyi şeirlər də
bulaq suyu kimi dumdurudur, safdır. Görün kiçik
bir şeirdə təbiətin təsviri, tarixi şəxsiyyətlərin
tərənnümü və şəxsi dostluq münasibətlərinin
təqdimatı necə çulğalaşıb:
..."Gözəl
dərə" əzəl gündən sirdaşım,
"Dürrü bulaq" bu yerdəki göz
yaşım.
Çəmbərəyi
bir də gəzib dolaşım,
Dədə-baba bir oylağa gəlmişəm.
...Allahverdi,
Məmmədsöyün bir ünvan,
Nəcəf getdi tay-tuşundan nigaran.
Sübhə
kimi Ələsgərdən, Alıdan
Söhbət açıb, söz salmağa gəlmişəm.
Xatırladım
şair dostum Eldarı,
Bir tarixdi bir insanın ilqarı.
Hüseyn
Arif, Ağbulaqlı dostları
Görmək üçün Ağbulağa gəlmişəm.
Qəribədir
ki, bir zamanlar Ağbulağa gəldiyini qürurla xatırlayan
Hüseyn Arif 1988-ci ildə erməni qəsbkarları tərəfindən
qovularaq dədə-baba torpaqlarından didərgin düşən
soydaşlarını qınayır, umu-küsüsünü
ərki çatan Eldara ünvanlayır:
Aldım
sorağını, əzizim Eldar,
Sən o Ağbulağı niyə buraxdın?
Böyüklü-kiçikli,
toylu-büsatlı
O isti
bucağı niyə buraxdın?
Başı
çox bəlalar çəkən, qoynunda Alının,
Ələsgərin müqəddəs ruhu uyuyan, Dəniz
güneyində Qorqudun nurunu saxlayan Göyçənin
işğalını heç kəsə
bağışlamaq istəmir:
Şairsən,
ürəyin zərifdən-zərif,
Sən burda qəribsən, yurd orda qərib.
Bunu
bağışlamaz Hüseyn Arif,
Müqəddəs torpağı niyə buraxdın?
Çox
keçmir ki, bulanıq sular durulur (hələ də
qaranlıq məqamlar var), bir-birinin ardınca Qarabağ
torpaqlarının da işğala məruz
qaldığını görən, torpaqları bir şairin
gücü ilə yağı tapdağından xilas etməyin
mümkünsüzlüyünü anlayan şair "Aman
ayrılıq" poemasında ağrı-acısını
misralara köçürür:
Candan-başdan
çox keçmişik,
Belə keçhakeç olmayıb.
Yurddan-yurda
çox köçmüşük,
Belə köçhaköç olmayıb.
Ağrıdan söz düşmüşkən, mütləq
vurğulamalıyıq ki, janrından asılı olmayaraq
Eldar İsmayılın heç bir əsərini
ağrısız, yanğısız təsəvvür etmək
mümkün deyil. Elə kitablarından biri də
"Ağrı dağı qədər ağrılarım
var" adlanır. Ağrının ədəbiyyatda
yerini, Eldar İsmayıl yaradıcılığında
ağrıya həssaslığın rolunu mərhum akademik
Yaşar Qarayev çox sərrast və dəqiq göstərib:
"Ağrını azaltmaq, ağrını korşaltmaq
tibbdə şəfa əlaməti hesab olunur. Ağrını
korşaltmaq poeziyada cinayət əlamətidir. Xocalı üçün, Göyçə
üçün ağrını bir qədər də
göynətməlidir poeziya. Hətta alimlər
sivilizasiyanın inkişafının səviyyəsini
ağrıya həssaslığın səviyyəsi ilə
müqayisə edirlər. Hətta deyirlər
ki, onurğa sütununun uzunluğu 3-4 metr olan dinozavrlar olub.
Onları başqa bir heyvan yarıya qədər
yeyib, xəbərləri olmayıb. Ağrıya
həssaslığı olmayan xalqın da bəzən
torpağını yarıya qədər gəlib alırlar, xəbəri
olmur. Poeziyanın müqəddəs vəzifələrindən
biri də budur ki, ağrıya həssaslığı
artırır. Bizim Göyçə
ağrımızın həssaslığını
artıran ən yaxşı nümunələrin
sırasına mən Eldar İsmayılın şeirlərini
daxil edirəm."
Günümüzün mühüm hadisələrini
operativ surətdə özündə əks etdirməsi Eldar
İsmayıl yaradıcılığını səciyyələndirən
başlıca xüsusiyyətlərdəndir. Elə bir
tarixi gün, ictimai maraq kəsb edən hadisə yoxdur ki, onun
yaradıcılıq emalatxanasında cilalanaraq nəsrə,
yaxud poetik nümunəyə çevrilməsin. Bəlkə bu səbəbdəndir ki, heç vaxt
mövzu qıtlığı çəkməyən Eldar
İsmayılın oxucu auditoriyası da kiçik bir
çevrə ilə məhdudlaşmır. Qələmini ədəbiyyatın bütün
janrlarında sınayan yazıçının
vurğunları sırasında müxtəlif fəaliyyət
sahələrində çalışan insanların, fərqli
peşə sahiblərinin olması anlaşılandır.
Artıq ədəbi mühitdə həm də ədəbiyyat
bilicisi kimi tanınan Respublikamızın baş epidemioloqu,
professor İbadulla Ağayevi tərəddüdsüz Eldar
İsmayıl poeziyasının və nəsrinin heyranları
cərgəsində birinci onluğa daxil etsək
yanılmarıq: "Eldar müəllim, oxuduqca doya bilmirəm
bu poeziyadan, bunlar dağlara söykənən durna
gözlü Göyçə gölünün zümrüd
qaşlı həzin laylasıdır, üfüqə can atan
büllur dalğalarıdır, dodaqlardan qopan odlu bir
ahıdır, qurşağacan suya girib özünü dərinlərə
vurub istədiyi yerdən üzüb çıxan
bütöv Azərbaycana, türkçülüyə
vurğun olan, Vurğun ilhamlı, Ələsgər sevdalı
bir şairin qəlbindən qopub gələn səslərdir və
səslərin ahəngindən yoğurulmuş qüdrətli
sənət əsəridir."
Jurnalist Həsən Ağacan "içində tufan gəzdirən
şair" adlandırdığı Eldar İsmayılı
məşum qaranlıqlarda donquldanan bayquşlara, millətin
qanına yerikləyən kaftarlara, torpaqda sümüklərimizin
ağarmasını istəyən xainlərə qarşı
dik durub şərə meydan oxumasına görə
alqışlayır. Həmkarı Məhəmməd Nərimanoğlu
isə ömrünün 50-ci fəslində onu
duyğulandırdığı üçün
özünü şairə borclu sayır.
Filologiya elmləri doktoru, professor Buludxan Xəlilovun təbirincə desək "Hər halda Eldar İsmayılın yaradıcılığı sirli söz dünyasını yaşayır. Sonu isə həqiqəti tapana qədər görünmür."
Qarabağ həsrətli, "qana-qan" harayı ilə hayqıran üsyankar şair Ənvər Əhməd daha çox şair ağrılılarının sərhədini cızır: "Gözümüzün önündə Eldar adlı, İsmayıl soyadlı, Göyçə yaralı, Qarabağ, Zəngəzur ağrılı, Bağanis Ayrım yanıqlı, Xocalı dərdli, Dərbənd, Təbriz, Borçalı haraylı böyük bir şair yaşayır. Ağrısı yarasına sarınıb, göz yaşı dərdini yuya bilmir. Baxışı od parçası kimi içini yandırır. Əlləri ulu Tanrının ətəyindən tutmaq üçün Vətən ağrısını ömrünə nərdivan edib."
Eldar İsmayıl yaradıcılığına tədqiqatçı gözü ilə baxan professor İsmayıl Vəliyev "söz sərraflarının ocağında qiymətləndirilməyin hər adama müyəssər olmadığı" fikrini qabardaraq şairdə narahatlıq doğuran məqamlara toxunur: "Göyçə Eldarın yaradıcılığında yalnız təsvir obyekti olmaqla qalmır, o dərdlərimizin, Qarabağımızın, itən torpaqlarımız, tapdalanan haqqımızın, vaxtında birləşə bilməməyimizin, laqeydliyimizin, səriştəsizliyimizin, bizi kəsən baltalara sap olmağımızın, əyalətçiliyimizin, insanların qəlbində yaratdığı yanğıların bütövləşmiş ifadəçisi olur, rəmzləşir. Göyçənin dərk olunması faciələrimizin dərk olunması səviyyəsinə yüksəlir."
Biz bu kitabda Eldar İsmayılın yaradıcılığına dair fikirlərdən nümunələr gətirməklə oxucuların işini asanlaşdırmağa çalışdıq. Düşündük ki, doğru izə düşdüklərinə inanaraq sona qədər gedəcək, şairin ömür səhifələrini bütövlükdə varaqlayacaqlar. Elə bu səbəbdən şairə həsr olunmuş çoxsaylı şeirlərin təhlilini aparmağa lüzum görmədik. Oxuyub qiymət verməyi, nəticə çıxarmağı sizlərin ixtiyarına buraxdıq. Əminik ki, Mütəllim Həsənovun "Ömür yolu" poeması da zövqünüzü oxşayacaq, əlinizdən tutub sizi Eldar İsmayılın iç dünyasına qovuşduracaqdır.
Qətiyyən şübhə etmirik ki, əsərlərini sevə-sevə oxuduğunuz yazıçının haqqında yazılanlar da hər birinizdə xoş duyğular oyadacaq, ruhunuz rahatlıq tapacaqdır.
Arif MƏMMƏDLİ,
şair-publisist
Ədalət.-2012.-6 dekabr.-S.7.