“Dəyişilmək istəməyənlərə
jurnalistikada yer yoxdur”
Tomson Fondunun eksperti Dan Mason: «O jurnalistlər ki, özlərində cəsarət tapıb yeniliyə qucaq açırlar, məhz bu halda dəyişikliklər baş verəcək»
O, Bakıya British Counsul-la Paşa Bankın
jurnalistlər üçün həyata keçirdiyi “Biznes və jurnalistika” layihəsi çərçivəsində
gəlib. Dan Mason Böyük Britaniyanın Tomson
Fondunun eksperti kimi dünyanın ayrı-ayrı ölkələrində
media təlimləri keçir.
Ekspert “Kaspi”yə müsahibəsində dünya mediasında baş
verən proseslərə toxunub.
- Sizi oxucularımıza necə
təqdim edim: jurnalist, media eksperti ya təlimçi kimi?
- 30 ildən artıqdır ki, jurnalist kimi
fəaliyyət göstərirəm.
İlk dəfə kiçik bir qəzetdə işə başladım.
Amma arzum Londonda çıxan milli qəzetlərdə çalışmaq
idi. Bir neçə ay böyük
qəzetdə işlədim,
amma sonra başa düşdüm ki, bura mənim
yerim deyil. Oxucularıma
yaxın olmadığımı
başa düşdüm.
Fikirləşdim ki, əgər
insanlarla işləmək,
onlara fayda vermək istəyirəmsə,
insanlara yaxın olmalıyam. Bu üzdən regional mətbu
orqanda işləməyə
başladım. Regionlarda nəşr
edilən gündəlik
qəzetlərin baş
redaktoru qismində və bəzi media şirkətlərində rəhbər
vəzifələrdə çalışdım.
Axırıncı işim Londonda
böyük media təşkilatlarının
birində media, internet, radio və digər yayımla məşğul
olan orqanların işinin təşkil edilməsi və tənzimlənməsi ilə
bağlı idi.
Bu, ümumiyyətlə Böyük Britaniya mediasında güclü dəyişikliklərin baş
verdiyi bir vaxt idi. Mətbuat orqanlarının öz fəaliyyətlərində daha
çox gəlir əldə etmələri
üçün təzyiq
vardı. Gəlir əldə
edə bilməyənlər
daha çox təzyiqlə üzləşirdilər.
Ona görə jurnalistlərin
sayı da ilbəil azalırdı.
Mənim
jurnalist kimi fəaliyyətim həmin keşməkeşli dövrə
təsadüf etdi.
Elə bir dövr idi
ki, video, audio, onlayn materialları çox asanlıqla dərc edə bilirdik. Həmin dövrdə sosial media ilə tanışlıq təzəcə başlayırdı.
Sosial
media isə bizim jurnalistika ilə bağlı təsəvvürləri
kökündən dəyişən
cərəyan idi.
Həmin
şirkətdə bir
sıra problemlər yarandı və bəzi insanlar oranı tərk etdilər. Mən də həmçinin
həmin vaxt şirkəti tərk elədim. Məni ən çox
maraqlandıran jurnalistlərə
təlimlər keçmək
idi. Onları gələcək işlərində ruhlandırmaq
istəyirdim. Bu, yəqin ona görə idi ki, mən jurnalist
kimi fəaliyyətə
başlayanda heç bir təlim görməmişdim.
- Jurnalistlər sizdən nələri öyrəniblər?
- Ölkələr üzrə
tələblər dəyişir.
Əksər hallarda tez-tez
dəyişən rəqəmsal
alətlərlə bağlı
təlimlər keçirəm.
Bir çox hallarda birbaşa olaraq hökumətlərlə çalışıram
və onlara insanlarla kommunikasiya vasitələrini təkmilləşdirmək
üçün təlimlər
keçirəm. Kommersiya şirkətləri
ilə də işlər aparıram.
Xarici səfərlərim olmayanda
çox vaxt könüllü kimi işə cəlb olunuram. Xeyriyyə təşkilatları üçün çalışıram.
- Müşahidələriniz
nə göstərir:
hansı ölkələrdə
jurnalistika daha çox inkişaf edib?
- Maraqlı sualdır. Son 12 ayda 12 ölkəyə
baş çəkmişəm.
Çindən tutmuş
Nigeriyaya, Sudandan tutmuş Zimbabveyə, Karib dənizi ölkələri, Yaxın
Şərq, ərəb
ölkələri və
s. müxtəlif inkişaf
mərhələləri keçən
ölkələrdə olmuşam.
Çox
asanlıqla demək olar ki, Britaniya
və ABŞ kimi ölkələr texnoloji cəhətdən inkişaf
etmiş dövlətlər
sırasındadır. Amma mən bu istiqamətdə
fikirləşməyə o qədər də meyl etmirəm. Əsas məsələ odur ki, jurnalistika hansı ölkələrdə
daha çox öz təsirini göstərə, cəmiyyətə
real təsir edə bilər? Sudan və Zimbabve kimi ölkələrdə
texnologiya və digər sahələr o qədər də inkişaf etməyib.
Amma Afrika ölkələrində
insanların həvəsi,
bu sahəyə sadiqliyi fərqli mühit yaradır. Ona görə mən onları örnək kimi göstərərdim.
- Bəs bu baxımdan Azərbaycanda vəziyyət
necədir?
- Jurnalistlərin bacarığı
və istifadə etdikləri texnoloji alətlər baxımından
götürsək, Azərbaycan
heç də siyahının axırında
yer tutmur. Azərbaycan Şərqlə Qərbin
arasında yerləşdiyindən
burada yaşayan jurnalistlərin dünyagörüşü
zəngin olur. Bu yaxınlarda Bakı
Dövlət Universitetinin
jurnalistika fakültəsində
təlimlər keçərkən
bu qənaətə gəldim ki, indiyə kimi Böyük Britaniya da daxil olmaqla
gəzdiyim ölkələrdə
gördüyüm ən
bacarıqlı və
savadlı gənclər
həmin gənc jurnalistlər idi. Onların bəziləri yarımştat
kimi çalışır.
Amma onlarda böyük həvəs gördüm.
Məsələn, mənim ölkəmdəki
gənc jurnalistlərdə
bu cür həvəsi görmək
çətindir. Ona görə
burada ümid yeri çoxdur.
- Siz yeni nəsil jurnalistikasını nəzərdə
tutursunuz?
- Mən əslində sizi nəzərdə tuturam. Mən bütün jurnalistlər
haqqında danışıram.
Mən o
nəsil jurnalistləri
nəzərdə tuturam
ki, onlar öz keçmişləri
ilə fəxr edirlər, keçmişləri
onlar üçün
dəyərlidir. Amma bununla
kifayətlənmək olmaz.
O jurnalistlər ki, özlərində cəsarət
tapıb yeni alətləri öyrənirlər,
yeniliyə qucaq açırlar, məhz bu halda dəyişikliklər
baş verəcək.
Dəyişilmək istəməyənlərə isə jurnalistikada yer yoxdur. Onlar istər-istəməz məhv
olacaqlar.
- Təlimlər bu yeniliyə çatmaqda nə qədər rol oynayır?
- Mən əslində bunu təlim yox, “öyrənmə” prosesi adlandırardım. Mənim nəzərimcə o qədər
sürətli dəyişikliklər
baş verir ki, hamıda ekspert kimi yetişməyə
imkan var. Bunun yeganə yolu sizin də buna
həvəsləndirmənizdir. Yəni burda bir nəfər
sizə hər şeyi deyə bilməz. Mənim 30 illik təcrübəm
var. Son iki ildə öyrəndiklərim son 15 ildə
öyrəndiklərimdən daha çoxdur. Jurnalistika ağır peşədir.
Ümumiyyətlə, dünyanın gəzdiyim
ölkələrində jurnalistlər
yaxşı pul qazana bilmirlər. İş saatları uzundur. Onların qarşısında həmişə
müəyyən çətinliklər
durur. Ya hökumətlər, ya müəyyən insanlar onları susdurmaq istəyir. Əgər jurnalist kimi peşənizi davam etdirmək istəyirsinizsə,
bu sənəti sevməlisiniz.
- “Sosial
media, vətəndaş jurnalistikası
ənənəvi medianın
fəaliyyətini əngəlləyir”
- son vaxtlar bu barədə narahatlıqla
danışılır. Real təhlükə nə ola
bilər?
- Əgər sosial medianın ənənəvi
mediaya təsirindən
danışırsansa, bəli,
bu təsir var. Əgər ənənəvi
medianın məhv ola biləcəyini
düşünürsünüzsə, bəli, məhv ola bilər. Amma bu təhlükənin səbəbi heç də sosial medianın ənənəvi
medianı sıxışdırması
deyil. Xidmət etdikləri cəmiyyətin
tələblərinə cavab
verə bilməməsidir.
Hər bir jurnalist, hər bir media şirkəti bir şeyi yaddan
çıxarmamalıdır: əvvəllər onlar bir materialın dərc edilməsi üzrə monopoliyaya malik idilər. Bu gün isə
dərc edilmək səlahiyyəti hamıda
var. Bu səlahiyyət nəticəsində
onlar zənginləşmişdi.
Bunun əldən çıxması
nəticəsində bir
çox media şirkətləri
artıq məhv olublar.
- Londonda olarkən müşahidə
etdim ki, gündəlik səhər
və axşam qəzetləri metrolarda pulsuz paylanır. Bu, qəzetləri diqqətdə saxlamaq üçün atılan
addımdır, yoxsa şirkətlərin geniş
imkanlarının göstəricisidir?
- Böyük
Britaniyadakı bütün media şirkətləri kommersiya
şirkətləridir. Onların məqsədi pul qazanmaqdır. Pulsuz paylamaqda məqsəd odur ki, həm həmin qəzetləri, həm də
oradakı reklamları çoxlu insanlar görsünlər. Reklamçı da, qəzet də buradan pul qazanır. Amma onlar online rejimdə bu cür fəaliyyətlərini
davam etdirirlərmi? Məsələ
ondadır ki, media
şirkətləri çox genişdir. Onların kiçildilməsi və
online rejimdə fəaliyyət göstərməsi
çox xərc tələb edən prosesdir. Onlar tələyə
düşüblər, çıxılmaz vəziyyətdədirlər.
Hətta görürlər ki, ənənəvi
media süquta
uğramaqdadır. Ona görə də gələcək
bu sahibkarlardan
asılı olacaq. Hansı sahibkarlar ki, qısa
müddətdə rəqəmsal mühitə tez
uyğunlaşacaq, onlar
yaşayacaqlar.
- Mənim jurnalistika fakültəsində
təhsil aldığım illərdə müəllimlər
bu peşənin “obyektivlik, qərəzsizlik və
vicdanlılıq” kimi qızıl qanunlardan
danışırdılar. Amma bu gün həmin dəyərləri
daha çox sensasiya, fakta söykənməyən,
mənbəyi bilinməyən xəbərlər, təhqirlər
və s. əvəzləyib. Bu da müasir
jurnalistikanın tələbidir?
- Obyektiv jurnalist olmaq bacarığı böyük əhəmiyyət kəsb edir. Mənim fikrimcə, jurnalistlər hansısa bir prosesin vəkili ola bilər, eyni zamanda, öz prinsipiallıqlarını qoruyub saxlaya bilərlər. Ona görə də, narahat olmayın, sizə hansı prinsipləri öyrədiblərsə, onlar düzdür. Amma yeni düşdüyümüz mühitdə öz inandığımız prinsipləri özümüz formalaşdırmalıyıq. Şəxsən mən elə düşünürəm ki, jurnalistlərin əsas istinad etdiyi prinsip materialı dərc etmək səlahiyyətinə malik olmaqla yanaşı, xidmət etdiyi cəmiyyətdə müsbət dəyişikliklərə səbəb olmağı da bacarmalıdır. Jurnalistika cəmiyyətə bir xidmətdir. Əgər mənim üzərimə düşən səlahiyyətdən istifadə edərək müsbət dəyişikliklərə səbəb olmuramsa, onda mənim işim kimə lazımdır? Nə də bu jurnalistika deyil.
Təranə Məhərrəmova
Kaspi.-2012.-7 dekabr.-S.9.