İsa Hüseynov: "Yaxşı rejissor olsa indi də
ssenari yazaram"
"Ssenarilər
məni maddi çətinlikdən qurtardı"
"Ədalət"
qəzeti Kulis.az-ın
İsa Hüseynovla müsahibəsini təqdim
edir.
- Universitetin ikinci kursunda oxuyurdum, hamı cızma-qara eləyirdi, mən də həmçinin. Cəfər Xəndan bizim kursun rəhbəri
idi, bir gün gəlib dedi ki, "Azərbaycan gəncləri"
qəzeti müsabiqə
təyin edib, kimin hekayəsi varsa, aparıb təqdim edə bilər. Mən də böyük
tənəffüsdə "Arx" hekayəsini tamamladım. Sonra da aparıb verdim redaksiyaya. Oxudular, dedilər ki,
yaxşı hekayədir,
amma çap eləmək olmaz, çünki sonda qəhrəmanı öldürmüsən,
Sovet ədəbiyyatında
belə şey olmaz. Hekayənin axırını düzəldib
aparıb yenidən
"Azərbaycan gəncləri"nin redaksiyasında Qasım Qasımzadəyə
verdim. Əli Vəliyev də
onun yanında idi. Oxudular və qəhqəhə
çəkdilər. Əli
Vəliyev dedi ki, bu hekayəyə
çox qonorar düşür. Sonra bu hekayəni
üç dəfə
yenidən işlədim,
dəyişməli olduğum
sonluğu sonradan düzəldib başqa yerlərdə çap etdirdim.
Mehdi Hüseynlə qohumluğum
var, tələbə vaxtı tez-tez onlara gedib-gəlirdim. Bir qohumun evində
qalırdım, bir dəfə Mehdi Hüseyn onlara qonaq gəlmişdi. Ev sahibəsi dedi ki, a Mehdi,
neftin baha vaxtı bu uşaq
səhərə qədər
lampa işığında
nə isə yazır, bir bax gör, bunun
yazdıqları o neftin
sərf etməyə dəyər, yoxsa yox?
Mehdi Hüseyn əlimdə yazdığım hekayəni
alıb bir cümləsini oxudu- "Göy otluqda yeridikcə çəmənlik
ayaqlar altında göy soğan kimi xışıldayırdı".
Dedi ki, səndən yazıçı
ola bilər.
Ondan sonra nə yazırdımsa,
Mehdi Hüseynə oxuyurdum. Yavaş-yavaş povest yazmağa
başladım. Nəhayət, kamilləşən vaxtımda
ilk dəfə "Yanar
ürək" adlı
sərt bir roman yazdım. Bütün qəzetlər bu
əsəri tənqid
elədi, Moskvaya yazdılar ki, kommunisti təhqir etmişəm, raykomu yerdən-yerə vurmuşam.
Onun ardınca "Doğma və yad adamlar"ı
yazdım. Orda da ziyalını mənfi personaj kimi vermişdim.
Bu romanım da
tənqidlərə məruz
qaldı. Plenumlarda,
iclaslarda mənim bu iki romanım
müzakirəyə qoyulurdu,
məni az
qala düşmən elan edirdilər.
"Doğma və
yad adamlar" "İsa həqq, Musa həqq" adı altında işlənmiş
variantda yenidən çap olunacaq.
- Sizin belə bir adətiniz var, əsərlərinizə
dəfələrlə qayıdırsınız,
"Yanar ürəy"i
mən sonralar "İdeal" adı altında genişlənmiş
variantda oxudum...
- Onu altı dəfə
işlədim, yeddinci
dəfə işləyəndə
qeybdən mənə
bir səs gəldi ki, bir romanı nə qədər işləmək olar? Diksindim.
Mənə dedi ki, get pəncərənin
qabağına, bax, orda bir qala
var, yarımçıq
tikilidir, sən o yarımçıq qalaya bənzəyirsən bu halınla. Sonra da dedi ki,
sənə bir tarix danışacağam,
əvvəlini bu romanından götür, sonunu necə desəm, elə yaz. Beləliklə, 1985-ci ildə "İdeal" çıxdı,
dəfələrlə çap
olundu.
- Ssenarilərinizdən danışmaq
istəyirəm, hər
yazıçı yaxşı
ssenarist ola
bilməz. Sizin ssenariləriniz adınızla
bərabər çəkilir,
şöhrət qazanıb.
- Ssenari yazmağa Moskvadan başlamışdım.
Bir dəfə Mehdi Hüseyn dedi ki, sənə
bir mövzu verəcəyəm, ssenari
yazacaqsan. Dedim nə mövzu, dedi ki, 26-lar.
Dedim, mən hara, 26-lar hara? Dedi ki, səni
Sovet yazıçısı
hesab etmirlər, Yazıçılar İttifaqından
xaric etmək istəyirlər, bu ssenari sənin qurtuluşun olacaq.
Başladım 26-ların həyatını öyrənməyə. Şıxlinski soyadlı bir general dövlət arxivinə keçməyə kömək
etdi. Araşdırdıqca ortada olmayan
mətləblər çıxdı.
Şaumyan yəhudidir, 26-lardan ikisi erməni olub, Əmirov və Əmiryan soyadlı, qalanları hamısı Bakı yəhudiləridir, Əzizbəyov
da tat idi. İndi yenə araşdırıb
ortaya çıxardığımız
faktları təhrif edirlər, Şaumyana erməni deyirlər.
Ssenarini
yazdım, "Mosfilm"in
baş redaktoruna oxutdurdum, dedi ki, çox yaxşıdır. Bədii Şura
qəbul etdi, Əjdər İbrahimov filmi çəkdi. Vəli Axundov filmdən sonra bizi qəbul edib dedi ki,
indi Nəriman Nərimanovla bağlı ssenari gözləyirəm.
Əjdər İbrahimovla birgə
bu ssenarini yazdıq.
- "Ulduzlar
sönmür" filminin
ssenarisini?
- Bəli, amma mən o filmi sonradan dəyişdim,
"Doktor Nərimanov"
elədim, iki dəfə göstərildi,
hamı da bəyəndi. İndi göstərmirlər. Bir gün Heydər Əliyev məni çağırdı ki,
səndən Nəsimi
haqda ssenari gözləyirəm.
Rəsul Rza Suriyadan Nəsimi
haqda çoxlu material
gətirmişdi, hamısını
öyrəndim. Nəsiminin Azərbaycanca əsas
iki divanı var, onun bütün
həyatı da o divanlarda var. Onu bildinsə, Nəsiminin həyatını bilirsən.
Yazdım. Moskvada Həsən Seyidbəyli
ilə tələbəlik
dostu olmuşduq.
Ssenarini göstərdim ona, çox bəyəndi.
Çəkilişdə birinci kadrdan
montaja qədər özüm iştirak etmişəm.
- Sonra
"Nizami" gəlir?
- "Nizami"ni rejissor
korladı. İki rejissorun adı
hallanırdı, yuxarıdan
icazə vermədilər.
Eldar Quliyevə tapşırıldı.
Soruşdum ki, Nizami roluna kimi çəkəcəksən?
Dedi ki, Müslüm Maqomayevi. Dedim ki, ondan
Nizami olmaz. Kinostudiyanın direktoru da bəyənməmişdi bu
namizədi. Ssenarimi də
şikəst elədi.
Orda mənim ssenarimdən çox az hissə
qalmışdı. Ssenarilərin mənə bir xeyri oldu ki,
maddi çətinlikdən
qurtardıq. Yaxşı
qonorar aldım, amma az qalmışdı ədəbiyyatdan
ayrılam, çünki
vaxtım ssenarilərə
və filmlərin çəkilişlərinə gedirdi.
- Bütün çəkiliş prosesində
iştirak edirdiniz?
- Hə, "Nəsimi"də
bir dəfə İsmayıl Osmanlı Nəimidən deməli olduğu moizəni deyə bilmədi. Dedi ki, bu
hissə məndə alınmır, deyə bilmirəm, getdi oturdu kənarda. Çağırdım onu,
bir dəfə özüm obrazı oynadım və moizəni də dedim. İsmayıl Osmanlı dərhal
rejissoru çağırdı
ki, çəkin, hazıram. Bax, çəkilişlərdə
belə əziyyətlər
çəkirdim.
- Məncə "Tütək
səsi" hamısından
güclü alınıb...
- Cəmil Əlibəyov bir gecədə oxudu o ssenarini, mənə dedi ki, hansı rejissoru istəyirsən seç, çəkin filmi. Rasim Ocaqovu seçdim,
aktyorları da bir yerdə
seçdik, o filmə
doğma balam kimi yanaşdım. Rasim Ocaqov da elə
yanaşırdı, ona görə gözəl
alındı.
-
Aktyorlar mənə danışıblar ki, Yusif Vəliyevin
Əmir Teymuru oynayanda sözlər yaddaşında
qalmırmış. Siz isə
yaxınlıqdakı arabanın altına girib
sözləri Yusif Vəliyevə
pıçıldayırmışsınız. Bir sözlə, suflyorluq etmisiniz.
- Yusif Vəliyev çox içdiyindən yaddaşını itirmişdi. Ta kadr başlayandan axıra qədər arabanın altında ikiqat qalıb sözləri ona diktə elədim. Mənim səsim çatmayan yerlərdə Əbdül Mahmudov kömək edirdi.
- Bu
ssenarilərdən sonra artıq ssenari işi ilə
vidalaşdınız?
- Çünki artıq kino sənəti öldü. Mən də başladım öz ədəbiyyatımla məşğul olmağa. Bütün əsərlərimi iki il müddətində yenidən yazdım, silsilə yaratmışam, millətin bioqrafiyasını yazmışam.
- İndi ssenari yazmaq istəməzsiniz?
- Yaxşı rejissor olsa yazaram. Qarabağ mövzusunda "Qəbiristan" əsərim var, onu işləmək olar.
Ədalət.-2012.-7
dekabr.-S.8.