MƏHƏMMƏD BAHARLININ SÖZ ALƏMİ

ƏDƏBİ HƏYAT

 

Azərbaycanın tanınmış ziyalılarından biri - pedoqoji, elmi fəaliyyəti, publisistik və bədii yaradıcılığı ilə diqqəti cəlb edən Məhəmməd Baharlı yaşının altmış beşində Seçilmiş əsərlərinin dördcildliyini oxuculara çatdırıb: birinci cilddə müəllifin publisistik yazıları əks olunub. Biz Məhəmməd Baharlını ilk növbədə, bir publisist kimi tanıyırıq və Seçilmiş əsərləri bu tipli yazılarla başlamağı təbii və qanunauyğun hesab edirik. İkinci cilddə M.Baharlının şeirləri, üçüncü cilddə isə povest. Hekayə və yumorları təqdim olunur. Nəhayət, sonuncu cilddə Baharlının "Məktəbdə pedaqoji işə rəhbərlik" başlığı altında silsilə yazıları öz əksini tapır.

Bu qısa təqdimatdan da hiss etdiniz ki, Məhəmməd Baharlının söz və fikir aləmi çoxçalarlıdır. Həm elmi pedoqoji fəaliyyətlə məşğul olmaq, ardıcıl və sərasər publisistik məqalələr yazmaq, həm də ürəyinin dediklərini şerə çevirmək, həyatda, yaşadığı cəmiyyətdə müşahidə etdiyi, şahidi olduğu hadisələri nəsr dililə oxuculara təqdim etmək... bütün bunlar bir insan ömrünün - bir ziyalı ömrünün axtarışları kimi dəyərləndirilməlidir.

Seçilmiş əsərlərin birinci cildində Məhəmməd Baharlının nəsil-nəcabətinə, soy kökünə, ulu mənşəyinə aid olan "Azərbaycan tarixi: Baharlılar" adlı çox qiymətli bir yazı diqqəti cəlb edir və cild elə bu yazıyla açılır. Mən istəmirəm bu gözəl yazıda olan məlumatları, dəyərli faktları təkrar edim, amma bir neçə faktı gərək nəzərə çarpdırım. M.Baharlı Azərbaycan xalqının formalaşmasında ayrı-ayrı etnoslar, tayfalar, boylar əsas rol oynamışlar, belə tayfalardan biri min ildən çox tarixi olan Baharlılardır - orta əsrlərdə Azərbaycanda və Hindistanda böyük dövlətlər yaratmış Baharlılar. İlk dəfə XV əsrə aid məxəzlərdə adı çəkilən Baharlılar müəllifin yazdığına görə Qaraqoyunlu Tayfa İttifaqında (1980) və Qaraqoyunlu dövlətində (1410-1468) hakim mövqe tutmuşlar. Bu, adicə fakt olmayıb, bir nəslin şanlı tarixinin başlanğıcını əks etdirir. Məhəmməd Baharlı görkəmli tarixçilərin fikirlərinə müraciət edir və Baharlılar haqqında elmi fikrin gəldiyi qənaətləri oxucularla bölüşür. Məsələn, 1994-cü ildə nəşr edilən, akademik Ziya Bünyadovun və professor Yusif Yusifovun redaktəsi ilə çap olunan "Azərbaycan tarixi" dərsliyində belə bir faktı nəzərə çarpdırır ki: "1410-cu il avqust ayının 30-da Təbriz yaxınlığındakı Şənbi-Qazan adlı yerdə Qara Yusifin (1355-1420) hakimiyyət yaratmaq uğrunda apardığı son döyüş qələbə ilə nəticələndi. Beləliklə, Baharlı tayfasından olan sülalənin başçılığı ilə və səyi nəticəsində Azərbaycan Qaraqoyunlu dövləti yarandı. Kürdən cənuba doğru uzanan Azərbaycan torpaqları, Ərməniyyə, Kürdüstan, Gürcüstanın bir hissəsi (habelə Qarabağ, Gəncə, Şamxor), Qərbi İran və İraq bu dövlətin tərkibinə daxil edildi. Təbriz dövlətin paytaxtı oldu".

Məhəmməd Baharlı Azərbaycan tarixində silinməz izlər buraxan məşhur Baharlıları unutmur, Qara Yusifi, Gövhərşah bəyimi, Əli Şəkər bəy Baharlını, Xətainin əmiri Məhəmməd Baharlını, II İsmayılın yaxın tərəfdarı olmuş Xan Vəli bəy Baharlını, Qulu Qütbşahı, Cahanşahı, türk, fars, hind dillərində şeirlər yazmış Həsən bəy Şəkəroğlunu, divan yaratmış məşhur şair və riyaziyyatçı Nişa Mirzə Əbdülbaqini, "Leyli və Məcnun", "Şahnameyi-Şah Təhmasib" əsərlərinin müəllifi Salim Mahmud bəyi, Məhəmməd Bayram xan Baharlını, Mirzə Vəli Baharlını, Məhəmmədşəsən Baharlını xatırlayır, bəziləri haqqında sadəcə məlumat verir, bəzilərindən isə bir qədər ətraflı söz açır. Bu Baharlılardan biri-Mirzə Vəli Bayram oğlu Baharlı və onun faciəli ölümü barədə vaxtilə mətbuatda bir sıra yazılar çap olunmuşdu. Müəllif də belə bir faktı nəzərə çarpdırır ki, Mirzə Vəli Baharlı İbrahim xan tərəfindən İrana, şah sarayına girov göndərilmişdi. Ancaq İbrahim xanla İran şahı arasında şərt pozulduğundan Mirzə Vəli top ağzına bağlanılıb faciəli surətdə öldürüldü.

Baharlılar mərd və igid insanlar olmuş, bu xüsusiyyəti əsrlər boyu nəsildən nəsilə ötürə bilmişlər. Müstəqillik dövrümüzün ilk daxili işlər naziri general Məhəmməd Əsədov da (1941-1991) Baharlılar nəslinin nümayəndəsi idi.

 

Fikrimcə, Məhəmməd Baharlı öz ulu mənşəyi ilə bağlı bu tədqiqatını daha da genişləndirməli, Baharlılar şəcərəsinin bütün tarixini tədqiq etməlidir. Hər halda, buna onun potensial qüvvəsi çatar.

Məhəmməd Baharlının publisistikası bir çox nümunələrdə elmi faktlarla və mülahizələrlə qaynayıb qovuşur, yəni elmilik onun publisistikasının tərkib hissəsi kimi diqqəti cəlb edir. Biz bunu "155 yaşlı ilk əlifba dərsliyimiz: "Əlifbeyi-cədid", "İllərlə yeriyən yalanlar, yaxud gizlədilən həqiqətlər" yazıları dediklərimizə sübut ola bilər. Bu yazılarda Tarixlə Publisistika birləşir.

Belə bir ifadə də var: "Açıq publisistika". Burada publisist nə fakta doğru yüyürür, nə də elmilik nümayiş etdirir. Sadəcə oxucusu ilə açıq söhbət, dialoq, sərbəst danışıq tərzi burada leytmotivə çevrilir. M.Baharlının birinci cilddə belə bir yazısı var: "Altmışıncı illər: Sovet Azərbaycanında demokratiyanın əvvəli və sonu, yaxud müstəqillik mübarizəsi". Qeyd edim ki, M.Baharlının bu yazısındakı hissləri, duyğuları mən də keçirmişəm. Çünki mən də altmışıncı illərin tələbəsiydim, Universitetdə, Bakıda, ümumən respublikamızda baş verən bir çox hadisələrdən xəbərim vardı. Bəxtiyar Vahabzadə bizə "Azərbaycan sovet ədəbiyyatı" fənnindən dərs deyirdi, amma proqram bir yana qalırdı, o, bizə Vətən və Azadlıq dərsi keçirdi. Məhəmməd Baharlı da bütün bunların şahidi idi. Yazının bir yerində oxuyuruq: "O vaxtlar universitetin müəllimi Əbülfəz Əliyev auditoriyalarda tələbələr qarşısında tarixdən oxuduğu mühazirələrdə lap açıq şəkildə Leninin şovinizmindən, rus millətçiliyindən, onların xalqları istismar etmələrindən və s. danışırdı. Nəzərə almırdı ki, KQB-nin sədri rusdur və az qala hər humanitar fakültədə, hər kursda öz agentlərini yerləşdirmişdi.

Biz bir dəfə Əbülfəz müəllimin iştirakı ilə qərara gəldik ki, 1 may nümayişində Hökumət evinin qarşısındakı Leninin heykəli önündən "Müstəqillik! Müstəqillik!" çığıra-çığıra keçək. Elə də etdik və tələbələrimizdən birini tutub Dövlət Təhlükəsizlik Komitəsinə apardılar. Onu orada hədələdilər və dedilər: "Get o uşaqlara da de, "Müstəqillik" çağırışı üstündə buraya düşsələr, onlara müstəqilliyin nə olduğunu göstərəcəyik". Həmin yazıda Azərbaycanın böyük oğlu, milli düşüncənin dirçəlməsində mühüm rol oynayan Şıxəli Qurbanovun insani və siyasi obrazı yaradılmışdır. "Şıxəli müəllim dəfn edilən gün Bakı ayaq üstə idi. Onunla Elmlər Akademiyasının binasında vidalaşırdılar: tez-tez Bülbülün ifasında "Sənsiz" romansı səslənirdi. Bir neçə gün sonra Şıxəli Qurbanovun "Sənsiz" dramının ilk tamaşası olacaqdı. Hamı ağlayırdı, mən də onlardan biriydim"...

Qeyd edim ki, M.Baharlının "Azadlığa aparan yol: güllələr işığında" və "Sərhəd rayonunun uşaqları" yazıları da onun sərbəst düşüncə tərzini, açıq mükalimə üsulunu əks etdirən maraqlı publisistik məqalələridir.

Məhəmməd Baharlının bir sıra yazıları var ki, o, bu yazılarda publisistdən daha çox ədəbiyyatşünas kimi nəzərə çarpır. "Böyük ədəbiyyatşünas Səməd Vurğun sənət, sənətkarlıq və sənətkarlar haqqında" məqaləsini biz bir publisistin ədəbiyyatşünas düşüncəsinin məhsulu hesab edə bilərik. Bu yazıya tanınmış şair-ədəbiyyatşünas Qasım Qasımzadə gözəl bir rəy yazmışdır. Məqalədə Səməd Vurğunun ədəbi-tənqidi fəaliyyətinin mühüm bir məqamı işıqlandırılıb-şairin sənət və sənətkarlar haqqında fikir və mülahizələri öz əksini tapır, həmçinin şairin bədii əsərlərin sənətkarlıq xüsusiyyətlərinə münasibəti də tədqiq olunur. Qeyd edək ki, S.Vurğunun ədəbiyyatşünaslıq fəaliyyəti ilə bağlı indiyə kimi bir sıra monoqrafiyalar, onlarla məqalələr çap olunmuşdur. Amma Məhəmməd Baharlının məqaləsi də bu sırada özünəməxsusluğu ilə seçilir. Həmin özünəməxsusluq bundan ibarətdir ki, M.Baharlı mövzuya bir qədər fərqli şəkildə yanaşır, yəni qətiyyən alimlik iddiasında olmayıb fikrini çərçivəyə salmır, açıq şəkildə ifadə edir.

M.Baharlının bir jurnalist kimi müsahibə aparmaq mədəniyyəti də təqdirəlayiqdir və gərək cavan curnalistlər bu müsahibələrdən çox şey öyrənsinlər. Öyrənsinlər ki, məsələn, tanınmış bir şairlə (S.Rüstəmlə) müsahibəni necə apararlar. Yaxud Mirzə Fətəli Axundovun kötücəsi ilə görüşdə nəyi, hansı məsələləri daha çox nəzərə çarpdırarlar?

Seçilmiş əsərlərin ikinci və üçüncü cildləri öncə qeyd etdiyimiz kimi M.Baharlının bədii yaradıcılığını əks etdirir. Şeirləri "Qoca türkün şərqiləri" başlığı ilə təqdim olunur. Açığını deyək ki, burada toplanan şeirlərin səviyyəsi heç də eyni deyil, Baharlının ən yaxşı şeirləri ilə səviyyəcə bir araya gələ bilməyənləri də var.

Amma fikrimizcə, səviyyəsindən asılı olmayaraq bu şeirlərin hamısına xas olan bir xüsusiyyət var ki, o da səmimiyyətdir. Baharlı heç bir şeirində özünü zorlamır, çalışır ki, ürəyindən keçənləri şeir dililə izhar eləsin. Məsələn, bir gözəl gecənin romantik təəssüratı üç bəndlik bir şeirdə belə ifadə edilib:

 

Bu gecə həmən gecədir,

Ay göldə çimən gecədir.

Bülbüllər gülə sarılan,

Yar yara sinən gecədir.

 

Şeh sırğa taxır çəmənə,

Qarışır sevən sevənə.

Mən yaxşı bilirəm, yenə

Nağıla dönən gecədir.

 

Bu gecə yəqin öləcəm,

Özümə çətin gələcəm.

Cənnətə düşsəm biləcəm

Göy yerə enən gecədir.

 

M.Baharlının şeirlərinin əksəriyyəti belə romantik duyğuludur, çoxu da sevgidəndir, həm də yaşanılmış hisslərin, duyğuların inikasıdır. Onun şeirlərinin bir məziyyətini xüsusi qeyd etmək olar: bu da təbiət duyğularının sevgi duyğuları ilə qaynayıb qarışmasıdır. "Payız yağışlarıgPayız sevgisi..", "Ay doğanda", "Ay işığı" və s. şeirlər fikrimizi sübut edə bilər.

 

Yağış yağır heyif ki,

Sən yanımda yoxsan, yox.

Şeirimdə bülbülü

Gül necə də sevirdi!

Elə sarılırdılar,

Sanki ikisi birdi.

 

Məhəmməd Baharlı güclü yumoristdir desəm, -yanılmaram. Onun "Sevgi ezamiyyəti" povesti və hekayələri fikrimizcə, o qədər də nəzərə çarpmayan nəsr əsərləridir, bu yazılarda həyat materialı bədiilik örtüyünə bürünməyib. Yəni bu yazılarda hadisə də var, süjet də, amma obrazlar, xarakterlər bir qədər zəif işlənib və psixoloji ovqat və təhlil nəzərə çarpmır. Amma yumorlarında M.Baharlı özünəməxsusdur. Bu yumorlar əvvəla, yığcamlığı və lakonikliyi ilə seçilirlər. İkincisi, bu yumorlarda təsvir olunan hadisələr mənəviyyat və əxlaqla bağlı tərbiyəvi xüsusiyyətə malikdirlər. Üçüncüsü, Baharlı bu kiçik yumorlarda müxtəlif bədii priyomlardan istifadə edir, gah nağıl ahəngini seçir, gah dialoqlar vasitəsilə fikrini ifadə edir, gah da əsl hekayəyə xas olan süjet vasitəsilə maraqlı bir hadisə nəql edir. Bir nümunə:

"Özümə qurban olum! Əvvəllər mənə salam verən kim idi, ə! İndi isə bəziləri az qala təzim də edirlər. Çünki vəzifə sahibiyəm! Pul məndə, hörmət məndə!

Özümə qurban olum! Baş işlətmirəm, güc işlətmirəm. İstəsəm də işlədə bilmirəm. Hay-küy salıram, soyuram, soydururam cibləri mən. Adımla fəxr eləyir yeznəm də! O gün çığırıb qonşuların üstünə ki, hamınızı pul ilə alıb sataram! Düz deyir, alarıq da, satarıq da! Çünki vəzifə sahibiyəm! Pul məndə, hörmət məndə!.."

...Məhəmməd Baharlıya ömrünün 65-ci baharında uğurlu günlər, gözəl sənət əsərləri yazmağı arzulayıb bu yazıya nöqtə qoyuram.

 

Vaqif YUSİFLİ

Ədalət.-2012.-8 dekabr.-S.13.