YENİ PROYEKTİMİZ: ALTMIŞINCILAR

ALTMIŞINCILARIN ƏN DOĞMA HAMİSİ

 

CƏMİL ƏLİBƏYOV - 85 (2)

 

"Altmışıncılar" proyektimizə ara davam edir.

Bu günlərdə (3 dekabr) Azərbaycanın qəzetçilik, jurnalistika və yazarlıq dünyasında 1950-ci illərdən 1990-cı illərə uzanan bir tarixi məkanda unudulmaz xidmətləri olan çox sevimli bir İNSANIN və ZİYALININ 85 illiyi bu aranın davam etməsinə vəsilə oldu. Əslində bu gözəl şəxsiyyəti də elə ALTMIŞINCILAR ruhunda sevmək mümkündür. Çünki, o illərin ən demokratik ziyalılarından və baş redaktorlarından biri olan Cəmil Əlibəyov həqiqətən o illərin yaradıcılarının bir çoxunun hamisi olmuşdur.

Məmməd Oruc (yazar): Bakıda yer tərpəndi, yadıma Tofiq düşdü. Dəli-dolu dostum Tofiq Məhərrəmoğlu. Ötən il də belə idi. Hər dəfə Türkiyədən zəlzələ xəbərləri alanda Tofiqi xatırlayırdım: görəsən indi neynəyir? Türkçülük onun qanında idi. On il qabaq onu Türkiyəyə də mən bilən ehtiyacdan daha çox bu qan apardı. Ötən bu on il ərzində onu bir dəfə görmüşəm.

O da yuxuda. Gördüm ki, cavanlıq çağlarımızdı, Tofiq "Gənc qələmlər" dərnəyində şeir oxuyur, coşub-daşır, raketləri ölkələrin bir-birinə silkələdiyi barmaqlara oxşadır. Bu yuxudan ayılandan sonra yadıma düşdü ki, həqiqətən də mənim Tofiqlə ilk tanışlığıma səbəb bu misralar olub. Raketlərin bir-birinə silkələn barmaqlara bənzədildiyi misralar. Heç bilmirəm, o zaman bu misralar məni niyə belə silkələdi? 1969-cu ilin payızı idi. Mən hələ tələbə idim. Tofiq isə mən bilən tələbəçiliyin daşını atmışdı. Cəmil müəllimin (Cəmil Əlibəyovun) başçılıq etdiyi o dərnəkdə bəyənilən şeirlər bir qayda olaraq "Azərbaycan gəncləri" qazetində çap olunurdu. Amma Tofiqin o şeiri o gecəki məclisdə bəyənilsə də, üstündən uzun illər keçəndən sonra mətbuatda göründü. O zaman cavan yazarların çap olunması ümumiyyətlə çətin olsa da, Tofiq daha çox bu problemlə üzləşirdi. Çünki Tofiqin savadı, səviyyəsi imkan vermirdi ki, ənənəvi Azərbaycan şeirinin müstəvisində qalsın. "Gənc qələmlər" dərnəyinin məşğələlərində kəskin çıxışları ilə seçilirdi. O zaman mən hərdən bu dərnəyin məşğələlərinə getməyə ona görə can atırdım ki, görüm Tofiqdən təzə nə eşidəcəm? Əksəriyyət tərəfindən sevilməsə də, Tofiq bu dərnəkdə diqqət mərkezində idi. Və o zaman yazıları ilə qan-qan deyən mövcud ideyaya boyun əyməyən Tofiqi ona görə təkləyə bilmirdilər ki, onun Vidadi Paşayev, Vidadi Məmmədov, İsa İsmayılzadə, Azər Abdulla, Ramiz Rövşən kimi əqidədaşları var idi. Bu gün də Tofiq şeir yazırmı? Bilmirəm, amma bir şeyi bilirəm ki, o, nəyə qadir olduğunu nəhayət ki "Qobustan" toplusunun səhifələrində sübut elədi".

Aman allahım, bütöv bir epoxa. Cəmil Əlibəyovun "Gənclər qəzeti" demokratik ədəbiyyatın və altmışıncıların müdafiəsinə qalxan ilk qəzetlərdən idi. Halbuki, bu qəzet heç də ədəbiyyat qəzeti deyildi, sənət qəzeti deyildi.

... Və mən bir çox ziyalının bəzən unudulmasını, onların taleyinin acılı - xoş tərəfi hesab eləyirəm, əlacsızlıqdan və təsəlli üçün fəxr olunası məqam hesab edirəm. Amma, neyləsən, bu həyat davam edir və bu həyatın içində öz taxtında mütəvazi bir ömür yaşayan və çox zaman yaxınları və dostlarıyla birlikdə doğum gününü qeyd eləyən və dostları, qohumları başına yığışan bir gözəl ziylının həyatı bu düşük yaşam və düşük həyat içində öz parlaq işığı ilə neçə-neçə insana təsəlli versə də, bu işığın daha çox yayılmasına imkan olmadığını düşünüb, yenə də üzünü təsəlli ola biləcək şeylərə tutursan ki: nə yaxşı ki, Cəmil Əlibəyov kimi insanlar və azərbaycanlı ziyalı kişiləri var.

 

Çox məsul vəzifələrdə çalışan və indi son dərəcə sadə, son dərəcə mütəvazi həyat yaşayan, heç bir iddiada olmayan, içində heç bir kin və kidurət görünməyən bu insana, bu yaradıcıya qarşı olan sevgini azaltmaq gərək deyil, dostlar, gərək deyil! Biz əslində bunu bir borc kimi yox, bir insan kimi başa düşməliyik, çünki ZAMAN amansızdır və bu zaman bizimlə Cəmil müəllim arasında çox az bir məsafənin olduğunu bizə hər gün deyir və buna görə də heç bir iddiada olmayan bu insana nə böyük bir məhəbbətin olduğunu o başa düşür və başa düşsə, yenə də içində BİR NİSGİL var. Lap çoxdan, onun içində bir nisgil var. Məncə onun içindəki o nisgil onu yaxşı insan eləyib, onun içindəki o nisgil ona MƏNİM ANALI DÜNYAM adlı trilogiyanı yazdırıb, o nisgil ona diqtə eləyib ki, sən böyük yazar Çingiz Aytmatovun DƏNİZ SAHİLİYLƏ QAÇAN ALABAŞ əsərini ana dilimizə çevir, bəli, məhz o nisgil bu cür gözəl sənət nümənələrinin yaranmasına təkan olub və o nisgil olmasaydı CƏMİL ƏLİBƏYOV belə ola bilməzdi.

Baxmayın, bəylərin nisgili də BƏY nisgilidir...

...Mən bu yaşa gəldim və hələ də məni o qədər adi şeylər heyrətləndirir ki, məndən çox-çox gənc yaradıcılar mənim bu heyrətimin qabağında çox sakit və çox təmkinli görünürlər. Və elə bu baxımdan da Cəmil müəllim haqqında yazdıqlarım bir çox insanlar tərəfindən bəlkə də, müəmma kimi başa düşülə bilər. Üstəlik də, kimsə ortaya belə bir sual da qoya bilər: canım əfəndim, nədən siz bu qədər təəssüflənirsiz? Cəmil müəllim görəcəyi işləri görüb, yazacağı əsərləri yazıb və yenə də yazır. Nədən siz onu diqqətdən uzaq hesab edirsiniz? Bunu hardan çıxardınız?

Bu sualların nə dərəcə haqlı və haqsız olduğunu mən bir türlü araşdırıb cavab tapa bilmərəm. Bəlkə də yaradıcı insanın müəyyən bir məqamda guşənişə çəkilməsi də, haqqın işidir. Şayət belədirsə, o zaman mən haqsızam və buna alışmaq üçün də bir zaman kəsimi və alışmadığımız bir tərbiyə lazımdır. Rasim Qaraca demişkən: TOFİQ ABDİN UNUDULMAQDAN ÇOX QORXUR. Doğru: unudulmaqdan qorxuduğum, bu qorxunu da başqalarına rəva görmədiym üçün bu qədər narahatam.

Bu qorxunu yaşamamaq üçün fikrim kompüterin, barmaqlarım klavyenin üstündədir. Düşüncələrim mənə görə unudulmağa məruz qalan insanların yanında.

Yazıçı-dramaturq Aslan Qəhrəmanlı: Cəmil Əlibəyov gözəl yazıçı, istedadlı jurnalist, həm də xeyirxah bir insandır. O, çox vəzifələrdə işləyib və hamısında da səmərəli fəaliyyət göstərib. Fikrimcə, onun hər işdə uğur qazanmasına fitri təşkilatçılıq qabiliyyəti ilə yanaşı xeyirxahlığı da kömək etmişdir. Yadımdadır, "Azərbaycan gəncləri" qəzetində redaktor olduğu dövrdə o, qəzetə çoxlu istedadlı gənc cəlb etmişdi. Bu qəzet respublikamızın ən çox oxunan qəzetlərindən birinə çevrilmişdi. İndi hamının tanıdığı, o zamanlar isə yaradıcılığa təzəcə başlamış şairlər, naşirlər, ilk qələm təcrübələrini Cəmil müəllimin yanına aparır, onun xeyir-duasını almaq istəyirdilər. Bilirdilər ki, o pisə yaxşı, yaxşıya pis deməz, öz xeyirxah məsləhətlərini heç kimdən əsirgəməz, O dövrdə "Azərbaycan gəncləri" qəzetində cavanların bədii yaradıcılığından nümunələr daha çox dərc olunurdu. Yeni rubrikalar, cəsarətli fikirlər bu qəzetdə asanlıqa özünə yol tapırdı. Qəzetin payız fəslinə həsr olunmuş buraxılışı indiyədək mənim yadımdan çıxmayıb.

O zamanlar Yazıçılar Birliyinin Natəvan adına klubunda "Gənc qələmlər" ədəbi dərnəyi fəaliyyət göstərirdi. Bu dərnəyin yaradıcısı və aparıcısı Cəmil Əlibəyov idi. Artıq tanınmış şairlər və yazıçılar da cavanların yeni əsərləri barədə öz fikirlərini deyir, onları həvəsləndirirdilər. Xəlil Rza Ulutürk, Məmməd Araz, Cabir Novruz, Tofiq Bayram o dərnəyin demək olar ki, bütün məşğələlərində iştirak edir, bəzən öz şeirlərini də oxuyurdular. Bəyənilən əsərlərin bir hissəsi "Azərbaycan gəncləri" qəzetində dərc olunurdu. Mən də ilk hekayəmi həmin dərnəkdə oxumuşdum. Sonralar Cəmil müəllim radioda işləyəndə də yenə istedadlı gənclər ətrafına yığıldılar. Onun insanı maqnit kimi cəzbetmə xüsusiyyəti burada da özünü göstərirdi. Cəmil Əlibəyovun nəsri də gənclər tərəfindən sevilə-sevilə oxunurdu. Keçən əsrin 80-ci illərində onun "Dözümlü məhəbbət", "Qızıl at və torpaq", "Mənim analı dünyam" kitabları ən çox yayılan kitablardan idi.

Povest və hekayələrimdən ibarət "Qızıl zəncirli açar" kitabımın çap olunmasında Cəmil müəllimin xeyirxah köməyini heç zaman unuda bilmərəm. O, 1990-cı ildə "Yazıçı" nəşriyyatına təzəcə baş redaktor təyin edilmişdi. Mənə dedilər ki, Cəmil müəllim səni soruşur, onun yanına get. Getdim. Çox səmimi qarşıladı. Stolun üstündə yalnız özünə məxsus səliqə-sahman vardı. Qarşısındakı siyahıya ötəri göz gəzdirib soruşdu ki, sənin keçən ildən planda olan kitabın nə vaxt çapdan çıxacaq? Cavab verdim:

- Cəmil müəllim, bir ildən artıqdır ki, mətbəədədir. Deyirlər çoxdan yığılıb. Amma nə vaxt çıxacağını bilmirəm.

Dedi:

- Elə bu saat get mətbəəyə. Xahiş, minnət elə, çapa versinlər. Sonra gec olacaq.

Başa düşmədim:

- Nə gec olacaq? Hazır kitabdır, çap edəcəklər.

Qayğılı-qayğılı gülümsədi:

- Eləməyəcəklər. Ölkə dağılır. Get, kitabını buraxdır.

 

Həmin gün mətbəəyə gedib kitabımın çapını tezləşdirdim. Doğrudur, buraxılmış səhvləri düzəltməmişdilər. Amma hər halda kitab çıxdı. Həmin il mətbəədə olan kitabların çox az hissəsi işıq üzü gördü.

Gözəl yazıçımız Cəmil Əlibəyov indi də yazıb-yaradır. Ona cansağlığı, uzun ömür, yaradıcılıq müvəffəqiyyətləri arzu edirəm.

 

***

Not: Yazar Qalib Toğrulun bir vaxtlar "525-ci qəzet"də çap olunmuş ÖRNƏK ZİYALI yazısından bilgilər: ...Cəmil Əlibəyov hər şeydən əvvəl böyük bir nəslin (YAZAR - bu söz mənim əlavəmdir, Qalib bəlkə də insani anlamda nəsil davamını nəzərdə tutur) yetişməsində müstəsna rol oynayıb. "Azərbaycan gəncləri", " Kommunist" qəzetlərində baş redaktor olduğu dövrlər Azərbaycan sovet mətbuatında mərhələlər kimi xarakterizə olunub, Azərbaycan radiosuna, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasına rəhbərlik etməklə sənət tariximizin (SƏNƏT-bu mənim əlavəmdir) şərəfli bir dövrünü formalaşdırıb. Harada çalışmasından asılı olmayaraq o, öz işinin vurğunu kimi yenilik axtarıb, sələflərindən fərqli olaraq xüsusən yaradıcı işçilərə (yaxşı olardı ki, İNSANLARA - bu mənim əlavəmdir) çox həsas yanaşıb, onların istedadının üzə çıxmasında bütün mümkün vasitələrdən yararlanmağa çalışıb.

 

(SON)

 

 

Tofiq Abdin

abdin41@mail.ru

www.tofigabdin.com

Ədalət.-2012.-8 dekabr.-S.15.