Haradasan, oğul?

hekayə

 

Məhəllədə hay-küy qopdu. Şaxsey-şivən aləmə bülənd oldu. Hamı bir-birinə dəydi. Çoxdandı ki, yataq xəstəsi olan Məstalı kişi evində kimsəsiz dünyasını dəyişmişdi. Qonşular da çox gec xəbər tutmuşdular. Kişi elə hey "oğul, oğul" -deyib, nərə çəkir, zarıldayırdı.

Məstalı kişi damın altında, doğma ocağında tək-tənha yaşayırdı. Üç oğlu olsa da, qapısını qonşulardan başqa heç kim açmazdı. Əziz günlərdə gözü yollarda qalardı. Məstalı kişi xəstə olsa da, olduqca qürurlu adam idi. Özünü heç vaxt sındırmazdı. Övladlardan söhbət salanlar olanda:

- "Təki canları sağ olsun, çətin zəmanədi, yəqin başları qarışıqdı"-deyər, sözü yayındırardı başqa səmtə.

Məstalı kişi övladlarına həm ata, həm ana olmuşdu. Onları yuyundurar-geyindirərdi. Əyinləri nimdaş olsa da, təmiz saxlardı. Bacardıqca səliqə-səhmanlı edərdi. Kolxozdakı ağır işlərdən sonra, özündə güc tapar, körpələri qəm-qüssə çəkməyə qoymazdı.

Beləcə böyüdüb, ərsəyə çatdırdı yetimləri. Onların yaxsı təhsil alması üçün özünü odlara atdı. Əlinə düşən qəpik-quruşları toplayıb onlara göndərərdi ki, sıxıntı çəkməsinlər. Tətilə gələn tələbə uşaqlarını yola salmaq üçün borc almağa, hətta istəmədiyi adamların da qapısını döyməli olurdu. O bir Tanrı bilirdi ki, Məstalı kişi bu çətinlikləri keçmək üçün necə dəridən-qabıqdan çıxırdı.

Qəm-qüssəli keçən həyatı onu vaxtından əvvəl çalsaqqal etmişdi. Ağır işlər onun bədəninin giziltilərini əzaba çevirmişdi. Belə ağır işlər, çəkdiyi əzablar, ürəyinə verdiyi artıq yüklər yaşa dolduqca özünü büruzə verirdi. Ağrılar onu üzürdü, ürəyi isə sözünə heç baxmırdı. Əzabla düşünürdü "Bütün bunlar bir yana, axı necə olur ki, bütün ömrünü, həyatını həsr etdiyin, övlad üçün olmazın məhrumiyyətlərə qatlaşdığı oğulları belə naqis çıxdılar?!". Düşünürdü ki, "görəsən, nəsildə kimə oxşayıblar onlar?" Övladlarının nankorluğu onu qılınc kimi kəsib-doğrayır, el arasında başıaşağı edirdi. Yüz dəfə özünə ilahidən ucuz ölüm diləyirdi. Özünə qəsd edib, bu əzablardan qurtulmaq istəsə də, övladlarının adına, şəninə ləkə gətirəcəyini düşündükdə, bu fikirlərindən daşınırdı.

 

Kiminin əvvəli, kiminin axırı...

Amma İlahinin öz qisməti var...

 

Xeyirxah qonşular tapdıqlarından Məstalı kişiyə pay tutardılar. Əyin-başına baxardılar. Komasında səliqə-səhman yaratmağa çalışardılar. Bunlara baxmayaraq ata qəlbinə vurulmuş ağır yaralar onu çökdürmüşdü.

Eşidirdi ki, oğlanları var-dövlətli ailədən olan qızlarla evlənib, şirkət sahibi olublar. Söz gəzirdi ki, imkansızlara xeyriyyəçilik göstərirlər. Böyük vəzifəlilərlə oturub-dururlar. Qonşular gözaydınlığına gəlirdilər ki, oğlanlarını tez-tez televizorda göstərirlər.

 Hətta, düşməninə də övlad naqisliyini, nankorluğunu, belə xəcil, acı həyatı arzulamırdı Məstalı kişi. Məstalı kişinin dəfn mərasimini el-oba təşkil etdi. Artıq xəbər oğlanlarına da çatmışdı. Məstalı kişinin oğlanlarının üçü də yığılışdılar, məsləhətləşdilər. Bahalı maşınlar kəndə, Məstalı kişinin nimdaş komasına yollandılar.

Böyük oğlu Bəykişi qaşları çatılmış dilləndi:

- Yas mərasimini bu səviyyəsiz, toz-torpaq içində keçirmək olmaz. Bu eybəcərlikləri qonaqlara göstərmək bizə yaraşmaz. Hər şeydən əvvəl bu, bizim adımıza layiq deyil! Kənddəki yol qovşağındakı şadlıq sarayına gedin, danışın, orada keçirək yası. Uzaqdan - yaxından, böyüklərdən, görkəmli şəxslərdən bizim adımıza gələnlər layiqli sarayda oturmalıdırlar!

Qardaşlar razılıqla başlarını yellədilər:

- Bizim adımıza yalnız belə səviyyədə yaraşar! Bütün dəm-dəzgahı şadlıq evində yerli-yerində olmalıdır. Xidmətçilər, kulinarlar Bakının şadlıq saraylarındakı kimi yüksək səviyyədə qulluq etməlidirlər. Lazım gəlsə, tapşırarıq şəhərdən gəlsinlər. Bizim böyük ad-sanımız var axı!!!

Binəva, uzun illər baxımsız qalmış Məstalı kişinin belə təmtəraqlı təşkil edilmiş yas mərasimi kənd camaatını çox təəccübləndirmişdi. Oğullar öz ad-sanları naminə belə təntənəli yas mərasimi düzəltmişdilər. Üzrxahlıq edən kəndçilərdən birisi üzünü Məstalı kişinin təmtəraqlı geyinmiş, qırmızı qalstuklu oğullarına tutdu:

- Başınıza dönüm, belə var-dövlət, qabiliyyət-qanacaq sahibiydinizsə, Məstalı kişiyə hərdənbir görüm-baxım edərdiniz, müalicə etdirərdiniz dəə!!! Yazıq kişi "yeyə-vay" dərdindən bu dünyadan vaxtsız köçdü. Bu saxta, qurama tamaşa yas mərasiminiz isə el-oba içində heç vaxt sizlərə şərəf gətirməz!

Camaat Məstalı kişinin nankor oğullarının şadlıq sarayında təşkil etdikləri dəm-dəsgahlı, naz-nemətli ehsan stollarını dolu qoyub çıxdılar. Elin tənəli sözləri sifətlərinə deyilən qardaşlar, başıaşağı məclisi yola verdilər...

 

Oqtay ƏLİYEV

Ədalət.-2012.-8 dekabr.-S.14.