Kür ilə Arazın qarışdığı yerNeftçala

 

(əvvəli ötən sayımızda)

Rayon İcra Hakimiyyəti tərəfindən yaradılmış komissiya müxtəlif vaxtlarda rayon ərazisindəki bütün məktəblərə, uşaq bağçaları-körpələr evlərinə baxış keçirilmiş, onların problem və qayğılarını öyrənmişlər. Daha çox təmirə ehtiyacı olan məktəblərin, körpələr evinin şəkilləri çəkilərək barələrində yazılmış aktla bərabər Respublika Nazirlər Kabinetinə təqdim edilmişdir. Təqdim olunan şəkillər və aktlar əsasında Nazirlər Kabinetinin məsul əməkdaşları yerlərdə vəziyyətlə ətraflı tanış olmuşlar. Belə tədbirlərin keçirilməsi isə son anda problemin həllinə kömək edən başlıca amil olub.

"2008-2012-ci illərdə Azərbaycan Respublikasında Təhsil Sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı"na uyğun olaraq Neftçala rayon Təhsil Şöbəsi, şəhər 1, 2, 3, 4 saylı, "Muğan" liseyi, Həsənabad qəsəbə, Bankə qəsəbə, 1 və 2 saylı, Mirqurbanlı kənd tam orta, Kürkənd kənd ümumi orta məktəbləri sürətli internetə qoşulmuşlar. İlin sonuna kimi daha 10 məktəb bu sistemdən istifadə edə biləcək.

Müasir dünyanın tələblərinə cavab vermək üçün Neftçala təhsili də öz imkanlarından beləcə istifadə edir.

Kəndlinin çörəyi torpaqdan çıxar

Neftçala rayonunun əsas məşğuliyyəti əkinçilik və maldarlıqdır. Düzdür, burda neftqaz hasilatı ilə bərabər bir sıra sənaye müəssisələri də fəaliyyət göstərir, ancaq kəndlinin çörəyi əkib-becərdiyi torpaq sahələridir. Sadə zəhmət adamları olan neftçalalılar bu torpaqlardan mal-qaranın saxlanması üçün də istifadə edirlər.

Bu il də kənd zəhmətkeşləri üçün uğurlu olmuşdur. Kənd təsərrüfatının ümumi məhsulu 57639000 manata çatdırılmışdır. Diri çəkidə 4529 ton ət, 14680 ton süd, 236 ton yun, 2930000 ədəd yumurta kənd sakinlərinin əməyinin məhsuludur. Bu rəqəmlər ötən ilin müvafiq dövrü ilə müqayisədə xeyli çoxdur. 39809 hektar taxıl sahələrindən neftçalalılar 102 min ton məhsul götürə bilmişlər.

Sahələrdən bol məhsul götürmək üçün meliorativ tədbirlərin keçirilməsi də əsas şərtlərdəndir. Buna görə də rayon Su Meliorasiya İdarəsi 349 kilometr suvarma kanallarını, 94 kilometr kollektor-dren sistemini lildən təmizləmişdir. Suvarma kanallarında 49 ədəd, kollektor-dren şəbəkələrində 56 ədəd hidrotexniki qurğular, nasoslar əsaslı və cari təmir edilmişdir.

Heyvandarlığın inkişafı üçün rayon sakinlərinin çəkdikləri zəhmət hədər getməmişdir. İndi kənd sakinlərinin öhdələrində 4595 baş iribuynuzlu, 124156 baş xırdabuynuzlu mal-qara vardır.

Kənd sakinlərinə, eləcə də fermer və sahibkarlara texnika, mineral gübrələr sarıdan böyük köməyi dəyən "Neftçala Aqroservis" müəssisənin fəaliyyət dairəsi xeyli genişləndirilmişdir. İndi bu müəssisədə 121 ədəd müxtəlif növ texnika fəaliyyət göstərir.

Neftçalanın Xol zonasındakı 17 min hektardan çox əkin sahələrinin suvarılması məqsədi ilə Kür çayından bu əraziyə 25 kilometr uzunluğu olan Magistral Kanalın nasos stansiyası ilə birlikdə tikintisinə 2006-cı ildə başlanmışdır. Dövlət Proqramına daxil edilmiş kanal tikintisinin 2008-2013-cü illərdə başa çatdırılması qərara alınmışdır. İndiyə kimi bu tikintidə 8,7 milyon manatlıq görülmüşdür. Neftçala rayon rəsmiləri, tikinti işçiləri, əlaqədar təşkilatlar, yerli icra orqanları bu kanalın 2013-cü ildə istifadəyə verilməsi üçün prosesin sürətlənməsinə çalışırlar. Bütün tədbirlərin, həyata keçirilən layihələrin uğurla başa çatmasında kənd sakinlərinin marağı ona görə başa düşüləndir ki, onların dolanışığı, xoş güzəranı torpaqdan çıxır.

Sağlam cəmiyyətdə sağlam insan lazımdır

Hər gün, hər saat bir az da möhkəmlənən, sağlamlaşan cəmiyyətimizdə sağlam insanların yaşamaları, fəaliyyət göstərmələri ümumi inkişafın əsas qayələrindən biridir. Neftçala rayonunda fəaliyyət göstərən 160 çarpayılıq 2 xəstəxana, 15 həkim, 4 tibb məntəqəsi, 926 nəfər ağxalatlı ilə insanların sağlamlığı keşiyində dayanırlar.

Səhiyyə işçiləri sakinlərin sağlamlıqlarını qorumaq üçün öz üzərlərinə düşən məsuliyyəti daha yaxşı dərk edirlər. Ona görə də 2012-ci ilin 9 ayı ərzində 10 nəfər həkim, 21 nəfər orta tibb işçisi ixtisasartırma kurslarında bilik və peşə vərdişlərini artırmışlar. 24 nəfər həkim, 15 nəfər orta tibb işçisi isə test imtahanlarından uğurla keçərək sertifikat almışlar. Bu müddət ərzində doğuş zamanı heç bir ana ölümü qeydə alınmamışdır. 1-5 yaş arasında olan 373 nəfər uşağa Elektron Sağlamlıq Kartı açılmışdır. İndi sağlamlıq kartı hazırlanmış uşaqların sayı Neftçala rayonunda 6824 nəfərdir.

Neftçalada infeksion xəstəliklərə qarşı mübarizəyə xüsusi fikir verilir. 14 yaşa qədər uşaqlar arasında vaksinasiyaimmunizasiya tədbirlər planı demək olar ki, bütünlüklə yerinə yetirilmişdir. Bunun nəticəsidir ki, son 3 ildə uşaqlar arasında vərəm, difteriya, göy öskürək, qızılça kimi infeksion xəstəliklər qeydə alınmamışdır.

Rayonun mənəvi dünyası

Neftçala sakinləri yaxşı işləməklə bərabər yaxşı da istirahət etməyi, mənəvi cəhətdən zənginləşməyi də unutmurlar. Burda keçirilən mədəni-kütləvi tədbirlər buna əyani sübutdur. 9 May Qələbə, 28 May Respublika, 15 iyun Milli Qurtuluş günlərinin xüsusi qeyd edilməsinə rayon sakinləri artıq alışmışlar.

İrəvan və Lənkəran Dövlət Dram Teatrlarının, Gənc Tamaşaçılar Teatrının kollektivləri də Neftçala rayonunda tamaşaçılar qarşısında uğurla çıxış etmişlər. Heydər Əliyev Muzeyində Ulu Öndərin həyat və fəaliyyəti ilə daha yaxından tanış olmaq istəyənlərin sayı hər gün artmaqdadır. Burda Ulu Öndərin adı ilə bağlı mütəmadi olaraq tədbirlər keçirilir. Hazırda bu muzeyin mərkəzə çevrilməsi üçün müvafiq işlər görülür. 26 fevralda keçirilən "Xocalı faciəsini unutmayaq" mövzusunda teatrlaşdırılmış musiqili ədəbi-bədii gecələrə rayon sakinləri daha diqqətlə hazırlaşırlar. 20 Yanvar şəhidlərinin xatirə gününü də layiqincə qeyd edirlər.

Kür və Xəzərin qovşağında qərarlaşan Neftçalada həyat beləcə davam edir.

 

Səxavət Məmmədli

 

Ədalət.-2012.-11 dekabr.-S.7.