ÜRƏKLƏRDƏ İZ QOYANLAR...

MƏMMƏD CAVADOV – 100

 

Bir gün redaksiyamızın qapısı açıldı və çoxdan görmədiyim bir dostum - Azər Cavadov içəri girdi. Hal-əhvaldan sonra o, əlindəki dəvətnaməni mənə sarı uzatdı. Sonra da dedi ki, dekabrın 6-da Azərbaycan Bəstəkarlar İttifaqının Ü.Hacıbəyli adına konsert salonunda atam Məmməd Cavadovun 100 illik yubileyi keçirilir. Sonra da ərklə mənə dedi ki, sənin o tədbirdə iştirak etməyini səbirsizliklə gözləyirəm.

Dekabrın 6-da saat 4-də tədbirin keçirildiyi yerə özümü çatdırdım. Salon ağzına qədər böyük bəstəkara sevgisi olan insanlar tərəfindən dolu idi. Burda tanınmış musiqiçilər, ziyalılar və siyasi xadimlər də vardı. Hiss olunurdu ki, böyük bəstəkar Məmməd Kərim oğlu Cavadovun xatirəsini uca tutan çoxlu sayda insanlar var. Elə o insanlar da bu gün Məmməd müəllimin ruhunun işığına və nuruna toplaşmışdılar. Təbii ki, böyük istedadlar və tarixdə iz qoyan şəxsiyyətlər heç vaxt yaddan çıxmır. Elə Məmməd müəllim də yaddan çıxmamışdı.

Tədbirdə çıxış edən Səadət Qarabağlı böyük bəstəkarın həyat və yaradıcılığı ilə bağlı fikirlərini səsləndirdi. O, qeyd etdi ki, Məmməd Cavadov dahilər dahisi Üzeyir bəy Hacıbəyovun əlindən su içmiş, ondan musiqinin, bəstəkarlığın sirlərini öyrənmiş və öz istedadı ilə yeni bir tarix yazmışdır. O, Haxçıvanda, Füzulidə, Ağdamda və Lənkəranda musiqi məktəblərinin açılmasında və fəaliyyətində əvəzsiz rol oynamışdır.

Əslən Azərbaycanın tacı, "Qafqazın konservatoriyası" sayılan Qədim Şuşadan olan, Qarabağın Qarabulaq (indiki Füzuli şəhəri) mahalında göz açmış Məmməd Cavadov ilk təhsilini A.Zeynallı adına Bakı Musiqi Texnikumunun nəfəsli alətlər şöbəsində almış, sonralar Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq və nəfəsli alətlər şöbəsinə imtahansız qəbul olmuş və oranı müvəffəqiyyətlə bitirmişdir. Böyük sənətkar Üzeyir bəy Hacıbəylinin təşkil etdiyi Azərbaycan Dövlət Simfonik Orkestrində, xalq çalğı alətləri (notlu) orkestrində, Azərbaycan Dövlət Caz Orkestrində Niyazi, Tofiq Quliyev, Rauf Hacıyev, Tacəddin Manafzadə, Rauf Quliyev, İsmayıl Kələntərov və başqaları ilə birgə solist-saksofonçu kimi çalışmış, 1938-ci ildə Moskvada keçirilən Azərbaycan İncəsənəti Dekadasında iştirak etmişdir. Naxçıvan Filarmoniyasında xalq çalğı alətləri orkestrinin, Naxçıvan Teatr İşçilərinin Şərur Rəqs Qrupu və aşıqlar dəstəsinin, həmçinin Naxçıvan Dövlət Caz Ansamblının yaradıcısı, bədii rəhbəri və drijoru olmuşdur. Eyni zamanda, o, Naxçıvan Tetarına rəhbərlik etmiş, həm də Üzeyir bəyin köməkliyi ilə açılmış musiqi məktəbində dərs demişdir. Həm təşkilati, həm yaradıcı, həm də pedaqoji fəaliyyəti bir araya gətirən M,Cavadov yorulmaq bilmədən çalışmış, doğma Azərbaycanın və millətin naminə əlindən gələni əsirgəməmişdir.

Məmməd Cavadov musiqinin müxtəlif janrlarında əsərlər yazmışdır. Onun fortepiano üçün "Pyesləri", "Sonatina", "Etüd", orkestr üçün marşları, valtornafortepiano üçün "Kvarteti", klarnetfortepiano üçün "Konserti", mahnıları, xor əsərləri, uşaqlar üçün mahnıları, teatr tamaşaları üçün musiqiləri və əsərləri onun nə qədər böyük bəstəkar olduğunu təsdiq edir. Bəstəkarın təkcə Hüseyn Əziminin sözlərinə yazdığı "Barı Naxçıvan" mahnısı dillər əzbəridir.

Məmməd müəllim 70 ildən artıq müddətdə Azərbaycan musiqisinə öz töhfəsini verib. O, həm də Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olub və 91 yaşında dünyasını dəyişib.

Elə tədbirdə iştirak edənlər də Məmməd müəllimin necə bir ürək sahibi və istedadlı bir bəstəkar olduğunu dönə-dönə vurğuladılar. Tədbir başlayan kimi, böyük bəstəkara həsr olunmuş "Barı Naxçıvan"ın 100 yaşlı bəstəkarı kitabı görüş iştirakçılarına təqdim edildi. Kitabın tərtibçisi və ön söz müəllifi Səadət Qarabağlıdır. Redaktoru isə tanınmış jurnalist və istedadlı yazar Vasif Quliyevdir. Kitabda Məmməd Cavadovu tanıyan ziyalıların və bəstəkarların ürək sözləri toplanıb. Bəstəkarlar Tofiq Quliyevin, Süleyman Ələsgərovun, Tofiq Bakıxanovun, Nəriman Məmmədovun, Vasif Adıgözəlovun, Nəriman Əzim Gəncəlinin, Oqtay Rəcəbovun Məmməd müəllimin haqqında xatirələri çox maraqlı və təsirlidir.

Görüşdə iştirak edən Məmməd Cavadovun tələbəsi, xalq artisti, professor Ramiz Quliyev, Məmməd müəllim haqqında başqa bir kitabın müəllifi, şairə-publisist Zeynəb Bəhmənli öz xatirələrini söylədilər. Hər iki natiq çıxışında qeyd etdi ki, Məmməd Cavadov nə qədər böyük bəstəkar, nə qədər böyük pedaqoq idisə, bir o qədər də sadə insan idi. Bu sadə insan ömrünün son anına qədər yazıb-yaratmaqdan doymadı. Elə ona görə də o, Azərbaycan musiqi tarixində qeyri-adi bir iz qoyub getdi.

Tədbirdə Məmməd Cavadovun pyesləri, mahnıları səsləndi. Həmin mahnıları Mələk Qocayeva, Fəxri Kazım Nicat, Almaz Orucova və Eldəniz Məmmədov ifa etdilər. Salonda elə bir xoş aura yaranmışdı ki, məclisdə iştirak edən insanlar onun təsirindən uzun müddət ayrıla bilməyəcəklər. Çünki bu səpkidən olan görüşlərin keçirilməsi həm Azərbaycan musiqi sənətini bir daha yaddaşlara həkk edir, həmunudulmaz sənətkarların ruhuna sığal çəkir. Çünki bütün istedadlı insanlar özləri üçün yox, xalq, millət və vətən üçün yaşayırlar. Onlar dünyasını dəyişsələr də yaratdıqları sənət əsərləri bu dahi şəxsiyyətlərə əbədi bir ömür bəxş edir. Məhz Məmməd Kərim oğlu Cavadov da əbədi bir ömür yaşayan və ürəklərdə iz qoyan ölməz bəstəkarlardandır.

 

Faiq QİSMƏTOĞLU

Ədalət.-2012.-11 dekabr.-S.6.