OBRAZLARIN ŞƏKLİ

 

Şair Balayar Sadiqin "Allahın unutduğu adam" kitabı barədə düşüncələr

İnsanın qan yaddaşı kişnəyir, şahə qalxıb cilov gəmirir, gedər-gəlməz tozlu yolları ağzına alıb nal tökür, yal tökür. Qan yaddaşı gərək "havadan asılmış bir qaragül papağın şəklinə" baxıb köks ötürməsin, qınına çəkilməsin. Torpağın bağrı yarılanda, üstündə qarı düşmən var-gəl edəndə gerçək yaddaş oyanmalıdı, siyirməqılınc yağı qənşərinə getməlidi, yoxsa məmləkətin parçalanıb əldən getməyiylə qan yaddaşı itər, əbədi mürgü döyər. Axı bu mürgüzaman-zaman milləti kütləşdirib, arxayınlaşdırıb, evini yıxıb.

Şair Balayar Sadiqin "Qan yaddaşının kişnərtisi" poeması insanda təkcə yaddaşın oyanması assosiasiyasını doğurmur, bu lirik-simfonik fəlsəfi əsər eyni zamanda oxucunun içini silkələyir, məqamında işlənmiş təşbeh və metaforalar, bənzətmə və obrazlar sonra da şəkil-şəkil göz önündə canlanır. Düşünüb-daşınırsan: bunlar elə bütünlükdə təşbeh və metaforaların, bənzətmə və obrazların şəklidir. Doğrusu, məni heyrətləndirən faktdır ki, ilk dəfə harmonik söz birləşmələrin, bir-birinə yaxın və uzaq ifadələrin bədii parçalarda şəklinə tamaşa edib baxırsan...

"Qan yaddaşımın kişnərtisi" çağdaş poeziyamızın uğurudur bir yana, poema həm də tapdaq altında inləyən, əsir-yesirə çevrilən yurd yerlərimizin açıq harayıdır. Adından da göründüyü kimi, yaddaş kişnərtisidir, boz qurd ulartısıdır, səssiz ruhların dipdiri iniltisidir. Şair "Dədə Qorqud"dan gələn sərbəst şeirin bütün möcüzəli imkanlarından ustalıqla istifadə edir, sözlər ayrı-ayrı fəsillər boyu pərən-pərən düşmür, müəllifin əsas məqsədi və məramının ifadəçisinə çevrilir. Ancaq bu sərbəstliyin içindən Balayar Sadiq hərdən-hərdən yazdığı gəraylılardan da verirbu duz sözünün qiymətini xeyli artırır, onu ləzzətə, tama gətirir. Axı gəraylı şeir janrı kimi bayatılarımızdan, laylalarımızdan mayasını alıb.

 

...Kələf-kələf aç bu ömrü,

Əriş ömrü, arğac ömrü.

Fəsil-fəsil ağac ömrü,

Boylanır yarpaq qapıdan.

 

"İlxı-ilxı kişnəyirdi yurd yerləri...". Çünki lələ köçüb yurdu boş qalmışdı. Şairin təbirincə desək, "Uzaq qərinələrin yaxasında uyuyurdu ərən babaların mamır basmış nərələri". Ancaq nə qədər ki, alapaça ayğırların kişnərtisi gəlmir, müdrik babaların ruhları səbrlərinə daş basıb, yurd ulartısı sərhəd aşmır, gavur dolaşar "qədim Xankəndinin küçələrində". Və "qara qarğa kimi düşmən cürəti dimdikləyər ulu həqiqəti". Axı, vaxt-vədə həmişə ehtiyatlı olmağı tövsiyə edib. Məgər biz bilmirdik, "canavar xisləti duman kimi sürünürdü məmləkətin taleyinə sarı".

Balayar Sadiqin bütün obrazları, metaforaları poemada həqiqətin açarıdır. Əsər bədii-lirik ovqat üstə köklənib yazıldığından burada süjet axtarmaq yersizdir, sanki müəllifin hər hansı bizim gördüyümüz hadisəyə münasibəti və müdaxiləsi bir süjetin başlanğıcıdır. Mərkəzdə baş verən çirkin olayları, Bakının bu oyunlara züy tutmasını şair misra-misra, beyt-beyt əsərin ruhuna hopdurur və başımıza gələn bəlalarda həqiqətən günahlarımız üzümüzə durur... Məmləkətin baş meydanında qəzəbdən uğuldayırdı intiqam meşəsi...". Bu, artıq boğaza yığılmış xalqın hayqırtısı, kəskin fəryadı, etirazıdır.

 

Salam, a qan yaddaşımdan

Dünyaya baxan kişnərti.

Yuxulardan bulud-bulud,

Ömrümə yağan kişnərti.

 

Yüz arzudan, kamdan keçib,

Elimdən, obamdan keçib.

Atamdan, babamdan keçib,

Qanımda axan kişnərti.

 

Onda "yüyənini qıran at kimi kişnəyirdi qan yaddaşı". Cilov gəmirirdi azadlığına yetmək üçün. Şair peşəkar səriştəylə azadlıq, az aldıq, azaldıq, asıldıq kimi fellərdən möhtəşəm poetik mənzərə yaradır. Balayar Sadiqin şeirləri qədər fikir poeziyasının gözəl nümunəsidirsə, bir o qədər hisslərin kövrək duyğuların məhsuludur. Axı, yaxşı bədii parça təkcə düşüncə məhsulu kimi heç bir emosiya doğurmur.

Bir ulusun, elatın köçhaköçü, "kimsəsiz həyətlərdə" ölən ümidlərin son nidaları, boşalıb doluxsunan kəndlərdə yolun-yolağanın, cığırın qəmli sükutu, vahimələnmiş doqqazların, "kəndin torpaq tabutu üstə açıb yaxasını" şaqqıldayan "güllələrin bayquş səsi", "üzüquylu yıxılıb bəxtini qarğıyan ocaq daşı", "gözlərində həsrət çiçəklənmiş bir dəstə uşaq", ana-bacıların içində boğulmuş süqutu elə bil "köç üstündə yol gedən xalıların, xalçaların naxışına" ağı deyir. Bu silsilə dərd-aləm üsyanına təkcə kökündən qoparılmış bir ulus deyil, bütün təbiət yas tutur. Müəyyən reallıqla reallığın doğurduğu vəhdət poemanın təsir gücünü qat-qat artırıb. "Qar yağır Qədirin səsinə. Dodaqlarda çiliklənən "Qarabağ şikəstəsi"nə, Natəvanın, Vaqifin sözlərinə qar yağır" - söyləməklə müəllifin özünün içindən üşütmə keçdiyinə, "dədə Şəmşirin qəbrinə, dünyanın səbrinə qar yağır" - yazmaqla səbrinin-hövsələsinin tükəndiyinə şübhə yeri qalmır.

 

Ah çəkmə ahsız dünyada,

Gəl bir yer sər, gözüm yata.

Sən Allah kəs, ağlatma ta,

Ömrümü su basdı, canım.

 

Amma "yaralı döyüşçü tək sürünür ümidlər" eyforiyası bizə "ümid sonda ölür" məşhur inamı təlqin eləmir. "Qan yaddaşının kişnərtisi"ndə şair dönə-dönə vurğulayır ki, ulu babalarımız bu vətəni bizə yadigar qoyub, "əmanətə xəyanət"i tarix bağışlamır, havalanmış kişnəyən ruhlar bağışlamır, "çadırda doğulan körpənin çığırtısı" bizim qeyrətimizi oyatmalıdı, axı "torpaq uğrunda şəhid olmaq fürsətini" boşa verdikcə mənən miskinləşir, kiçilirik.

 

Yağı at oynadır torpağın üstə,

Dağların, daşların qadadı, qandı.

Hələ qəzetlərin fal açır, Vətən,

Bəyin , gədan da falabaxandı.

 

Kitabda toplanmış "Narıncı rəngli söhbət", "Təcavüzün rəsmi", "Dörd sualın cavabı", "Düşüncə yolu", "Köhnə yol qeydləri", "Uşaqlıq dostuma", "Sənin bilmədiklərin", "O uşaq", "Yaddaş küçəsi", "Qapılar" şeirləri nostalji xatirələrin, şairin görüb yaddaşına köçürtdüklərinin romantik əks-sədasıdır. "Dünya bir açıq qapıdır" məntiqini qədər çözələsən , buna qədər cavab axtarsan da, əslində bu məntiq cavabsızdır - ha baş sındır. Ona "sinifdə arxa oturacaqda əyləşən uşaqdan savayı" cavab tapmaq istəyən olar, "ehtiyac şalvarının arxa cibindən bir qutu ümid çıxarıb stolun üstünə atan" söz tapar ("O uşaq"). Çünki hər kəs taleynin sonuna doğru bir "düşüncə yolu" gedir. Müəllif ciddi-cəhdlə inandırır: "yol düşüncədir". Heç cür soyuqqanlıqla da qəbul olunmayan, ağla girməyən, sığmayan bu fikir şeirdə inkişaf etdirilir, şair yeni deyim tərzinə üstünlük verməklə gözlənilıməz mənzərə yaradır.

 

Taleyin

küçələrində azmış

kənd uşağıdır şəhər...

Öz içində

var-gəl edir

hər gün...

 

Eyni oxşar fikir mətləb "Evimizin yolu" bədii parçada başqa aspektdə ifadəsini tapır. Şeir vətənə sevgi ilə yazılıb, yer-yurd istəyi, torpaq məhəbbəti didaktika ilə deyil, zərif duyğuların dililə çatdırılır. Ümumiyyətlə, yerli-yersiz nəsihətçilik, şablonçuluq, bəsit tərənnümçülük Balayar Sadiqin yolu deyil. Müəllif fikir düşüncələrini kimə ünvanlayırsa, kimə üz tutub söz deyirsə, hay-küylə qışqırıqla, söylədiyimiz təki nəsihətçiliklə "ağıl vermir", pıçıldaya-pıçıldaya, asta-asta oxucunu ovsunlayır bu ovsunda sehrkarcasına yalnız özünə bənzəyir. "Vətən - evimizə gedən yoldur". İnanmıram ki, digər bir şair bu səmimilikdə fikrini sərbəst şəkildə kimsə ilə bu ifadə tərzində bölüşə bilsin. Bapbalaca, "boyu bircəı qarış" şeir hamımızı vətənpərvərlik duyğularına kökləyir bizə həqiqətən "evimizin yolu"nu tanıtdırır:

 

Gəl, oğlum,

qədər ki, axşam

düşməyib gözlərimizə.

qədər ki,

ayrılıqlar yağmayıb

ayaq səsimizə;

Gəl gedək, oğlum,

gedək evimizə...

 

Balayar Sadiq Milli Ordunun zabiti olub, ötən qanlı-qadalı zamanlarda dəfələrlə döyüş bölgələrində düşmənlə üz-üzə gəlib. Ona görə, şairin müharibə mövzusunda qələmə aldığı əsərlər olduqca təbiidir. O, şair kimi döyüş səhnələrini uzun-uzadı təsvir eləmir, üslubuna sadiq qalır, dəst-xəttini qoruyur. "Üşüyür misralarımda bir parça vətən torpağı" ağısını söyləməklə həm bir vətəndaş kimi çarəsini göstərir: "diksindirin əsgər ayaqlarının səsini". Yurd həsrəti üstündə doğulub boya-başa çatdığımız, ərən babaların yadigar qoyduğu Vətəni qorumağa borcluyuq. Bu borc nəsildən-nəsilə ötürülür, hər kəs fəxr edir ki, Azərbaycan övladıdır. Bəzən isə, neyləyəsən, ana Vətən siyasətin qurbanına çevrilir bu zaman silah susur, igid əsgər nəfəsini içinə çəkir. Bu da müəllifin oxşar hadisəyə ironik, utopik münasibəti:

 

gözaydınlığı verin

ümidlərə...

Dalğalanır

səbrimizə sancılan bayraq.

 

Dünyada hər şey köhnəlir sözdən başqa. Sözün qüdrəti ondadır ki, hər təzə istedadın, talantın ifasında Füzuli demişkən "əhya" tapır, dirilik qazanır. Ona görə heç vaxt nimdaş olmur, yırtılıb atılmır, həmişə təzə-tərdir. Şair deyəndə "əynimdə nimdaş paltar kimidir vətəndaşlıq qüruru" ("Nimdaş paltar"), bu sərrast deyim o saat yaddaşımda ünvanımın axtarışına çıxır. Məgər alayarımçıq insanlar, bu torpağın çörəyini yeyib, suyunu içib, ona kəc baxanlar, əliəyrilər, haramzadələr, vətəni sevməyənlər, yurdunu bəd ayaqda atıb yad ölkələrdə gedib mürgü döyənlər azdırmı? Bəli, "vətəndaşlıq qüruru" xəyanətkarların əynində nimdaş paltar kimidir.

Kitabın "Bir misra sən" və "Sonetlər çələngi" bölmələrində toplanan şeirlər də maraqlıdır və Balayar lirik hisslərin ifadəsində elə lirik qəhrəman obrazında durmağı da bacarır. "Xatirə dəftərində dəniz-dəniz ləpələnir o qızın gözləri", ("O qızın gözləri") nostalgiyasıyla şair real həqiqəti böyüdüb möhtəşəm bədii həqiqət səviyyəsinə çatdırırsa, "səni unutmaq istəyirəm, xatirəlrər daşa basır yaddaşımı" ("Küçənizin ətəyi") etirafıyla " bayraq" qaldırır. Bu isə təslimçilik ovqatı deyil, məhəbbətin ülviliyi önündə diz çökməkdir! "Sonetlər çələngi" silsiləsində Balayar Sadiq həm Avropa şeir ənənələrini qoruyub saxlayıb, həm də heca şeirinin təlblərinə, imkanlarına hörmətini ifadə edib. Hər misra və bənddə, üçlükdə bunu duymamaq, görməmək olmur.

Balayar Sadiq həqiqətən obrazların şəklini çəkir, ancaq o, fotoqraf deyil, olduğu kimi obrazları köçürtsün. Bizcə, şairi daha çox sözlə nəfəs alan, onunla işləyən rəssama bənzətmək olar: lirik rəssama.

 

 

 

 

Ağacəfər Həsənli

Ədalət.-2012.-11 dekabr.-S.7.