EL RUHUNA
KÖKLƏNMİŞ İLAHİ NƏĞMƏKAR
və yaxud XALQ MUSİQİMİZİN
SƏRLÖVHƏSİ
...Onun varlığına təkcə insanlar deyil, onu yaradan Tanrının özü də sevinirdi. Çünki o, öz təkrarolunmaz səsi ilə Tanrı kainatda mövcud olduğu kimi mövcud idi.
Varlığına Tanrının özünün də sevindiyi o kəs, özü öz səsinə, səsi isə isə insanlara mənsub olan, el ruhuna köklənmiş ilahi bir nəğməkar-Qədir Rüstəmov idi.
Xalqının,
millətinin zövqü üçün Allah ona bu səsi
vermişdi.
Onun
bu səsinin dilsiz-ağızsız heyvanları da ram edə
biləcək, cansız soyuq daşları da yumşaldacaq və
yüzillik vüqarlı çinarları belə əyə
biləcək gücü və cazibəsi vardı.
Bir
zamanlar şahlar insanlar üzərində hökmranlıq
etdiyi kimi o, da təlatümlər içində yaşayan
dünyamızı bir anın içindəcə
lallığa qərq edən ilahi səsi ilə sanki təkcə
insanların deyil, təbiətin də üzərində
hökmranlıq edir, təbəitdə
canlı-çansız nə varsa səsinin sehrinin
hökmü ilə itaətə salırdı.
Onun bu yanıqlı, qəmli, həm də hayğırtı, üsyan qopan səsində həyatın gözəlliyni də, əzabını da duyurdun. Onun həm başa düşülən, həm də hiss edilən bu səsində sanki sevinclə kədər qol-qola gəzir, əzabla rahatlıq yanaşı addımlayırdı.
İnsanlarda
ömürlərinin sevincli anlarında da, kədərli məqamlarında
da onun bu səsinə hava və su kimi zərurət
vardı...
Qədir
sənət yolunda kiminsə yerini tutmadı, kiminsə iz
saldığı yolu getmədi, özünün yeri,
özünün yolu, qoyub getdiyi izi oldu.
Qədirin
səsi insanın daxilinə, ruhuna nüfuz etmək
gücündə idi. Onun səsinin
auditoriyası bütün Azərbaycan idi, bütün türk dünyası idi!
Milli
musiqi sənətimizin görkəmli nümayəndəsi,
xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü
Qədir Çərkəz oğlu Rüstəmov 1935-ci ilin
noyabr ayının 20-də Ağdam şəhərində
anadan olmuşdur. O, orta məktəbi
bitirərək əvvəlcə A. Zeynallı adına
Bakı Orta İxtisas
Musiqi Məktəbində, daha
sonra isə Üzeyir
Hacıbəyli adına Ağdam Orta İxtisas Musiqi məktəbində təhsil
almışdır. Ustad sənətkarlarımızdan
muğamın incəliklərini mənimsəyən Qədir
Rüstəmov bu illər ərzində
xanəndəlik sənətinin sirlərinə daha da dərindən yiyələnməyə
müvəffəq olmuşdur.
Gənc
yaşlarından Ağdamda mahir muğam ifaçıları
mühitində yetkin xanəndə kimi formalaşan,
ifaçılığını sözlə tam vəsf etmək
qeyri-mümkün olan Qədir Rüstəmov nadir istedadı,
məlahətli səsi və özünəməxsus ifa tərzi
sayəsində az vaxt ərzində tanınaraq geniş dinləyici
auditoriyasının məhəbbətini
qazanmışdır. O, ömrünün sonuna kimi xanəndəlik
sənətinə sadiq qalmışdır.
Qarabağ
xanəndəlik məktəbinin görkəmli nümayəndəsi
olan Qədir Rüstəmov Azərbaycan xalq musiqisinin incəliklərini
bilən sənətkar olaraq milli musiqi xəzinəmizi
çox həzin və yanğı dolu ifaları ilə zənginləşdirmişdir.
O, çoxəsrlik parlaq keçmişə malik Azərbaycan
musiqisində layiqli yer tutaraq milli mədəniyyətimizin
inkişafına sanballı töhfələr vermişdir.
Muğam
ifaçılığı ənənələrinin və
Azərbaycan xalq musiqisinin saflığının qorunub
saxlanması xalq musiqimizin zirvəsi, əlçatmaz,
ünyetməz ucalığı sayılan Qədir Rüstəmovun
sənət fəaliyyətinin başlıca qayəsi idi. Unudulmuş xalq
mahnılarımızın bir çoxu məhz onun
ifası ilə yenidən həyat qazanmışdır. Sənətkarın son dərəcə
məharələ oxuduğu "Sona bülbüllər", "Apardı sellər
Saranı", "Laçın", "Ay
dili-dili", "Sarı gəlin" və
neçə-neçə digər mahnılar hər kəsin
qəlbində kövrək duyğular və
səmimi hisslər oyadır.
Ecazkar səsi, təkrarolunmaz ifaçılığı və dinləyicinin mənəvi aləminə nüfuz etməklə onda güclü emosional təsir yaratmaq bacarığı musiqisevərləri və muğam bilicilərini Qədir Rüstəmov sənətinin vurğununa çevirmişdir. Mahir muğam ustasının ifasında səslənən bir sıra muğam dəstgahları, o cümlədən "Rast" və "Cahargah" musiqi mədəniyyətimizin qızıl fonduna daxil olunmuşdur. O, dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin həyat və yaradıcılığı ilə bağlı filmdə Cabbar Qaryağdıoğlu rolunda klassik muğam ifaçısı obrazını ustalıqla canlandırmışdır.
"Şur"
ansamblının yetirmələrindən biri də Qədir
Rüstəmovdur. Qədir Rüstəmov son
dərcə həzin səsi, cəhcəhəli zənguləsi
olan xanəndə idi.
Onun qədim el
mahnısı "Sona bülbülləri"
lirik tonda oxuması buna misaldır. Bu mahnı
demək olar ki, uzun illər yaddan
çıxmışdı. Lakin Qədir
Rüstəmov öz şirin,
oynaq, rəvan səsi və məharətli
ifaçılıq qabiliyyəti ilə bu
nəğməyə melodik bəzəklər
vurub onu bizə
qaytarmışdır. Qədirin ifa
etdiyi hər bir
mahnı arasında bir-iki ağız
"Segah" üzərində gəzişməsi,
vurduğu şaqraq zəngulələr
istər-istəməz böyük
müğənnimiz Cabbar
Qaryağdıoğlunun guşə və xallarını yada salırdı. Qədirin guşəxanlığının
isə misli-bərabəri yox idi. O, həm də mahir
improvizator idi.
Qədir
Rüstəmov həmişə xalq arasında olan sənətkar
idi. Ağdamın ailə şənliklərində, el məclislərində, şəhərdə
təşkil edilən xalqımızın ənənəvi
yığıncaqlarında Qədir Rüstəmov iştirak edirdi, onun məlahətli səsi elləri,
obaları bürüyürdü.
O,
heç bir muğamı oxumaqda çətinlik çəkmir,
sənətə məsuliyyətlə yanaşması isə
onu hamıya sevdirirdi.
Ustad
sənətkar on illər boyu elimizə-obamıza əsrlərin
o tayından gələn qədimyana, şirin, təkrarolunmaz,
bənzərsiz avazıyla töhvələr verdi, Allahın əmanətini-nadir
istdadını günəş nuru, həyat çeşməsi
təki ömürlərə payladı...
Qədir
Rüstəmovun milli musiqimizə hədsiz vurğunluğu və
sədaqəti gənc xanəndələr nəsli
üçün əsl sənət məktəbidir. Milli musiqi mədəniyyəti
sahəsində nailiyyətlərinə görə Qədir
Rüstəmov Azərbaycan Respublikasının ali mükafatı olan
"Şöhrət" ordeni ilə təltif
edilmişdir.
...İncəsənət sehrli
bir dünyadır. Bu dünyaya gedən yolda zəfər
də var, məğlubiyyət də. Onun yolu çətin və
mürəkkəbdir. Bəlkə də bir
insan ömrü onun sonuna çatmaq
üçün azdır. Bunu
Qədir Rüstəmov da çox
gözəl bilirdi.
Gözəl
səsi olmaq böyük xoşbəxtlikdir. Gözəl
insan kimi bəşəriyyətə
xidmət etmək isə ən böyük
xoşbəxtlikdir. Bu Qədir Rüstəmova
aid son fikirdir.
Çünki onun qəlbində
iki məhəbbət vardı: -Biri el-biri isə sənət
məhəbbəti!
..."İnsanların çiyni son yoldur"-deyiblər. Elə yol ki, ən ağır yükləri belə daşıyır. Qədir Qüstəmovu
da apardı o çiyinlər. Arxasınca neçə
göz göynədi,
ürək yandı.
O, ikinci Fəxri Xiyabanda dəfn olundu.
...Bir dünya var, əbədiyyət dünyası.
Qədir Rüstəmov da 14 dekabr 2011-ci ildə ömrünün 77-ci ilində
oranın sakinlərindən
oldu. Ancaq yaşayan insanların dünyasında
onun səs yadigarı qaldı!
Bir də qəlbində ömrü boyu yaşatdığı el və
sənət məhəbbəti!
Baxşeyiş Abbasoğlu
Ədalət.-2012.-11 dekabr.-S.8.