"Səsin xiffəti"ni çəkən
Telli Pənahqızına açıq məktub
İş gününün
başlanğıcı idi. Baş redaktorumuz Aybəniz
Məmmədəliyeva mənə bir kitab uzadıb - "Mən oxumuşam,
sən də oxu" dedi.
Kitabın üzərindəki şəkli görəndə
baxışlarımız toqquşdu. Hər
ikimiz ixtiyarsız köks
ötürdük. İnsan
yaşlaşdıqca kövrəlir. Sən demə,
bu doğrudan da beləymiş. Necə də kövrəlməyəsən?
İllərlə məxməri səsini hər gün eşitdiyin, şirin söz-söhbətinə dinşək
kəsildiyin, məsləhətlərindən bəhrələndiyin
bir insan, indi xatirəyə çevrilərək quş tək ovcunun
içinə qondu.
İzin-istedadlı jurnalistin ürəyinin diqtəsi ilə qələmə alınan "Səsin xiffəti"ni - ovcumu yandıran o kitabı bircə günə oxuyub qurtardım. Oxucuya aydın olsun deyə bildirim ki, kitabın üz qabığında qəribsədiyimiz insanın - ecazkar səsə malik diktor, xalq artisti, "Qızıl qələm" mükafatı laureatı, Yusif Muxtarovun əzəmətli siması əks olunub. O çatma qaşlar, mənalı təbəssüm nələrisə pıçıldayır sanki. Əzizlərinə, dostlarına təsəlli versə də bu vəfasız dünyaya, çarpışan, dartışan bu yer üzünə bir az da kinayə ilə baxır deyəsən.
Dünya,
dünya yalan dünya
Məni
mənlə salan dünya
Damla-damla
verdiyini
Ümman-ümman alan dünya.
Yusif müəllim
o möhtəşəm səsinin
ecazı ilə valeh etmişdi insanları. Çoxlarının şən günlərində
məclis aparmışdı,
kimlərəsə əl
tutub qaldırmış,
çörək sahibi
etmişdi. Bəzilərinə
arxa-dayaq durmuş, ürək sözlərini
ünvanına çatdıra
bilməyənlərin danışan
dili olmuşdu o. Düzdür, qəzetlər
Yusif Muxtarovun dünyanı vaxtsız dəyişdiyini yazdılar,
heyfsləndilər, Amalya
xanıma, övladlarına
başsağlığı verdilər.
Amma yenə
ən böyük haya siz çatdınız,
Telli xanım. Minləri, milyonları
duyğulandıran, güldürüb-ağladan
bir sənətkarın
göz yaşlarına
siz tuş gəldiniz, payız leysanına siz düşdünüz. Atasızlığın ağrısını, göynərtisini
ürəyinizdən siz
keçirdiniz. "Səsin
xiffətini"nin üç nöqtəsini
siz qoydunuz. Bu kitabı yazanda
gözəl sözlər
axtarmadınız. Bildiniz ki,
gözəl sözlər
həqiqət deyil.
Həqiqətin gözəl sözlərə
sığınmadığının fərqinə varsanız da yazdınız. Dünyayla dalaşa-dalaşa, gidiliyini
təkrarlaya-təkrarlaya yazdınız.
Mən də yazdım. Sonuncu cümləni oxuyub qurtaran kimi qələmi
əlimə aldım.
Yazdıqlarınızda o böyük qəlbinizi,
ağlımızdan, təfəkkürümüzdən
süzülən işığı
gördüm, gözlərindən
yanaqlarınıza axan
damcıların istisini
hiss etdim. Yusif müəllimin
tamam olmayan 70 yaşının sevinc və kədərinə bələnən ürəyinizin
çırpıntısını eşitdim.
Telli xanım,
inamla deyirəm ki, yenicə işıq üzü görən "Səsin xiffəti" kitabı jurnalistikanın və yazıçılığın birgə ərsəyə gətirdiyi yenilikdir. Qələm əhlinə
xas incə, zərif duyğular, sənətdən gələn
peşəkarlıq, ən
başlıcası isə
sözlə insanı
dəyərləndirmək bacarığı hər sətirdə özünü
büruzə verir.
Cözələnən xatirələr sizin
özünəməxsus üslubunuzla
diqqəti çəkir.
Yusif müəllimin həyatının
ayrı-ayrı məqamları,
bu məqamların canlı şahidləri növbələndikcə vaxtiylə
baş verən hadisələr də mirvari dənələri tək öz nizamı ilə düzülür. Tanınmış sənət adamları, qələm əhli, incəsənət xadimləri,
bir sözlə Telli xanım siz demişkən, bu səsin xiffətini
çəkənlər öz
xatirələri ilə
sözün həqiqimənasında
Azərbaycan kişisinin
əsl portretini yaratmışlar. Sizsə
qələminizin hərarətiylə
bu portretə yenidən can verib, sirli-sehrli səslər aləminin bir nümayəndəsinin yaradıcı
ömrünü bütün
şəffaflığı ilə gələcək nəslə-sələflərə ərməğan etmisiniz.
Oxucunun diqqətini çəkən məqamlardan biri xatirə söyləyənin təkrar-təkrar kitab səhifələrinə qaytarılmasıdır. Düşündüm, görəsən bununla siz nə etmək istəmisiniz? Yeni üslub yaratmaq, insanların vəfasını təsdiq etmək, yoxsa yaradıcı şəxsiyyətlərə hörmətin izzət-nəfsini artırmaq fikrinə düşmüsünüz? Oxucuya xatırladım ki, bu suala Telli xanım özü belə aydınlıq gətirir: "Mənim üçün ən dəhşətli an onun ömrünün 24 saatını qələmə almaq idi. Günlərlə özümü kompüter arxasına oturmağa məcbur edirdim, ancaq son səhifəni yazmağa nə əlim gəlirdi, nə də ürəyim.... Yenidən əvvələ qayıdırdım, istədiyim səhifələrə əl gəzdirdim, yenidən nələrisə əlavə edirdim, dəyişdirirdim, təzədən yazırdım... Və beləcə özümü aldada-aldada onun ömrünü bir az da uzatmaq istəyirdim".
Bunu bacardınız, Telli xanım. Olumlu-ölümlü
dünya haqqında deyilənlərin,
yazılanların heç biri
insanın əlini soyutmur, ruhunu
kiritmir. İnsandan insana, yer üzünün
əşrəfindən dünyaya qalan elə budur: Ölməzlik!
Telli xanım, yaratdığınız bu əsərlə siz heç zaman ölməyəcək bu şəxsiyyətə - nəcib insan, möhtəşəm səs sahibi Yusif Muxtarova əzəmətli bir abidə ucaltdınız. Bununla da təbii istedadın peşəkarlıqla, peşəkarlığın təbii istedadla vəhdətindən kamil yazar-jurnalist olduğunuzu bir daha təsdiqlədiniz. Buna görə sizə həm oxucu, həm də bir həmkar kimi öz minnətdarlığımı bildirirəm.
Hörmətlə
Zərifə
Ağahüseynqızı
Ədalət.-2012.-12 dekabr.-S.7.