DAĞLARIN ÜZÜ QIŞA

(əvvəli ötən sayımızda)

"Torpağa düşməsin havayı bir dən"

 

Yardımlı rayonu ölkəmizin aqrar rayonlarından biridir. Dağlarda yerləşməsinə baxmayaraq, dəmyə torpaqlardan bol məhsul götürmək sakinlərin həmişə əsas qayğılarından olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı 23 yanvar 2007-ci il tarixli sərəncamın icrası ilə əlaqədar kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət büdcəsində yardımların ödənilməsi yubadılmamışdır. Nazirlər kabinetinin 16 noyabr 2007-ci il tarixli qərarı ilə buğda istehsalına marağın artırılması üçün hər hektara 40 manat yardım verilməsi bu işin həyata keçirilməsini sürətləndirmişdir. 2012-ci ilin məhsulu üçün 2011-ci ildə 2872 hektar sahədə payızlıq taxıl əkini aparılmışdır. Bunun 2819 hektarı payızlıq buğda, 53 hektarı arpadır. Payızlıq bitkilərin 2662 hektarı əhali təsərrüfatları, 210 hektarı isə fermer, kooperativ təsərrüfatlar tərəfindən əkilmişdir.

Yazlıq bitkilərin əkinində Avaş, Zevin, Xoravar, Vərov ərazi nümayəndəlikləri "Əflatun ortaqları", "Qaya" kooperativi daha yaxşı nəticələr göstərmişlər. 2012-ci ilin 9 ayında 3667 hektar sahədən 66477 sentner taxıl istehsal edilmişdir. Kartofçuluğa da böyük önəm verən yardımlılar 809 hektar sahədən 73595 sentner kartof yığa bilmişlər. 131 hektar sahədən isə kənd əməkçiləri 18795 sentner tərəvəz yığmışlar. Əkinlə məşğul olan rayon 1568 nəfər məhsul istehsalçısına 3418 hektar sahəyə görə 136730 manat yardım verilmişdir. Bu da öz növbəsində bu sahəyə olan marağın hər gün bir qədər artmasına səbəb olur. Heyvandarlığa da ayrıca fikir verən rayon sakinləri son vaxtlar uğurlu rəqəmlər əldə edə bilmişlər. Bu belə olmalıdır, çünki heyvandarlıq yardımlıların əsas gəlir mənbəyi hesab olunur. İndi bu rayondan mal-qaranın sayı 27632 başa, davarların sayı isə 79402 başa çatdırılmışdır. Nəticədə 19320 sentner ət, 102378 sentner süd, 5790 ədəd yumurta, 1391 sentner yun istehsal edilmişdir.

Rayona sahibkarların köməyi az deyil

Ümumiyyətlə, götürsək sərbəst azad iqtisadiyyat bütün dövrlərdə öz sözünü demişdir. Çünki bu infrastrukturun bir sıra özəllikləri üstünlükləri uğurlara aparan yolların əsasını təşkil edir. Sahibkarlığın formalaşması üçün hüquqi bazanın yaradılması, dövlət tərəfindən hərtərəfli dəstəyin verilməsi əsas amillərdən biridir. Yardımlıda da ötən müddət ərzində sahibkarlığın inkişafına xüsusi diqqət verilmiş, onların fəaliyyətinə hərtərəfli şərait yaradılmışdır. Horonu kəndində 5 nəfər sahibkarın öz vəsaitləri hesabına gündə 1,5 ton süd qəbul edən məntəqə tikilmişdir. Məntəqəyə lazım olan texniki avadanlıqların alınması üçün sifarişlər verilmişdir.

İlin 9 ayı ərzində 66 fiziki şəxs sahibkar kimi qeydiyyatdan keçmişdir. Elə bu müddətdə sahibkar tərəfindən 53,4 milyon manatlıq məhsul tədarük olunmuşdur. Qeyd etmək lazımdır ki, bu da Yardımlı rayon üzrə istehsal olunmuş ümumi məhsulun 97 faizi deməkdir.

İndi-indi təşəkkül tapan, formalaşan sahibkarlığın inkişafına mane olan bir sıra süni amillərin, yersiz müdaxilələrin aradan qaldırılması həmişə rayon İcra Hakimiyyətinin diqqətində olmuşdur. Bunun nəticəsində rayonda, eləcə Yardımlı şəhərində sahibkarlıqla məşğul olanların sayı xeyli artmışdır.

Yardımlı rayonunda torpaq islahatı aparıldıqdan sonra 36776 hektar sahə dövlət mülkiyyətinə, 12567 hektar sahə xüsusi mülkiyyətə, 17377 hektar sahə isə bələdiyyə mülkiyyətinə verilmişdir. Ötən müddət ərzində 28 vətəndaşa bələdiyyə mülkiyyəti tərəfindən yaşayış evi tikilməsi üçün 1,90 hektar torpaq sahəsi ayrılmışdır. Sahibkarlıq məqsədilə 5 nəfər vətəndaşa 0,93 hektar torpaq sahəsi ayırması da məqsədə müvafiq hesab edilmişdir.

Təhsilin yolu məktəbdən keçir

Yardımlı rayonunda gələcək nəslin təlim-tərbiyəsinə, təhsilinə xüsusi fikir verilir. Rayon ümumtəhsil məktəblərinin maddi-texniki bazasının yaxşılaşdırılması avadanlıq inventarlarla təmin olunması diqqət mərkəzində saxlanılır. Dövlət proqramına uyğun olaraq 2011-ci ildən 220 yerli Ostayir, Alçabulaq Şəfəqli, 80 yerlik Gendərə Gügəvar, eyni zamanda 360 yerlik Kürəkçi məktəblərinin tikintisinə Çayüzü uşaq bağçasının əsaslı təmir işinə başlanılmışdır. Tikinti işləri hal-hazırda yüksələn xətt üzrə aparılır. Artıq 80 yerlik Gendərə Gügəvar ümumi orta məktəbləri şagirdlərin ixtiyarına verilmişdir. 180 şagird üçün Anzov 220 şagird üçün Avaş məktəbinin tikintisinə başlanılmışdır. Yaxın vaxtlarda 80 yerlik Fındıqlı Qışlaq, Zolğard Zengaran ibtidai 360 yerlik Zevin orta məktəblərin, 55 yerlik Yolocaq uşaq bağçasının tikintisinə başlanacaqdır.

Qeyd etmək lazımdır ki, məktəb tikintisində bütün müasir tələblər nəzərə alınacaqdır. Əlavə kompüter digər xidmət otaqları inşa ediləcəkdir.

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya kommunikasiya texnologiyaları ilə təminatı Proqramının təsdiq edilməsi haqqında" Sərəncamına uyğun olaraq rayon məktəblərindəki kompüterlərin sayı 283-ə çatmışdır ki, rayon üzrə hər 30 şagirdə 1 kompüter deməkdir.

Bu ilin may ayında müxtəlif fənlər üzrə keçirilən olimpiada yarışlarında respublika turuna 11 nəfər şagird vəsiqə ala bilmişdir. Kimya fənni üzrə şəhər 2 saylı tam orta məktəbin XI sinif şagirdi Cümşüdlü Kamran Əhəd oğlu II yerə layiq görülmüşdür.

Heydər Əliyevin xatirəsinə həsr olunmuş inşa-yazı müsabiqəsində rayon turunun qalibi olmuş X sinif şagirdi Şərifzadə Günay Samiq qızı respublika da müvəffəqiyyət qazanmış, III dərəcəli mükafata layiq görülmüşdür.

Sağlamlıq əsas şərtdir

Hər bir insanın fəaliyyət göstərməsi üçün sağlam həyat tərzi əsas şərtdir. İnsanın sağlamlığı ta qədimdən qorunmağa başlamışdır. Müxtəlif zamanlarda bunlar müxtəlif yollarla həyata keçirilmişdir.

Yardımlı rayonunda sakinlərin sağlamlığı daim diqqət mərkəzində saxlanılmışdır. Ötən dövr ərzində Mərkəzi Rayon Xəstəxanası bütün imtiyazlı xəstələrə - 63965 nəfərə - sarğı materialları vermişdir. Rayonda 787 nəfər şəxs stasionar müalicə almışdır. Daha 101 nəfər Yardımlı rayon sakini cərrahi əməliyyata məruz qalmışdır. 545 nəfər hamilə qadın qeydiyyata götürülmüşdür. Ötən dövr ərzində ana ölümünə təsadüf edilməmişdir. 30 nəfər ağır xəstəyə müvafiq tibbi yardım göstərildikdən sonra respublikanın xəstəxanalarına göndərilmişdir. 2012-ci ilin 9 ayı ərzində tibb müəssisələrinə 177596 ambulator müraciət edilmişonlara vaxtında yardım göstərilmişdir.

"Elektron Azərbaycan" Dövlət Proqramına əsasən bu günə qədər 3 min 115 uşağa "Elektron sağlamlıq kartı" verilmişdir.

Bu ilin 22-23 iyununda rayon İcra Hakimiyyəti və Milli Onkologiya Mərkəzinin təşəbbüsü ilə Yardımlıya həkim briqadası gəlmişdir. Onlar 718 nəfər rayon sakinini müayinə etmiş, xəstələrə müvafiq yardım göstərilmişdir. Mərkəzi xəstəxananın həkim briqadası rayonun ayrı-ayrı kəndlərində də əhali arasında tibbi müayinələr aparmışlar.

 

Səxavət Məmmədli

Ədalət.-2012.-13 dekabr.-S.7.