BİNƏQƏDİ RAYONUNUN SOSİAL-İQTİSADİ İNKİŞAFI: REAL VƏZİYYƏT VƏ PERSPEKTİVLƏR

 

Binəqədi sakini Babək Əliyev: "Son 3-4 ayda yaşadığım Biləcəri qəsəbəsində aparılan quruculuq, abadlıq işləri məni çox sevindirir"

Yaşadığımız şəhərin bir neçə rayondan ibarət olması hətta orta məktəbin aşağı siniflərində oxuyan uşaqlara da bəllidir. Bu uşaqlar da yaxşı bilir ki, paytaxtın gözəlliyi, bütövlükdə həmin o rayonların daxilində aparılan quruculuqdan, abadlıqdan keçir. Yəni hər bir rayon öz-özünə əl gəzdirdikcə, öz-özünü zamana uyğun qurduqca onun çöhrəsi şəhərin ümumi çöhrəsinə qovuşur. Və beləcə, Bakı həm özümüzü, həm də paytaxtımıza təşrif buyuran qonaqların gəzməli-görməli bir ünvanına çevrilir.

Təbii ki, mənim üçün indi daha çox diqqət çəkən və əslində paytaxtın hər bir sakinində özünə bir maraq oyadan, hətta şəhərin şimal gedişindən keçib gələn qonaqlarda belə təəccüb doğuran Binəqədi rayonudur. Bu da təsadüfi deyil. Çünki Binəqədi rayonunun coğrafiyası elədir ki, həmin coğrafiyanı Bakı şəhərindən qoparmaq, ayırmaq qeyri-mümkündür. Sanki bu rayon iri addımlarla təkcə paytaxtın içərilərinə doğru yox, həm də Abşeron rayonuna, onun qəsəbələrinə doğru addımlayır. Bu da hər gün yeni tikinti obyektləri ilə gözəlləşən, yeni yerləri ilə insanları özünə çəkən Binəqədinin bir həyat proqramına çevrilir.

İlk baxışdan adama elə gəlir ki, Bakıya hardansa bir dağlıq ərazi, bir-bir təbiət güşəsi köçürülüb. Çünki aparılan quruculuq işləri öz keyfiyyəti və mənzərəsi baxımından bu ovqatı yaradır. Salınan yaşıllıq, əkilən ağaclar istər-istəməz göz çəkir, könül xoş edir. Bir anlıq Sumqayıtdan şəhərimizə, paytaxtımıza gələn, Xırdalan dairəsindən keçən yolu gözünüzün önünə gətirin. Onda mənim dediklərimi bir jurnalist təxəyyülünün məhsulu olmadığına siz də inanacaqsınız. Təkcə avtovağzal ərazisində, eləcə də "Şamaxinka" deyilən ərazisində "Biləcəri enişi" deyilən yerdə salınan təpələr sözün həqiqi mənasında xoş ovqat yaradır. Bax, bu işləri gözdən keçirəndə ilk çıxardığım nəticə bundan ibarət olur ki, deməli, insan hər şeyə qadirdi. Sadəcə, istək olmalıdır, arzu olmalıdır. İllərlə Binəqədidə yığılıb qalan problemlər, darısqal, çala-çuxurlu küçələr, adamın zövqünü korlayan, necə gəldi tikilmiş köşklər, obyektlər Binəqədini atılmış, unudulmuş bir əraziyə çevirmişdi. Sanki Binəqədi Bakının gözündən, könlündən uzaq düşmüşdü. Amma indi ölkə prezidenti İlham Əliyev cənablarının sərəncamı ilə Binəqədiyə İcra Hakimiyyətinin başçısı təyin edilmiş Xaləddin müəllimin şəxsən Binəqədini az qala qarış-qarış gəzib dolaşması, nöqsanları hər kəsə, xüsusilə aidiyyəti qurumları göstərərək aradan qaldırmasını tələb etməsi göstərir ki, işi bilənə, bacarana tapşırmaq lazımdı. Məhz onda həm yüksək səviyyədə, vicdanla görülür, həm də işin bəhrəsi ürək açır, könül xoş edir. Bu mənada Binəqədinin yeni rəhbərliyi regionların sosial inkişafı proqramı çərçivəsində demək olar ki, rayonun bütün ərazilərini müasirləşdirmək, gözəlləşdirmək, insanların sosial şəraitini önə çəkmək istiqamətində uğurlu layihələr həyata keçirir.

Rəsmi orqanların verdiyi bilgiyə görə, Regionların İnkişafı İctimai Birliyinin maliyyə dəstəyi və Binəqədi rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə AMEA-nın Biologiya İnstitutu rayonun müvafiq sahələrini, xüsusilə arxeoloji tədqiqatını geniş və mütəşəkkil şəkildə araşdırmağa başlayıb. Bu həm rayonun yer quruluşunu öyrənmək, həm də burada nəzərdə tutulan açıq səmada muzeyin yaradılması üçün də atılan addımdır. Ümumiyyətlə, statistiklərin hesablamalarına görə, son aylarda Binəqədi rayonunun ərazisində aparılan abadlıq işləri, eləcə də yenidənqurma demək olar ki, respublikanın əksər şəhər və rayonlarının göstəricilərindən xeyli üstündür. Bu faktın özü bir mənalı şəkildə göstərir ki, Binəqədidə təkcə rayonun mərkəzi hissəsində deyil, onun kənd və qəsəbələrində də bütün işlər planlı şəkildə yerinə yetirilir. Özü də görülən işlərlə ictimaiyyətin fəallıq nümayiş etdirməsi, yəni icra orqanına dəstək verməsi arıtq Binəqədidə sosial-iqtisadi inkişafına elliklə həyata keçirildiyinə yaxşı bir nümunədir. Bu da o deməkdir ki, rayon sakini onun üçün yaradılan şəraitdən təkcə məmnun olmur, həm də görülən işin iştirakçısına çevrilir.

 

Apardığım araşdırmalar zamanı həmsöhbəti olduğum ayrı-ayrı insanlar, eləcə də mətbuat işçiləri Binəqədi ərazisində bu gün gerçəkləşdirilən abadlıq və quruculuğa çox yüksək qiymət verdilər. Özünü Babək Əliyev kim təqdim edən Binəqədi sakini vurğuladı ki, son 3-4 ayda yaşadığım Biləcəri qəsəbəsində şahidi olduğum abadlıq, quruculuq məni çox sevindirir. Bircə ona təəssüf edirəm ki, biz bəzən gecikirik, illəri, ayları itiririk. Amma yaxşı ki, yeni icra başçımız həmin itirilən ayların, günlərin əvəzini çıxmaq üçün məmurları sözün həqiqi mənasında işlədir, onlardan real tələb edir.

Başqa bir Binəqədi sakini, şəhid ailəsi olan Azər Yusifov da bildirdi ki, həqiqətən də bu gün Binəqədidə köklü işlər görülür: "Kaş bu işlərə müstəqilliyimizin ilk illərindən başlayardılar. Bu qədər vaxt itkisinə yol verilməyəydi. Amma nə yaxşı ki, yeni icra başçımız özündən əvvəlkilərin ənənəsini vurub dağıtdı. Yəni Binəqədini passivlikdən xilas etdi. İndi ürəklə demək olar ki, biz də şəhərdə yaşayırıq, bizim də öyünməli, görməli, gəzməli parklarımız, yerlərimiz var".

Binəqədi qəsəbəsini gəzirəm. Bu da uşaqların hay-küyünün içərisində mənə o uzaq illərimi xatırladan məktəb binası... Doğrudan da uşaq dünyanın hər yerində uşaqdı. Ona görə də mən məktəbin giriş qapısından hay-küylə küçəyə axışan uşaqların böyür-başından necə qaçıb getdiklərini izləyə-izləyə özümə həmsöhbət axtarıram. Aha, deyəsən tapdım. Digər uşaqlara nisbətən sakit görkəmli, eynəkli, necə deyərlər, ağıllı təsir bağışlayan bu oğlanla qısaca sorğu-sual edirəm. Öncə diqqətlə məni başdan-ayağa süzür. Sanki kimliyimi, məqsədimi üz-gözümdən oxumaq istəyir. Ona çox düşünməyə imkan vermirəm:

- Qaqaş, mən də bu məktəbə uşaq gətirmək istəyirəm, ona görə soruşuram. Necədi burda vəziyyət? Dərslər, sinif otaqları, ümumiyyətlə, məktəbin ümumi mənzərəsi səni qane edirmi?

Sualımı sona kimi dinləyən bu eynəkli oğlan öz müdrik görkəmi ilə cavab verir:

- Dərslərimiz normal keçirilir, müəllimlərimiz də yaxşıdır, laboratoriyalarımız, kompüterlərimiz var. Bir problemimiz var idi. Bu da məktəbin köhnə invertarları, birsinif otaqlarının bərbad vəziyyəti. Bu il bir sehrli çubuqla həll etdilər hamısını. İndi özünüz görürsünüz də kənardan baxana da məktəbimiz "gəl-gəl" deyir...

Bəli, bu məktəbli oğlanın söylədiklərində böyük həqiqət var. Son 5-6 ayda, ümumiyyətlə yeni dərs ili ərəfəsində Binəqədidə çoxlu sayda məktəb, uşaq bağçası, uşaq-tərbiyə müəssisəsi köklü şəkildə təmir edildi, bərpa olundu, məktəblərin idman meydançaları, yolları qaydaya salındı. İndi rayonun əksər məktəblərinin bu barədə demək olar ki, problemi yoxdur. Üstəlik əldə etdiyim bilgiyə görə, rayonun əksər məktəb, körpələr evi, uşaq-tərbiyə müəssisələri demək olar ki, tam şəkildə istiliklə, enerji ilə təmin olunub. Bu faktın özü də artıq əvvəlki illərlə müqayisədə ürəliyə doğru, sözün həqiqi mənasında atılmış qətiyyətli və iri addımlardı.

Sözsuz ki, Binəqədi rayonunun ərazisində kifayət qədər idarə, müəssisə, təşkilat var. Həmin mövcud obyektlərin rejimi, tempi burada çalışan insanların əmək şəraiti müşahidələr zamanı bəlli edir ki, istər özəl, istər qeyri-hökumət və hökumət müəssisələrində əmək müqavilələrinin bağlanması, insanların istirahət və digər hüquqlarının qorunması baxımından da qanunun tələblərinə cavab verən bir şərait yaradılıb. Məhz bu səbəbdəndir ki, rayon icra hakimiyyətinə, onun başçısına şikayətə gələnlərin sayı günbəgün azalır. Bunun bir səbəbi də adamlarla yerlərində, açıq havada qurulan təmaslardı. Həmin təmasların da həm icra strukturlarına, həm də əhaliyə ən böyük faydası qarşılıqlı anlaşma, bir-birinə inam deməkdir.

Göründüyü kimi, Binəqədi rayon İcra hakimiyyəti başçısının iş üslubu və onun kabinetinin ölkə prezidentinin tələbləri səviyyəsində işləmək bacarığı həm insanları razı salır, həm də yuxarı instansiyaları. Bu da öz-özlüyündə işgüzarlıq, peşəkarlıq, məsuliyyət deməkdir. Hər cür uğurlara imza atmağa qadir olan Binəqədi sakinləri dekabrın bu mülayim hava şəraitinin verdiyi imkandan böyük əzmkarlıqla yararlanırlar, necə deyərlər, vaxtın qədrini bilirlər.

Bəli, doğrudan da bu gün Binəqədi özünün əsl gənclik çağlarını yaşayan, gənclik həvəsini nümayiş etdirən bir guşədir. Bu işi görənlər, bu həvəsi ona verənlər elə binəqədililərin özləridir. Onlar ölkə prezidentinin səsinə səs verərək onun qayğı və diqqətindən yararlanmağa başlayıblar. İşləri avand olsun!

 

Ədil ƏDİLZADƏ

Ədalət.-2012.-13 dekabr.-S.7.