Zakir Fəxri: "Dünyanı dərd
xilas edəcək, başqa
heç nə yox"
"Həmişə
fikirləşirəm, axı niyə mən insanlar
içində qəribəm?"
"Elə başa düşürəm ki,
mən bütün insanlığın şeirini yaza bildim"
Bu dəfə müsahibimiz sufi görkəmli,
sufi düşüncəli, öz fərqli dəst-xətti ilə modern poeziyamızda yeni üfüqlər
açmış şair Zakir
Fəxridi. Onunla ünsiyyət bizə sözün
məna karvanı ilə hikmətlər dünyasına səyahəti
xatırlatdı. Orta əsr sufizmində
hikmət həmişə gəzərgi dərvişlərlə
bərabər el-el, oba-oba,
çöl-çöl gəzib və özünü insanlarda ehtiva edib. Çağdaş
dövrümüzün də öz "dərvişləri" var ki, söz
onlardan keçməklə özünün hikmət məqamına
çatır.
-
Yaradıcılığınızda ədəbiyyatla sufizmin
ortaq sintezini yarada bilmisizmi?
- Mən
ədəbiyyatı həmişə İlahi bir qüvvəylə
bağlayıram. Allahın verdiyi və
elmin-düşüncənin inkişaf etdirdiyi İlahi qüvvə.
Bütün ömrümü
sufiliyi sevməklə keçirmişəm.Bu
mənim kredomdu.
- Sufizm, poeziya və dünya
üçlüyünün ortaq nöqtəsində dayanmaq
çətin deyil ki?
- Həmişə fikirləşirəm, axı niyə mən insanlar içində qəribəm? Dostlarımın da içində, ailəmin də içində qəribəm. Nəvələrimin də yanında qəribəm. Saçlarını bir az tumarlayıram. Lakin yenə də özümü qərib hiss edirəm. Belə fikirləşirəm ki, mən bu dünyaya azıb gəlmişəm.
Yolumu sarpdim
deyəsən
Bu dünyaya
azıb gəldim
Göy
üzü dərddən çatladı
Qoşulub
bir damla suya
Mən
o çatdan sızıb gəldim.
- Bir sufi kimi insan mənəviyyatı üçün arzuolunmaz hal sayılan, lakin çağdaş ədəbiyyatı bürüyən "mən"lərə münasibətinizi öyrənmək istəyərdik...
-
Ədəbiyyatda "mən" sözü çox
ağır bir yükdü. Qurani-Kərimdə
"Şairlər" surəsində - "Səni ona görə cahanın əşrəfi
yaratdım ki , ən böyük
şeytandan "mənlərdən" azad olasan" deyə
vurğulanır. Allah deyər, "Yer üzündə hər bir
şöhrət qəbir evinə qədərdi. Mənim verdiyim şöhrət isə əbədidir".
Füzuli, Rumi, Nəsimi
də bax odur. Şekspir və Bayronda
haqqın verdiyi şöhrətdi. Dünyada hər evdə Şekspir
var. İngilis məhz,
bununla qalib gəldi. Biz də Nizami, Füzuli, Rumiynən qalib
gəldik.
Rumi
heç vaxt yazdığını boynuna almayıb. Deyir, Şəms Təbrizi yazib onu. Yəni ki,
"mən" deyə
alovlanmayıb. Kimin
kim olmasını
zamandan zamana keçən aforizmlər
göstərir. Zamandan zamana
addamaq üçün
bir misra da yetərlidi. Ədəbiyyat insana və
bəşəriyyətə bağlıdı.
- Dünyaya mistik baxışınız
var. Həyatda mistik hadisələrlə üzləşmisizmi?
- Çox təlatümlü
həyatım olub. Mən bu dünyada hər şeyi görmüşəm. Həm
dustaq həyatı, həm iki yaşımda
hovuzda boğulmağım...
Hərdən elə fikirləşirəm ki, bu dəqiqə gedib özüm-özümü
sudan çıxardacam.
Mən sudan
çıxmışam. Anam söhbət
edirdi ki, o suda çox qalmışam. Hovuzun içində
gəzməyim yadımdadı,
məni bir əl dartıb çıxartdı ordan.
Amma o anam deyildi. Mən hovuzdan çıxdım və həyata ordan gəldim.
- Yaradıcılığınızda
hansı forma və məzmun özəlliyi var?
- 18-19 yaşımda da sevgidən yazmamışam.
Yaqub Məmmədov Füzulidən oxuyurdu, dedim mənim bundan nəyim əskikdi. Mən də yazacam.
Ədəbiyyata məhz, bu cür qısqanclıqdan gəldim. O vaxt yazdıqlarıma baxıram
və görürəm
ki, onlarda maddilik yoxdu, üsyan var. Elə başa düşürəm
ki, yaradıcılığımda
mən bütün insanlığın şeirin
yaza bildim. Əruzu bilməyə-bilməyə əruzu
yazmışam. İçim muğamla dolu olub. Yazdığım əruzun səviyyəsi
heç də başqa əruzlardan aşağı olmurdu.
- Təsavvüfün
başdan -başa kodlarla əhatələndiyini
bilirik. Bəs Zakir Fəxri
poeziyasında hansı
müəmmalı şifrələr
var?
- Sufizm özü 4 mərhələdən keçir
və sonda həqiqət məqamına
çatır. Mən dünyanı
gördüyüm qədər
görürəm. Sadəcə mən dünyanı poetik kodlarla görürəm. Məsələn,
anam sağ olanda onun ölümünə
şeir yazmışam
və inanıram ki, o misra min il qalacaq . Demişəm- "Qara torpaq
muğayat ol anamdan!" "Bir az da
gəldim yaxına"
adli şeirim var. Burada bütün həyatın fəlsəfəsi
var.
Qopdum odumdan közümdən
Əllərim qopdu dizimdən.
Bir az da qopdum özümdən
Bir az da gəldim yaxına.
Allahi Söz, Sözü Allah yaratdi. Bütün dünyanın fəlsəfəsi
bax bundadi. İnsanın gözləri, barmaqlari
onun üçün bir koddu. O bundan heç hara qaça bilməz. Mən başqa şeyi
yazmaq istəyirəm,
amma tam başqa nəsə alınır.
- Sufizmin əsas kimyası olan "dərd" haqqında nə deyə bilərsiz. Dərd sizin üçün nədir? Bəlkə o da bir xüsusi koddur?
- Muğamı beş barmağım
kimi bilirəm. Amma azan mənim üçün ən mənalı sədadı. Məni həyata
bağlayan məhz budur. Bu dərddi.
Həyat
budur. O səsdə
Allahın İlahi gücü var. Bir gün Həsən Bəsri oturub dünyadan danışırmış.
Bu zaman dəvə
karvanından biri gəlir, amma söhbətə qoşulmur.
Deyir ki, siz dünyadan
danışırsız, mən
isə şərabdan
gəlmişəm. Məni şəraba
səsləyirlər. Bunu deyir və çıxıb
gedir.
Dərd özü anlamaqdadır və Allaha doğru addımlamaqdı. Dərd Müqəddəs
ruhun məskənidi.
Məsihada da var. Deyir
- gördüm Yer yoxa çıxdı.
Baxdım ki, bir qarı qəfildən dönüb gözəl bir qız oldu.
Yaxınlaşanda soruşdum
-"ərin hanı?". Dedi, "mənim çox ərim olub. Hamısını yemişəm". Birdən dönüb bu dünya oldu. Ayağımın altındakı Yer
oldu. Hamını yeyən bu dünyadan qaçmağın
əsas şərti dərddir.
- Deməli, Zakir Fəxri üçün dərd və sufizm elə həyatın özü deməkdir...
- Bu dünya mənimçün
son deyil. İkiəlli yapışmamışam.
Məni də bu dərdə
aşina edən onu saxlayan Allah özüdür. Mən 17 yaşında
o cür oğul itridim və çərləyib ölmədim.
O qədər ölən,
beli sınan ata-analar gördüm ki!
Bəşəriyyətin xilasi sufilikdir. Dünyanı
dərd xilas edəcək, başqa heç nə yox! Dərd olmayan yerdə sevgi ola
bilməz. Çünki dərd anlamaqdır.
Sən onun ağrısını
özündən keçirib
dərk etməlisən.
Bax onda insan olursan.
Sən onun sevgisini anlayırsan, bax , onda insan olursan.
- "Vəhdəti
-vücudun əsas düsturu olan "hər şey Yaradana qayıdacaq" fikrini poeziyanızda göstərə bilmisizmi?
- Qəzalinin çox məşhur bir deyimi var. O, tamahdan keçib təmizlənməyi
üstün tuturdu. Ona görə tərki- dünya deyildi. İnsan burda təmizlənib Allaha doğru getməlidi. "Sənin olan yalnız gəmi qəzaya uğrayacağı
vaxt itirə bilməyəcəklərindi. İnsan təmizlənə-təmizlənə Yaradana doğru ucalır.
- Gənclərə
kimləri oxumağı
məsləhət görürsüz?
- Həsən Bəsrini
oxusunlar. Çünki kök, mənbə , zühur odur.
Böyük müəllim
sayılan Qəzalini , sonra Nəsəfi,
Yunus Əmrə və Rumini oxusunlar.
- Onlar haqqında nəsə elmi araşdırmalar aparırsız?
- Xeyr, mən özüm də onları hələ ki oxuyuram...
Elmin Nuri
Ədalət.-2012.-13 dekabr.-S.6.