Modernist şair (Adil
Mirseyidin 60 yaşına)
Adil Mirseyid altmış yaşına gəlib
çatdı.
Bu yaş-ömrün bu çağı onun
üçün zirvə də sayıla bilər. Zahirən qocalıb. Görünüşü
bir ağsaqqal görkəmi timsalındadır. Amma söhbət şair ömründən gedirsə,
o, hələ ekvator xəttini keçir. Dünya
hələ bütün heyrətləri, sevincləri,
ağrıları ilə bu ömrü davam etdirir.
Dünya bu şairə verdiyini-ilahidən bəxş etdiyi o
poetik istedadı zərrə-zərrə
ondan-onun cismindən, canından qoparmağa
çalışır.
Dünyanın bu Adil Mirseyid deyilən bəndəsi
yazdığı və yazacağı şeirlərlə həmin o şərəfli
missiyanın yolçusudur.
Dünən də, bu gün də Adilin şeirləri
barədə professional söhbətlər gedir. O. artıq
yaradıcılığı ilə bütün mübahisələrdən,
bütün inkarçı fikir və mülahizələrdən,
şübhə və tərəddüdlərdən xilas
olmuşdur. Kimsə onun qarasına deyinə
də bilər, lakin bunların şair Adil Mirseyidin şeirlərinə
heç bir dəxli yoxdur. Başqa birisi
Adili tərifləyib göylərə qaldıra bilər, onda
olan yaxşı sifətləri tərifləyib
ideallaşdırar onu, bu təriflərin də Adilin şeirlərinə
heç bir dəxli yoxdu. Bir başqası
Adilin maddi cəhətdən sıxıntı çəkdiyini,
Ağdaşdan götürüb gəldiyi ailəsini normal bir
otağa-evə yerləşdirə bilməməsini, bəlkə
elə bu səbəbdən paltosunun içində
sıxıla-sıxıla gəzməsini əlində bayraq eləyir,
kimlərisə günahlandırır. Ancaq
bunun da Adilin şeirlərinə heç bir dəxli yoxdur.
Adil Mirseyid şairdir, nə etmək, “şair olan qəm
də yeyir”.
Müasir
Azərbaycan poeziyasında Adil Mirseyid heç kimə bənzəmir-Adil
Mirseyidə də bir kimsənin bənzərliyini hiss etməmişəm. “Vağzallarından
tanınır şəhərlər”-bu, Adilin
misrasıdır. Adil də öz şeirlərindən tanınır. Və o dərəcədə
tanınır ki, bu şeirlərin qoxusunu, rəngini, səsini
belə hiss edirsən.
Ağaclar
bu yazı da
bayram
etdiyi gündə,
bir pəncərə
önündə,
üz-gözündə sayrışan,
göz
yaşına qarışan
qara
sevda damlaları
çırpınır Ay işığında.
Kimdi bu bəxtəvər,
cənnətə düşüb-
göydə bədrlənmiş Ay,
solunda bəyaz
mələk,
sağda
Adil Mirseyid.
Bəs sən
hardasan, könlüm,
hardasan,qönçə
gülüm?..
Şükür,
şükür bu gün də
bizdən
yan keçdi ölüm..
Adilin şeirlərində rəssamlıq duyğusu
çox güclüdür, bunu onun şeirlərindən
söz açanlar dönə-dönə qeyd ediblər. Bəziləri
bu cəhəti onun rəssamlığı ilə
bağlayır.Amma mənim fikrimcə, bu cəhət Adilin
peşəkar rəssamlığından yox, elə şairliyindən
gəlir. Adilin elə şeirləri var ki,
doğrudan da, bu şeirlərdə sözlər rəng
içindədir, şeiri oxuyub qurtardıqdan sonra
qarşında bir tablo görürsən. Məsələn:
Toğrulun
hər tablosundan
eyni bir nar gülümsəyir
hər
tabloda eyni narın qırmızısı
müxtəlif notda
qırmızı-alt,
qırmızı-tenor,
qırmızı-soprano
bəzən sehrli çıraq olur gülümsəyən nar
çox
iri gözlü bir uşağın əlində-
uşağın gözlərində o narın parıltısı
uşağın dodağında o narın təbəssümü.
..Toğrulun
rəsmini çəkmək istəsən
sən
qollu-budaqlı çinar çək
amma
unutma, qardaş
Toğrul
yüz illik çinar da olsa
Budaqları nar gətirəcək.
“Akvarel”,
“Mircavadın rəsmləri önündə”, “Bəyaz
qadının portreti”, “Bənövşə rəngli
axşam” və s. bu qəbildən olan şeirlərində
Adilin rəssamlığı daha çox gözə görsənir,
Adil bu şeirlərində gördüklərini kətan
üzərinə köçürür. Amma
Adil sözlə rəngi fərqləndirməyi bacarır,
onun sözlə çəkdiyi rəsmlər təbiətin
öz rəngləridir. Amma bir də var şairin öz
içindəki rənglər: qüssə, sevinc, dərd,
ehtiyac, nifrət.
Axşam
düşür yalqızam
Qar
üstündə çılpaq ağac kölgəsi
Qar
üstündə iz salmadan gəlir qəm,
qüssə
Bütün
günü yağdı qar
Nə
gündü namərd dostlar
ürək-dirək verir mənə çılpaq
ağac.
buz
bağlamış göl kimidi sənin gözlərin
mən
pul borc almaq üçün yox
sənə şeir oxumaqçın döymüşdüm
qapını.
Şeir “Etüd”
adlanır. Ancaq bu peyzaj təəssüratı
verən etüd deyil, insan laqeydliyinin mənzərəsidir.
Bəlkə də bu laqeydliyi-”buz
bağlamış göl kimidi sənin gözlərin”-hər
hansı rəssam öz tablosunda canlandıra bilər, amma “mən
pul borc almaq üçün yox, sənə şeir oxumaqçın
döymüşdüm qapını”-bu hissi, bu duyğunü
heç cür rəsmə çevirmək olmaz. Bu baxımdan Adil Mirseyidin şeirlərində rəssamlığın
şairliyə yox, şairliyin rəssamlığa təsirindən
söz açmaq olar.
Önjə söylədim ki, Adil Mirseyid müasir Azərbaycan
poeziyasında heç kimə bənzəmir. Ancaq
dünyada elə şair yoxdur ki, onun poeziyasında hansı
şairlərdənsə gələn təsir dalğaları
hiss edilməsin. Təbii ki, bu təsir
dalğaları genetik ötürücü rolunu oynayır.Bu
mənada Adil Mirseyidin şeirlərində çağdaş
Azərbaycan və türk poeziyasının ən
yaşarı ənənələri ilə üzləşirsən.
Hardasa onun bir şeirində Nazim Hikmətdən, başqa bir
şeirində Rəsul Rzadan, digərində Vaqif Səmədoğludan
nəsə oxşayış hiss edə bilərsən, amma bu
mexaniki oxşayış deyil, eyni poetik ruhdu ki, şairlərdən
şairlərə, şeirlərdən şeirlərə
keçə bilir.
Adil Mirseyid əsası Rəsul Rza tərəfindən
qoyulan Azərbaycan modernist şeirinin gözəl nümunələrini
yaradan şairlərdəndir.
Modernist şeirin mahiyyəti barədə çox fikirlər
söylənilib. Qısaca belə izah edək: modern şeir maksimum dərəcədə
ənənəvilikdən qaçmaq, şeirin təzə
ifadə çalarlarını, obrazlar və epitetlər
yaratmaq, dünyaya, gerçəkliyə münasibətin və
reallığı əks etdirmənin yeni poetik
formalarını ərsəyə gətirmək deməkdir. Modern şeirdə gördüyün dünya sanki sənə
təzə görünür. Şairin
aşıladığı hisslər, duyğular sənin
üçün təzədir. Təbii
ki, həmişə şeirin təzəsi, artıq öz
ömrünü başa vurmaqda olan yaxud hələ
yaşamaqda davam edən şeirin köhnəsiylə
mübarizədə diqqəti cəlb edir. Adil Mirseyidin bir çox şeirləri artıq bu
mübarizədə qalib görünürlər. Yəni
Adil Mirseyid üslubu bir çox trafaret və şablonları
qırıb, özünün bu poeziya məkanında
yaşatmaq hüququnu təsdiqləyib..
Qeyd edək
ki,Adil Mirseyid ədəbiyyata səksəninci
illərdə gəlmişdi, amma bir modernist şair kimi
formalaşması və özünü təsdiq etməsi
doxsanıncı illərdən başladı.
Ağ kətanda
bəyaz qadın;
bəyaz
qadın bəyaz saçlı,
kipriyi nəm,
gözü yaşlı.
xəyalı, yuxusu, ömrü, arzusu,
keçdiyi yol, ruzusu,
təbəssümü bəyaz,
ölümü bəyaz...
yandırır məni göz yaşım,
bu bəyaz
qadın anamızdı, qardaşım...
Beləcə
Adil, “sərxoş qış gecəsinin” də, axşam tənhalığının
da, Toğrul Nərimanbəyovun nar ağacının da, bədirlənmiş
ayın da “rəsmini” yaradırdı. Ancaq bu rəsmlər
hisslərin, duyğuların rənginə
boyanmışdı. Bu tipli şeirlərdə
tədricən modernist cizgilər də boy atırdı, amma hələ
tam deyildi. Doxsanıncı illərdə
yazdığı şeirlərində isə Adil Mirseyid
artıq bir modernist şair kimi diqqəti cəlb edir, onun
şeirlərindəki təzəliklər ən çox bənzətmələrdə
özünü büruzə verir. Ay
işığını fil sümüyü rənginə,
yaxud pəncərədəki kəpənəyə bənzətmək-bu
təzədir.
pəncərədən baxıram
astanada
oturub
siqaret
çəkir kölgəm.
bir
gül ləçəyi altında
ölmək istəyirəm mən
öldüyümü bilmədən
yenə
ovutdum könlümü
bir
göyərçin gözlərində
dünya
gəlir ağlıma.
Bunlar assosiativ təfəkkürdən doğur. Əgər bizim
düşüncəmizdə, qavrayışımızda bu
tipli şeirlərdəki mənalar, obrazlar dərhal naməlumluqdan
məlumluğa çönürsə (məsələn,
dünyanı bir göyərçin gözlərində
görmək kimi, yaxud başqa bir görünüş: pəncərədən
baxıb öz kölgəsinin astanada siqaret çəkdiyini
seyr etmək) və bunlar get-gedə
qavrayışımızda qeyri-adilikdən adiləşməyə
üz qoyursa, bu, təbii ki, modernist şeirin qələbəsidir.
Bilirik ki, modernist şeirin Vətəni Avropadır, amma
Şərq şairləri bu modernizmi qəbul edərkən
çox zaman öz milli stixiyalarından çıxış
edirlər.Yəni Avropa modernizmi ilə şərqli
baxışı birləşir. Məsələn, Adilin bir şeirində (“Elçin
Əfəndiyevə məktub”) Şərq şairinin Parisdə
yaşayırmış kimi keçirdiyi düşüncələr
əks olunur, özünü yaşadığı şəhərdə
parisli sanan bu şərq şairinin əhvalı bizə
tanışdır.
dəli-divanə elədi məni
itirilmiş umudların həsrəti
ürəyim parçalanır axşamlar
ah kafirlər məmləkəti
ah kafir
adamlar hamınız qəhr olasız
bir
şair yoxmu aranızda
güllələsin məni
budaqda
portağal kimi
parıldayır bir umud
oğlum,
aç pəncərəni.
Bu şeir xalis Şərq modernizmi nümunəsidir, necə
deyərlər, Vətəni Azərbaycan, müəllifi Adil
Mirseyid.
Onu da qeyd edək ki, Adil Mirseyid modernist təmayülün
yeni dalğasını poeziyaya gətirməkdə
mühüm rol oynadı. Tənqidçi Cavanşir Yusifli
yazır ki, Adil Mirseyid Salam Sarvanın şeirlər
kitabına belə bir şəkil çəkib: saatın əqrəblərinə
ağır bir kilid vurulub, bu məngənə içində
olsa-olsa vurnuxmaq olar. Bu rəsmin
aşıladığı ovqat hamıdan qabaq Adilin
özünün poetik təfəkkürünə aiddir. Adil və ondan sonra ədəbiyyata
gələn bir çox şairlər də məhz sükutun səsini
yazmağa, ifadəsi mümkün olmayan şeylərin ifadəsinə
çalışmağa can atırlar.
Adil Mirseyid 60 yaşındadır, rəssam və
şair kimi yoluna davam edir. Dünya Adil Mirseyid
üçün hələ bitib-tükənməyib, Adilin
dünyaya nə verdiyini söyləmək olar. Amma
dünyanın Adilə verəcəkləri gələcəyin
işidir.
Vaqif YUSİFLİ
Ədalət.-2012.-15 dekabr.-S.13