Gədəbəy - Əfsanə ilə reallıq arasında

 

Yol üstə olan 2012-ci il dağlar qoynunda yerləşən Gədəbəy rayonu və bu qədim məkanda yaşayan zəhmətsevər, mehriban, saf insanlar üçün əlamətdar oldu. Gədəbəy bu il "Azərbaycanın Əfsanələr Paytaxtı" kimi tanındı və hər yana səs saldı.

Mədəniyyət və Turizm Nazirliyinin həyat keçirdiyi "2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları" Proqramına uyğun olaraq Gədəbəy 2012-ci ildə "Azərbaycanın Əfsanələr Paytaxtı elan olundu.

Nominasiyanın qalibi kimi Gədəbəydə ilboyu maraqlı tədbirlər həyata keçirilib. Bir neçə gün öncə tədbirlərə rəsmən yekun vuruldu. Mədəniyyət və Turizm Nazirliyi "Azərbaycanın Əfsanələr Paytaxtı"nı yaxından tanımaq, yekun tədbirdə iştirak etmək üçün bir qrup mətbuat nümayəndəsinə şərait yaratmışdı. Bir qədər irəli gedib deyim ki, Gədəbəyə info-tur maraqlı alındı. Dağlar qoynundakı əfsanələr paytaxtında reallaşan işləri görməyə dəyərdi. Elə yazmağa da...

Gədəbəy paytaxta gəlməyəndə paytaxt Gədəbəyə gəlir

"Gədəbəy- Azərbaycanın Əfsanələr Paytaxtı-2012" silsilə tədbirlərinin təntənəli bağlanış mərasimi rayon mədəniyyət evində keçirildi. Bayram ovqatı ilə bəzənmiş zala rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar toplaşmışdı. Mərasimi açıq elan edən Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qüdrət Paşayev "Azərbaycanın Əfsanələr Paytaxtı" nominasiyasının qalibi elan olunmasını rayonun həyatında mühüm rol oynadığını bildirdi. Qüdrət Paşayev qeyd etdi ki, bununla bağlı il ərzində silsilə tədbirlər həyata keçirilib. İcra başçısının birinci müavini bu tədbirlərin hazırlanmasında və keçirilməsində əməyi olan hər kəsə təşəkkürünü bildirdi, Mədəniyyət və Turizm Nazirliyinin, nazir Əbülfəs Qarayevin diqqət və qayğısını xüsusi vurğuladı.

Qüdrət Paşayev rayonda aparılan geniş-abadlıq, quruculuq işlərinə də toxundu: "Azərbaycan elminə, mədəniyyətinə böyük töhfələr verən Gədəbəy qədim yaşayış məskənlərindən biridi. 1229 kvadrat kilometr ərazisi, 95 minə yaxın əhalisi, 114 kəndi olan Gədəbəy Ermənistanla 123 kilometr sərhədə malikdi. Dağlıq şəraitində, düşmənlə sərhəddə yerləşməsinə baxmayaraq, rayon sakinləri düşmənə qarşı mübarizə aparıb, ermənilərə bir qarış torpaq belə verməyiblər. Son illər bütün ölkədə uğurla aparılan abadlıq-quruculuq işləri bizim rayondan da yan keçməyib. 70 illik sovet hakimiyyəti zamanında Gədəbəydə cəmi 4 məktəb tikilmişdisə son 10 ildə rayonumuzda 70 məktəb tikilib. Mədəniyyət və səhiyyə müəssisələrinin inşasına, turizm obyektlərinin genişləndirilməsinə və tarixi abidələrin qorunmasına xüsusi diqqət göstərilib".

Mədəniyyət və Turizm Nazirliyinin mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev nazir Əbülfəs Qarayevin salamlarını rayon ictimaiyyətinə çatdırdı. Şöbə müdiri bu il "Azərbaycanın Əfsanələr Paytaxtı" elan olunan Gədəbəydə görülən işləri müsbət qiymətləndirdi, rayon mədəniyyət və turizm şöbəsinin bununla bağlı fəaliyyətini xüsusi qeyd etdi.

Kürsüyə dəvət olunan Gədəbəy Rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Fazilə Məmmədova 2012-ci ildə "Azərbaycanın Əfsanələr Paytaxtı" elan olunduqdan sonra rayonda keçirilən tədbirlər barədə məlumat verdi. Şöbə müdiri bildirdi ki, Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yedigarovun birbaşa rəhbərliyi və köməyi ilə müxtəlif tədbirlər həyata keçirilib. Layihəyə uyğun olaraq, loqotip, buklet, açıqca hazırlanıb, banerlər rayonunun müxtəlif yerlərində vurulub. "Dağın yazı-aşığın sazı" ədəbi-bədii gecə, "Siemins" Muzeyinin təşkilatçılığı ilə "Siemenslər yarım əsr Gədəbəydə" adlı sərgi və elmi-praktiki konfrans keçirilib. "Kitab bayramı", "Dastan Günü", "Turizm" sərgisi, elmi-praktiki konfrans rayon sakinləri və turistlərin marağına səbəb olub. "Daşınmaz tarixi abidələr foto görüntülərdə" adlı sərgi təşkil olunub. "Gədəbəylə bağlı əfsanələr şagirdlərin bilgilərində" devizi ilə keçirilən müsabiqədə musiqi məktəblərinin şagirdləri yaxından iştirak ediblər. Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzlə birgə təşkil olunan "Azərbaycan xalqının ədəbi irsi" adlı dəyirmi masa da yadda qalan olub. Rayonda fəaliyyət göstərən "Miskin Abdal" ədəbi məclisi mərkəzi kitabxananın veb-saytında "Gədəbəyin qızıl fondu" adlı məlumat bazası yaradıb. "Gədəbəy rayonunun Azərbaycan aşıq sənətində önəmli rolu" mövzusunda keçirilən elmi-praktiki konfransda tanınmış ziyalılar, istedadlı sənətkarlar iştirak edib.

Fazilə xanım onu da bildirdi ki, il ərzində təşkil olunan tədbirlər ölkə mətbuatında, telekanallarda müntəzəm işıqlandırılıb. Şöbə müdiri verilən dəstəyə görə Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyinə minnətdarlıq etməyi də unutmadı.

Sonra tədbirin bədii hissəsinə start verildi. Yerli aşıqların, müğənnilərin ifası maraqla qarşılandı.

Tədbirə gələnlərə Fazilə Məmmədova Etibar Əliyevin nəşr etdirdikləri "Azərbaycanın Əfsanələr Paytaxtı- Gədəbəy-2012" "Gədəbəy: Turizm Perspektivləri" kitabları hədiyyə olundu. Hər iki nəşr rayonun tarixi bu günü ilə maraqlanan insanlar üçün ciddi mənbədir. Müəlliflər Gədəbəyə olan sevgilərini, ziyalı mövqelərin ortaya qoya biliblər.

Burdan Siemenslər keçdi

Rayon Mədəniyyət Evində "Siemenslər muzeyi" yaradılıb. Mədəniyyət Evinin direktoru Etibar Əliyev muzeyin yaradılmasında böyük əmək sərf edib. Tarixdən məlum olduğu kimi, alman əsilli Siemens qardaşları- Verner, Karl, Vilhelm, Otto Fridrix 1864-cü ildə Çar Rusiyasının rəsmi icazəsi ilə Gədəbəydəki mis mədənlərinə tam sahiblik ediblər. Sənayenin inkişafı üçün çox böyük işlər görən bu qardaşlar o zaman üçün inqilabi sayıla bilən addımlar atıblar. Onlar 1914-cü ilə qədər Gədəbəydə çalışıblar. Siemens qardaşlarının izlərini Gədəbəyin çox yerində görmək mümkündü.

Bu izlərdən biri Düzyurd kəndinin ərazisindədi. 1879-cu ildə burada inşa olunun körpü ilə mis mədənlərinə odun daşınıb. Etibar Əliyevin sözlərinə görə, rayon ərasizində 30-a yaxın belə körpü olub, sovetlərin bu ərazilərə gəlişindən sonra körpülərin bəzisi məhv edilib. "Siemens körpüləri"nin 12-si bu günə kimi qorunur.

Əl atdım, qızıla dəydi

İnfo-turda iştirak edən mətbuat nümayəndələri Gədəbəydə qızılçıxaranların şəraiti ilə yaxından maraqlanmaq imkanı qazandı. "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limitet" Şirkəti əvvəlcə əraziyə məhdud sayda jurnalistin daxil ola biləcəyini bildirsə sonradan qələm adamlarını seçim qarşısında qoymadı. Təhlükəsizliklə bağlı sənədə imza atdıqdan xüsusi qoruyucu geyimlərlə təchiz olunduqdan sonra əraziyə buraxıldıq.

Bizi şirkətin əməliyyat meneceri Tim Zeler qarşıladı. Tim özü Cənubi Afrika Respublikasındandı. Dünyanın bir çox ölkəsində qızıl axtarıb. Beynəlxalq Mədən Əməliyyat Şirkəti fəaliyyətə başlayandan burada çalışır. Bu dörd il ərzində bəzi Azərbaycan sözlərini öyrənə bilib.

Zeler bildirdi ki, Gədəbəy ərazisində 26 tona yaxın qızıl ehtiyatı var. Beynəlxalq Mədən Əməliyyat Şirkətinin açılış mərasimi 2009-cu ildə reallaşıb ölkə başçısı İlham Əliyev müəssisəyə xeyir-dua verib.

Şirkətin Gədəbəydə çalışdığı ərazi Azərbaycanda qızıl istehsal edən ilk mədəndi. Bura da gümüş mis çıxarılır. Bu işləri görmək üçün 480 nəfər çalışır, onların 300-ə yaxını yerli işçilərdi. İşlər açıq mədən üsulu ilə aparılır. Zeler onu da əlavə etdi ki, qızıl çıxarmaq bəzilərinin düşündüyü kimi, o qədər asan məsələ deyil.

Ərazini gəzərkən şirkətin təmsilçisi Süleyman Qədimov bir məsələni vurğuladı. Onun sözlərinə görə, geoloji qazıntı işləri, aparılan analizlər bu ərazidə 2023-cü ilə qədər qızıl istehsal etmək mümkün olacaq. Bəs sonra? Süleyman müəllim dedi ki, qazıntı işləri aparılan bu geniş ərazinin münbit torpağı başqa yerdə mühafizə olunur. 2023-cü ildən sonra ərazi bərpa oluna bilər. Hətta buralarda park da salmaq mümkündü. Şirkət təmsilçisi deyir ki, aparılan qazıntı işləri ekologiyaya ziyan vurmur. Ekologiya Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri burada tez-tez monitorinqlər aparır.

Mənə yol yoldaşlarıma istehsalın ən son prosesini-qızılın hazır olmasını görmək nəsib oldu. Şirkət əməkdaşları dedilər ki, açılış mərasimi zamanı dövlət başçısını müşayiət edən media nümayəndələrindən sonra bu sexə heç bir əli qələmli adam buraxılmayıb.

Səfər yoldaşlarım kimi mən də sobadan yenicə çıxan təxminən 16 kiloluq qızıl külçəsinə əlimi toxundurdum. Bir neçə saniyəlik də olsa özümü dünyanın varlı adamlarından biri hesab etdim.

İnfo-turun sonunda Gədəbəydən ayrılarkən rayon mədəniyyət və turizm şöbəsinin müdiri Fazilə Məmmədovadan rayon haqqında əfsanə danışmasını xahiş etdim. Fazilə xanımın cavabı maraqlı oldu: "Bu yurdun qədim tarixi, coğrafi şəraiti, saf insanları, yeraltı və yerüstü sərvətləri, bugünkü uğurları əfsanə deyilmi?"

 

Düz sözə nə deyəsən...

Etibar CƏBRAYILOĞLU

Ədalət.-2012.-15 dekabr.-S.9.