Musa Yaqub: "Kötüyün
üstündə araq içirdik"
"Səməd
Vurğunun təsirindən 21 ilə çıxdım"
Şair Musa Yaqubun Kulis.az-a müsahibəsi
- Musa
müəllim, bir az özünüz
haqqında məlumat verərdiniz...
- 1937-ci
ildə İsmayıllı rayonunun Buynuz kəndində anadan
olmuşam. O vaxt kəndimiz çox da böyük deyildi.
- Kəndin əhalisinin sayı nə
qədər olardı?
-
Əhalisi az idi. O zaman 20-25 ev
olardı. İndi 200-dən çox olar. Kəndimiz çox gözəl yerdədir. Buynuz haqda deyim ki, Buynuzun əvvəl adı Şenol
olub. Sonradan Buynuz adlandırıblar. Kəndin Buynuz adlandırılmasını belə
izah edirlər ki, doğurdan da Göyçay çayı tərəfindən
aşağıdan baxanda kənd, Camalı dağı, bir də
o biri nəhəng dağ şəklinə görə buynuza
oxşayırlar. İsmayıllıda, daha
doğrusu Şirvanda hər şeyə coğrafi mövqeyinə,
coğrafi görünüşünə görə ad
qoyurlar. Buynuz da adını o dağdan
alıb. Ancaq zəlzələşünaslar
başqa şey deyirlər. Yerin altında
həmişə zəlzələ buynuzları olur. Mifologiyada belə bir deyim var ki, öküz buynuzunu
yerin altında oynadanda zəlzələ olur. Bunun da yəqin elmi əsası olub. Doğurdan yerin altında zəlzələ
buynuzları var, çoxdur. Bəlkə də
ona görə kəndimizin adını Buynuz qoyublar.
- Orta məktəbi də kənddə
oxumusunuz?
- Kəndimizdə
ibtidai məktəbin birinci sinfinə getmişəm. Uşaq az olduğundan birdən-birə birinci sinifdən
üçüncü sinfə keçdim. Həm
də babat oxuyurdum. O zaman bizim kənddə məktəb
yeddiillik olmadığı üçün qonşu
Topçu kənd yeddiillik orta məktəbinə gedirdim. 12-13 yaşlı balaca uşaqlar düz 7 kilometr
qarda, yağışda gedib-gəlirdik. Bu
bizə ləzzət edirdi. Yönlü
paltarımız, ayaqqabımız belə yox idi. Ağır müharibə dövrü təzə
qurtarmışdı. Çətin idi.
Topçu kəndi orta məktəbini tərifnamə
ilə qurtardığım üçün Göyçay
Pedaqoji Texnikumuna oxumağa göndərdilər. Göyçay Pedaqoji Texnikumu o vaxtlar ibtidai məktəblər
üçün güclü müəllim kadrları
hazırlayırdı. Məktəbi
1953-cü ildə bitirmişdim. 1957-ci ildə
isə Texnikumunu bitirdim. Bir il sonra
universitetin jurnalistikasına sənəd verdim. Bütün
üç alanlar imtahandan keçdilər. Biz dörd-beş alanlar kəsildik. Ancaq 1961-ci ildə Universitetin filologiya fakültəsində
qiyabi təhsil aldım. Universiteti 1967-ci
ildə bitirdim. Həm oxumuşam, həm də
o illər ərzində dərs demişəm. Çətin olsa da fərəhli, həvəsli
vaxtlarım idi. 1958-ci ildən müəllim
işlədim. Bir il kəndimizdən
kənarda, daha sonra Buynuz kənd orta məktəbinə müəllim
göndərildim. Məktəb səkkizillik olanda
məktəbin direktoru olmuşam. Kəndimizdə düz
17 il müəllim işləmişəm.
- Nə vaxt çap olunmağa
başladınız?
-
Topçuda, altıncı sinifdə oxuyanda balaca
cızma-qaralar edirdim. Oxuduqlarımı nəzmə
çəkirdim. Bunlar təbii ki, şeir
deyildi. Göyçay Texnikumunun
üçüncü kursunda oxuduğum zamandan şeirlər
yazmağa başladım. O vaxt teknikuma bir çox artistlər
gəlmişdi. O zaman bədii qiraət də dedilər. Mənim
ən böyük xeyirxahım, mənə ən böyük
köməyi edən adam Məmməd Araz
olub.
- Gələn artistlər kimlər
idi?
- Ancaq Müxlis Qənizadə yadımda qalıb, digərlərinin
adını unutmuşam.
- Yəqin
Səməd Vurğunun şeirinin təsiri ilə yazmağa
başladınız...
- Səməd Vurğunun şeiri mənim
üçün qığılcım oldu. O şeiri eşitməmişdim
heç vaxt.
- O zaman Səməd Vurğun sağ
idi?
- Yox, Səməd
Vurğun 1956-cı ildə rəhmətə getmişdi. Onun "Çiçək" kitabçası
çıxmışdı. Yaradıcılığı
ilə maraqlanırdıq. Əli Kərimin
"İlk simfoniya" poemasını da o zaman oxumuşam.
"Azərbaycan" jurnalını
alırdım, çox çətin idi. Ədəbiyyatla
maraqlanırdım və özüm də xırda-xırda
"Ana vətən", "Ana", bu tipli şeirlər
yazırdım. Şeirlərim rayon qəzeti
"Qalibiyyət bayrağı"nda çap olunurdu.
- Siz Göyçayda təhsil
almısınız. Şair
Əli Kərim də əslən göyçaylıdır.
Təhsil müddətində Əli Kərimlə
tanışlığınız olmuşdumu?
- O vaxt
Əli Kərimi tanımırdım. Eşitmişdim ki,
Moskvada Qorki adına Ədəbiyyat
İnstitutunda oxuyur. İsgəndər
Coşqunla rayona gəlmişdilər. Klubun
ətrafına yığışıb, uzaqdan-uzağa
Əli Kərimə baxdıq. Onlara
çox böyük həsrətlə baxırdıq. Onların böyüklüyündən
danışırdıq. Sonra məni tədbirlərə
aparırdılar, şeirlər deyirdim. O vaxt belə məsələlər
dəbdə idi. 1957-ci ildə məktəbi
bitirəndə "İki qəlb, iki dünya" adlı
poema yazmağa başladım. 1957-ci ildə
Moskvada Ümumdünya gənclərinin Ümumittifaq
Festivalı keçirilirdi və ora dünyanın hər
yerindən gənclər gəlirdi. Özümdən
fantaziya düzəltdim ki, Bakıdan bir tarzən, Təbrizdən
də Gülşən adlı nəğməkar Moskvaya gedib,
orda görüşürlər və bunların arasında
sevgi-məhəbbət yaşanır. Oğlan tar
çalanda qızın, qız oxuyanda oğlanın xoşuna
gəlir. Moskvadan qayıtdıqdan sonra da bir-birlərini
axtarmağa başlayırlar. Hiss və düşüncələr
nəticəsində yavaş-yavaş bu poema yarandı. "İki qəlb, iki dünya" poemasını
tamamladıqdan sonra Məmməd Rahimə göndərdim.
Məmməd Rahim mənə cavab
yazmışdı və bəzi qeydlər etmişdi. Onun qeydlərini nəzərə alıb, poemanı
yenidən işlədim və göndərdim Məmməd
Rahimə. Məmməd poemanı komsomolun
mərkəzi komitəsinə göndərib ki, bununla məşğul
olun, cavan oğlandır kömək etmək lazımdır.
Birinci dəfə Bakıya gələndə
"Azərbaycan gəncləri" qəzetinin
redaksiyasını çətinliklə tapmışdım.
Poemanı bir dəfə itirdilər. İkinci dəfə yenə gəldim. Cəmil Əlibəyov məsul katib, Şamil
Xurşud şöbə müdiri idi. Cəmilgil
dedilər ki, baxarıq, həll olunar. Mən
də rayona qayıtdım. 1959-cu il
mart ayının dörd nömrəsində poemanı dalbadal
çap etdilər. Qəribə idi ki, hələ
bir şeirim də çap olunmamışdı. Son nəşr olunmuş kitabıma ilk dəfədir
ki, bu poemanı daxil etmişəm. Mənim
zülmüm elə bu poemadan sonra başladı.
- Niyə?
- Ona
görə ki, köhnə ənənə ilə
yazılmış poema idi. Poemadan sonra iki il
yazdım-pozdum, bəyənmədilər, dedilər bunlar
şeir deyil. Şeirlərim də çap
olunmadı. Mən özüm də o məqama
çatmamışdım. Bilmirdim ki, hələ
poeziya nə olan şeydir. Birdən-birə
üzümü tutdum təbiətə.
-
"İki qəlb, iki dünya" poemanızda Səməd
Vurğunun çox güclü təsiri hiss olunur...
- Səməd
Vurğunun, Osman Sarıvəllinin təsiri olub, bunu dana bilmərəm. Əslində
təqlid etməkdən başladım. Üzümü
təbiətə tutandan sonra bildim ki, poeziya nədir. Sonra yavaş-yavaş müəyyən şeirlər
yaranmağa başladı. Bakıya gələndən
sonra dostlar, qardaşlar məni qarşılayıb, çox
böyük köməklik etdilər. Poema
çap olunandan sonra dedilər səni
İsmayıllının Maarif müdiri
çağırıb. Poemanın sonunda
informasiya vermişdilər ki, bu Minkə kənd məktəbinin
müəllimidir. Onun da gözü kəlləsinə
çıxıb ki, bu kimdir. Çağırıb
yanına dedi "Ə, o poema sənindir?" Cavab
verdim ki, bəli mənimdir. Dedi bəs bizə niyə
deməmisən? Dedim nə bilim deməmişəm də
(gülür). Sonra yavaş-yavaş
tanımağa başladılar.
- Ondan sonra bir də nə vaxt
çap olunmağa başladınız?
- Poemadan
sonra iki il "Azərbaycan"
jurnalında "Qayalar", "Damla",
"Sarmaşıq" adlı şeirlərim çap edildi.
"Azərbaycan" jurnalında imzam təsdiq
olunandan sonra çap olunmuşam. O vaxt imzanı təsdiq
etmək çox çətin idi. Doğurdan
çox dəhşətli, ağır idi. Təbiətə müraciət edəndən sonra
müəyyən şeirlərim yarandı. Mirzə İbrahimovun rəhbərliyi altında
Yazıçılar İttifaqında şeir günləri
keçirirdilər. Bir dəfə
Yazıçılar İttifaqına gəldim. Həmin məclisi televiziya çəkirdi. Məclisi Qabil təşkil edirdi, Mirzə
İbrahimov aparırdı. Bütün
yazıçılar - cavanlar da, qocalar da
yığılmışdılar. Qabil dedi ki, "Mirzə
müəllim, Musa da gəlib, Musa da gəlib". Mirzə
müəllim də cavab verdi ki, "Ayə
veriliş gedir, bəsdir". Apardılar məni, zornan orda
bir şeir dedim. Çox xoşlarına gəldi.
Əl çaldılar, təriflədilər.
Mirzə müəllim qalxıb ayağa dedi ki, "A bala, eşitdüz?" Dedilər ki,
"Hə, Mirzə müəllim eşitdik". Bu şeirə görə məni
Yazıçılar İttifaqına işə
götürdülər. Nəşriyyat
şöbəsinin müdiri təyin olundum. Bu şeir mənə kömək oldu.
- Nəşriyyat şöbəsinə
işə düzələn vaxt müəllim işiylə
bağlı problem olmuşdu?
- Hə,
bir balaca problem olmuşdu. Gördüm ki, Maarif
Şöbəsi məni başa düşmür, mən də
onları. Ziddiyyət yaranmışdı.
Eyni zamanda dostlar deyirdi ki, gəlmək
lazımdı. Bəlkə də tez gələrdim.
O vaxt Süleyman Rəhimovun belə bir cümləsi gəlişimi
yubatdı: "Ədəbiyyat adamları fərqi yoxdur kənddə,
şəhərdə ədəbi ruhu yaşada bilirlərsə
harada olmalarının elə də fərqi yoxdur". Bir il onun sözünə görə rayonda
qaldım (gülür).
- Ancaq
Süleyman Rəhimov özü şəhərə gəlmişdi...
- Hə,
özü gəlmişdi. Mən Bakıya gəlməmişdən
əvvəl, rayonda olanda çoxlu dostlar, yoldaşlar - Əkrəm
Əylisli, İsi Məlikzadə, Fikrət Qoca, Salahzadə
komsomol xəttiylə İsmayıllıya gəlirdilər.
Gələndə məni mütləq
tapmalıydılar. Mən onlara demişdim
ki, şəhərə gəlmək istəyirəm. Əkrəmlə Fikrət Mirzə müəllimə
yalandan deyiblər ki, ay Mirzə müəllim, bir aydır ki,
Musa ac-yalavac qalıb Bakının küçələrində.
Yaxşı deyil, ona bir iş düzəltmək
lazımdır. Mirzə müəllim də
deyib ki, a bala, haradadırsa tez gəlsin. Mən
də İsmayıllıdayam. Bakıya gələn
kimi Mirzə müəllimin yanına getdim. Dedi ki, a bala,
şeir demişdin, tanıyıram səni. Gəl
çıx da bir aydır səni gözləyirəm
(gülür). Vallah belə dedi. Dedi məni abırdan
salıblar. 1973-cü ilin may ayından Yazıçılar
İttifaqının nəşriyyat şöbəsinin
müdiri təyin olundum. Texniki cəhətdən
jurnalları təmin edirdik. Daha sonra məni
Şüvəlan Yaradıcılıq Evinə direktor göndərdilər.
Şüvəlan mənim üçün
çox yaxşı, ləzzətli yer idi. Yay vaxtı, istidən dözə bilmirdim. Yaradıcılıq evində bir dəfə dedilər
direktor hanı, direktor hanı, mən də yekə soyuducu
var, girmişdim onun içinə. Deyirdim
boğulum amma sərinlənim. Axtarıb
soyuducuda tapdılar məni (gülür). Yazıçılar
İttifaqına gələndən sonra dostlarım mənə
çox kömək etdilər. Nahid
Hacıyev televiziyaya çıxmaq üçün şərait
yaradırdı. "Azərbaycan" radiosunda
şeirlərimi götürüb, qonorar yazırdılar.
Məmməd İsmayıl sənədli filmlərin
direktoru idi. Arılar haqda bir ssenari yazdım. 600 manat qonorar yazdı mənə. Dostlar elə
qayğıya bürüdülər ki, kirayə ev tapdım, ailəmi də gətirdim. Yaradıcı insanlar arasında mehriban ünsiyyət
var idi. Yaxşı şeir çap
olunanda, o şeir elə bil hamımızın idi. Əli Kərimin "Daş" şeiri belə
şeirlərdən idi. Hələ də
yadımdadır ki, "Ədəbiyyat" qəzetinin
hansı səhifəsində çap olunmuşdu. Məşhurluqla deyil, şeirin özü də
insana ləzzət etməlidir. Vilayət
Rüstəmzadənin "Zəngli saat" şeiri
yaxşı şeir idi. O vaxt yaxşı şeirlər
hamının şərikli şeirləri hesab olunurdu. Hiyləgərlik, nə bilim bir-birinə badalaq gəlmələr
yox idi.
- Siz tərifləyirsiniz, amma o biri
yazıçılar şikayət edirlər ki,
ayağımızın altını qazırdılar...
- Vallah,
hamısı əfsanə söhbətdir. Deyirlər,
sovet dönəmində ədəbiyyat yaranmayıb. Əşi, mən babat şeirlərimin
hamısını o dövrdə yazmışam. Vallah mənə heç kəs deməyib ki, Lenin və
yaxud da filankəs haqqında şeir yaz. Özün
yazırdın, özün edirdin. Bircə
problem o idi ki, kitabın çap olunanda, əvvəlinə
Lenin, vətən haqqında şeir yazılmalı idi.
- Siz özünüz çətinliklə
üzləşmişdiniz?
- Qətiyyən
yox. Sadəcə baryerlər çox idi. Amma əsərlər KQB-dən, senzuradan çox
çətin keçirdi. Mənim belə şeirim var
idi: "Köhnə tərəzimiz elin gözü idi, onunla
bölərdik yaxşı, pisi də. indi
şey çəkilməz bu tərəzidə". Tutmadılar bunu getdi. Ondan
ötrü bu şeiri keçirdənə töhmət verdilər
ki, necə yəni şey çəkilməz o tərəzidə.
"Karusel" adlı bir şeirimə görə
"Ədəbiyyat" qəzeti töhmət aldı.
- Orda nə yazmışdınız?
- O
şeirdə boş yerə fırlanan yazılardan
yazmışdım. "Qarağacların
ölümü" adlı şeirimi də çap etmədilər.
Şeirdə sətiraltı mənalar vardı,
qorxurdular çap etməyə. Özü
də burda KQB-nin də, senzuranın da işini redaktorların
özü görürdü. Bilirdilər
ki, kimin yazdığını seçmək lazımdır.
İki il "Azərbaycan" jurnalında şeir şöbəsinin
müdiri olmuşam . Mən
bilirdim artıq nələri vermək olar, nələri vermək
olmaz. Yolda-izdə oxuyurdum, xoşuma gəlirdi,
tərifləyirdim. Ancaq redaksiyaya gələndə
deyirdim ki, bunu senzuradan keçirə bilməyəcəyəm,
vəssalam.
- Bakıya gəldiyiniz illəri necə
xatırlayırsınız? Ən çox
kiminlə dostluq edirdiniz?
- Mənim
üçün dostluq, yoldaşlıq etmək daha asan idi,
ona görə ki, kənddə yaşayanda bütün
yaradıcı insanlar - məndən böyüklər də,
kiçiklər də kəndə gəliblər. Onlarla oturmuşam, durmuşam.
- Qonaqlıq vermisiniz...
-
Qonaqlıq vermişəm, qonaqlıq almışam
(gülür). Süfrə
açmışıq, oturmuşuq. Doğmalaşmışıq.
Qışda, qarda meşələrdə
kötük axtarmışıq araq içməyə.
- Kötüyün üstündə
içirdiniz arağı?
- Hə,
o çox gözəl olur. Butulkanı qoyursan,
rumkaları da düzürsən, elə bil bardır
(gülür). Qarda ləzzət edir.
İndi kənddəki evimdə daşdan
stollarım var. Şeirlərimdə daş obrazları
çoxdur. Bəlkə də daş
obrazları o daş süfrələrdən gəlir.
- O daş süfrələrdə kimlərlə
oturmusunuz?
- Kimlərlə
oturmamışam ki... Qabil, Sabir Rüstəmxanlı, Məmməd
İsmayıl, Əkrəm Əylisli, Tofiq Bayram, İsi Məlikzadə.
Qələm adamları, televiziya, radio
işçiləri gələndə mən öz vəzifəmi
yaxşı bilirdim. Düzünü deyim
ki, qonaqları hər zaman restorana aparmaq gücüm yox idi.
Kapotüstü deyirdik. "UAZ"
maşınım vardı. Maşının
kapotunun üstündə vurandan sonra
mehribanlaşırdıq, şeir yada düşürdü.
Mübahisələr edirdik.
- Ən
yaxşı kim araq içirdi?
- Bəlkə
də hardasa bir ölkəsi var
Süzün
araqları, qurtarın gedək
Ayılmaq,
ayılmaq təhlükəsi var
Rəhmətlik Tofiq Bayram yaxşı içirdi. Elə
içirdi ki, heç ayılmırdı. Əkrəm az içirdi. Yoldaşların əksəriyyəti
içirdilər. İçməyən də
bizimlə içmək istəyirdi. Bir dəfə
maraqlı hadisə yaşandı. Bir nəfər
gözümüzdən yayınıb, arağı kənara
atdı. Tez tutdum qolundan, dedim bərəkətdir,
içmirsən içmə, kənara niyə atırsan? Adam da arağı atar?!
- Həmin adam kim
idi?
-
Yadımda qalmayıb, yoldaşlardan biri idi. Qabilin
özü də yaxşı içirdi. Sabir
Rüstəmxanlı məni görən kimi deyirdi ki,
neçə vaxtdır içmirəm, ancaq səni görəndə
içmək istəyirəm (gülür).
- 1973-cü ildən Bakıda
qaldınız?
-
1973-cü ildə artıq Bakıda yaşayırdım.
Beş il Bakıda işlədim. Qəşəm
Rüstəmov, allah ona rəhmət eləsin,
bizim böyük ziyalımız İsmayıllıya katib
getdi. Mən də bir dəfə məzuniyyətdə
İsmayıllıya getmişdim. O vaxt Qəşəm
Rüstəmovla görüşdüm. O da yazı adamı
idi.
- O nə yazırdı?
- Şeirlər, hekayələr yazırdı. Gözəl ədəbi
zövqü var idi. Ona bircə kəlmə söz dedim
ki, bilsəydim ki, sən bura sən gəlirsən, mən
heç Bakıya getməzdim. Başqa bir kəlmə
də söz olmadı. Sonra dedilər ki, səni
Mərkəzi Komitəyə çağırırlar.
Dedim a kişi, mən hara, mərkəzi
komitə hara. Yazıçılar
İttifaqının sədri İmran Qasımov idi. Mərkəzi Komitəyə getdim, dedilər sən
bir rayona gedib, Qəşəm müəllimlə
görüş. Vaxt tapıb, getdim rayona.
Qəşəm müəllim dedi ki, Musa belə bir fikrim var
ki, sən rayon qəzetinə baş redaktor gətirim. Nə deyirsən? Dedim vallah nə deyim. O vaxt
rayon qəzetinin redaktoru işləmək insandan böyük
məsuliyyət tələb edirdi. Bu vəzifəni
Mərkəzi Komitə təsdiq edirdi. Yaradıcı
iş olduğu üçün razılaşdım. İnanın katib aparsaydılar getməzdim. Rəhmətlik İsmayıl Şıxlı "Azərbaycan"
jurnalından istefa verib, getdi. O vaxt istefa mədəniyyəti
vardı. O gedəndən sonra Əkrəm Əylisli gəldi
onun yerinə. Qabil müavin idi, bildi ki, Əkrəm
gəlir, Əkrəmlə işləyə bilməyəcək,
o da istefa verib, getdi. Əkrəm məni
çağırıb dedi ki, sənin haqqında başqa bir
fikrim var ha. Möhkəm dayan orda. Mən də
dedim ki, Əkrəm burda qala bilməyəcəyəm. Əkrəm bu sözümdən incidi. Dedi ki,
İmran Qasımova deyim, səni hansısa şöbəyə
rəhbər, ya müavin gətirsin. Mən də
rayon qəzetinin baş redaktoru vəzifəsinə
razılaşmışdım. Əkrəm
incidi ki, mən gələn kimi sən də gedirsən.
1978-ci ildə baş redaktor kimi
çalışmağa başladım. Redaktorun
işi olduqca çətin idi. İlk
vaxtlar redaktor vəzifəsində sıxılırdım.
Gözüm saatda qalmışdı. Saat altını gözləyirdim, altı olan kimi
çıxıb gedirdim. Bir dəfə
dostlarla yeyib-içirdik. Dedilər ki, səni
büroya çağırırlar. Maşın
göndərmişdilər, əyləşib getdim. Gördüm ki, Qəşəm müəllim və
rayon rəhbərliyi hamısı burdadır. Yer saxlamışdılar, əyləşdim. Başladı ki, "Həzi Aslanov" kolxozunda vəziyyət
pisdir, qəzet də gedib heç ora baxmır, oradakı vəziyyətdən
yazmır. Bilirdim ki, bu sözləri mənə
vurur. Dedim ki, a kişi yazırdım
da, qoydun ki, yazım. O vaxt katibə belə söz demək
olmazdı. Bu sözü deyəndən sonra
gülüş qopdu (gülür).
- Baş redaktor vəzifəsinin
axırı necə oldu?
- 1995-ci
ildə millət vəkili seçiləndən sonra
yavaş-yavaş uzaqlaşdım redaktorluqdan. İndi
rayonlarda qəzet heç çıxmır, rayon qəzetləri
divar qəzetinə dönüb. 2000-ci ilə
kimi əlaqəm vardı qəzetlə. İndi
qeyri hökumət təşkilatında işləyirəm.
İş də demək olmaz, yoldaş kimi əməkdaşlıq
edirik. Daha filan vaxtı gəl, filan vaxtı get söhbəti
yoxdur. İş qrafiki sərbəstdir. Söz Azadlığı Müdafiə fondunu
yaratdıq. Ora Məmməd Nazimoğlunu gətirdim,
birlikdə müəyyən işlər görürük.
Artıq 8 ildir ki, ordayam.
- Bir şair kimi sizə o dövrdə
ən çox təsir edən kim olub?
- Bizim
hamımızın Səməd Vurğuna pərəstiş
edirdik və çalışırdıq ki, ona oxşayaq. Onun şeirlərinin təsiri altında
yazırdıq.
- O təsirdən dəqiq nə vaxt
çıxdınız?
- Təxminən
70-ci ildə. Təbiətə üz tutandan sonra
o təsirdən çıxdım.
- Yazdığınız şeirlər
dövri mətbuatda tənqid olunurdumu?
- Təqdir
çox olunub, tənqid çox az.
- Tənqid edənlər nə
yazırdılar?
- Məsələn,
şeirlərimdə insan amilinin az
olmasını qabardırdılar. Təbiət
amili elə insan amili idi. Sonra dedilər ki,
Musa təbiət şairi deyil. Təbiət
vasitəsilə fikrini, sözünü deyən adamdır.
Mənim ən çox incidiyim bir şey olub ki, Elçin
Əfəndiyev iki şeirim - "Yaşıl pərdələr"
və "Cokonda"nı tənqid
etmişdi. "Yaşıl pərdələr"
şeirində yazmışdım ki, meşələrimizdə
ağacları içəridə qırıb, töküblər.
Qabaqda yaşıl pərdələri
saxlayıblar ki, hər tərəf yaşıl görsənsin.
Bir bu şeiri, bir də Cokondaya həsr etdiyim
şeiri tənqid etmişdi ki, bunları məqalə
formasında da yazmaq olardı. Cokondaya həsr
etdiyim şeirə görə yazmışdı ki, onun
zövqü aşağıdır, onun nə ixtiyarı var
ki, Cokondaya girişir, onu mənalandırır. Onun qələminin zövqü, gücü
çatmaz ki, bunu yazsın.
- Elçin sizi hansı mətbu
orqanda tənqid etmişdi?
- "Azərbaycan" jurnalında yazmışdı. Mən də
cavab yazdım ki, məni nəlbəkidə göyərtməyiblər.
Cavab vermək istəmirdim. Daha çox
"Cokondaya bu zövqdə adam niyə
girişir" cümləsindən incimişdim. Sən şeirin özündən danış.
"Ə, sən kimsən" demək istəyirdi.
Bu çox incitdi məni.
- Elçin son kitabında yazıb
ki, roman yazmaq üçün siz ona Talıstan kəndində
ev tapmısınız.
-
Elçin "Mahmud və Məryəm" əsərini
İsmayıllıda, mən tapdığım evdə
yazıb. Ümumiyyətlə, qələm əhli rayona gələn
kimi raykom məni çağırıb
tapşırırdı ki, bu insanlarla kömək et. Elçin də dedi ki, bir ay burda qalmaq istəyirəm.
Talıstan kəndində Əlləzi
kişinin evində ona şərait yratadım. Özüm də gedib-gəlirdim yanına. Onun tənqidini ürəyimə salmamışam.
O qədər elə şeylər olub ki. Həm
də Elçin məni tanımırdı. Özü də peşman olmuşdu. Cabir Novruz da ona demişdi ki, yetim oğlandı nə
işin var onunla.
- Yazıçılar
İttifaqına nə vaxt qəbul olundunuz?
- 1970-ci
ildə qəbul olmuşam. 42 ildir ki, üzvəm.
İttifaqın həyətinə çatanda
Əlağa Kürçaylı məni öpüb,
qucaqladı. Dedi səni təbrik edirəm,
Yazıçılar İttifaqına yekdilliklə qəbul
olunan ilk şəxs olduğumu söylədi. Prezidiumda
üzvlüyümə hamı razı olmuşdu.
- Zəmanət verənlər kim oldu?
- Əbülhəsən, Osman Sarıvəlli,
üçüncüsü yadımdan çıxıb.
- Estetik
planda sərbəst şeir yazanlar yəni Rəsul Rza və ənənəvi
şeir Səməd Vurğun məktəbi arasında bir
mübarizə gedib...
- 1965-ci
ildə Zuğulbuda gənclərin bir həftəlik
seminarı keçirildi.
- Bu Anarın müsahibədə
danışdığı seminar idi?
- Hə,
Anar da, Rəsul Rza da, Məmməd Rahim də o seminarda
iştirak edirdilər. Mənim poemamı Məmməd
təhlil edirdi və istəyirdi ki, orda çıxış
edim.
- Məmməd Rahim Səməd
Vurğunun tərəfində idi?
- Hə,
o, Səməd Vurğunu müdafiə edirdi. Orda
hərənin öz qrupu var idi. Ömrümdə
birinci qeybətləri, hücumları orda görmüşəm.
Bu hadisələrin içində
olmadığım üçün İlyas Tapdıq məni
aldatdı. Onun kəskin bir şeiri
vardı, onu söylədim. Bilsəydim,
heç deməzdim. Çıxış
edib, söylədim ki, əsərdə bədiilik daha
çox olmalıdır. Bizdə qızıləhmədi
var, içində dəmir çoxdur, bir az
qalan kimi qaralır. Şeirdə də tək dəmir
olmamalıdır. Hər şeydən bir az
olmalıdır. Biz şairlər də
qalmışıq ortada. Niyə qruplaşma
yaradırsınız dedim. İlyasın şeiri belə idi:
"qalırsan mat, bilmirsən bu meydanda eşşək
olasan, ya da at".
- Eşşək kim idi, at kim idi?
- Əslində nə Səməd Vurğun, nə də
Rəsul Rza heç biri deyildi. Fikrətgil dedilər
ki, sən niyə belə edirsən. Gördüm
ki, mənimki bu meydanla tutmayacaq. Məmməd
İsmayılı çağırıb, dedim ay Məmməd,
bunlar mənim Buynuzumu ələ ala bilərlər? Dedi yox.
Dedim onda mən getdim. İki gün sonra gəldim
kəndə. İlyas özü qorxurdu oxumağa, bilirdi
ki, avam mənəm, məni verdi qabağa.
Çünki bu məsələləri
bilmirdim. Rəsul Rza müəyyən
münasibətilə, məsələn oktyabrın 7-də,
poeziya günü keçirirdi. Mirzə
müəllimin yanında, bütün yazıçılar,
şairlər bir-bir Oktyabr inqilabı, Lenin haqqında bir-bir
şeir deyirdilər. Qabil dedi ki, Musa sən də
şeir oxu. Mən də "Bu dünyanın
qara daşı göyərməz" şeirini oxudum. Şeir hələ çap olunmamışdı.
Oxudum, içəri sükut çökdü.
Bilmirdilər əl çalsınlar, ya yox.
Rəsul
Rza yerindən qalxıb dedi, əla şeirdi. Bundan
sonra əl çalmağa başladılar. Qətiyyən heç bir tərəfdə
olmamışam. Amma ədəbiyyat
baxımından ənənəvi şeirin yanındayam.
Sərbəst yazdığım şeirlərdə
olub. Şeiri fərqi yoxdu gərək yaza
biləsən. Davud Ordubadinin 18 kitabı
çap olunub, amma bir misrası da yadda qalmayıb. İndi neyləyək? (gülür)
- Öz yaşıdlarınızdan
Fikrət Qoca necə yaddaqalan olub?
- Fikrətin
şair kimi ilk zamanlar yazdıqları yaxşı idi.
- Ramiz Rövşən necə
bəs?
- Ramiz
çox yaxşı şairdir. Niyə? Onda iki məktəbin də sintez var. Həm Səməd
Vurğun, həm Rəsul Rza məktəbi və Ramiz
Rövşənin özü. Şəxsən
mən o vaxt, Ramizin də, Eldar Baxışın da şeirlərini
"Azərbaycan" jurnalında çap etmək istəmişəm.
Amma qoymadılar, qaldı orda. Əkrəmin xidməti bu oldu ki, onlar şeirlərini
küçədə, orda-burda oxuyurdular, onları gətirdi
birbaş "Azərbaycan" jurnalına.
- Əkrəm Əylisli kimləri
çap etmirdi?
- Mirzə
İbrahimovu, Əli Vəliyevi, Vidadi Babanlını.
- Vidadi Babanlını niyə?
- Zəif
yazdığına görə. İsa Hüseynovun əsərləri
qarşısında onlar çox zəif idilər. İsi Məlikzadə
də həmçinin. İsi Məlikzadə çox
istedadlı idi. Lotu, saf oğlan idi. Bir-birinə arxalanan
yazıçılar yetişirdi. İnsanların meydana
yığılmasını biz yazıçılar təmin
edə bildik. "Azərbaycan" jurnalı 72 min nüsxə
çıxırdı. "Azərbaycan"
jurnalı indi heç nə olub. O vaxt oxuyurdular bizi.
- Xalq
Şairi deyilsiniz, Anar da deyir Musa Yaqub Xalq Şairi
olmalıdır.
- Vaqif Səmədoğlu
70 illiyimdə dedi ki, mən xəcalət çəkirəm
ki, mən Xalq Şairiyəm, Musa Xalq Şairi deyil. Vaqif
olanı dedi. Anar istəyə bilər, amma
vermirlər. Ancaq hamı elə bilir ki,
Xalq Şairiyəm. Fəxri ad kimi Xalq
Şairi olmasam da, mən Xalqımın Şairiyəm.
Qan TURALI
Kənan HACI
Ədalət.-2012.-18 dekabr.-S.5.