MƏNİM YAŞIDIM QIZ...

 

Bu yaxınlarda görkəmli ziyalımız Nahid Hacızadənin redaktorluğu ilə "Yada düşdü" ədəbi-bədii, nostalji jurnalı nəşrə başladı. Mən buna çox sevindim. Çünki, Füzuli babamızın: "Bir dövrdəyəm ki, nəzm olub xar"?! - kəlməsini deyə-deyə qalmışdım. Təkcə son zamanlar Az. Tv-dəki "Min beş yüz ilin Azərbaycan şeiri" verilişi, böyük ədibimiz, Xalq Yazıçısı Anarın ədəbiyyat adamları ilə sənət haqqında söhbətləri, "Ovqat və "Sovqat" verilişləri olmasaydı deyərdim ki, heç kəs şeir oxumur, heç kəs şeirlə maraqlanmır, heç kəsin şeir yadına düşmür?!

Axı biz "Şair xalq"ıq? Necə ola bilər ki, şeir tamamilə yaddan çıxar??? Mən buna inanmaq istəmirəm. Ancaq, reallıq da öz yerində qalmaqdadır.

Yaxın günlərdə "Yada düşdü" jurnalının növbəti nömrəsini jurnalın təsisçisi Nəzakət Məmmədova mənə verəndə adətim üzrə bir balaca məlumat hazırlamaq istədim. Bunun üçün isə hökmən jurnalı vərəqləməli, mətnlərlə tanış olmalı idim.

Jurnalın ön səhifəsində tanınmış rəssam Fəxrəddin Əlinin böyük ustalıqla yaratdığı ustad Şəhriyarın şəkli və birinci səhifəsində mərhum Xalq Şairi Süleyman Rüstəmin məhşur "Təbrizim" şeiri verilmişdir. Şeiri oxuyanda gözlərim qarşısında canlı Təbrizi görürdüm. Onun gözəl küçələrində addımladım, çöhrəsində doğmalıq süzülən insanları gözümün qabağına gətirdim.

İsrafil Əhmədovun Azərbaycanın Milli Qəhrəmanı İlham Müzəffər oğlu Əliyevin ömür-gün yoldaşı Rəna Əliyeva ilə söhbəti, onun oğlu İlhamla bağlı dedikləri qəlbimi titrətdi, məni duyğulandırdı.

Həmidə xanım Cavanşirin "Mirzə Cəlil haqqında xatirələrim", Kamran Məmmədovun "Cəfər Cabbarlı ömrünün rəngləri" sərlövhəli yazıları bu iki böyük sənətkarın ömürlüklərindən səhifələr kimi çox unudulmaz anlar bağışladı mənə. Kədərinə bürünsəm də qəribə, məzəli əhvalatlar maraqlı gəldi mənə.

Tanınmış, mərhum yazıçı Hüseyn Abbaszədənin "Rahimin də öz cəlalı var" yazısını oxuyanda bir neçə yazıçı və şairin xarakterlərinin zəif və güclü cəhətləri haqqında biliyim bir az da artdı.

İlk dəfə "Vurğun keçib bu yerlərdən" sərlövhəli yazısı ilə ədədi mühitə gələn və tezliklə də şöhrət qazanan tanınmış tədqiqatçı-yazıçı, hərbçi-jurnalist Şəmistan Nəzirlinin yenə də böyük şair "Səməd Vurğunun ilk məhəbbəti" dastan-hekayəsini həyacanla oxudum. Onun əzizlərinin, doğmalarının sonsuz sevgidən doğan irad və inciliklərini lirizimlə qələmə alan Şəmistan Nəzirli sənətinə rəğbətim bir az da artdı. Çünki, məhşur bir atalar sözü var: "Yazıya pozu yoxdur!". Buxara papaq geyinmiş gənc, komsomolçu (Biz hamımız Tanrının bizə bəxş etdiyi ömrü yaşayırıq Z.D.Q) Səməd Vurğunun at üstündə şahənə duruşlu şəklini isə ilk dəfə idi ki, görürdüm. Bu tarixdir, ona görə də qiymətlidir, əvəzsizdir! Mən inanıram ki, Şəmistan Nəzirli Səməd Vurğun haqqında hələ çox-çox sonralar da yazmağa bir şey tapacaqdır.

Jurnalda hörmətli ziyalımız Sadıq Murtuzayevin "Əliağa Kürçaylının zarafat dünyası" yazısı, qocaman şairimiz Oqtay Rzanın yubileyinə həsr edilmiş səhifədə onun "Rübai karvanı" kitabından seçmələr,1 İyun Uşaqların Beynəlxalq Müdafiə Günü ilə bağlı körpələrin rəngli şəkilləri ilə verilmiş gözəl səhifə, Elza Kərimin öz ömür-gün yoldaşı, unudulmaz şairimiz Əli Kərimə həsr etdiyi həssas, duyğulu, yüksək zövqlə yazılmış "Nə xoşbəxt imişəmg" sərlöhvəli xatirə-fraqmentlər, Şəfəq Nasirin görkəmli şair, publisist, dramaturq Hidayətə həsr edilmiş "Yazıçıg Zamang və onların bədii taleyi" sərlövhəli yazısı, Qədir Tərtərlinin Xalq Şairi Səməd Vurğuna həsr edilmiş "Yaralı ceyran" sərlöhvəli yazısı hərəsi bir tarixi xatırlatdı, gördüyüm və eşitdiklərimi bir daha yadıma saldı.

Mənim çox fəxrlə və həyəcanla oxuduğum yazı professor Babək Qurbanovun "Atam, Xalq Şairi Osman Sarıvəlli haqqında düşüncələrim" sərlövəli yazılarım oldu. Mübaliğəsiz demək olar ki, Osman Sarıvəlli böyük ürəklə və alicənablıqla (İndi belələri yoxdur! Z.D.Q.) ömrünü ədəbiyyatımızda şairlər ordusunun yetişməsinə həsr etmişdir. Bunu onun davamçıları olan mərhum Xalq Şairləri Hüseyn Arifin, Cabir Novruzun söhbətlərində, indi isə Xalq şairləri Nəriman Həsənzadə, İlyas Tapdıq, Zəlimxan Yaqub və başqalarının söhbətlərində dinləmişik, xatirələrində oxumuşuq. Şairin oğlu onun təkcə şairlərin yox, hələ o dövrlərdə yaxşı qiymət verilməyən, gözdən-nəzərdən kənarda qalan aşıqların həyatında oynadığı rolu göstərmiş, lakin çox az, dəryadan damcı qədərini yaza bilmişdir.

Yeri gəlmişkən onu deyim ki, Babək müəllimin atası haqında hələ çox belə silsilə yazılar yaza biləcəyi üçün kifayət qədər xatirələri vardır.

Mərhum yazıçımız Sabir Əhmədovun "Qırxdan bir əskik" xatirələr toplusu, xalq deyimlərindən ibarət seçmələr, tanınmış yazıçı-dramaturq, fəlsəfə elmləri doktoru, 60 yaşını keçirməyə hazırlaşan Firuz Mustafanın haqqında müasirlərinin fikirləri, tanınmış rəssam Fəxrəddin Əlinin ustad Şəhriyarla bağlı xatirələri, yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru Salatın Əhmədlinin "Analar köç edəndə" kitabından seçmələr, son dövrdə işıq üzü görmüş kitablar haqqında yığcam, lakonik məlumatlar və Şuşa görüntüləri jurnalda yüksək peşəkarlıqla sıralanmışdır.

Lakin məni bu yazını yazmağa məcbur edən, daha doğrusu, yazdıran başqa bir yazı və bu yazı haqqında ürəyimi titrədən doğma bir hiss, özəl bir duyğu oldu. Bu, şairə rəfiqəm Nəzakətin qoşa səhifədə dərc olunmuş şeirləri və daha doğrusu "Vətən, bizi bağışlama" şeiri oldu. Son dövrlərdə yazılmış bir çox kövrək, həssas lakin qədiri-qiyməti bilinməyən sənət dostlarımın əsərləri kimi bu şeirə də Nəzakətin yaralı, həssas ürək döyüntüləri çökmüşdü elə bil:

 

Dağın-düzün yağıların tapdağı,

Meşələrin yalquzaqlar oylağı,

Yaman olduq yad dillərin qınağı,

Vətən, bizi bağışlama!

 

Bu şeirdəki sətirlər, sanki bütün məcburi köçkünlərin ürəyində qopan bir hıçqırtıdır:

günümdən bircə-bircə seç günü,

Göydən niyə daş yağmadı köç günü?!

Köçgünüyəm, yüz illərin köçgünü,

Vətən, bizi bağışlama!

 

Yox, 20 faiz torpaqları işğal olunmuş bir xalqın dilindən yazılmışdı bu şeir:

Baxışları gül-çiçəyi kəsirdi,

 

Gəzməyəndə dağı-daşı küsürdü,

Yurd yerləri, aman Allah, əsirdi!

Vətən, bizi bağışlama!

 

Bir başı Dərbənd, bir başı Göyçə, Borçalı olan, göynərtisi Təbriz olan yurdun adından yazılmışdı bu şeir:

 

Budanıbdı, sağım var, sol var,

Məntək dərddə ağa var, qul var,

Xan Arazdan Təbrizəcən yol var?

Vətən, bizi bağışlama!

 

Keçmiş dərdləri keçmişdə qalan, ürəyində gen yaralar açılan bir xalqın fəryadıdı bu şeir:

 

"Cıdır düzü" deyib, könül dağladım,

Şuşa deyib, sellər kimi çağladım,

Xarı bülbül qaldı xara ağladım,

Vətən, bizi bağışlama!

 

Qədim nişanələri yerlə yeksan edilmiş bir tarixin yaddaşıdı bu şeir:

Yağmalandı ocaqlarda varın, hey

Kafirlərə qismət oldu barın, hey

Dədəm Qorqud, çatlamazmı gorun, hey

Vətən, bizi bağışlama!

 

İsməti-ləyaqəti tapdaq altında qalan zəriflərin, nakamların ittihamı var bu şeirdə:

 

Zəhər dadır ayrılığın qar dadı,

Ərənlərin varsa əgər, hardadı?

Qız-gəlinin əsir düşüb, dardadı,

Vətən, bizi bağışlama!

Bir millətin haqq bağıran harayıdır bu şeir:

Avandını alan alıb, tərs tutub,

Dar yaxandan min dilbilməz kəs tutub,

Harayından bu dünyanı səsə tutub,

Vətən, bizi bağışlama!

 

Nikbin notlarla bitən şeirdə öz millətini mübarizəyə səsləyən Nigar, Həcər qeyrətli bir el qızının, yurdunun balaları əsir girov olan, torpağında qanlar axıdılan ananın, gələcəyə nikbin gözlə baxan bir qələm adamının, bir şairənin dünyaya üsyanıdır bu şeir:

 

Dağın-düzün yenə bizim olunca,

Verən verdi, səni yaddan alınca,

Qanın axıb, bu qan yerdə qalınca,

Vətən, bizi bağışlama!

 

Sonda əzəli-əbədi torpaqlarımızın çərək-çərək alınacağına inanan şairə, yetişməkdə olan babək, Koroğlu törəmələrini, gənc nəsli Vətən torpağında diz üstə dayanmağa, o torpağı öpüb göz üstə qoymağa səsləyir:

 

Qəzəbini öz içində hörən, gəl!

Qara başın Babək kimi verən, gəl!

Koroğlu tək meydanlara girən, gəl!

Bəlkə Vətən bağışladı bizləri.

İrəvanda gur səsimiz döyünə,

 

Qarabağda bayrağımız öyünə,

Ayaqyalın gedəm o toy-düyünə,

Öpsün vətən torpağını gözlərim!

Dəysin vətən torpağına dizlərim!

 

Son zamanlarda maraqlı, iri kiçik həcmli əsərlər meydana gəlir, oxuyuram, şad oluram. Lakin Nəzakətin bu şeiri elə bil ki, bir dastan, bir roman təsiri bağışladı mənə. 20 ildə olub-keçənlər gəldi bir-bir gözümün qabağına. Elə bil özümün yox, başqasının bunu xatırlatması dərdlərimi səngitdi, qaysaq tutmayan yarama bir məlhəm qoydu. Çünki saf, həssas duyğulu, təmənnasız sevdiyi Vətənin dərdinə əlac olmaq üçün çırpınan bir incə qəlbli şairənin nisgili, arzusudur bu şeir. Bu hisslər mənə çox tanış gəldi bu sətirlərin müəllifinə təşəkkür etmək, ona yaradıcılıq uğurları arzulamaq istədim. Yazını yazdım. Ancaq nədənsə heç yerə vermədim.

Bir gün yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru Salatın Əhmədli məni öz tədbirinə dəvət etdi. "Qadın zorakılığına yox deyək!" devizi altında keçirilən tədbirdə gender bərabərliyindən söhbət açıldı. Ürəyimdə bu fikri o qədər dəstəkləməsəm də, maraqla çıxışlara qulaq asdım. Bəyəndiyim və bəyənmədiyim fikirlər oldu. Bir az gec çatmışdım deyə, axıra qaldım. Salatın xanımın balaca bir oğlan nəvəsinin dünyaya gəldiyini eşitdim sevindim. İndi xalqımıza igid-igid oğullar böyütmək lazımdır!

Tədbir arası Nəzakət xanım dönüb məni yubileyim münasibəti ilə təbrik etdi və özünün də mənimlə yaşıd olduğunu söylədi. İlk ağlıma gələn bu oldu: "Niyə bizim yaşımız da, arzumuz da, fikirlərimiz də eynidir? Köhnə nostalji bir duyğu məni çulğadı. Uşaqlıqda eşitdiyim qəribə bir mahnı yadıma düşdü: "Mənim yaşıdım qızlar!".

Birdən yazımı xatırladım və onu çap etdirmək fikrinə düşdüm. Sonuna bir cümlə də əlavə etdim.

Sağ ol, Nəzakət, bacım, gün o gün olsun ki, qalib bir xalqın qızı kimi Vətəninlə fəxr edəsən! "Vətən, bizi bağışlama!" yox, ""Vətən, səni alqışladım!" - şeirini yazasan!

 

Zərəngiz Dəmirçi Qayalı Beynəlxalq "Nizami" mükafatı laureatı

 

Ədalət.-2012.-18 dekabr.-S.7.