Lerikin dağları uca, sabaha inamı böyükdür

 

Payızın son ayı, son günü dağlarda daha çox hiss edilir. Çılpaq dağların döşlərində külək tutmayan yerlərdə ancaq dəmirağacın saralmış yarpaqlarından başqa heç gözə dəymir. Palıdın isə budaqlarda ilişib qalan təkəmseyrək yarpaqlar sanki soyuqdan qorunurmuş kimi bükülüb. Yollar kimsəsiz sakitdir. Aşağıdan axan çayın səsi aydınca eşidilir. Sakitlik içində uyuyan dağlar, dərələr, yamaclar qüssə dolu bir ovqat üstündə köklənib. Yaşanmış ömrün günləri tək təbiətin son əlaməti həyat olan yarpaqlar göz önündəcə dayanmadan tökülür. Göyün üzü tutulduğundan hər tərəf bir az da yarımqaranlıqdır. Bu yarımqaranlıqda duman örpək kimi dağların boynuna dolanıb.

"Nədən hər yerin al-əlvandır, köksün altı sarı bülbül". Ünlü ölməz sənətkarımız Səxavət Məmmədovun oxuduğu bu təkrarsız inci ovqatımıza bir az da həzinlik, bir az da kövrəklik qatır. Kökslərin altında olan həsrət, ayrılıq rəmzi olan sarı rəng görünməz olsa da bu payız kimi çoxumuzun içində həmişə, zaman-zaman yaşayıb.

Cəmi 2-3 nəfər sərnişini olan mikroavtobusun sürücüsü sual dolu nəzərlərimi cavabsız qoymur: "Diskdir, bu maşında belə mahnılar çoxdur. Oxuyanı da yəqin tanıdınız. Soruşmaq ayıb olmasın, bu soyuqda Lerikə xeyir ola? Qonaqdan bunu soruşmazlar, ancaq doğurdan bivaxtdır".

Jurnalist olduğumu bilib: "Mənim başıma bir oyun açmısınız ki..." deyərək üzünü dağlara tutdu.

Məşhurun məşhurlaşan

ilk həyat yoldaşı

Lənkərandan Lerikə uzanan 56 kilometrlik yol dolanbac, enişli-yoxuşlu dağ yolları olduğundan xeyli vaxt aparır. Heç kəsin danışmadığını görən sürücü musiqi dayandırıb sözə başladı: "Bir neçə il əvvəl, daha doğrusu o qadın baş nazir olanda Azərbaycandakı qəzetlərdən bir neçəsi mənim haqqımda yazmışdılar. Yazmışdılar ki, Lerikin Soru kən sakini Radil Şirəliyev Ukranioyanın baş naziri Yuliya Timoşenkanın ilk əri olub. Aləm qarışdı, məni haralara dartıb aparmadılar? Onun özü mənə telefonla zəng edib narazını bildirdi ki, neçə il əvvəlki ailə həyatını niyə qəzetlərə çıxarmısan? Mən dedim ki, əşi, mənim nəyimə lazımdır bu həngamələr. Jurnalistlərin özləri qəzetlərini oxutmaq üçün yazıblar bunları. Həmin jurnalistlərə mənim icazəm olmadan o şeyləri yazdıqların görə bir balaca qulaq burması da verdirdim. İş ondadır ki, jurnalistlər düz yazmışdılar, mən həqiqətən o qadının ilk həyat yoldaşı olmuşam. Onda Yuliyanın heç 17 yaş da yox idi. Bir qızımız da var, indi deyəsən Şotlandiyada yaşayır. Adını Elmira qoymuşdum, daha Yevgeniya olubdur deyirlər. Mən onunla evlənəndə haradan biləydim ki, bu qız sonradan Ukraynanın baş naziri olacaq, bütün dünya onu tanıyacaq? Birdən sən yazarsan ha, onda sənlə varam. Onsuz da bu yazılanlardan həm bezmişəm, həm xoşum gəlmir. Eh, Yuliyadan qəşəng Ukraynada o qədər qəşəng qızlar var idi ki..." Hər bir Azəri gəncinin Xristian ölkələrindəki romantik həyat hekayətlərinin daha iri miqyaslısını yaşayan 58 yaşlı Radil kişi bir qədər yaşlanmasına baxmayaraq, yenə gənclik təravətini saxlamaqdadır. Yəqin buna həm onun həyatsevərliyi, nikbinliyim səbəbdir.

 

 

Beləcə, Lerikə çatırıq. Rayon mərkəzi dumana elə bürünüb ki, sanki paltardan don geyinib.

Qayğılar sonsuz, qayğılar yeni

Xeyli geniş əraziyə malik olmasına baxmayaraq Lerik rayonunun elə əhalisi yoxdur. 2012-ci ilin 1 dekabrınadək burdakı sakinlərin sayı cəmi 78,6 min nəfər olmuşdur.

Lerik rayon Yaşıllaşdırma İdarəsinin rəisi Rasim Ağaxan oğlu Əliyevlə yenə rayonun mərkəzindəki parkda görüşdük. Səhər açılandan gecə yarıyadək özü demiş "ağaclarla söhbət edən" Rasim müəllim yenə Lerik şəhərindəki yaşıllıqların içərisində idi. Şəhərin küçələrində əkilmiş şam, küknar, dəfinə ağaclarına, gül kollarına, yaşıl çəmənliklə bu adamın gündə neçə dəfə baş çəkdiyini ancaq özü bilir.

- Lerik qəsəbəsi haqqında nəsə deməyə ehtiyac yoxdur. Səni kimi jurnalistlərin hamısı rayon mərkəzini gəzməkdən yorulmurlar. Düzdür, bura o qədər geniş deyil, ancaq səliqəli gözəldir. Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının yerləşdiyi meydan doğurdan başqa aləmdir. Meydanın başında dalğalanan bayraq, onun qarşısında Ulu Öndərin heykəli meydana xüsusi bir qürur verir. Gördüyüm bu ağacları, gül kollarını, yaşıllıqları qorumaq, inkişaf etdirmək elə asan deyil. Bütün bunlar üçün xeyli vaxt zəhmət tələb olunur.

Rasim müəllimlə Lerik şəhərini duman içərisində bir gəzirik. Rahat küçələr, səkilər, milli ornamentlərlə işlənmiş istinad divarları, asfalt döşənmiş yollar arxada qaldıqca soyuğu da hiss eləmirik:

- Hər ilin, hər ayın, hər günün öz qayğısı var. Fikirləşirsən ki, bax bu tikintidən sonra rahat nəfəs almaq olar, başqa birisi çıxır. Bu il ümumiyyətlə gördüyün bu abadlıq, quruculuq işlərinə Respublika Prezidentinin tapşırığına əsasən 2003-2011-ci 2012-ci il üçün Dövlət Neft Şirkəti tərəfindən 4872,32 min manat, Nazirlər Kabinetindən 1925,9 min manat vəsait ayrılmışdır. Rayon mərkəzindən xeyli uzaqda yerləşən Züvüc, Aran, Davradibi, Ləkər, Veri, Daster kəndlərində məktəb binaları tikilib istifadəyə verilmişdir. Oktyabrın 6-da 6 saylı Vergilər İdarəsinin rayonda inşa edilmiş vergi ödəyicilərinə xidmət mərkəzinin açılışı oldu. Xeyli qonağımızın içində paytaxtdan gələnlərimiz Leriki daha çox bəyəndilər. Hal-hazırda gücü daha çox olacaq modul tipli elektrik stansiyasında işlərin qızğın çağıdır. Lerik şəhərinin su təchizatını daha da yaxşılaşdırmaq, kanalizasiya sistemini günün tələbləri səviyyəsinə uyğunlaşdırmaq üçün əlimizi işdən soyutmuruq. Kələxan, Nüvədi, Durğan, Zəriküməco, Bibyani, Livədirgə Nücü, Molalan, Barzavü məktəblərində inşaat işləri davam etdirilir. Yəqin ki, yaxın vaxtlarda bu tikintiləri uğurla başa çatdıracağıq.

Şəhər sakinlərinin toy-nişanlarını daha yaxşı keçirmələri üçün qərara almışıq ki, Lerik qəsəbəsində 400 yerlik şadlıq sarayı inşa edək. Elə bu qədər tutumu olan müxtəlif mərasim evinin tikintisinə də unutmamışıq. Rayonun girişindəki Piran kəndində "Lerik" broyler fabrikinin inşası yaxın vaxtlarda sona yetəcək. Bu istehsalla bərabər neçə-neçə yeni yeri deməkdir. Hamarmeşə, Piran, Mondiga, Andurman, Çayrud, Rvarud, Anzolu, Təngəbin, Rəzqov, Anbu, Barzovu, Şinəband, Hramu, Yuxarı Binə, Livədirgə, Mostayıl, Əvilə və başqa dağ kəndlərinə qaz kəmər i çəkirik. Bir-birindən xeyli aralıda dağların dərələrin, yamacların, ətəklərinə sığınan bu kəndlərə mavi qaz çəkmək elə də asan deyil.

 

 

(ardı gələn sayımızda)

Səxavət Məmmədli

Ədalət.-2012.-18 dekabr.-S.7.