Ramiz Məmmədov: "Futbolçularımız əsgər, biz isə onların zabitləriyik"

 

"Qəbələ" klubunun baş məşqçisi Ramiz Məmmədovun Qol.Az saytına müsahibəsi

- Premyer Liqanın 18-ci turunda sabah bu mövsüm surpriz nəticələrə imza atan "Turan"la qarşılaşacaqsınız. Bu görüşdə komandanızdan nə gözləyirsiniz?

- Bu mövsüm "Turan" çox yaxşı təsir bağışlayır. Bir çox iddialı komandanı məğlub ediblər. Bu isə komandanın yeni baş məşqçisi Əfqan Talıbovun və Namiq Məstanovun rəhbər vəzifəyə gəlişindən sonra baş verdi. Rəqibin öz meydanında daha yaxşı təsir bağışladığını söyləmək olar. Buna görə də bu komandaya hörmətlə yanaşmaq lazımdır. Ancaq bütün gücümüzü sərf edərək, qalib gəlməyə çalışacağıq. Futbolçular da öz aralarında söhbət edərək, bir-birilərinə dəstək olaraq, məşqçilər heyətinə qalib gələcəklərinə söz veriblər. Oyunçularımız çox həvəslidirlır.

- Amma nəzərə alaq ki, Tovuz stadionunun hazırkı durumu ürəkaçan səviyyədə deyil. Bu, sizin qələbə qazanmağınıza mane olmayacaq?

- Futbol dörd fəsilin hamısında oynanılır. Əsl peşəkar futbolçu istənilən hava şəraitində oynamağı bacarmalıdır. Lakin bu o demək deyil ki, stadionun yaxşı səviyyədə olmaması bizim xeyrimizə olacaq. Xeyr. Yaxşı vəziyyətdə olmayan meydançada sürətli texnikalı futbol nümayiş etdirmək çətindir. Ancaq hazırda elə bir vəziyyətdəyik ki, hava şəraiti, meydançadan asılı olmayaraq, qələbə qazanmaqdan başqa yolumuz yoxdur. Bir sözlə, futbolçularımız əsgər, biz isə onların zabitləriyik. Verdiyimiz tapşırıqları maksimum dərəcədə həyata keçirməlidirlər.

- Qəbələ "Turan"a məğlub olmağınız komandanıza çox pis təsir etmişdi. Bu səbəbdən futbolçularını psixoloji cəhətdən oyuna hazırlaya bilmisiniz?

- Bizim futbolçularımızın əksəriyyəti peşəkardır. Hər birisilə fərdi söhbət etmişəm. Bütün tapşırıqlarımı vermişəm. Unutmaq lazım deyil ki, məhz "Turan"a məğlubiyyətimizdən sonra dalbadal beş oyun qələbə qazandıq. Düşünürəm ki, "Simurq"a məğlubiyyətimizdən sonra da yenidən uğurlu seriyaya start verəcəyik. Artıq "Simurq" oyununu unutmuşuq. Yalnız "Turan" üzərindəki qazanmaq istədiyimiz oyun haqda düşünürük.

- "Turan"ın müdafiədəki inamlı oyununun səbəbini çözə bilmisiniz?

- Bəli. Komandayla birgə rəqibin oyunlarını yaxşı təhlil etmişik ki, bunun da bizə çox köməyi dəyəcək. Lakin özünüz gördünüz ki, Qəbələdəki real qol vəziyyətlərindən istifadə edə bilmədik. Bu dəfə isə bəxt amilinin bizim tərəfimizdə olacağına ümidimiz böyükdür.

- Hazırda 25 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşmısınız. Əsas izləyiciləriniz "Xəzər Lənkləran"və AZAL sizi qarabaqara izləyir. Reallıqla götürsək, ilk "altılığ"a düşə biləcəyinizə inanırsınız?

- Buna gücümüz inamımız var. Məqsədimiz hər kəsə bəllidir. Bunu hər dəfə təkrar etməyin mənası yoxdu. Bizim birinci hədəfimiz ilk "altılığ"a düşməkdir. İnşallah, sonrakı məqsədlərimiz hər kəsə bəlli olacaq. Amma "arxı tullanmamış, hop deməzlər". "Turan"dan üç xal alsaq, bir çox məsələyə aydınlıq gələcək.

 

Ədalət.-2012.-20 dekabr.-S.8.