Elçin: "Mən
elədikləri ilə döşə döyən adam deyiləm"
"Belə
çıxır ki, Anarın Nuh əyyamında
yazdığı hansısa bir cümlədən ilham alıb
üç cildlik roman yazmışam, ya da mənim bu
romanımı Anar yazıb..."
"Mənim telefonumun yaşı sənin yaşın qədər olar” – deyərək, müsahibə üçün diktofon əvəzi stolun üstünə qoyduğum telefonuma diqqətlə baxdıqdan sonra ovcunu açdı. Ovcunda köhnə, lap köhnə, modelini belə xatılamadığım mobil telefon var idi. Mənim, sonra bir də özünün telefonuna baxıb davam etdi: "Birinci və axırıncı telefonumdu, yox... Bundan əvvəl də biri var idi”. Sonra o markasını görə bilmədiyim ovuc boyda telefonu masasındakı kağızların arxasına, görə bilməyəcəyim bir yerə qoydu: "Uşaqlar mənə deyirlər ki, başqalarının yanında telefonunu çıxartma, ayıbdır”. İstəyirəm soruşam ki, "hansı uşaqlar?” amma tez yadıma düşür ki, bura gəlməzdən əvvəl bir neçə nəfər "baş nazirin müavini ilə görüşə gedirsən, yersiz suallar vermə, diqqətli ol” deyib.
İnanmaya
bilərsiz, amma bu telefon məsələsi əməlli
başlı məmur təəssüratın dağıdır.
Bəli, qarşımda baş nazirin müavini, xalq
yazıçısı Elçin Əfəndiyev əyləşib.
Amma Sizi əmin edirəm ki, bu adamın telefonu əməlli-başlı
yazıçı telefonudur, sadə yazıçı. Məmur-yazıçı
söhbətinə qayıdacağıq, amma sonra. Hələ
ki, texnikadan danışmağa başlayırıq. O,
yazılarını komputerlə yazdığını
bildirir:
-Gənclik
illərimdən makinada yazdığıma görə indi mənə
komputerə keçmək asan oldu.
Əli
ilə iş masasının üstündəki
sönmüş komputeri göstərir:
-Orda nəsə
axtarmağa-filana vaxtım da yoxdu, bacarmıram da. Evdə ancaq makina kimi istifadə edirəm.
...və atasını xatırlayırıq. Əvvəlki
müsahibələrində də fikir vermişəm, o
heç vaxt "atam” ifadəsini işlətmir, həmişə
"İlyas Əfəndiyev” deyir. Mən
hər dəfə "atanız” deyib sual verdikcə, o,
"İlyas Əfəndiyev” deyib cavab verir.
-İlyas Əfəndiyev həmişə əllə yazırdı,
özü də mürəkkəblə. Makina
tıqqıldadığı üçün mənə
deyirdi ki, sən bu tıkkıltıda necə yazırsan?
Məndə ona zarafatla deyirdim: "Bəs sən
tıkkıltısız necə yazırsan?”...
Gülür...
Başını bulayır... Sonra başı ilə nəyisə
təsdiqləyir:
-"Tak çto”, evdə oturub işləyəndə
komputerlə yazıram. Amma söhbət əllə, ya komputerlə
yazmaqdan getmir. Söhbət ondan gedir ki,
yaxşı şey yazasan.
- Bəs
tıkkıltısız necə yazırsız?
- ...
- Komputerdə
tıkkıltı yoxdu axı...
Yenə
bir az əvvəlki halına
qayıdır... Yenə başını bulayır... yenə
başı ilə təsdiqləyir və bu dəfə
gülümsəyir:
-Hə...
düz deyirsən... daha tıkkıltı
yoxdur... komputer tıkkıltısızdır...
Dramatik pauza. Yazıçının içində
bir tıkkıltı həsrəti olduğunu və texnika
haqda olan söhbətlərin səmərəsiz olduğunu,
daha doğrusu, onun üçün texnikanın hər tərəfində
bir nostalji gizləndiyini hiss edib sakitcə mövzunu dəyişirəm.
-İmkan
tapanda yazırsız, yoxsa...
-Mən hər
gün yazıram. Cavanlıqdan səhərlər
çox tez oyanıram. Neçədə
yatmağımdan asılı olmayaraq yayda 5-ə 15 dəqiqə
qalmış, qışda 5 tamamda ayaq üstəyəm.
Səhər saat 5-dən işə gələn
müddətə qədər, düz 4 saat mənim
özümə məxsus olan vaxtdır. Mütaliəmdir,
yazı-pozumdur. Əsasən də
yazımdır, axşam yaza bilmirəm. Axşamlar
oxuya bilərəm. Bəlkə təcili
lazım olsa məqalə, çıxış yaza bilərəm,
amma bədii yazı yox.
Mözvu seçimindən danışırıq. "Bu haqda
yazmayacam dediyim heç nə yoxdur” deyir və niyə
böyük əsərlərində Qarabağ mövzusuna
toxunmadığını soruşuram.
-Bu haqda
bir neçə yazım var, "Bayraqdar” povesti,
"Qarabağ şikəstəsi”, başqaları. Eləcə də, misal üçün, Aqilin
"Dolu” romanı seçilən bir əsərdir. Amma ümumilikdə böyük epik əsərlər
hələ yazılmayıb. Cavabım qorxuram
standart olsun, adətən deyirlər ki, gərək vaxt
keçsin. Bunda həqiqət var. Bu hadisənin
miqyası elədir ki, onu gərək böyük istedadlar qələmə
alsın. Birin qoyub o birisinə keçirəm,
indi hansı qəzeti açırsan Qarabağ haqqında bir
şeir, bir hekayə görürsən ki, onların da
çoxu primitiv ah-vaydan, bəzən də şeirə, hekayəyə
parodiyadan başqa bir şey deyil. Halbuki bu
haqda yazanda gərək bu mövzunun
ağırlığına layiq bir şey yazasan. Bu bir tərəfdən. O biri tərəfdən
isə görünür bu problem hələ həll
olunmayıb, nöqtəsi qoyulmayıb deyə... Mənə elə gəlir ki, hansısa bir istedad təhtəlşüur
olaraq o nöqtəni gözləyir. Şübhəsiz
bu xalqın elə bir ağrısıdır ki, mütləq ədəbiyyatda
öz fundamental bədii əksini tapacaq. Başqa cür ola bilməz.
-
Elçinin qələmindən də olsa pis olmaz.
-Hələ
ki, sağ salamatıq, bəlkə elə Elçinin qələmindən
çıxdı... Mənim, ümumiyyətlə,
yaradıcılıqda plan qurmaq adətim yoxdur. Bu mənə yad şeydi. Rəhmətlik
Əbülhəsən, yazıçı, tanıyırsan də?
Mən axı uşaqlıqdan bunların
arasında olmuşam. Sonralar da Yazıçılar
İttifaqında işləyəndə bu rəhmətliklərlə
biləvasitə gündəlik təmasda olmuşam. Deməli, bu Əbilhəsən bir hekayə
yazacaqdısa, əvvəldən bir qalın dəftərdə
plan hazırlayırdı, qeydlər aparırdı, hərfləri
də çox iri yazırdı, bir səhifəyə yeddi-səkkiz
söz ancaq sığışırdı. Mən onun
oğlu rəhmətlik Çingiz (yazıçı
Çingiz Ələkbərzadə) ilə dost idim, evlərinə
gedib gələndə stolun üstündə
görürdüm. Amma rəhmətlik Əli Vəliyev
nə plan qururdu, nə də qeydlər edirdi, elə
döşəyib gedirdi. Dünyada nə qədər
yazıçı varsa o qədər də yazıçı
psixologiyası var. Bu çox individual bir məsələdir.
Pyeslərindən danışırıq, onları
çox tez və birnəfəsə yazdığını
deyir. "Əfəndiyevlərin pyeslərində əsasən
qadınların taleyi önə çəkilir.
Qadının problemi qabardılır” deyirəm, çiynin
çəkir:
-Qarşıma
elə bir məqsəd qoymuram. Özü gəlir,
belə yaranır.
Söhbətə
"Atasının oğlu” olmaqla davam edirik...
-İndi
mənə İlyas Əfəndiyevin oğlu deyəndə
çox xoş olur, amma o vaxtlar bu məni pərt edirdi, bir
yeniyetmə təkəbbürü ilə istəyirdim ki, məni
müstəqil adam kimi qəbul etsinlər.
Fikir verirsiz, mən İlyasoğlu imzası da
götürmədim, ancaq Elçin. Ötən il məzuniyyətdə on günlük Karlovi
Variyə getmişdim. Parkda gəzirdim, bir də
gördüm skamyada əyləşmiş bir qadın məni
o birinə göstərib deyir ki, "bax, bax İlyas Əfəndiyevin
oğlu gedir”. Bu mənə çox ləzzət
elədi, çox təsirli idi.
Bu hadisəni gözlərində uşaq sevinci parlayaraq
danışır. O halını dağıtmamaq üçün
atası haqda, onun dilincə desək, İlyas Əfəndiyev
haqda söhbətə davam edirik. Bu dəfə
diqqətimi çəkən əsas məqam o olur ki,
yaradıcılığını izlədiyim və heç
vaxt nə dilindən, nə qələmindən "Atam”
sözünə rastlaşmadığım Elçin tilsimi
sındırır:
-Ömrüm
boyu atamın adından istifadə etməmişəm və
buna heç ehtiyac da olmayıb. Atamın xasiyyəti
də elə deyildi. Heç bir redaksiyaya zəng eləməzdi
ki, bu oğlumdur, yazısını çap edin, filan... Yazılarımı oxuyurdu, fikrini özümə
deyirdi, xüsusən də, bəyənmədiyi yerləri.
Bəzən bir yeniyetmə ehtirası ilə mübahisə
edirdim... Kənarda isə onun məsləhəti ilə ilk
yazılarımı İsa Hüseynova (Muğannaya) oxuyurdum...
İiyas Əfəndiyevin zəngin mütaliəsi, çox dəqiq
bədii zövqü var idi və İsa da çox az saylı yazıçılardan biri idi ki,
İlyas Əfəndiyev onun bədii zövqünü qiymətləndirirdi.
Bəli,
nəhayət ki, "ata” ilə başlamışdı, amma
yenə "İlyas Əfəndiyevə” qayıtdı... Nədir bu? Niyə yadıma
çox sevidiyim əfqan yazıçısı Xalid
Hüseyninin "Çərpələng uçurdan”ı
düşür? Onun qəhrəmanı, gələcəyin
böyük yazarı Əmirin atası ilə mürəkkəb
münasibətləri, ilk yazılarını atasının
dostuna oxuması... və... deyəsən mən məsələləri
dramatikləşdirməyi sevirəm. Elçin müəllim
isə atası haqqında aydın hiss olunan bir ehtiramla
danışır:
-İlyas Əfəndiyev ədəbiyyatla, ümumiyyətlə,
sənətlə bağli çox tələbkar idi. Deyirdi ki,
çap olunmağa tələsmə. Mən isə tələsirdim,
gənclikdir də... İlk yazım 1959-cu ildə
dərc edilib. İsa Hüseynovun razılığı ilə
"O inanırdı” adlı hekayəm "Azərbaycan gəncləri”
qəzetində çap olunanda 16 yaşım var idi. O
yazıları sonrakı kitablara, cildlərə salmıram. Onlar gözəl ilk gənclik təcrübəsidir,
çox səmimidirlər, ancaq ədəbiyyat həvəskarının
yazılarıdır. Gərək mətbuat
həvəskarın professionala çevrilməsi prosesini ifadə
etməsin. Mətbuat gərək
professionalın yazısını versin. Ona görə də
xoşlamıram ki, həvəskar şair belə gəldi, həvəskar
bəstəkar elə getdi... Həvəskar
şair olar? Şair ya olar, ya olmaz. Bunun həvəskarı yoxdu ki. Elə
deyil? Yaxud da, "mən şair deyiləm, amma şeir
yazıram...” Əgər sən özün deyirsən ki,
şair deyilsən, deməli yazdığın da şeir
deyil...
"Həvəskarların neylədiyin
görürük də...” deyib televizoru göstərir. Qeyri-peşəkarlıqdan
şikayətlənir. Söhbət fırlanıb
teatrın üstünə gəlir:
-Çox
təəssüflər olsun ki, tənqid sahəsində
böyük boşluqlar var. İlk növbədə də
teatr tənqidimizdə çox böyük bir boşluq var.
İki-üç nəfər professional tənqidçi var
ki, teatr tənqidi ilə məşğul olur: Məryəm
Əlizadə, Aydın Talıbzadə... İlham Rəhimli
daha çox teatrın tarixi ilə məşğul olur, rəhmətlik
İnqilab Kərimov da daha çox teatrın tarixi ilə məşğul
olurdu... Ona görə də səviyyəsiz və
səriştəsiz müəlliflər teatr haqqında guya
fikir söyləyirlər, əslində isə dedi-qodu ilə
məşğul olurlar.
- Tənqidçiyə
nə qədər ehtiyacımız var ki? Səhnəyə əsasən
elə adamların əsərləri qoyulur ki, onu heç kim tənqid etməyəcək. Məsələn,
kim Elçinin əsərin tənqid edəcək?
Buna heç kim ürək etməyəcək
axı...
-Başa
düşmədim... Deyirsən indi
tamaşanı ona görə alqışlayırlar ki, bu
Elçinin əsəridir, onun da vəzifəsi var? Bu
olmadı ki... Sən məndən lap monstr
düzəldirsən e. Mən ilk dəfədir bunu eşidirəm.
Niyə olmaz ki? Mən həmişə
deyirəm: bu vəzifəyə qədər kim
idimsə, hansı Elçin idimsə, bu vəzifədə də
həmən Elçinəm, gedəndən sonra da o adam olacam.
Nə ondan aşağı olacam, nə
yuxarı. Mən bunu həmişə
demişəm ki, İlyas Əfəndiyevin heç bir vəzifəsi
olmayıb. Onun ən böyük vəzifəsi
yazıçılıq idi, həyatında ən
böyük kabineti isə evindəki iş otağı olub. Yazıçı üçün bu böyük
xoşbəxtlikdir. Hətta İlyas Əfəndiyev
Komunist Partiyasının üzvü də olmadı. Sovet vaxtı o ranqda bir yazıçının
partiya üzvü olmaması adi məsələ deyildi. Amma mənim taleyim belə gətirdi ki, gənc
yaşladımdan ictimai işlərin içində oldum.
Gənc yaşlarımdan vəzifədə
olmuşam. 25-26 yaşım vardı, Nizami adına Ədəbiyyat və Dilçilik (onda
bir yerdəydilər) İnstitunda Birləşmiş Müdafiə
Şurasının elmi katibi idim. 31 yaşım
var idi, rəhmətlik Heydər Əliyev məni dəvət
elədi, ilk dəfə onun qəbulunda oldum və məni Yazıçılar
İttifaqına katib məsləhət gördü. Onda Yazıçılar İttifaqı çox
böyük təşkilat idi, super nazirlik idi. Sovet dövründə həqiqətən imkanlı
bir təşkilat idi. Birinci katib İmran
Qasımov idi. Mən də katib idim. Katib Mərkəzi Komitənin bürosunun nomenklaturası
idi. O vaxtdan da bu cür... Rəhbər orqanların
üzvü olmaq, deputat olmaq, o birisi, bu birisi... Və
mən bu vəzifələrdə həmişə
vicdanımla üz-üzə oturub işləmişəm, əslində,
gəmidə oturub, gəmiçi ilə dava edirdim və
aydın məsələdir ki, həmişə də ilk
növbədə yazıçı olmuşam.
-
"Qatil”ə baxdım... Məncə çox amansız
tamaşa idi...
-Hmm... Nooldu? Amansızılığı
qəbul elədin?
- Həyat
idi... Reallıq idi...
-Hə. Reallıq idi. Mənə dedilər
ki, çox açıq-saçıq səhnələr var,
amma getdim baxdım və qəbul elədim. Hesab edirəm ki, orda açıq-saçıq bir
şey yoxdur. Orda insanın hissləridir.
40 yaşında qızın min cür istəyi,
hissi var və Mehriban Ələkbərzadə bunu çox
istedadla göstərib. Münəvvərin
(Münəvvər Əliyeva) simasında isə yeni aktrisa kəşf
elədim.
- Mən
oğlanı da çox bəyəndim...
-Oğlan
(Hikmət Rəhimov) YUĞ teatrından gəlib, istedadlı
oğlandır. Mən elə bilirəm ki, bu
Mehriban Ələkbərzadənin ən yaxşı
tamaşasıdır. Bu ikinci quruluş
idi, birinci quruluşdan tamamilə fərqlənir. Elə bil başqa tamaşadır.
- Amma
romanlarınızı səhnədə qəbul etmirəm.
Gənc Tamaşaçılar Teatrında Loğman Kərimovun
quruluşunda hazırlanan "Mahmud və Məryəm”
tamaşasında Məryəmi oynadığıma işarə
edərək təəccüblə:
-Heç
"Mahmud və Məryəm”i də?
- Bəli.
Heç "Mahmud və Məryəm”i də?
-Hmm... Həqiqət bundan ibarətdir ki, əsər gərək
səhnə üçün yazılsın. Amma sənə deyim ki, mən o "Mahmud və Məryəm”i,
"Ağ dəvə”ni, "Ölüm hökmü”nü
heç vaxt səhnələşdirməzdim. Bunlar Loğman Kərimovun sayəsində meydana
çıxdı. Mən Loğmanı istedadlı adam, ancaq istedadını hələ
lazımı səviyyədə istifadə etməmiş bir
rejissor hesab edirəm. O, gəlib mənimlə söhbət elədi
və məni inandırdı ki, ortaya nəsə bir şey
çıxardacaq. Və mən səndən fərqli
olaraq Loğmanın o tamaşalarinı bəyənirəm.
Tamaşaya baxanda gərək romanları
unudasan. Bu yaxınlarda Cənnət Səlimova
"Buzovna kəndinin əhvəlatları”
tamaşasını qoyub. Çox
maraqlı alınıb. Mən o hekayələri 30-40 il bundan qabaq yazmışam. Çox
şeylər yadımdan çıxmışdı, mənim
xoşuma gəldi. Hər şeyi istedad həll
edir. Əgər adamın istedadı varsa
ortaya bir şey çıxacaq, yoxdursa, heç nə
çıxmayacaq.
-
Teatrlarda adınızın ətrafında bir xof var.
Premyeralardan əvvəl müəllif gələcək yox, məmur
gələcək deyirlər...
-Həmişə
deyirəm ki, bu məmur sözündən xoşum gəlmir...
Qoqolun, Çexovun tipləri yadıma düşür... Bilirsən,
mən bütün ömrüm boyu sən dediyin həmin
söz-söhbətlə qarşılaşmışam... Teatrlarla əlaqəsi olan adamsan, hansına təzyiq
eləmişəm? Ömründə ola
bilməz... Mən elədikləri ilə döşə
döyən adam deyiləm, ona görə
də bu mövzunu davam etmirəm. Özün
onlarla söhbət etsən yaxşı olar.
Ancaq söhbətimiz boyu bu mövzuya tez-tez
qayıtdıq. Görünür bu onu yorub. Hiss
olunur ki, bu mövzuda onun ürəyi doludur. Deyir
ki, hərdən qəzetlərdə böhtanlar, kin-küdurət
püskürmələri, mədəniyyətsiz, qabiliyyətsiz
yazılar yazırlar. "Xahiş edirəm,
bunu yazasan”. Mən də olduğu kimi yazıram:
-Əgər mənim, Elçinin fəaliyyəti və
yaradıcılığı bu cür böhtanlara,
qarayaxmalara, kin-küdurət püskürmələrinə,
primitiv dedi-qodulara tab gətirməyəcəksə, onda
yaxşı edirlər yazırlar. Qoy yazsınlar. Neyləmək olar? Üzeyir Hacıbəyov,
Hüseyn Ərəblinski, Cəlil Məmmədquluzadə,
Sabir haqda nələr yazmayıblar? Sarı mətbuat
və nadan həmlələri həmişə olub. Ədəbiyyat da belədir ki, ədəbiyyatla
yalançı ədəbiyyat, ədəbiyyat adamları ilə
yalançı ədəbiyyatçılar, sənət ilə
antisənət həmişə müştərək olub,
yanaşı gedib. Həmişə belə
olub. Mən onlara cavab verməyi qəti qəbul
etmirəm. Nəyə cavab yazasan? Bir dəfə demişəm, mən Əkrəm
Əylisliyə, Anara cavab yazaram, bunlar ədəbiyyat
adamıdır. O birilər nə səviyyədə
yazırlar ki, onlara cavab da yazım və niyə yazım? Mənim öz yaradıcılığımla da, fəaliyyətimlə
də bağlı heç bir
nigarançılığım yoxdur. Görünən
dağa nə bələdçi? Yazırlar
ki, Elçin vəzifəsindən istifadə etdi, teatrda pyesi
getdi. Londonda, Moskvada, İstandulda, yaxud Sankt-Peterburqda,
Krımda, Konyada, nə bilim harda pyesimi səhnəyə
qoyublar, indi mən Londonda vəzifəmdən istifadə
etmişəm? Türkiyədə beş
tamaşam oynanılıb. Bu günlərdə
xəbər tutmuşam ki, indi Ankara Dövlət Teatrında
"Qatil”i hazırlayırlar. İstanbul Böyük Bələdiyə
Teatrında "Şekspir”in, Londonda "Mənim sevimli dəlim”in
məşqləri başlayıb, Kipr Dövlət Teatrı
yanvarın 8-də "Qatil”in premyerasını nəzərdə
tutub, Mehriban Ələkbərzadəni bu tamaşa
üçün xüsusi dəvət ediblər. Burda da
yazacaqlar ki, Elçin yenə vəzifəsindən istifadə
edib?.. Yaxud da hansı qəzetdəsə
oxudum ki, rəhmətlik Rafiq Tağı həbs olunanda
Elçin heç nə etmədi. Sən hardan bilirsən
ki, Elçin nə etdi, kimə nə dedi, kimdən nə
xahiş etdi? Mətbuat konfransı
çağırıb, car çəkməliydim ki, ay camaat,
bilin və agah olun ki, mən onu eləmişəm, bunu eləmişəm?
Mən o adam deyiləm və heç vaxt
da olmamışam. Doğrusu, acınacaqli və kədərli
vəziyyətdir...
- Bu arada,
Türkiyədə çəkilən "Mahmud və Məryəm”in
çox yaxşı film olacağına inanıram.
-Çəkilişləri
bitib, montaj işləri gedir. Yayda İstanbulda
idim, Bakıda çəkilən fraqmentlərinə baxdım
və bu dərəcədə gözləməzdim, çox
xoşuma gəldi. Ümid edirəm ki,
yaxşı bir şey çıxacaq. Mən
"Mahmud və Məryəm”i qoruyurdum, onunla bağlı
çox təkliflər olub, film olmasına icazə vermirdim,
onu filmdə görmürdüm.
- Səhnədə
də görmürdüz...
-Görmürdüm,
amma gördüm...
- Mən
filmin tamaşadan daha yaxşı olacağını gözləyirəm.
Çünki onlar üçün bu Azərbaycanlı
yazıçı Elçinin əsəridir, vəzifəli
adamın yox...
-Sən
yenə belə danışırsan?
Gülürük.
-Məsələn,
Gənc Tamaşaçılar Teatrında İlyas Əfəndiyevin
"Məhv olmuş gündəliklər”i ilk dəfə
hazırlananda o vaxtkı rəhbərlik çox narahat idi ki, əsər
çox dəyişilib, Elçin müəllimin
acığı tutar...
-O
tamaşanı çox bəyənmişdim. Vaqif
Əsədovun tamaşasıdır. Amma sən belə
deyirsən və bunun ab-havası mənim üçün
çox yaddır...
-
Reallıq budur...
-Mən nə
edə bilərəm?.. Təskinlik
ondadır ki, mənim artistlərlə, rejissorlarla, ən sadə
teatr işçiləri ilə çox yaxşı, isti, məhrəmanə
münasibətim var... Eyni hüquqlu tərəf-müqabillərik.
Başqa cür ola da bilməz.
Teatr reallıqları haqda xeyli danışandan sonra,
keçirik ədəbiyyata. Gənc yazarlardan
danışırıq. Stolunun
üstündə iki sıra ilə yığılan
kitabları göstərib yeni aldığını deyir.
Əksəriyyəti gənclərin
kitablarıdır.
-Yaxınlarda
məzuniyyətə çıxacağam, bunları da
özümlə götürüb oxuyacam. Keçən
yay 10-12 kitab aparıb bağda oxudum. İkisi
haqda yazı da yazdım. Biri Şərif Ağayar idi,
sonradan özü ilə də tanış
olduq. Hansısa müşavirədə. Bir də Mübariz Cəfərli, onu isə heç
görməmişəm. Bu ikisi xoşuma gəldi.
Şərifin "Kərpic kəsən
kişinin dastanı” povesti gələcəyin yaxşı
perespektivlərindən xəbər verir. Sevinc Pərvanənin
"Səhər” romanını oxudum. Axtarışdadır,
hələ yaziçı kimi özünü axtarır.
O qızın şeirlərini də oxumuşam, istedadlı
qızdır. Bu istedad, bu protest onu hara aparacaq,
deyə bilmərəm. Hər-halda, istərdim
ki, Böyük Ədəbiyyata aparsın.
Böyükçölün "Çöl”, Sahilənin
"Zemi”, Qaraqanın "A” roman və povestlərini oxudum. Xanəmir maraqlı şairdir, onun "Qəvi
qövmün qalı” kitabı poeziyamızda yeni
sözdür.
- Tərcümələrin
vəziyyəti necə, Sizi qane edir?
-Yox. Tərcümə dilimiz çox bərbad səviyyədədir.
Ümumi keyfiyyət aşağıdır.
Pis vəziyyətdədir.
Ayrı-ayrılıqda uğurlu tərcümələr var. Məsələn,
"100 ilin tənhalıığı”nı xatirəmdə
deyil, kim tərcümə edibsə...
-
Günel Mövlud.
-Ayrı-ayrı
epizodları oxudum, yaxşı idi, eybəcər bir şeyə
rast gəlmədim.
- Gənclərə
hansı örnəyi verərdiz?
-Mütaliə.
Bu gün gəncləri oxuyuram və hiss edirəm ki,
mütaliəyə böyük ehtiyacları var. Gənclik,
indicə dediyim kimi, özünü axtarır, amma mütaliənin
çatışmazlığı gün işığı
qədər aydındır. Oxumurlar,
görürsən ki, çoxunun dünyadan xəbəri
yoxdur. Hətta böhtan atanda da gərək səviyyəli
atasan ki, heç olmasa bir az effekti olsun.
Böhtanı, qarayaxmanı, dedi-qodunu yazanda da azacıq səviyyə
olsun ki, adam fikirləşə: bəlkə buna cavab vermək
lazimdır, oxucuları çaşdıra bilər?..
Gənclik
deyən kimi də ağla ilk gələn böhtan olur niyəsə...
-Anarın Orxan Pamuk haqqında məqaləsini,
postmodernizm barədə mülahizələrini oxumusunuz?
-Yox,
oxumamışam. Ancaq Kulis.Azdakı müsahibəsini
nəzərdən keçirmişəm. O vaxt Bakıda
deyildim, gələndən sonra verdilər, baxdım. Orada, yumşaq desəm, qəribə bir şey
gözümə dəydi ki, doğrusu, heç nə başa
düşmədim. Ya belə çıxır ki, mən
Anarın Nuh əyyamında yazdığı hansısa bir
cümlədən ilham alıb üç cildlik roman
yazmışam, ya da mənim bu romanımı Anar yazıb...
Daha buna şərh vermək istəmirəm... Ancaq
Anar dostumuz yəqin Türkiyədə yaşadığı
gözəl günlərin təsirilə "Allah, Allah, yorum
yok.” deyib gülür. Doğrudan da bundan artıq
gülməli nə ola bilər?
Söhbətimizi
yekunlaşdıranda bizim gəncliklə ədəbiyyatın
sabahını necə proqnoz ediyini soruşdum, cavab:
"Ədəbiyyat proqnoza baxmır ki... Sabah birdən
adını da bilmədiyimiz biri ortaya elə bir roman
çıxardı ki... Kim onu proqnoz edə bilər?
Ədəbiyyatın taleyi insan taleyi kimidir, -
deyib yenə başı ilə təsdiqləməyə
başlayır... və deyəsən mən bu yerdə bir
"ÇP”yə yol verirəm:
-70-in pəncərəsindən
boylanırsız...
-Bu 70
söhbətin yadından çıxart! Buyur!
Allah,
Allah! Nə buyur? 70-i unudandan sonra o
sualın da heç bir əhəmiyyəti olmayacaq axı... Sualı
belə dəyişməli oluram:
-İndi nə yazırsız?
-Çox
pis bir xasiyyətim var. Bir yazını ki, başlayıb
axıra çatdırmadım, onu davam etdirə bilmirəm. Mənim stolumda yalan olmasın 25-30 hekayə var ki,
yarımçıq qalıb. Başlamışam,
sonra harasa getmişəm, adətən bir yerə gedəndə
özümlə aparıram, yazıram, amma nə isə olub də,
eləcə fasilə yaranıb, yarımçıq
qalıblar. Mən yazanda gərək birnəfəsə
yazıb bitirəm. İndi bir sıra işlər var ki,
işləyirəm... Pyeslər var, hekayələr var, həmin
böyük roman hazırdır... Bilirsən,
biz qəribə ölkədə yaşayırıq, daha yaza
bilməyən, keçmişdə yazdıqlarının
kölgəsində daldalanan yazıçı ilə
yazanın arasında fərq yoxdur, yazmayan, quyusu qurumuş
yazıçılar, yazandan çoxdur. Yazıçı
gərək təzə əsərlər yazmaq iqtidarında
olsun, yoxsa ki, nə qədər gözə kül
üfürmək istəsə də, ortaya çıxan
fındıqdır. O fındığı nə qədər
tərifləsələr də içi boşdur.
- ...
(Burda 70 yaşda deyəcəkdim, demədim)Mövzu
nədir?
Cavab
maraqlı idi... Amma cavabı verməzdən əvvəl, 70
yaşın gündəmində dayanan mövzunu
açıqlamazdan əvvəl masasının üstündəki
telefona işarə etdi... Bu da bir peşəkarlıq.
Bravo! Mövzu açıqlanmaz! Açıqlayarsan sabah kimsə götürüb
fındığa çevirər. Şablon da olsa, hər
yaşın öz mövzusu var və bəzi mövzular
doğrudan da ancaq həyat təcrübəsi istəyir... Bəzi
mövzulara toxunmaq üçün mütləq
yaşamalısan...
...Ondan
ayrılandan sonra artıq liftdə başladım o mövzu
haqda düşünməyə... Ooooo... Bu mövzunu anlamaq
üçün hələ bu qədər də
yaşamalıyam...
Vüsalə
MƏMMƏDOVA
Ədalət.-2012.-21 dekabr.-S.8.