OCAQ İSTİ OLSA...
... Bu torpağın, bu elin, bu obanın
yazı, yayı, payızı kimi, qışı da gözəldir.
Gözəllik təbii ki, hər yurda qismət olmur. O yurda
qismət olur ki, o gözəlliyi qoruyurlar, yaşadırlar və
məhv olmağa qoymurlar. Bax onda insan heç vaxt bu
füsunkar və qeyri-adi gözəllikdən doymaq istəmir...
Füzulinin
qeyri-adi bir ab-havası var. Bu ab-havanı istər-istəməz
o torpağa qədəm basan və o torpaqda yeriyən hər
hansı adam elə həmin an hiss eləyir,
duyur. Sadəcə olaraq, bir balaca diqqətli, bir
qədər də həssas olmaq bəs eləyir ki, hər
şeyə dəqiq qiymət verəsən. Udduğun
hava, içdiyin su sənə o qədər rahatlıq gətirir
ki, onun təsirindən uzun müddət ayrıla bilmirsən...
XOŞMƏRAMLI ADDIMLAR
Adama elə gəlir ki, Horadiz şəhərini
keçməklə qısa zaman kəsiyində rayonun mərkəzi
olan Füzuliyə çatmaq olar. Bu həsrətlə həmişə
Horadiz kəndinə qədər olan asfalt yolu çox
böyük həvəslə getmişəm. Amma elə ki, qarşıda hərbiçilərimiz
olub və "ordan o yana getmək mümkün deyil" deyiblər,
bax bundan sonra ümidim qırılıb. Amma
içimdə belə bir ümid var ki, nə vaxtsa o postu biz
Füzuli şəhərindən uzaqda görə biləcəyik.
Və bu inam məni zaman-zaman həmin ana
yaxınlaşdırır. Tək məni
deyil, on minlərlə füzulili bu inamla yaşayır.
Gün gələcək bu yolu hamımız addımlayaraq
Füzuliyə, Ağdama, Şuşaya, Cəbrayıla, Zəngilana,
Qubadlıya, Laçına, Kəlbəcərə... gedəcəyik.
QAR YAĞIRDI...
Hiss olunur
ki, qar yağanda Füzulinin kəndləri və
yaşayış məntəqələri öz görkəmini
dəyişir. Bayaq dediyimiz kimi, qarlı havada,
camaatın söylədiyi fikirlərə inansaq, daha çox
oksigen olur. Bu həqiqətən də belədir.
Hətta qar yağmayanda havada zəngin oksigen olduğunu hiss eləyirsən.
Qar yağanda isə hava daha da təmizlənir və hiss edirsən
ki, gözəl bir aləmə düşmüsən.
Ciyərlərinə doyunca o təmiz havanı çəkirsən
və elə bil ki, özünü cənnətdə hiss eləyirsən. Bütün bunları demək
bəlkə də asandır, ancaq sadəcə olaraq, gərək
adamın ürəyində təpər ola
və durub gedə Füzuliyə. Bax onda görər ki, ora
necə qar yağıb və insanlar bu qardan necə sevinirlər...
ÖLKƏ PREZİDENTİ
FÜZULİLƏRDƏN RAZI QALDI
Füzulidə gedən çox böyük abadlıq,
tikinti və quruculuq işləri ondan xəbər verir ki,
işğaldan sonra rayonun azad olunmuş şəhəri və
yaşayış məntəqələri əsaslı surətdə
yenidən qurulur. Bəli, Füzulinin işğal altında olmuş 22 kəndi
və 1 şəhəri erməni qəsbkarlarından azad
olunandan sonra burda çox böyük və möhtəşəm
abadlıq, tikinti işləri görülüb. Yanmış və dağıdılmış
yaşayış binaları, inzibati binalar, məktəblər
və xəstəxanalar əsaslı surətdə təmir
edilib və bəziləri yenidən tikilib. Kəndlərin əksəriyyətinə asfalt yollar
çəkilib.
Eyni zamanda, təbii qazın rayona çəkilməsi də
çox böyük önəmli rol oynayır. Artıq
rayonun 19 yaşayış məntəqəsində mavi qaz
yanır. Bütün bunlarsa insanların həyat
və rifah halını yaxşılaşdırır. Qısa zaman kəsiyində Füzulidə, xüsusən
də Horadiz şəhərində çoxlu sayda sosial obyektlər
istifadəyə verilib. Horadiz şəhəri
Avropa şəhərlərinə uyğun tikilib. İndi şəhərin gündüzü kimi, gecələri
də gözəldir.
Son iki ildə bayaq dediyimiz kimi, Füzulidə onlarla yeni
obyekt istifadəyə verilib. Bunlardan ən möhtəşəmi
Heydər Əliyev parkı, Heydər Əliyev Mərkəzi,
ikimərtəbəli mədəniyyət evi, şahmat məktəbi,
Heydər Əliyev Fondu hesabına 180 yerlik tam orta məktəb,
ikimərtəbəli gənclər mərkəzi, Qarabağ kəndində
"Qarabağ" broyler quşçuluq fabriki, soyuducu anbar,
su elektrik stansiyası və digər tikililərdir. Ölkə prezidenti bu möhtəşəm tikililərin
açılışında iştirak edib və Füzulidə
görülən abadlıq, tikinti, quruculuq işlərindən
razı qaldığını bildirib. Bütün
bunlar isə o deməkdir ki, rayona təyin olunmuş icra
başçısı Alı Alıyev ölkə prezidentinin
etimadını doğruldub və füzuliləri böyük
abadlıq, quruculuq işlərinə cəlb edib.
KİMLƏ SÖHBƏT
ETDİKSƏ...
Rayonda kimlə söhbət etdiksə, onlar hamısı
görülən abadlıq və quruculuq işlərindən
ağızdolusu danışdılar. Rayonun ağsaqqallarından olan
İsfəndiyar kişi dedi ki, heç
ağlımıza gəlməzdi ki, iki ilə yaxın bir
müddətdə bu qədər böyük işlər
görülə. Bu işləri əvvəllər
30-40 ilə görə bilməzdilər. Amma
"El bir olsa, dağ oynadar yerindən" deyimini
atalarımız nahaq yerə söyləməyiblər. Biz füzulilər də bu quruculuq işlərində
rayon icra başçısına dəstək vermişik.
Çünki hər bir görülən iş və hər
bir abadlıq biz insanların rahat həyat şəraitinə
hesablanıb. Əgər belədirsə, nə
üçün biz bu böyük quruculuq işlərindən
kənarda qalmalıyıq?! Ölkə
prezidenti İlham Əliyevin rayonumuza səfəri və
burdakı obyektlərin açılışınıda
iştirak etməsi bizi ürəkdən sevindirdi.
Prezidentimiz
öz çıxışında dedi ki, Füzuliyə həmişə
böyük Öndər Heydər Əliyev qayğı
göstərib və mən də bu qayğını fəaliyyət
göstərdiyim bütün dövrlərdə göstərəcəyəm.
Bax, bu söz bizim ürəyimizdən xəbər
verir, bu torpağa və bu yurda bizi daha çox ürəkdən
bağlayır. Biz cəbhə bölgəsində
yaşayırıq. Hər gün ermənilər
atəşkəsi pozurlar. Amma bundan qətiyyən
qorxmuruq. Xüsusən də ölkə
prezidenti bizə arxa olanda, inamımız daha da artıb.
CAMAAT SEVİNDİ
Ölkə prezidenti Füzuliyə səfərindən
sonra Füzuli rayonun sosial-iqtisadi inkişafının daha da
sürətləndirilməsi üçün prezidentin ehtiyat
fondundan rayona 2 milyon manat vəsait ayırdı. Təbii ki, bu
vəsait tikilməkdə və qurulmaqda olan rayonun daha da
abadlaşmasına sərf olunacaq. İlk
növbədə həmin vəsait hesabına Qarabağ
müharibəsi dövründə yandırılmış və
dağıdılmış evlər bərpa ediləcək.
Bu evlərin tam bərpası isə o deməkdir
ki, qaçqınlıq şəraitində yaşayan
insanların bir çoxu yenidən öz isti ocaqlarına
dönəcəklər. Çünki əvvəllər
də yanmış və dağıdılmış evlər
bərpa edilib. İndi isə demək olar ki, rayonda bir
yanmış ev belə qalmayacaq. Həmin evlərin əsaslı təmir edilməsi xəbəri
isə çoxlu sayda füzulilini sevindirib. Onlar sevinirlər ki, yanmış evlər bərpa
olunacaq və onlar yenidən həmin mənzillərdə
yaşayacaqlar.
Bununla yanaşı, həmin vəsait hesabına rayon
icra hakimiyyəti üçün yeni inzibati bina da inşa
ediləcək. Hər bir quruculuq, tikinti və abadlıq işi
bütövlükdə rayonun və Horadiz şəhərinin
gözəlləşməsi deməkdir. Təsadüfi
deyil ki, təkcə Horadiz şəhərində 50 mindən
çox İtaliyadan, Amerikadan və Türkiyədən gətirilmiş
ağaclar əkilib. Bu ağaclar şəhərə
əsrarəngiz bir gözəllik verir və onu daha da abad göstərir.
MÜRACİƏT QƏBUL OLUNDU
Heydər Əliyev Mərkəzi çox orijinal və
milli memarlıq üslubunda tikilib. Bu mərkəzin həm
də qeyri-adi bir böyük iclas salonu var. Təbii ki, bu salon
müşavirələr, iclaslar və toplantılar
üçün nəzərdə tutulub. Elə
rayon icra hakimiyyətinin keçirdiyi ilk yığıncaq da
xoş bir mərama xidmət edirdi. Yığıncağı
keçirməkdə məqsəd ölkə prezidentinin
Füzuliyə səfərindən sonra insanlar arasında
yaranan xoş əhval-ruhiyyəyə bir qiymət vermək
idi. Yığıncaqda rayon icra hakimiyyətinin
başçısı Alı Alıyev çıxış
edərək ölkə başçısına Füzuliyə
səfərindən və bir çox obyektlərin
açılışında iştirak etməsindən
danışdı. Eyni zamanda,
başçı qeyd etdi ki, füzulilər həmişə
ölkə prezidentinin tutduğu siyasi xətti müdafiə
edib və ona bütün dövrlərdə arxa durub. Füzulilər fəxr edirlər ki, onların belə
bir prezidenti var.
Təbii ki, ölkə prezidenti Füzulidə gedən
böyük quruculuq və abadlıq işlərinə həmişə
önəm verib. Məhz onun köməkliyi nəticəsində
rayonda son iki ildə möhtəşəm tikinti, quruculuq və
abadlıq işləri görülüb. Yığıncaqda
çıxış edən digər şəxslər də
məhz bu fikirləri xüsusilə vurğuladılar. Onlar qeyd etdilər ki, ölkə prezidentinin diqqəti
nəticəsində Füzuli günbəgün gözəlləşir.
Çıxış edənlərdən YAP-ın
Füzuli rayon təşkilatının sədri Almaz Həşimova,
gənclər təşkilatının sədri Tural Nəbiyev
və başqaları ölkə prezidentinə bu dəstəyə
görə, öz minnətdarlıqlarını bildirdilər. Sonda
yığıncaq iştirakçıları tərəfindən
ölkə prezidentinə müraciət qəbul olundu.
YÜZ MİN TON TAXIL
Füzuli həmişə öz çörəyi və
ruzisi ilə digər qonşu rayonlara arxa olub. İkinci dünya
müharibəsində Füzulinin istehsal etdiyi taxılın
hesabına Beyləqanda, İmişlidə, Zəngilanda, Cəbrayılda
aclığın qarşısı alınıb. Elə o vaxtların ağsaqqal kişiləri deyirdilər
ki, Füzulinin çörəyi olmasaydı, ikinci dünya
müharibəsində qonşu rayonların əhalisi
acından qırıla bilərdi. Şükürlər olsun
ki, bu gün də Füzulidə bol məhsul yetişir.
Bu da təsadüfi deyil. Çünki rayonun bərəkətli
torpağı, gözəl havası və saf suyu var. Bu
gözəlliklərin hesabına rayonda həmişə məhsul
bolluğu olub. Bəlkə də Füzuli torpağı yeganə
yerlərdəndir ki, orda hər hansı ağacı əkirsən
bir ildən sonra bar verir.
Təbii
ki, bütün torpaqlar bərəkətlidir. Amma
Qarabağ torpağının yetişdirdiyi nemətlərin
dadından heç vaxt doymaq olmur. Bu il də rayon tarixində rekort
miqdarda - 100 min tondan çox taxıl toplanıb. Yəqin ki, həmin məhsulu əldə eləmək
elə-belə başa gəlməyib. Bunun
üçün alın təri tökülüb, əziyyət
çəkilib. Çəkilən əziyyət
isə nə vaxtsa mütləq öz bəhrəsini verir.
Əlbəttə, təhnəsi dolu və süfrəsi ruzili
olan insanların üzü də həmişə el-oba
qarşısında ağdır...
Faiq QİSMƏTOĞLU
Ədalət.-2012.-25 dekabr.-S.6.