Tarixi romanda milli
özünüdərkin nümunəsi
Xalqın tarixinə, mədəniyyətinə, dəyərlərinə
müasir dövrün tələbləri müstəvisindən
nəzər salmaq, milli mənəviyyatımızı bu
aspektdən bədii tədqiq obyektinə çevirmək
çağdaş Azərbaycan ədəbiyyatının
mühüm vəzifələrindəndir. Xalqın çoxəsrlik mənəvi
və əxlaqi keyfiyyətlərini, həyat və məişət
tərzini, adət-ənənələrini, yadelli
işğalçılara qarşı mübarizəsini,
ayrı-ayrı dövrlərdə ədəbi-mədəni
yüksəlişini öyrənmək baxımından da
tarixi mövzuda yazılan bədii əsərlərin xidmətləri
az deyil.
Son dövrdə Hüseynbala Mirələmov öz əsərlərində
Azərbaycan tarixinin müxtəlif dövrlərini
işıqlandırmış, görkəmli dövlət
xadimlərinin, sərkərdələrin tarixi xidmətlərini
bədii sözün qüdrəti ilə təsvir
etmişdir.
H.Mirələmovun "Sonuncu fateh" romanında Nadir
şah Əfşar türk xalqlarının və vətəninin
birliyi yolunda mübarizə aparan, öz amalı və əqidəsi
uğrunda bütün varlığı ilə
çalışan, xalq kütlələrinin böyük məhəbbətini
qazanan bir hökmdar kimi səciyyələndirilmişdir. Sovet ideologiyasının təsiri
ilə yetişən bəzi tarixçilərdən fərqli
olaraq H. Mirələmov Nadir şahı qəsbkar kimi yox, vətəninin,
xalqının birliyi yolunda dönməz və sarsılmaz iradəyə
malik olan rəhbər kimi təqdim etmişdir.
Nadir şahın gələcəkdə böyük bir
hökmdar olması tarixi faktlara əsaslanaraq müəllif tərəfindən
ustalıqla aydınlaşdırılmışdır. Nadir şah hələ
kiçik yaşlarından idarəetmə qabiliyyətinə
malik olmuş və bu əsərdə maraqlı hadisələr
zəminində canlandırlımışdır. Nadirin gəncliyində əsir həyatı ilə
qarşılaşması, zamanın amansızlıqları
onun təbiətinin formalaşmasına, mətin və
mübariz bir şəxsiyyət kimi yetişməsinə təkan
vermişdir. O, çox qabiliyyətli, ətrafında
baş verənlərin mahiyyətinə düzgün vara bilən,
illər keçdikcə həmin keyfiyyətləri daha da
inkişaf etdirən dahi bir sərkərdə olmuşdur. Dövrün mürəkkəb hadisələri,
taleyin acı həqiqətləri onu daha da mətinləşdirmiş
və mübarizləşdirmişdir. Onun
fitri istedadı, iti ağlı, dərin zəkası,
yaşına uyuşmayan igidlik və cəsarəti əsərdə
tarixi həqiqətlərə uyğun olaraq təsvir
edilmişdir.
Tarixdə olduğu kimi əsərdə də Nadir
şah Əfşar ölkədə hərc-mərcliklərin,
pərakəndliklərin genişləndiyi, xalqın yadelli
işğalçılara qarşı mübarizəsinin
şiddətləndiyi, zülm, haqsızlıq,
soyğunçuluq və talanın artdığı bir şəraitdə
hakimiyyətə gəlmişdir. Lakin
yazıçı Nadir şahı təkcə qılınc qəhrəmanı
kimi təqdim etməmişdir. O, dərin bilik və zəka
sahibidir, fəlsəfə və siyasətlə yaxından
maraqlanır. Romanda Nadir Şah real tarixi obraz
kimi, özünəməxsus fərdi cizgilərlə
canlandırılmışdır. Müəllif,
onun xarakterini dövrün mühüm hadisələri ilə
bağlamışdır. Qəhrəmanın
şəxsi duyğuları da, ictimai mövqeyi də konkret
tarixi şəraitlə əlaqədə təsvir
olunmuşdur. Nadir şah möhkəm iradəyə,
iti düşünmə qabiliyyətinə malik olan, hadisələrdən
ustalıqla baş çıxarmağı bacaran bir
hökmdardır. Nadir şah öz qələbələrinə
inamını axıra qədər itirmir. Heç
bir qorxu, hətta ölüm təhlükəsi onu öz əqidəsindən
döndərməyə qadir deyildir.
H. Mirələmovun
digər əsərlərində olduğu kimi bu romanında
da qəhrəmanının daxili-psixoloji aləmini təbii
boyalarla açır. Xüsusilə Nadir
şahın anaya, el-obaya, xalqına olan
bağlılığını göstərmək
üçün yeri gəldikcə tarixi mənbələrin
məlumatı ilə yanaşı, onun haqqındakı rəvayətlərdən,
ayrı-ayrı aşıq və şairlərlə
görüşlərindən də məharətlə istifadə
edir.
Romanda Nadir şahın mənəvi-əxlaqi keyfiyyətləri,
anaya olan böyük məhəbbəti və vəfa
duyğusu da onun qələbələrini, uğurunu şərtləndirən,
oxuculara sevdirən amillərdəndir. Müəllif,
hökmdarın ləyaqətini, mənəvi zənginliyini də
ölkənin tərəqqisi, dövlətin qüdrətinin
artması üçün olan mühüm şərt kimi mənalandırır.
Nadirin anasına olan sevgisi onu əsir həyatında
yaşadan yeganə səbəb olur. Onun anaya olan
bağlılığını hətta əsirlikdə
olduğu Buxaralı Qəmbər də duyur: "Bir səhər
Buxaralı Qəmbər Nadirlə Əmirqulunun
öz işlərini səssiz-səmirsiz, vicdanla yerinə
yetirdiklərini və üstəlik, Nadirin xəstə
anasına bütün varlığı ilə bağlı
olduğunu görüb, daha onların ayaqlarına kündə
vurmadı".
Hadisələr inkişaf etdikcə biz, Nadirin anasına
olan övlad sevgisinin bir daha şahidi oluruq. Anası vəfat
edəndən sonra Nadir tez bir zamanda qardaşı və həmyerlisi
ilə əsirlikdən qaçmağa müvəffəq olur.
Lakin o hətta anası vəfat etsə belə
bu ona olan sevgisini unutmur. Onu sevən
Zöhrəyə-Buxaralı Qəmbərin qızına
anasının qəbrini tez-tez ziyarət etməsini
tapşırır. Baba Əli bəy
Əfşarın müdafiə dəstəsinə daxil
olar-olmaz Nadirin ilk işi də anasının qəbrini öz
oymağına köçürtmək olur.
Ümumiyyətlə H.Mirələmovun "Sonuncu
fateh" tarixi romanı vahid dövlət yaratmaq uğrunda
Nadir Şah Əfşarın mübarizələrdə
keçən ömrünün bədii salnaməsidir. Belə ki,
tarixdə olduğu kimi əsərdə də Nadir şah
Əfşar 1732-ci ilin avqustunda II Təhmasib şahı devirərək
onun azyaşlı oğlu III Abbası şah elan etməklə
real hakimiyyəti ələ keçmişdir. O,
1733-cü ildə Bağdad yaxınlığında
osmanlıları məğlub etmiş, 1735-ci ilin martında Gəncə
yaxınlığındakı düşərgədə
Rusiya səfiri Sergey Qolitsınla müqavilə
imzalamışdı. Bu müqaviləyə əsasən
Bakı və Dərbənddən rus qoşunları
çıxarılmışdı. Bu da
onun mahir bir sərkərda olmaqla yanaşı, dahi bir siyasətçi
kimi də məşhurlaşdırmışdır. Lakin hakimiyyətin həqiqi sahibi olandan sonra da Nadir
şah öz mövqeyini daim müharibələrlə
möhkəmləndirmiş və onun hərbi dühası həmişə
onun köməyinə çatmışdır.
Nadir şah mərkəzləşdirmə siyasəti
yeritmiş, Əfqanıstana, Şimali Hindistana və s. yerlərə
yürüşlər etmiş (1737-39), Dehlini tutmuş (1739),
fəth etdiyi ərazilər hesabına böyük dövlət
yaratmışdı. O, Şirvan, Qarabağ, Çuxur-Səd və Təbriz
bəylərbəyiklərini ləğv edərək ilk dəfə
olaraq Azərbaycan adı altında vahid inzibati bölgü
yaratmışdı.
Romanda diqqəti cəlb edən məsələlərdən
biri də müəllifin həmin dövrə xas olan xalq
oyunlarına, folkloruna əsaslanmasıdır. Burada türklərin
qədim xalq oyunlarından olan "Cirit oyunu"ndan bəhs
edilmişdir. Bundan əlavə müəllif,
"əfşar" sözünün və digər tarixi
yer və tayfa adlarının etimologiyasını da tarixi mənbələrə
istinadən əsaslandıra bilmişdir.
Yazıçı həm Təhmasib Mirzənin məğlubiyyətinin
labüdlüyünü əsalandırmaq üçün, həm
də Nadir şahın bir hökmdar kimi dahiliyini göstərmək
üçün çox maraqlı üsuldan istifadə
etmişdir. Belə ki, ətrafindakıların oyuncağına
çevrilən Təhmasib Mirzənin Nadir xanın deyiklisinə
elçi göndərməsi onu oxucunun qarşında nə qədər
kiçildirsə, Nadir xanı bir o qədər yüksəldir.
Çünki Nadir xan Əfşar hadisələrdən
düzgün nəticə çıxardır, qardaş
qırğınına yol vermir: "Bu sayaq namələr
yazanda, ya da Nadir xan Əfşar kimi sərkərdəsini məhv
etmək üçün ora-bura fərman yollayanda şah olan
kəs gərək öz yurdunun sabahını da
düşünsün... Gəzdirdiyi
qızılbaş börkünü qabağına qoyub,
yaxşı-yaxşı fikirləşsin. Namusla oynayan odla oynayar. Məhəbbət
nifrətə dönəndə, həmişə dostlar
arasında müharibə daha dəhşətli olur. Mənim
bu qılıncım isə ona-paytaxtsız qalmış Səfəvi
səltənətinin İrandan Turanacan düşmənlərini
qırmaq üçün gərəkdi, qohum-əqrabamızı
yox... Əqidə olan yerdə isə ədavət yox, ədalət
zəfər çalar..."
Yazıçının Nadir xan Əfşarın dili ilə
dediyi bu sözlər bütün əsər boyu öz təsdiqini
tapır. Doğrudan da bir tərəfdən Osmanlı
imperiyası, və digər tərəfdən Rus
İmperiyasının təhlükə yaratdığı
bir dövrdə tayfadaxili çəkişmələr,
taxt-tac üstündəki mübarizələr dövləti
çox zəiflədir və qəsbkarlara rəvac verir.
H.Mirələmov "Sonuncu fateh" əsərində
artıq əsrlər boyu müsəlman xalqlarını
narahat edən, bir din qardaşları arasında
parçalanmaya səbəb olan sünni-şiə məsələsinə
də toxunmuşdur. Çünki Osmanlı türkləri ilə
və digər tayfalarla neçə-neçə müharibələrə
səbəb olaraq məhz məhzəb ayrılığı
bəhanəsi gətirilmişdir. Halbuki İslam birləşməyi,
qardaşlığı, sülhü təbliğ edir və yazıçının Nadirin dili ilə dediyi
"Müsəlmanlar arasında bu rüsvayçı məhzəb
davasından ən çox yararlanan xaçpərəslərdir..."
sözlər bunu bir daha təsdiqləyir.
Yuxarıda da qeyd etdiyimiz kimi, yazıçı Nadir
şahın yalnız apardığı müharibələrindən,
uzaqgörən siyasətindən bəhs etməmişdir. O, eyni zamanda Azərbaycanın
ağrılı məsələlərindən olan Qarabağ
probleminə də toxunmuşdur. Biz bunu H. Mirələmovun
demək olar ki, həm tarixi, həm də ailə-məişət
mövzusunda yazdığı bütün əsərlərində
müşahidə edirik. "Sonuncu
fateh" romanında da yazıçı Moskvaya-çar sarayına
gedən və I Pyotr ilə görüşən
İsrayıl Orinin görüşmələrindən, onun
ölümündən sonra isə digər ermənilərin
onun işini davam etməsindən bəhs etmişdir.
Maraqlısı budur ki, H. Mirələmov həm "Gəncə
qapıları" pyesində, həm də "Sonuncu
fateh" əsərində də çar Rusiyasının
ermənilərin yaltaq, ikiüzlü, xain olmalarından xəbərdar
olmasını bildirir. Ruslar "Qafqazla
bağlı arzularını gerçəkləşdirmək
üçün ermənilərdən elə əmrə
müntəzir qul kimi" gələcəkdə istifadə
etmək üçün öz hüzurlarından qovmurlar.
H.Mirələmov burada tarixi faktları verməklə
yanaşı həm də Çar Rusiyasının Qafqazı
istila etməsində ermənilərin də bilavasitə əli
olduğunu qeyd etmişdir. Çünki
yerli adət-ənələrə, həmin yerin
coğrafiyasına yaxşı bələd olmadan ölkəni
işğal etmək mümkün deyil. Bundan əlavə
yazıçı, ermənilərin məkrli siyasətinin
mahiyyətini göstərməklə əsl niyyətlərini
açıb göstərmişdir: "Bütün
bu xidmətlərinin qarşılığında
İsrayıl Ori ermənilərin üstündən qul
adını götürməsini və Şərqə
qapısı olan Qafqazın sərhəd guşəsində-Osmanlı
imperiyası ilə Səfəvi dövlətinə aid olan
torpaqlarda onlara dövlət yaratmaqda kömək etməsini
istəyirdi...İsrayıl Ori çiskinli bir payız
günü yenə I Pyotrun hüzuruna gəlib, ona ipək
parça üzərində rəngli ilmələrlə
işlənmiş qəribə bir xəritə təqdim
etmişdi. Həmin qəribə xəritədə
İrəvan şəhəri mərkəz kimi göstərilməklə
Anadolunun bir hissəsi, Zəngəzur, Qarabağ mahalları və
həmin ətraflardakı başqa yerlər İsrayıl
Orinin təsəvvür etdiyi gələcək erməni
dövlətinin ərazisinə daxil edilmişdi".
Romanda
Bakının alınmasından sonra (26 iyul 1723-cü il) I
Pyotrun ermənilərin Azərbaycana yerləşdirilməsi
siyasəti də öz əksini tapmışdır. "Tamamilə məxfi qalsın" qrifi ilə
işarələnmiş başqa bir məktubunda I Pyotr
artıq general-mayor Matyuşkinə tapşırırdı
ki, müsəlmanları ruslar tərəfindən zəbt
edilmiş Azərbaycan torpaqlarından köçürüb,
əvəzində orada rusları, Osmanlı ərazisindən
köçürülüb gətiriləcək erməniləri,
yaxud digər xristian xalqlarından olan adamları yerləşdirsin".
"Sonuncu fateh" romanının uğurlu cəhətlərindən biri də budur ki, o həm öz dövrünün, həm də özündən sonrakı dövrlərin ictimai-siyasi mənzərəsinin hərtərəfli təsviri ilə tamalanır. "Nadir şahın ölümündən əlli il sonra Şərq dünyasında öz qılıncı ilə ad-san qazanmış Ağa Məhəmməd şah Qacar" da Nadir zirvəsinə yüksələ bilmir. Ağa Məhəmməd şah Qacar hər gün üstündən keçmək üçün Nadirin sümüklərini çıxartdırıb sarayının qarşısında basdırsa da onun zirvəsinə qalxa bilmir. Çünki Qacar yalnız İranın, Nadir isə Hindistandan tutmuş, Səfəvilərin vaxtilə fəth etdiyi digər torpaqlarının da hökmdarı olur. Bundan daha vacibi isə Nadir şah Əfşar müsəlmanların və türklərin bir bayraq altında birləşməsi uğrunda, vətəninin bütövlüyü uğrunda vuruşurdu. O, doğrudan da, iradə və əzmi ilə kütlələri öz ardınca aprmaq üçün, fateh olmaq üçün yaradılmışdı!
Məlahət
Babayeva ADPU-nun "Azərbaycan ədəbiyyatı tarixi"
kafedrasının müəllimi
Ədalət.-2012.-26 dekabr.-S.6.