KÖHNƏLMİSƏN, BƏXTİYAR!
(Bəxtiyar Hidayətin "Ağ qaranlıqlar" kitabından sonra...)
Çoxdandı yazmırdım. Yox, əslində yazammırdım. Həm də mənə elə gəlirdi ki, daha yazmayacam (yaza bilməyəcəm). Bu hissim "Ağ qaranlıqlar"a qədər məni tərk etmədi...
"Ağ
qaranlıqlar" əqidəsini
alqışladığım, şeirlərini sevə-sevə
oxuduğum, şəxsiyyətinə ehtiram bəslədiyim, dostluğuna
inandığım Bəxtiyar Hidayətin söz
balalarının sığındığı ikinci kitabının adıdı.
Nədir bu
kitabın özəlliyi? Ən başlıcası səmimiyyət!
Ümumiyyətlə, səmimiyyət olmayan
yerdə ülvi hisslərdən söz açmağa dəyməz.
Ən saf, ən ali,
müqəddəs varlıq olan
cocuqlarımızda belə qeyri-səmimi addım görəndə
istər-istəməz ürəyimizdə bir sim qırılır...
Bəxtiyar qaçqındı! Elinin-obasının və istəklərinin qaçqınıdı. Yurdundan qaçıb da burada evini yerlilərə kirayəyə verən qaçqınlardan yox ("Mən Qarabağ qaçqınına kirayəni azaltsın deyə yalvarırdım..." C.Cavanşir), qanını laxta-laxta yurd-yuvasında kirayə edən qaçqınlardandı. Və bu gün anasının timsalında qaçqın düşüb də xanım-xatınlığını o yerlərdə qoyub gələn anaların-bacıların baxışlarının qaçqınıdı...
Döyür
təpəsinə yayın istisi,
Qışın
soyuğunda üşüyür anam.
Yanından
sumkalı xanımlar keçir
Sumkalarda
çörək daşıyır anam...
Ömrünün
ən qaynar çağlarının, ən məhrəm illərinin,
Qarabağ yanğılı, Qarabağ acılı sevgisinin
qaçqınıdı:
...Bax,
belədir, əzizim,
Ömrümün
səksən faizi yaşanmayıb,
Yalnız
iyirmi faizi yaşanıb ki
Onu da itirmişəm Qarabağ kimi...
Kiçicik
bir komadan, hərarətli, mehriban nənədən, bir qumral
quzudan başlayıb da Qarabağ boyda sinəsində
qıvrılan, Turan dünyasına sığışmayan,
kürəsəlləşən, danlamağa üzü olan,
danlanmağa heyi olmayan bir Vətənin
qaçqınıdı Bəxtiyar:
Bir
quzu itəndə danlanardım hey,
Bir nənəm
olardı anlayan məni.
O boyda torpağı itirmişəm mən
Barı
tapılmayır danlayan
məni....
Balalarının gələcəyinə indidən yanan, düşmənə pənah
aparırmış kimi
dərdinə söykənən,
dərdinə qılıq
edən, dərdində
cücərən, böyüyən
bir insanın - Bəxtiyar Hidayətin - özünün qaçqınıdı
Bəxtiyar!
Mənnən balama keçəcəksən
Dərdim, necəsən?
Və bu qaçqınlıq o zamana
qədər çəkəcək
ki, keçmişdən
rişələnən gələcəyimiz
qurulacaq. Axı şair "Siz
bizim keçmişimiz
olun, uşaqlar" - deyir. Uşaqlar bizim gələcəyimizdir
- deyimini alt-üst edir. Təbii ki, nə qədər
ki: -
Kimi Allahlığa zəncirlənib,
Kimi şeytanlığa zəncirlənib,
Kimi şahlığa zəncirlənib,
Kimi səfalətə zəncirlənib,
Kimi fahişəliyə zəncirlənib!
- bu bərabərlik
din, dil, irq, təbəqə bərabərliyinə
çevrilməyəcək, nə qədər ki,
Altdan geyinib üstdən qıfıllandıq,
Üstdən geyinib altdan qıfıllandıq
Qəhrəmanlıqlar göstərdik müharibə vaxtı
Amma bizə hörmət göstərilmədi
Soyunub şou göstərən müğənnilər qədər...
- deyəcək qəhrəmanlarımız, yazarlarımız,
ziyalılarımız Bəxtiyar
Hidayət kimi (Bəxtiyar Hidayətin timsalında hamımız)
qaçqın olacaq!
Ay Bəxtiyar, ay "əyalət"
şairi, indi zaman torpağı satanların, rüşvətxorların,
soyunan müğənnilərin,
Bakının ən ucuz arağından içib də yazar olmaq istəyən
xanımları soyunduran
"mərkəz yazarları"nın...dı... Bu iniltin də bu günün deyil, Bəxtiyar!
Dostlarım varıydı nə
dostlar
Dağ üstə dağ qoyardılar
Dağları qoyub qaçdılar...
Axı o dostlar
dağ üstə dağ qoyardılarsa, niyə dağları qoyub qaçdılar? Çünki
sən zamanı, zamanına güvənib də zəmanəyə meydan oxuyan, dağ üstə dağ qoyanları dağlardan perik salan, şairlərinə
"Quş gəlsə
qanad salan, qatır gəlsə dırnaq salan" obalarımızda "erməni
gəldi məskən
saldı (B.Hidayət)"
ağısını yazdıran,
genimizdən gen olan generalları ("Bizə
general oldu genimizdən
gen olanlar" B.Hidayət),
hegemonları qınayırsan...
Bu günün deyilsən,
Bəxtiyar! Köhnəlmisən,
Bəxtiyar!..
...Vətən uğrunda döyüşənlərə, canını fəda edənlərə, hətta
adı belə bilinməyən, naməlum
qəbirdə yatanlara
həmişə ən
yüksək söz qiymətini şairlərimiz
verib. Bəxtiyarın
da bu qəbildən
şeirləri var. Amma,
məncə aşağıdakı
bircə misraya sığışan söz
medalını hələ
kimsə təsis etməyib, hələ kimsə o medalı naməlum qəbirdə yatan əsgərin "sinəsindən" asmayıb!
Naməlum qəbirdə yatana
bir bax,
Yurda adını
da qurban veribdi.
...Bəxtiyarda ən çox sevdiyim xüsusiyyət sözü
ifadə edəcəyi
fikrin ahənginə kökləyib də oynatmasıdır. Onun təşbehləri, cinasları
öylə orjinal, öylə dilə və ürəyəyatımlıdır
ki, o fikir çəməninin içərisində
köhlən at çapan
bircə gülü (sözü) belə incitməyən kəskin,
iti məntiqə heyrətlənməyə bilmirsən:
Əlimdə qabarı necə
qabqarım
Qabqar cinayəti
qabara qarşı.
Və yaxud:
Elə sızıldayır indi göz yaşım,
Ətdən yağ damantək közün üstünə...
Və:
Tellərin bir şeirin sətirləriydi,
İxtisar etmisən o şeiri
hayif...
Və:
Sənin
vergisini verdiyin şair
Sənin şah əsərin gözələ baxır.
Bütün şairlərdə olduğu
kimi Bəxtiyarda da sevgi şeirləri
özünə yer alıb. Amma tam fərqli, yenə
də orjinal, yalnız Bəxtiyar Hidayət yaradıcılığına
məxsus tərzdə.
O, ah-nalə çəkmir,
qulaqoxşayan qafiyəli,
telli-cığalı sözlərdən
istifadə edərək
yanğısını əyan
etmir, o, həqiqətin
gözünə dik baxaraq sözünü deyir:
Bir nadan sözünü yorğanın altda,
Bir şair sətirin altında deyir...
Aşağıda misal çəkəcəyim
misralar Bəxtiyar Hidayətin bir başqa şeirində təkrarlansa da (imzalarıyla ədəbiyyata
meydan oxuyanların çoxunda onun-bunun fikrindən bəhrələnmək
dəbdir. Şükür ki, Bəxtiyarda
belə hala rast gəlmirik. Özünün özündə təkrarlanması elə də qorxulu olmaz. Burada sovetlər dönəmində
bir çox qəzet redaktorlarının
(söz adamlarının)
redaksiyaya göndərilən
saf şairlərin duyğularından bəhrələnərək
ad-san qazandıqlarını xatırladım), yenə də orjinaldır.
Gözlərim görəni gözlər
görməsin,
İki nar görmüşəm xal qırağında.
Şair, gözəl arzudu, amma öylə vəsf eyləmisən ki, gözlər görməsə də, o
xalın və narların ləzzətini
hamı gördü
(:).
...Bəxtiyar ən çox sərbəst şeirlərə üstünlük
verir. Xoşum gəlmir şablonlaşmış
o ifadədən ki, sərbəst şeir sərbəst fikrin ölçüsüdür, sərbəst
olan, azad olanlar o ölçünü
seçir, sərbəst
şeirdə heç
bir sərhəd, çərçivə yoxdur
və s. Qətiyyən
belə deyil! Sərbəst şeiri yazmaq
üçün hecanı
elə dəqiqliklə
bilməlisən ki, o hecanin azadlığının
qədrini bilməlisən,
o azadlığa qiymət
verməyi, qiymətləndirməyi
bacarmalısan. Bəxtiyar azad
insan, azad vətəndaş, azad şair deyil. Onun arzuları da, istəkləri də, azadlıq carçısı olan şeirləri də azad deyil! Lakin
bir həqiqət göz önündədir
ki, Bəxtiyar ta Dədə Qorqud boylarından üzü bu yana heca üstündə
cilvələnən şifahi
ədəbiyyatı da,
yazılı ədəbiyyatı
da, bu gün
yenidən dəbə
düşən irfanı
da çox gözəl bilir, onun gəraylıları, qoşmaları, təcnisləri
dünənki ədəbiyyata
qorxmadan, çəkinmədən
söykənib də bu günün sərbəst janrına,
modern və hətta
postmodern ifadə tərzinə
meydan oxuyacaq qədərdi.
Bəxtiyar Hidayət yaradıcılığında
heç sevmədiyim tərəf şeirlərinin
(hətta sevgi şeirlərinin) siyasi yük altında sıxılmasıdır. Ay Bəxtiyar, hər şey dəyişəcək:
müxalifət iqtidar
olacaq, iqtidar müxalifət olacaq,
"69" hey fırlanacaq ("Axı dünya fırlanır" B.V)... dəyişməyən
sənətkarın sənət
əsəri olacaq. Yazıqdı o şeirlər
ki, iyrənc siyasətin yükünü
daşıyır, qıyma
onlara, qıyma, Bəxtiyar!
Və şairin yaradıcılığında ən çox sevdiyim, oxucularına belə qısqandığım bir şeirinin uzaqdan gələn iliq mehi ilə fikrimi tamamlayacam. Amma, sonda nöqtənin yerində sadəcə böyük hərflərlə Bəxtiyar ("Aləmzər yazıram nöqtə yerinə." Aləmzər Ə.) yazacam!
Gözlərim görəni gözlər
görməsin!
Zülümlər
əzablar...
Bütün
bunları unutmaqçün
Səni
olduğun kimi görmək istəyirəm
Doqquz
gözəlliklərdən kənar.
Çılpaq
həqiqət kimi görmək istəyirəm səni.
Bezmişəm həqiqət donu
geymiş yalanlardan
Və yenə deyirəm:
Gözlərim görəni gözlər
görməsin!
Və yenə deyirəm:
Sənsiz bir gecəm olmasın! BƏXTİYAR!
İradə AYTEL
Ədalət.-2012.-26 dekabr.-S.7.