Sevgilisi üçün aktrisa da oldu, muzey
işçisi də...
Qaçaq Nəbinin
Həcəri, Ənvər Həsənovun Möminatı
Həmin
tarixdə mətbuat orqanlarında belə bir informasiya
getmişdi: “Xaçmaz yolunda ölümlə nəticələnən
yol-nəqliyyat hadisəsi baş verib. Ənvər
Həsənovun idarə etdiyi maşın aşıb, nəticədə
sərnişin Möminat Qurbanova yerindəcə keçinib”.
Quru, ürəksiz informasiyalardan zəhləm gedir,
çünki həmin anda onu deyən aparıcı, yazan
jurnalist gündəlik işini görür, heç
ağlına da gəlmir ki, bu acı xəbərin
arxasında neçə-neçə yıxılmış
talelər, qaralmış dünyalar durur.
Bu dəfə də elə oldu.
Buzovnada sadə bir ailədə dünyaya gəlib
Möminat xanım. Ailədə altı
uşaq olublar, beş bacı, bir
qardaş. Ailənin sonbeşiyi olduğundanmı, yoxsa
xarakterinə görəmi Möminat hamıdan ərköyün və
çılğın uşaq idi.
Ona görə də orta məktəbdə komsomol fəalı,
özfəaliyyət kollektivinin, idmanın öncüllərindən
olan bu qız məktəbi bitirib sənədlərini indiki Mədəniyyət
və İncəsənət Universitetinə verəndə
hamı bunu ərköyünlük kimi qarşıladı və
reaksiya vermədilər. Dedilər ki, yəqin tezliklə həvəsdən
düşüb özünə bir “düz-əməlli
peşə” tapar.
Amma Möminatın bu ərköyünlüyü ötəri
olmadı. Hələ
orta məktəb illərində “7 oğul istərəm” filminə
o qədər baxmışdı ki, filmi əzbər bilirdi. Cəlalın dedikləri dilindən
düşmürdü. Cəlalın
(Ənvər Həsənovun-red.) şəklini
otağının divarından asmışdı. Hərdən bu rəsmlə söhbət edirdi.
Ona demişdi ki, səninlə bir filmə
çəkilmək üçün aktrisa olacağam. Ənvər Həsənov haqqında mətbuatda
yazılan məqalələr, tənqidlər, təriflər
qovluqda, Möminatın kitab dolabında layiqli yerdə dururdu.
İllər keçəcək Möminat Qurbanova Ənvər
Həsənovun
evinə həmin qovluqla gəlin köçəcəkdi.
Amma hələ ki, buna bir neçə il var. Hələ ki, Möminat institutun
aşağı kurslarında oxuyur, Ənvər Həsənov
isə ardıcıl kinolara çəkilir.
1977-ci ildə Kamil Rüstəmbəyov və Şamil
Mahmudbəyov “Dərviş Parisi partladır” filminə kino
sınaqları keçirirdi. Tələbə
Möminat eşidir ki, filmdə Şahbaz bəy roluna Ənvər
Həsənov çəkiləcək. Filmin
sınaq çəkilişlərində iştirak etmək
üçün kinostudiyaya gəlir. Heç
özü də bilmir ki, hansı rolun sınaq çəkilişində
iştirak edəcək, sadəcə rejissorun gözünə
görünmək istəyirdi. Sınağa
gələn tələbə qızlar arasında Möminat
Qurbanova Kamil Rüstəmbəyovun sərraf rejissor
gözündən yayınmır. Ənvəri
də çağırıb deyir ki, bax gör bundan sənə
Şərəfnisə olar? Ənvər
“elə olar”,-deyə yarızarafat cavab verir. Amma hər
ikisi hiss etdi ki, aktrisada əsl bəy, xan qızlarına,
xanımlarına xas şahanə görkəm var.
Sınaq çəkilişlərindən də
Möminat qalib çıxır, Şərəfnisə roluna
ən layiqli namizəd kimi.
Ənvər
Həsənov danışır: “Münasibətlərimiz elə
bu filmlə də başladı. Filmin çəkilişləri
başa çatar-çatmaz nişanlandıq”.
1978-ci ildə institutu bitirən Möminat Qurbanovaya o vaxt
hamıya verilən təyinat əvəzinə azad təyinat
verilir, çünki artıq çox tanınmış aktyor
Ənvər Həsənovun həyat yoldaşı idi. Ənvər Həsənov
isə “Azərbaycanfilm”də çalışırdı.
Ənvər isə onu daha çox evdə görmək
istəyirdi.
“İstəyirdim işdən evə qayıdanda
yuvamı isti, Möminatı uşaqla, mətbəxlə məşğul
olan görüm. Düzü bir az da qısqanırdım,
o, mənim Şərəfnisəm olmuşdu, kiminsə Şərəfnisəsi,
nə bilim Nigarı olmasını qəbul edə bilmirdim”.
İllər keçir artıq aktrisa olmayacağı ilə
sevimli Ənvərin xətrinə razılaşmış
aktrisa daha bir filmə dəvət alır. Bu dəfə
dəvət deyildi, tələb idi. Ailənin dostu
Şeyx Əbdül Mahmudbəyov Qaçaq Nəbidən bəhs
edən “Atları yəhərləyin” filmində Həcər
rolunda Möminatdan başqa heç bir aktrisanı təsəvvür
edə bilmirdi.
Ənvər
Həsənov deyir: “Möminatın igid, ağıllı
qadın görkəmi vardı. Çox
ağıllı və çox şən qadın idi. Onun sayəsində ailəmizin çoxlu dostları
vardı. Onun iştirak etdiyi məclislərdə
kollektiv şənlik olardı. Həsən
Turabovla Əbdül dedilər ki, razı olmasan, onu
qaçırdıb sənsiz çəkəcəyik. Əlacım kəsildi razılaşdım. Nəbini Həsənağa Turabov
oynasa da Həcərlə olan əksər
mehribançılıq səhnələrində özüm
oynamışam, qrimi elə ediblər ki, hiss edilməyib. Həcərin at çapmaq səhnələrini də
Möminatın təhlükəsizliyi üçün
özüm oynayırdım, çünki mənim təcrübəm
vardı, məharətlə at çapırdım. Bir dəfə çəkiliş vaxtı həvəslənib
özü mindi ata, at da onu götürüb baş alıb
getdi, yaxşı ki, qabağı divara dirəndi. Onda Möminata möhkəm acığım tutdu, elə
bildim itirdim onu. Ona bir şey olsa nə edəcəyimi
təsəvvürümə belə gətirə bilmirdim”.
Həcər rolunu oynayanda Möminatla Ənvərin Aytən
adlı bir qızları vardı. Onlar çox övlad
istəyirdilər, amma tale yalnız Aytəni bəxş etdi.
İkinci uşağın dünyaya gəlməsi
üçün Möminat xanım həyatını riskə
qoymalı idi. Ondan olsa riskə gedərdi.
Yenə Ənvər Həsənov heç nəyin
xətrinə Möminatın həyatını riskə
qoymağa razı olmadı.
“Möminat cəmi üç filmə çəkilib,
üçündə də mənimlə birgə. Üçüncü
film kommersiya filmi idi, hələ də ekranlara çıxmayıb.
İndi sevinirəm ki, heç olmasa üç
filmə çəkilib, tarixdə qalacaq o filmlərlə.
Daha çox çəkilsəydi, böyük
uğurlar qazanardı. İncəsənət
Muzeyində çalışırdı, elmi dərəcəsi
də vardı, tez bir zamanda şöbə müdiri oldu, yəni
yaranışdan istedadlı, şən, fəal insan idi”.
Bir gün dostlarla birgə növbəti ailə şənliyini
qeyd etmək üçün şəhər kənarına
çıxmaq istədilər.
Möminat
xanımın 50 yaşı olurdu, dörd il
əvvəl dekabrın 8-i idi. Dostları onları Nabrana dəvət etmişdilər.
Razılaşmışdılar, amma nədənsə
yola çıxmaq vaxtı gələndə tərəddüd
etdilər. Möminat xanım axşam nə
isə yuxu görübmüş, əhvalı pis imiş.
“Bir
gün əvvəl də yarmarkadan dublyonka almışdı,
evə gələndən sonra nədənsə xoşuna gəlmədi,
dedi ki, səhər aparıb dəyişəcəyəm
bunu. Gəldim ki, Möminat
, dostlar aşağıda, maşında gözləyirlər,
gedək. Dedi ki, Ənvər, sən get, mənim həvəsim
yoxdur. Dedim ay qız, sənin yubileyindir gedək. Dedi,
üzrxahlıq edərsən, mən gedim bu dublyonkanı dəyişim,
sonra gec olar dəyişməzlər. Razılaşdım
və keçib o biri otaqdan ov tüfəngimi
götürdüm ki, meşədi də, birdən ov
düşər könlümüzə. Möminat
əlimdə tüfəngi görən kimi qalxdı ki, mən
də gedirəm. Kaş, götürməyəydim
o tüfəngi. Bu tüfəng atmaq həvəskarı
idi, dedi ki, sən gedib mənsiz ov edəcəksən, mən
də gedirəm. Getdik. Qayıdanda
maşını dostumuz sürürdü. Birdən dedi
ki, Ənvər yuxu məni basır, gəl bir az
da sən sür. Oturdum rola, Möminat məndən
arxada oturub, dostum qabaqda, onun xanımı da ondan arxada. Çox yavaş sürürdüm, sonra ekspert də
müəyyən etdi ki, o sürətlə yer buz da olsa
maşın aşa bilməzdi, arxa təkərin altına
daş düşüb ki, belə aşıb. Qarşıdan bir it keçdi, rolu qəflətən
döndərməli oldum, heç necə oldu bilmirəm,
yığa bilmədim, çırpıldı ağaca.
Maşının arxa qapısı, Möminat tərəf
çırpılmışdı, heç ağzını
açıb bir kəlmə deyə bilmədi. İndiyə qədər özümə gələ
bilmirəm, yaxşı ki, qızım, nəvəm var, onlara
görə yaşamalıyam”.
50 yaşı qeyd edən kimi dərhal əbədiyyətə
qovuşmaq yazılıbmış taleyinə. Ənvər Həsənova
isə ondan sonra “bəlkələrlə”, “kaşlarla”
özünə əzab vermək.
Dörd ildir ki, Mömünatsız bir dəqiqəsi
yoxdur. Hər
an düşünür, xatırlayır,
müşkül suallara öz özlüyündə cavab
axtarır.
Tale elə gətirib ki, yeznəsi də gənc
köçüb həyatdan. Qızı, Murad
adlı balaca nəvəsi Ənvər Həsənovla bir yerdə
yaşayır. Bir-birilərinə dəstək,
dayaq olurlar.Bir də çəkəcəyi filmlərdir onun təsəllisi.
Dörd
ildir ki, hər il dekabrın 8-i bu ailədə
doğum günü ilə ölüm günü bir yerdə
qeyd olunur.
Həmin
tarixdə mətbuat orqanlarında belə bir informasiya
getmişdi: “Xaçmaz yolunda ölümlə nəticələnən
yol-nəqliyyat hadisəsi baş verib. Ənvər
Həsənovun idarə etdiyi filan nömrə nişanlı
maşın aşıb, nəticədə sərnişin
Möminat Qurbanova yerindəcə keçinib”.
Bu quru, ürəksiz informasiyalardan zəhləm gedir,
çünki həmin anda onu deyən aparıcı, yazan
jurnalist gündəlik işini görür, heç
ağlına da gəlmir ki, bu acı xəbərin
arxasında neçə-neçə yıxılmış
talelər, qaralmış dünyalar durur.
Bu dəfə də elə oldu.
Ramilə Qurbanlı
Ədalət.-2012.-26 dekabr.-S.8.