ÖMRÜN ƏN MARAQLI ANI

Türkiyə Böyük Millət Məclisində görüş

 

Bu gün Azərbaycanın igid oğullarının, xüsusilə Qarabağ savaşında böyük şücaətlər göstərmiş, hətta əfsanələşmiş döyüşçülərimizi dünyaya tanıtmaq istiqamətində müəyyən işlər görülür. Təbii ki, bu görülən işlərin sırasında medianın özünəməxsus yeri var. Yəni kütləvi informasiya vasitələri bu qəhrəmanları arayıb-axtarır, onları gündəmə gətirir, ictimai mühitə təqdim edir.

Bu qəhrəmanlarımızdan biri də "Azərbaycan bayrağı" ordenli Azərbaycan döyüşçüsü İbad Hüseynovdur. Onun barəsində kifayət qədər yazılır və yazılmaqda da davam edilir. Maraqlıdır ki, bizim qəhrəmanımızı artıq türk dünyası da tanıyır və bu tanışlıq get-gedə öz çevrəsini genişləndirir. Məhz həmin tanışlığın bir nümunəsi də bu günlərdə gerçəkləşib.

Əldə etdiyimiz məlumata görə, "Azərbaycan bayrağı" ordenli İbad Hüseynov ötən həftə Türkiyəyə dəvət edilmişdir. Biz həmin səfər ilə bağlı onunla əlaqə saxladıq və suallarımızı cavablandıran İbad Hüseynov dedi:

- Bir neçə ay öncə Gülüstan sarayında Çağ Öyrətim İşlətmələri təşkilatı özünün 20 illiyini qeyd edir. Həmin mərasimə mən də dəvət olunmuşdum. Burada qonaq qismində iştirak edən Türkiyə Millət Məclisinin başqan yardımçısı Mehmet Sağlamla tanış oldum. Necə deyərlər, atüstüolsa söhbət etdik. Mehmet bəy bildirdi ki, mən sizi münasib günlərin birində Türkiyəyə dəvət edəcəm. Elə də oldu. Ötən həftənin əvvəlində artıq bu dəvət öz təsdiqini tapdı və mən qardaş ölkəyə təşrif buyurdum.

- Hər halda, bu səfər sizin üçün maraqlı olduğu qədər elə bizim oxucularımız üçün də, sizin həyat yolunuzu izləyənlər üçün də maraqlıdır. Mümkünsə, bu barədə də məlumat verərdiniz.

- Mən Ankarada olarkən Türkiyə Böyük Millət Məclisinin başkan yardımçısı Mehmet bəyin dəvəti ilə Böyük Millət Məclisində oldum. Məni Mehmet bəy Milli Məclisdəki öz otağında qəbul etdi. Söhbət əsnasında gördüm ki, o, mənim barəmdə demək olar ki, bütün məlumatlara malikdir və mənim Türkiyəyə, türk dünyasına sevgimi də gözəl bilir. Elə Milli Məclisin özündə olarkən onun sifarişi ilə böyük gül dəstəsi hazırlandı və biz bir neçə nəfərin müşaiyəti ilə Atatürkün məqbərəsini və muzeyini ziyarət etdik. Mehmet bəy mənə Atatürk muzeyində olan bütün əşyalar barəsində böyük və dəqiq məlumatlar verdi. Hətta ən xırda detalları belə gözdən qaçırmadı. Demək olar ki, mən muzeydə olduğum həmin o vaxt ərzində böyük Atatürk barəsində geniş məlumat əldə edə bildim. Sonra biz yenidən Milli Məclisə qayıtdıq. Burada Mehmet bəyin dəvəti ilə onun otağına təşrif buyurmuş millət vəkilləri ilə həmsöhbət olduq. Mehmet bəy təşkil etdiyi Milli Məclisdəki nahar süfrəsində də Milli Məclisin əksər deputatları ilə məni tanış etdi. Ən həyəcanlı məqam mənim üçün bu oldu ki, Mehmet bəy məni Azərbaycanın və Türkiyənin qəhrəmanı kimi hər kəsə təqdim edirdi. Bu çox qürurverici məqam idi. Demək olar ki, həyatımın ən gözəl anlarından birini yaşayırdım.

Bir də mən orda olarkən Mehmet bəy mənə bir fakt söylədi. Dedi ki, Heydər Əliyevin prezident seçildiyi ilk vaxtlarda Bakıya getmişdim. Orada Ulu öndərlə görüşdüm və söhbət əsnasında mərhum Heydər Əliyevə bildirdim ki, Atatürk 3 ay ərzində latın əlifbasına keçməyə nail ola bilib. Gözləmədiyim halda Ulu Öndər telefonun dəstəyini götürüb kimlərəsə məhz 3 ay müddətinə kirildən latın qrafikasına keçmək barədə tapşırıq verdi. Doğrusu, bu, mənim üçün çox maraqlı və unuda bilməyəcəyim bir görüş oldu.

"Azərbaycan bayrağı" ordenli İbad Hüseynov bizimlə görüşdə onu da vurğuladı ki, o, öz həyatının ən maraqlı, ən unudulmaz anlarını məhz Ankara səfərində, Türkiyə Böyük Millət Məclisində olduğu zaman kəsiyində yaşadı. O bir daha hiss etdi və inandı ki, bir millət, iki dövlət olan Türkiyə və Azərbaycan zamanın bütün sınaqlarından həmişə olduğu kimi, bundan sonra da qalib çıxacaq, türk dünyasının düşmənlərini diz çökdürəcəklər.

 

Əbülfət MƏDƏTOĞLU

Ədalət.-2012.-26  dekabr.-S.4