İlham Əliyev: "Biz hər şeyi
"lehinə" və "əleyhinə"
götür-qoy edirik"
"Azərbaycanın
güclənməsi perspektivini götür-qoy etsələr,
aydın olar ki, 5-10 ildən sonra onların vəziyyəti
indikindən daha ağır olacaqdır"
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev ::::Rossiya-24::::
telekanalının aparıcısı Evelina Zakamskayaya
müsahibə verib. ::::Ədalət:::: qəzeti AzərTAc-a
istinadən həmin müsahibənin mətnini təqdim edir.
- Salam, cənab
Prezident!
- Salam!
- Sağ olun ki, bu gün bizi burada,
Bakıda qəbul edirsiniz. Cənab Prezident, biz ilə yekun
vururuq. Başa çatmaqda olan ildə Azərbaycanın
həyatını hansı hadisələr müəyyən
etmişdir? Bu il Azərbaycan
üçün necə keçmişdir?
-
Bütövlükdə il uğurlu
olmuşdur. Biz ölkənin
qarşısında qoyduğumuz bütün məsələləri
həll edə bilmişik və ümumiyyətlə, gələcəyə
də nikbin baxırıq. Çünki həm
iqtisadi, həm sosial, həm də xarici siyasət sahəsində
istədiklərimizə nail olmuşuq.
Əlbəttə, iqtisadiyyat hər şeyin əsasıdır. Biz
şadıq ki, Azərbaycan iqtisadiyyatı öz
inkişafını davam etdirmişdir. Bizə
xüsusilə xoşdur ki, iqtisadiyyatı şaxələndirməyə,
ümumiyyətlə desək, neft-qaz sektorundan
asılılığı azaltmağa nail olmuşuq və
qeyri-neft iqtisadiyyatı təxminən 10 faiz
artmışdır. İnflyasiya bir faiz
civarındadır. Əhalinin real gəlirləri
10 faizdən çox artmışdır. Yəni,
burada əhalinin rifahının artması da göz
qabağındadır. İşsizlik daha da azalaraq təxminən
5,2 faizə, yoxsulluq 6 faizə
düşmüşdür. Azərbaycan
iqtisadiyyatına təqribən 22 milyard dollar sərmayə
qoyulmuşdur və bunun çox hissəsi daxili
investisiyalardır. Bu da onu göstərir
ki, yerli şirkətlər üçün biznes mühiti
onlara artıq Azərbaycanda da fəal sərmayə qoymaq
imkanı verir.
- Bu gün qeyri-xammal sektorunun
hansı istiqamətləri Azərbaycan iqtisadiyyatının
artımını təmin edir?
- Bizim
üçün bu istiqamətdə prioritet sahə
iqtisadiyyatımızın rəqabət qabiliyyətinin təmin
edilməsi və işsizliyin azaldılmasıdır. Buna görə də biz bu proseslərə iki
mövqedən yanaşırıq. Kənd
təsərrüfatı iqtisadiyyatın çox böyük
potensiala malik olan nəhəng sektorudur. Kənd
təsərrüfatının inkişafı həm də gələcəkdə
məşğulluğun təmin edilməsi deməkdir. Bu sahədə ixrac potensialı kifayət qədər
böyükdür. Əsas qida məhsulları
üzrə biz bir ildən, maksimum iki ildən sonra
özümüzü tam təmin edəcəyik. Bundan sonra isə artıq xarici bazarlara
çıxış prosesi başlanacaqdır.
Texnoloji istiqamətlərin inkişafı
baxımından bizim üçün prioritet sahə, əlbəttə,
informasiya-kommunikasiya texnologiyaları sektorudur. Əgər bütün
işlər plan üzrə getsə, o cümlədən hava
şəraiti imkan versə, fevral ayında biz Azərbaycanın
ilk telekommunikasiya peykini buraxacağıq, bunun
üçün bütün hazırlıq işlərini
tamamlamışıq. Biz artıq kosmik sənaye
yaratmışıq və bu istiqamətdə çox fəal
irəliləyirik. Bundan əlavə, əlbəttə,
genişmiqyaslı sənayeləşmə proqramını həyata
keçiririk. Yaxın vaxtlarda
texnoparkların yaradılması üçün olduqca
güzəştli vergitutma paketi qəbul ediləcəkdir.
Hesab edirik ki, orta və kiçik sahibkarlıqla
yanaşı, böyük sənaye komplekslərinin də
inkişaf etdirilməsi gələcəkdə neft-qaz
sektorundan asılılığı tamamilə aradan
qaldırmağa imkan verəcəkdir.
- Siz bu hədəfləri hansı
dövr üçün müəyyən edirsiniz? Bu, neçə ildən sonra mümkün
olacaqdır və bu asılılıq necə
azaldılacaqdır?
- ::::Azərbaycanın inkişafı-2020::::
proqramı qəbul edilmişdir. Biz hazırda həyata
keçirdiyimiz bütün planları iyirminci ilə qədər
tamamilə reallaşdırmaq niyyətindəyik.
Bütövlükdə son 10 ildən az
müddətdə biz iqtisadiyyatın həcmini üç dəfə
artırmağa nail olmuşuq. Ümumi daxili məhsul
300 faiz artmışdır. Qarşıdakı
10 ildə biz ÜDM-in ikiqat artırılmasını
planlaşdırırıq. Bu, əsasən
qeyri-neft sektorunun hesabına həyata keçiriləcəkdir.
- Azərbaycan şirkətləri, Azərbaycan
iqtisadiyyatı xarici bazarlara çıxmağı
planlaşdırırmı?
- İnvestisiyalar baxımından biz hazırda çox
böyük bir sərmayə layihəsi - Türkiyədə
neft-kimya və neft emalı kompleksi layihəsini həyata
keçiririk.
Bu kompleks bizə təxminən 17 milyard dollar
sırf Azərbaycan investisiyaları hesabına başa gələcəkdir.
Gürcüstanda, Ukraynada da fəal sərmayə
qoyuruq, İsveçrədə, Rumıniyada sərmayə
qoymağa başlamışıq, lap yaxın vaxtlarda isə
Rusiyada investisiya proqramlarına başlamışıq. Belə ki, Rusiyada iri investisiya layihələri -
daşınmaz əmlaka və Rusiyanın ən iri kommersiya
strukturlarının səhmlərinə sərmayə
qoyacağıq. Azərbaycan şirkətləri
Rusiyada kənd təsərrüfatı məhsullarının
emalına da sərmayə qoymağa başlamışlar,
artıq ilk layihələr vardır. Belə
ki, xarici investisiyalarımızın spektrini genişləndiririk
və siz tamamilə haqlı olaraq qeyd etdiniz ki, bu, zəruridir.
Ona görə ki, bu gün Azərbaycan
bazarı bizim dövlət investisiyaları üçün
bir qədər azlıq edir.
- Rusiya-Azərbaycan
münasibətlərinin, iqtisadi münasibətlərin
bugünkü vəziyyətini Siz qısaca necə ifadə edərdiniz?
Xatırlayıram ki, iki ay bundan əvvəl
ölkələrimiz azad ticarət haqqında saziş
imzalanmasının 20 illiyini qeyd etmişlər. Bu, bizim müstəqil ölkələrimiz
arasında diplomatik münasibətlər yaradılandan sonra
imzalanmış ilk diplomatik, hüquqi sənəd idi.
- Elədir.
Bütövlükdə bizim münasibətlər
çox dinamik, müsbət inkişaf edir. Biz həllini tələb edən bütün məsələləri
həll etmişik. Sonuncu bu cür
mühüm məsələ dövlət sərhədi
haqqında müqavilə idi. Əlbəttə,
bu, qonşu ölkələr arasında, istənilən
qonşu ölkələr arasında, xüsusən vaxtilə
vahid dövlətin tərkib hissələri olmuş ölkələr
arasında çox mühüm sənəddir. Bundan əlavə, siyasi məsləhətləşmələr
sahəsində biz daim bütün səviyyələrdə
dialoq aparırıq. Münasibətlərimiz
tərəfdaş münasibətləridir. Hər iki tərəf onları strateji tərəfdaşların
münasibətləri kimi səciyyələndirir. Yəni, bu ifadə münasibətlərin
bütün kompleksini əhatə edir. İqtisadi
sahədə əmtəə dövriyyəsinin strukturu da
yaxşılaşır. Azərbaycana
idxalın həcminə görə Rusiya birinci yerdədir.
Yəni, biz ən çox Rusiyadan mal idxal edirik.
Əlbəttə, Rusiya ilk növbədə,
bizim kənd təsərrüfatı məhsulları
üçün çox mühüm bazardır. Humanitar sahədə çox işlər
görülür. Məsələn, bu il
Moskva Dövlət Universitetinin filialının artıq yeni
binasının açılmasını qeyd edərdim.
- Üç il
bundan əvvəl Sizinlə görüşdə regional
inteqrasiya proseslərini, postsovet məkanında inteqrasiya
proseslərini şərh edərək demişdiniz ki, bu təcrübəni
diqqətlə öyrənmək və müşahidə etmək
lazımdır. Bu təcrübə Sizin
üçün cəlbedici olmuşdurmu?
- Biz
mümkün qədər çox sayda ölkə ilə fəal
qarşılıqlı əlaqə yaratmaq əzmindəyik. Məsələn, son dövrün mühüm məqamlarından
biri kimi Azərbaycanın Qoşulmama Hərəkatı təşkilatına
daxil olmasını qeyd etmək istərdim. Hesab edirəm ki, bu, çox vacib, lazımlı,
vaxtında atılmış və əlamətdar
addımdır. Bununla biz ilk növbədə,
özümüzün dünya üçün açıq
olmağımızı vurğulayırıq, çünki həmin
təşkilatda çoxlu sayda ölkələr birləşir.
Digər tərəfdən, biz dünyadakı gələcək
proseslərdə Azərbaycanın mövqeyini
vurğulayırıq. İqtisadi inteqrasiyaya
gəlincə, biz, əlbəttə, ilk növbədə məqsədəuyğunluqdan
çıxış edirik. Bu
inteqrasiyanın bizə əlavə iqtisadi səmərə gətirəcəyini
gördüyümüz yerlərdə biz, əlbəttə,
fəal iştirak edirik. İnteqrasiyanın
bizə ya heç nə gətirməyəcəyini, ya da bizi
hətta geri çəkə biləcəyini
gördüyümüz yerlərdə biz yetərincə təmkinli
mövqe tuturuq. Nümunə kimi deyə
bilərəm ki, Azərbaycan indiyə qədər Dünya
Ticarət Təşkilatının üzvü
olmamışdır, hərçənd bizi oraya çox fəal
dəvət edirlər. Lakin biz hər şeyi
::::lehinə:::: və ::::əleyhinə::::
götür-qoy edirik. Əlbəttə, ::::lehinə::::
olan məqamlar da çoxdur, biz hamımız bunu çox
gözəl bilirik, hesab etmişik ki, bizim iqtisadiyyatın
inkişafının indiki mərhələsində bu, bizim kənd
təsərrüfatına, fermerlərə, xüsusi
sahibkarlığa və yerli istehsala ziyan vurar.
- Elə düşünməyin ki, mən
təbliğat aparıram, lakin məsələn,
Gömrük İttifaqı və ya Vahid İqtisadi Məkan
sizə nə ilə ziyan vura bilər?
- Məsələ
ondadır ki, bunun nə ilə ziyan vura biləcəyini
düşünmək lazımdır. Lakin biz
bunu əsas götürürük ki, bu bizə nə kimi
kömək edə bilər. Bax burada,
açığını deyirəm, biz hələlik
özümüz üçün elə bir səmərə
görməmişik. Digər tərəfdən,
bizim ölkənin iqtisadi vəziyyəti yetərincə
sabitdir. Kifayət qədər valyuta
ehtiyatlarımız var, iqtisadiyyatımız şaxələndirilmişdir,
ölkəmiz tamamilə özünü təmin etmək
iqtidarındadır, zəngin təbii yataqlar, şaxələnmiş
neft-qaz kəmərləri şəbəkəsi, əlverişli
coğrafi mövqe, nəqliyyat logistikası vardır. Bu
yerdə rusların yaxşı bir məsəli yada
düşür: ::::Yaxşıdan
yaxşısını axtarmağa dəyməz::::. Buna görə də əgər biz nəyisə
daha yaxşı etmək üçün həqiqətən
real perspektivlər olduğunu görsək, əlbəttə,
istənilən birliyə daxil olacağıq və bu mənada
bizdə heç bir tabu yoxdur.
- Amma hələlik ::::qoşulmama::::
- Sizin mövqeyinizdir, eləmi?
-
Ümumiyyətlə, elədir.
- Siz Rusiya ilə əməkdaşlığın
formalarından biri, əməkdaşlığın
mühüm istiqamətlərindən biri kimi onunla siyasi məsləhətləşmələri
xatırlatdınız. Rusiya
Dağlıq Qarabağ məsələsinin tənzimlənməsində
müstəsna dərəcədə maraqlıdır, ən
yaxın qonşular arasında sülh və əmin-amanlıq
olmasında müstəsna dərəcədə
maraqlıdır. Lakin bu mövzuda diskussiya əvvəlki
kimi gərgin olaraq qalır. Siz bu məsələdə
ilin yekunlarını necə qiymətləndirirsiniz?
- Mən
bu ilin yekunlarını mənfi yekunlar kimi qiymətləndirirəm.
Ona görə ki, uzun illər ərzində
danışıqlar prosesi bu il durğunluq
mərhələsinə qədəm qoymuşdur. Bizim fikrimizcə, bunun əsas səbəbi məhz
ondan ibarətdir ki, erməni tərəfi status-kvo vəziyyətini
bütün vasitələrlə saxlamaq istəyir. Onlar münaqişənin tənzimlənməsini istəmirlər,
çünki tənzimləmə işğalın ləğv
edilməsini nəzərdə tutur. Bu
gün təkcə Dağlıq Qarabağ deyil, həm də
heç vaxt Dağlıq Qarabağ vilayətinin tərkibində
olmamış yeddi rayon da işğal altındadır. Həmin rayonlarda erməni əhalisi
yaşamamış, azərbaycanlı əhali
yaşamışdır. Yəni, onlar
hamısı oradan qovulmuşdur. Bu gün
Ermənistanın həmin əraziləri işğal etməsinə
haqq qazandırması getdikcə mürəkkəbləşir.
Buna görə də status-kvonun dəyişməsi
münaqişənin tənzimlənməsi üçün əsas
ilkin şərtdir.
Müsbət
məqamlara gəldikdə, həmişə, hətta
çıxılmaz vəziyyətdə də nə isə
yaxşı məqamlar axtarmağa çalışmaq
lazımdır, mən Minsk qrupunun həmsədr ölkələrinin
- Rusiya, Fransa və ABŞ-ın rəhbərlərinin
status-kvonun qəbuledilməz olması barədə bəyanatlarını
qeyd etmək istərdim. Status-kvonu dəyişmək
üçün Azərbaycan ərazilərinin işğaldan
azad edilməsinə başlamaq zəruridir. Bu proses
başlayan kimi, əminəm, danışıqlar prosesinə
yeni təkan veriləcəkdir. Ermənistanın
hər şeyi olduğu kimi saxlamaq və danışıqlar
prosesində indiki vəziyyətə görə məsuliyyəti
Azərbaycanın üstünə yıxmaq cəhdlərinə
isə haqq qazandırmaq olmaz. Təbliğat
baxımından onlar bəlkə də, hələlik hər
şeyə görə bizi təqsirləndirə bilərlər.
Lakin məsələnin mahiyyətinə baxsaq,
hesab edirəm ki, Azərbaycanın mövqeyi həmişə
ardıcıl, prinsipial olmuş və beynəlxalq hüququn
prinsip və normalarına əsaslanmışdır. Yeri gəlmişkən, 2008-ci ildə Ermənistan
özü Moskvada bizimlə və Rusiya tərəfi ilə
birlikdə Mayndorf bəyannaməsini imzalamışdır.
Məhz həmin sənəddə
yazılmışdır ki, qərar beynəlxalq təşkilatların
qətnamələrinə və qərarlarına əsaslanmalıdır.
Bu cür qətnamələr və qərarlar
isə istənilən qədərdir. BMT Təhlükəsizlik
Şurası erməni işğalçı qüvvələrinin
bizim ərazidən çıxarılmasını tələb
edən dörd qətnamə qəbul etmişdir. Bütün sənədlərdə Helsinki Yekun
Aktına da istinadlar vardır. Helsinki
Aktında xalqların təyini-müqəddərat hüququ ərazi
bütövlüyünün pozulması demək deyildir.
Helsinki Aktının sənədlərini diqqətlə
oxusaq, xalqların təyini-müqəddəratını məhz
ölkələrin ərazi bütövlüyü çərçivəsində
həyata keçirmək nəzərdə tutulur.
Azərbaycanın ərazi bütövlüyü
bütün dünya tərəfindən
tanınmışdır. Dağlıq
Qarabağ həm tarixən, həm də hüquqi və siyasi
baxımdan Azərbaycanın ayrılmaz hissəsidir. 2009-cu ilin sonunda Minsk qrupunun həmsədrləri tərəfindən
təklif edilən formul Azərbaycan tərəfindən qəbul
olunmuş və Ermənistan tərəfindən rədd
edilmişdir. Sonrakı
danışıqlar prosesində bu dəqiq formulun şəklini
dəyişən məqamlar baş vermişdir. Nəticədə
bu vəziyyət erməni tərəfinə spekulyasiya etməyə
imkan vermişdir: guya Azərbaycan nədəncə imtina
etmişdir. Bu, həqiqətə əsla
uyğun deyildir. Biz nizamlamada ən
çox marağı olan tərəfik. Ona
görə ki, bizim ərazilərimiz işğal
altındadır və bizim qaçqınlar doğma evlərinə
qayıda bilmədiklərinə görə əziyyət
çəkirlər.
- Əgər, Sizin dediyiniz
kimi, qarşı tərəf sadəcə hər şeyi
olduğu kimi saxlamaq istəyirsə, danışıqlar
üçün Siz daha nə qədər vaxt müəyyən
edirsiniz?
- Hələlik
biz ümid edirik ki, vasitəçilik funksiyasını öz
üzərinə götürmüş ölkələr bu
prosesdə daha fəal iştirak edəcəklər və təhlükəsizlik
tədbirlərinin təmin edilməsi prosesində deyil, məhz
tənzimləmə prosesində iştirak edəcəklər.
Axı, təhlükəsizlik tədbirlərinin
əlavə təminatı danışıqlar prosesinə
ziyan vura bilər. Çox vaxt bizi onda təqsirləndirməyə
çalışırlar ki, Azərbaycan etimad tədbirlərinin
möhkəmlənməsini istəmir, Azərbaycan təmas xəttində
möhkəm atəşkəs rejimi yaradılmasını istəmir.
Lakin əvvələn, atəşkəs rejimi
iki tərəfdən pozulur. Digər tərəfdən,
danışıqlar prosesinin mahiyyətini təşkil edən
işğala son qoyulması məsələsi həll edilmədən,
bu yolda irəliləyiş olmadan hər hansı başqa tədbirləri
o qədər vacib təsəvvür etmirik. Əsas məsələ
budur ki, vasitəçilər danışıqlar prosesinin
mahiyyəti sahəsində fəal iş aparsınlar. Bunun nə qədər davam edəcəyini zaman
göstərər. Mən hər hansı
proqnozlar verməyə çətinlik çəkirəm.
Lakin hesab edirəm ki, bu status-kvo vəziyyəti
bizim üçün nə qədər ağır olsa da, Ermənistan
üçün eyni dərəcədə təhlükəlidir.
Ona görə ki, əgər onlar regionda qüvvələrin
tarazlığı və ümumiyyətlə, regionda vəziyyət
baxımından heç olmasa, ortamüddətli perspektivi, məsələn,
Azərbaycanın güclənməsi perspektivini
götür-qoy etsələr, aydın olar ki, 5-10 ildən
sonra onların vəziyyəti indikindən daha ağır
olacaqdır. Azərbaycanla düşmənçilik
etmək və bizim torpaqlarımızı işğal
altında saxlamaq onlar üçün çətin və
müəyyən dərəcədə təhlükəli
olacaqdır. Əgər onlar hazırda
Dağlıq Qarabağda yaşayan adamların bundan sonra da təhlükəsiz
şəraitdə yaşamasını istəyirlərsə,
işğalçı qüvvələrin bizim ərazidən
çıxarılması prosesini başlamalıdırlar.
- Cənab Prezident, təklif edirəm
ki, bir qədər də yalnız sülh yolu ilə,
incikliksiz həll edilən mübahisələr barədə
danışaq. Mən idmanı nəzərdə
tuturam. Əvvələn, Azərbaycanı təbrik etmək
istərdim: London Olimpiadasında Siz, mənim fikrimcə, tarixdə
ən yaxşı nəticə göstərdiniz - 10 medal. Güləşçilər Azərbaycan
üçün, yeri gəlmişkən, elə Rusiya
üçün də medalların əsas təchizatçıları
oldular. Bu gün idmançılar
üçün hansı şərait yaradılır və
Siz Qış Olimpiadasına necə
hazırlaşırsınız?
- Əlbəttə, Qış Olimpiadasına ümidlərimiz
çox deyil.
Biz hələ qış idmanı növlərini
inkişaf etdirməliyik. Axı hər halda Azərbaycan cənub
ölkəsidir. Lakin London Olimpiadasının nəticələri,
əlbəttə, bizi sevindirir, ruhlandırır və bu nəticələr
çoxillik gərgin işlə təmin edilmişdir. Biz həqiqətən
tarixi uğur qazanmış, ümumi komanda hesabında 30-cu
yeri və Avropada 15-ci yeri tutmuşuq. Lakin bu il, lap yaxın
vaxtlarda daha bir mühüm, mən deyərdim ki, tarixi qərar
qəbul edilmişdir - ilk Avropa Olimpiya Oyunlarının
Bakıda keçirilməsi haqqında qərar. Bildiyiniz kimi,
indiyə qədər heç vaxt Avropa Olimpiya Oyunları
keçirilməmişdir. Düzdür, Olimpiya
Oyunlarının təməli Avropada qoyulmuş və baron de
Kuberten tərəfindən Avropada bərpa edilmişdir. Lakin nədənsə,
başqa qitə oyunlarından fərqli olaraq Avropa Oyunları
heç vaxt keçirilməmişdir. Bu oyunların
keçirilməsi haqqında qərar qəbul ediləndə
mən çox şad oldum ki, Avropa idman ailəsi bu
oyunların Bakıda keçirilməsinə böyük
üstünlüklə səs vermişdir. Odur ki, biz
hazırlaşırıq. Böyük oyunlardan fərqli olaraq
Avropa Oyunlarına hazırlaşmaq üçün cəmi
iki il vaxtımız var. Böyük oyunlara 6-7 il
hazırlaşırlar, lakin biz 2015-ci ildə birinci Avropa
Olimpiya Oyunlarını keçirmək ümidindəyik.
Bununla biz həm də, ümumiyyətlə desək, idman
nailiyyətləri və olimpiya hərəkatının
inkişafı mərkəzinə çevriləcəyik.
- Mən
onu əlavə etmək istərdim ki, bu, Azərbaycanı
Avropanın bir hissəsi kimi tanımaq deməkdir, çox cəhətdən
siyasi əhəmiyyətli qərardır.
- Əlbəttə, elədir. Siz tamamilə
haqlısınız, bu, Azərbaycanı Avropanın bir hissəsi
kimi tanımaq deməkdir. Ona görə ki, yəqin siz də
bilirsiniz, indiyə qədər Azərbaycanın Avropanın
bir hissəsi olub-olmaması barədə diskussiyalar Avropada, o
cümlədən Azərbaycanda da davam edir. Bizim coğrafi
mövqeyimiz elədir ki, bu barədə iki fikir ola bilər və
prinsip etibarilə hər iki fikir məqbuldur. Biz həm Avropa
Şurası Təşkilatının, həm də İslam
Əməkdaşlıq Təşkilatının
iştirakçısıyıq. Ona görə ki, biz bu qitələrin
qovuşduğu məkanda yerləşirik və
düşünürəm ki, bu qərar olduqca
ölçülüb-biçilmiş, müdrik,
düzgün qərardır. Yeri gəlmişkən, fürsətdən
istifadə edib, bizim namizədliyimizi fəal dəstəklədiyinə
görə Rusiya Olimpiya Komitəsinə təşəkkür
etmək istərdim. Bu dəstək təkcə bizim namizədliyimizin
lehinə səs verməkdə deyil, həm də çox fəal
mənəvi dəstəkdə ifadə olunmuşdur. Buna
görə biz rusiyalı dostlarımıza çox təşəkkür
edirik.
- Bu
ona görədir ki, Rusiyada Azərbaycana qonaq gəlməyi
çox istəyirlər.
- Mən
düşünürəm ki, bu məhz sizinlə
danışdığımız məsələlərə
görə belədir. Bizim ölkələrimiz
arasında münasibətlər həqiqətən çox
müsbət istiqamətdə inkişaf edir və onların
çox möhkəm təməli vardır.
- Sizə uğurlar arzulayıram. Çox
sağ olun. Bilirəm ki, bizdə, Rusiyada qarşıdan gələn
doğum günü münasibətilə təbrik etmək qəbul
olunmamışdır. Lakin biz Sizinlə hər gün
görüşmədiyimizə görə, hər halda
özümə rəva görürəm ki, Sizi təbrik
edim, şəxsən Sizə və ailənizə ən
xoş arzularımı bildirim.
- Sağ olun. Çox sağ olun. Mən də fürsətdən istifadə edərək bütün rusiyalıları qarşıdan gələn Yeni il münasibətilə təbrik etmək istəyirəm. Hamınıza xoşbəxtlik, cansağlığı, firavanlıq arzulayıram.
Ədalət.-2012.-27 dekabr.-S.3.