Rasim Balayev: "Nə deyirlər desinlər,
özləri bilər"
"Hələ
ki canımda can var, ağrıya-ağrıya da olsa çəkilmək
istəyirəm"
Azərbaycanın xalq artisti, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Rasim Balayev APA-ya müsahibə verib. ::::Ədalət:::: həmin müsahibəni təqdim edir:
- Rasim müəllim,
necəsiniz, səhhətiniz necədir?
- Son
vaxtlar bel ağrılarından ciddi əziyyət çəkirəm,
davamlı müalicə olunuram, görək sonu necə olacaq.
Deyirlər yaxşı olacaq. Buna da şükür...
Gözüm sulanırdı, həkimə getmişdim, bildirdilər
ki, belə getsə gələcəkdə gözümdə
mirvari suyu əmələ gələcək. Maraqlandım,
dedilər 5-7 dəqiqəlik lazer əməliyyatıdır. Yəni,
əgər əmələ gəlsə, cərrahiyyə əməliyyatı
ola bilər...
Görünür,
yaşdandır, insan yaşa dolduqca problemlər ortaya
çıxır. Mənə deyirlər ki, sən belindən
zərbələri harada almısan? Düzdür, cavanlıqda
atdan yıxılmışam, qaçanda ayağım
ilişib, nə bilim, cürbəcür çəkilişlərdə
hadisələr olub. Bir az ağrıyıb keçib, sən
demə, onlar hamısı bir-bir yerini alıb, indi
yavaş-yavaş üzə çıxır. Ömrün
qış fəslinə gedirik. Ömrün yaz, yay, payız,
qış fəsli var. Alın yazısına inanıram, hər
kəsin öz alın yazısı var...
- Bəlkə elə səhhətinizdə
yaşanan problemlər Azərbaycan kinosundakı nisbi
durğunluqla da bağlıdır?
-
Bilirsiniz ki, son bir neçə il çəkiliş
problem oldu. Amma mən hər il ən
azı bir filmdə çəkilirəm. O mənada
şükür. Ötən il iki filmdə - ::::Sübhün
səfiri:::: və Ayaz Salayevin bir filmində çəkildim. Birini dövlət qəbul edib, biri gözləmə
məqamındadır. Amma 2013-cü ilin
planını, ssenariləri, məni dəvət edib-etməyəcəklərini
bilmirəm. Bizim sənət asılı sənətdir.
Yəni, ola bilər ki, gələn il məni
heç kim dəvət etməsin. Bu, mənlik
deyil. Rasim Ocaqovun bir neçə filmində çəkilmişəm,
o mənimlə işləmək istəyirdi, bir də
görürdün deyirdi ki, ::::Rasim, təəssüf
ki, ssenaridə sənə uyğun rol yoxdur::::. Hələ ki
canımda can var, ağrıya-ağrıya da olsa çəkilmək
istəyirəm... Mən kamera, çəkiliş
üçün darıxmaqdan qorxuram, darıxıram və
buna görə də çəkilirəm.
- Azərbaycan Respublikası
Kinematoqrafçıları İttifaqı yaradıldıqdan
sonra sərt çıxışlarınız,
açıqlamalarınız oldu. Buna görə gələn il
çəkilişə dəvət almaqla bağlı tərəddüdləriniz
var?
- Yox, elə
deməzdim. Sənət başqa şeydir.
Biz burda neyləyirik ki? Sadəcə,
kinoda o qədər də xidməti olmayan adamlara
sözümüzü deyirik. Məsələn, Cəmil
Quliyev adlı bir adam var, bütün tarix
boyu iki film çəkib. Bir filmi ::::Sonqulunun
hekayəti::::, biri də ::::Oçen skuçnaya istoriya::::. Filmə baxıblar, o qədər
darıxdırıcı olub ki, adını da elə qoyublar, əslində
adı başqa olub. Yəni, bu adam
burada işləyə-işləyə, haqsız
danışır. Mən demirəm ki, biz ideal
işləmişik. Bizim də
çatışmayan cəhətlərimiz olur, hər qurumda
olduğu kimi. İnanın mənə,
başqa ittifaqların rəhbərlərini biz bura tədbirlərimizə
çağırmışıq, onlar hər gəlişlərində
deyiblər siz xoşbəxt adamsınız ki, burada mehriban bir
mühit yaratmısınız, bizdə bu cür səmimiyyət
yoxdur. Elə bil göz dəydi... Əslində
məlum məsələdir bu niyə və necə oldu.
Amma bu məsələni bu qədər
şişirtmək lazım deyildi. Kino
İttifaqı nə dərəcədə dövlət
üçün əhəmiyyətli bir idarədir ki? Bu, Müdafiə Nazirliyi, Müdafiə Sənayesi
Nazirliyi deyil, ictimai qurumdur. Bu qurumun
bölünməsi nəyə lazım idi? Problemi sivil yolla həll eləmək olardı.
Məsələn, qurultay
çağırıla bilərdi. Bir az
biədəb oldu, nə bilim vallah... İşləsinlər
onlar da. Sənət başqa şeydir,
şəxsi münasibətlər başqa. Ola bilər kiminsə məndən xoşu gəlmir.
Deyirlər Rasim yalvarır ki, mənə rol
verin, ona rol vermirlər. Halbuki indiyə qədər
ən yalvarılan aktyor mən olmuşam və
düşünürəm ki, Azərbaycanda filmdən imtina edən
aktyorlar arasında ilk qaranquşlardan biri mənəm. Mən məhz belə olmuşam - xoşuma gəlməyib,
bəyənməmişəm, oynamamışam. Yoxsa, aktyorlar onun rolu oldu-olmadı, oynayıblar.
Nə deyirlər desinlər, özləri bilər.
Düşünürəm ki, əgər mənə
uyğun rol olduğunu görsələr, mənə verərlər,
verilməsə də canları sağ olsun. Təəssüf ki, son vaxtlar arxasınca
gözüm qalan rollar yoxdur. Elə bir rol olmayıb ki ::::ay Allah, kaş bunu mənə verəydilər::::
deyim.
- Heç vaxt hansısa rolun
arxasınca gözünüz qalmayıb?
- Qabaq belə
idi ki, seçimim olurdu, bir neçə ssenari verilirdi,
seçirdim. Amma indi seçim yoxdur,
açıq desəm, bəzən kameraya qarşı məndə
o qədər nostalgiya olur ki, ssenari ümumən xoşuma gəlməsə
də, razılıq verirəm. Şansım yoxdur, ondan
da imtina etsəm, deməli, bir il çəkilməyəcəyəm.
Bilirəm ki, bu dəfə də imtina etsəm,
daha olmayacaq. İndi imtina etmək belə
istəmirəm, çünki nə qədər imkanım
var, çəkilmək istəyirəm. Mən
filmə cavabdeh deyiləm, filmə rejissor cavabdehdir. İstəyirəm ki, nəyi oynayıramsa, onu
vicdanla oynayım. Yalnız öz roluma
cavabdehəm, bütün filmə yox.
- Açıq
danışırıqsa, elə belə də davam edək.
::::Sübhün səfiri:::: filminin
ssenarisini oxuyanda ilk təəssüratınız necə oldu?
- Mən
bu filmdə çəkilmişəm, filmin
iştirakçısıyam. Orada hamıyla bərabər
mənim də əməyim var. Əvvəlki variantda mənim
o filmdə adım yox idi. Tamam başqa
adamlar idi. Mənə filmdə Axund Ələsgər
rolu təklif olunmuşdu. Mən də o
roldan imtina elədim. Sonra axırda Axundov
roluna təsdiq elədilər. Vallah, mən
imkanım daxilində çalışdım bir aktyor kimi.
Ssenari haqqında fikir demək istəmirəm.
Artıq film hazırdır, nümayiş olunur.
Bilirsiniz, hərənin beynində bir Axundov,
Cavid, Nəsimi var. İndi biz bunu belə fikirləşmişik,
kiminsə xoşuna gəlir-gəlmir, nə bilim. Təbii ki, bunu zaman göstərəcək. Zaman öz işini görür. Mən
::::Cavid ömrü:::: filminə baxmışdım, film
o qədər də məni tutmamışdı. Ümumiyyətlə, mən öz çəkildiyim
filmlər haqqında fikir söyləməyi xoşlamıram.
Amma bu yaxınlarda gördüm ki, bu film
baxılır və tamaşaçını tutur. Siz bilirsiniz ki, o zamanlar filmlər üç
kateqoriyaya bölünürdü. III
kateqoriyaya daxil olan filmlər yalnız Azərbaycanda göstərilə
bilərdi. ::::Əhməd
haradadır:::: filmi üçüncü kateqoriya aldı,
amma indiyə kimi də göstərilir və sevilir. İndi də kateqoriyalar var, I və II kateqoriyalara
bölünür, bu hal rejissor və ssenaristin maaşına dəlalət
edir. Azərbaycan kinosunun əsas problemlərindən
biri də prokat məsələsidir. Mən müxtəlif
təbəqələrlə görüşürəm və
məni görən soruşur ki, ::::Rasim
müəllim, niyə daha film çəkmirsiniz?:::: Deyirəm,
necə yəni çəkmirik, ilə 4-5 film çəkirik.
Qabaq kinoteatrlarda gedib baxırdılar, indi kinonun
taleyinə bax. Ya Heydər Əliyev Sarayında, ya ::::Nizami::::də, ya da 100 nəfərlik bu məkanda
tədbir keçiririk, orda göstərirlər.
- Yeni alternativ qurum yaradılanda niyə
Siz də çoxları kimi addım atmadınız? Niyə fərqlənməyə üstünlük
verdiniz?
- Hərənin
bir xarakteri var. Hər zaman səhv də olsa, düz də
olsa, bir sifətim var. Dəqiqədə dəyişən
adamlardan deyiləm. Əqidəm var, bir şeyə
inanıramsa, sona kimi inanacağam. Mən hər
şeyi görürəm və bilirəm ki, səhv etdilər,
bu, yaxşı şey deyil. Bu gün
insanların arasında olan ən böyük problemlərdən
biri səmimiyyətdir, insana qayğı ilə
yanaşmaqdır. Bizim kollektivdə bu, bir
balaca var idi, onu da böldülər və iki cəbhə
yaratdılar. Nəyə lazımdır bu?
Özündən demək olmasın, mən
çalışıram obyektiv, vicdanlı olum, tək
özümü düşünməyim, yalnız öz mənafeyimi
güdməyim, axı biz cəmiyyətdə
yaşayırıq. Mən demirəm ki, qəhrəmanam.
Amma hansısa bir hərəkəti edəndə
buna kənardan nə deyərlər deyə götür-qoy
edirəm. Bu yaşıma kimi hər
gün gecə yatmazdan əvvəl mən özüm
üçün iclas etmişəm. Götür-qoy
edirəm, düşünürəm ki, deyəsən orda
yaxşı eləmədim, gərək o adamdan üzr istəyim
və ya hansısa hərəkətim kobud çıxdı.
Hər bir insan öz vicdanı
qarşısında gərək hesabat versin.
- Sizin hazırda konkret əməkhaqqı
aldığınız dövlət müəssisəsi
varmı? Sizə dövlət işi təklif olunsa,
razılıq verərsinizmi?
- Yoxdur və
razılıq da vermərəm. İndi heç
təklif də olunmaz yəqin. Bu ittifaqdakı iş
ictimai işdir. Mən filmdə çəkilən
zaman yalnız qonorar alıram. Burda da simvolik maaş alıram. Milli Məclisin
deputatları Allah şahididir, 4-5 ildir mən Milli Məclisə,
Nazirlər Kabinetinə, Prezident Aparatına kimi getmişəm.
Vaxtında biz bunu istəmirdik, çünki təminat
var idi. Lap əvvəllər Moskva ilə əlaqəmiz
var idi, ::::Azərbaycan:::: kinoteatrı bizim
balansımızda idi. Burda keçirdiyimiz tədbirlər
üçün pula ehtiyac var. Hər ay bura 1100 manatdan bir az artıq kirayə haqqı veririk. İndi Rüstəm İbrahimbəyov o pulu verir.
Vaxtilə tədbirlərimizi rahat
keçirirdik. Bu gün də tədbirlər
keçiririk, çətin də olsa, bunu edirik. Cəmil Quliyev deyir ki, orda yalnız siyasi söhbətlər
aparılıb. Rüstəmin öz siyasi
baxışları var, o özü bilər, azad adamdır,
amma biz burda heç vaxt siyasətlə məşğul
olmamışıq, yalnız başımızı
aşağı salıb kino ilə məşğul
olmuşuq. Deyirlər, gənclərə
fikir vermirik. Halbuki burda gənclərə
məktəb açdıq, məşhur adamları
çağırdılar, master-klasslar keçirildi.
Bilirsiniz o məktəbin direktoru kim idi? Cəmil
Quliyev... Adamı yandıran odur, məhz o deyir
ki, burada gənclərə fikir verilməyib.
-
Çıxışlarınızın birində bildirdiniz
ki, müxtəlif verilişlərdən Sizin
çıxışlarınız silinərək efirə
verilir...
- Bəli,
doğrudur. Cəmil Quliyev mənim müxtəlif tədbirlərdən
lent yazılarımı kəsib, efirə o cür verir. Məni
lent yazılarından silmək olar, amma Azərbaycan kino
tarixindən silmək mümkün deyil. O zaman gərək o
filmləri verməsinlər, ya da filmləri də kəsib
versinlər. ::::Babək::::də, ::::Nəsimi::::də
mənim rolumu kəssələr necə olar? Bilirsinizmi,
bunu dar düşüncəlilik hesab edirəm. Məsələn, bir-iki verilişə baxdım.
Rasim Ocaqov haqqında fikir demişdim və həmin
verilişi AzTV verib, təkrarını verirlər,
görürəm mən yoxam. Leyla Bədirbəyli
haqqında da fikir demişəm, hamı var, məni
çıxarıblar. Mən 3-5 filmə
yox, 100-ə qədər filmə çəkilmişəm.
100 filmi qoy qırağa, görək nə olur.
Bu iş deyil axı. Sənə iş veriblər, get işini
gör. Sən elə et ki, bizim Kino
İttifaqından daha yaxı işlə, biz də deyək,
bunlar nə yaxşı işləyirlər, gəlin biz
dağılışıb gedək.
- Sizin ittifaqdan yeni yaradılan ittifaqa
üz tutanların sayını bilmək olarmı?
- Bizim
ittifaqdan 20-25 nəfərə qədər insan gedib ki, mən
bilirəm onlar nəyə görə gedib. Kiminsə
Rüstəmlə münasibəti pis olub, kiminsə məndən
açığı gəlib, gedib, amma qalanını Cəmil
Quliyev bir-bir zəng edib aparıb. Bu yolla 100-ə
yaxın adam gedib. Amma belə
olmamalıdır axı. Bura ümumi evdir,
gəlib burda dərdləşirik, danışırıq.
- Siz uzun illərdir bu
ittifaqdasınız. Niyə Sizə bu çətin
günlərdə ittifaqa sədrlik təklif olunmadı?
-
Olunmadı... Bilmirəm niyə.
- Sizcə elə olsaydı, alternativ
quruma ehtiyac qalardımı?
- Mən
düşünürəm ki, ehtiyac qalmazdı...Elə bir
variant edə bilərdilər, eləmədilər. Təəssüf...
Gərək bu alternativ qurum söhbətindən
əvvəl olaydı. Bəlkə də
bizə pul ayırardılar, diqqət olardı. Amma olmadı, indi artıq gecdir. Bizim
sözbazlarımız çoxdur, amma inanın, bu ittifaqdan mənim
heç bir maddi xeyrim olmayıb. Əvvəldən
simvolik maaşa işləmişəm. Hətta
mən bura gələndə aylarla Türkiyədə,
İranda filmə çəkilmişəm. Yəni bu mənada maneçilik olmayıb, nə
zaman istəmişəm getmişəm, bizdə ay bu sədrdir,
bu birincidir, bu katibdir, belə bölgü olmayıb. Kimin
nəyə gücü çatıb, iş
görülüb.
- Belə çətin deyil?
-
Çox çətindir. İnsan bəzən
ruhdan düşür. Axı bir işi
görəndə insan istər-istəməz arzulayır ki,
yaxşı işi görəndə ona qiymət verilsin.
Məsələn, desinlər ki, Kino İttifaqı
fəal işləyib. Amma görəndə
ki, bu heç kimin diqqətində deyil, insan ruhdan
düşür. Nəyə görə?
Kimə görə? Müəyyən
yaxşı işə mütləq qiymət verilməlidir.
Tənqid də olmalıdır. Bu gün Azərbaycan kinosunda tənqid, tərif, nə
bilim kinoşünaslıq da yoxdur. Mən
istəyirəm ki, biri filmə baxdıqda qəzet səhifələrində
öz fikrini bildirsin. Adam oxusun,
götür-qoy eləsin. Sovet vaxtı əməlli-başlı
var idi. Özü də çox qəribə bir
şeydir ki, yalnız tərifləyirlər, amma mənfi cəhəti
demirlər, heç kim pis olmaq istəmir.
- Amma ::::Sübhün səfiri:::: filmi elə
dediyiniz kimi, mətbuatda da kifayət qədər tənqid
olundu...
- Eləsinlər
də, təki eləsinlər.
- Tənqidləri
oxumusunuzmu? Bildirilir ki, filmdə yozum fərqliliyi
və Axundovun təqdimatında yanlışlıq var.
Ssenarinin zəif olduğu da qeyd edilir. Bu
fikirlərlə razısınızmı?
-
Yaxşıdır da, qoy olsun. Bəlkə
inanmayacaqsınız, amma mən hələ o filmi görməmişəm.
Öz yazdığım yerləri,
özümü görmüşəm. ::::Nizami::::
Kino Mərkəzində nümayiş zamanı filmi ikinci hissədə
verdilər, mən də əsəbiləşib
çıxdım. Sonra dayandı, yenidən başladı, mən
hətta hirslənib dedim ki, bu, təxribatdır.
Ədalət.-2012.-27
dekabr.-S.6.