Fərhad Bədəlbəyli: “Rəsmilik məni məhv edir

 

Heç yadımdan çıxmaz, Polad ağlayırdı ki, atam məni öldürəcək”

"Əqidəsini hər gün dəyişən insanları sevmirəm, 30 il bundan qabaq dediyimi indi də təkrar edəcəyəm...”

 

Azərbaycanın xalq artisti, Bakı Musiqi Akademiyasınınrektoru Fərhad Bədəlbəylinin 65 yaşı oldu. Modern.az-ın əməkdaşı Fərhad Bədəlbəylidən qeyri-rəsmi mövzuda müsahibə alıb. "Ədalət” həmin müsahibəni təqdim edir.

- 5 yaşınızdan royal arxasında oturursunuz. Bu, uşaqlığınızı əlinizdən almayıb ki?

- Uşaqlığımı çox yaxşı və həvəslə yaşamışam. Maestro Niyazi deyirdi ki, iki saat futbol oyna, sonra mənim xətrimə 4 saat royal arxasında otur. Yəni Niyazi kimi ustadlar heç nəyi zor ilə etmirdilər.

-Bəs barmaqlarınız royalın dillərinə dəyərkən tamaşaçılar kimi emosiyalara qapılırsınız, yoxsa fikriniz notlarda qalır?

- Yalnız məşq zamanı emosiyalara qapılmağa özümə icazə verirəm. Amma konsert vaxtı mən diqqətli olub, barmaqlarıma nəzarət etməliyəm. Min dənə not var, onun hər hansısa biri yadımdan çıxa bilər. Bu zaman emosiyalara qapılmaq çox təhlükəlidir. Düzdür, biz azərbaycanlıyıq, nə qədər boğsaq da, emosiyaya qapılırıq. Amma onu da idarə etmək lazımdır.

Bir dəfə Maestro Niyazi ilə konsertdə o qədər emosiya ilə çaldım ki, birdə gördüm eynəyim gözümdən çıxıb yuxarı qalxdı. Yaxşı futbolçu olduğuma görə tez irəli atılıb eynəyimi göydəcə tutdum. Arada imkan tapıb onu gözümə taxdım. Çox maraqlı mənzərə idi. Elə bil sirk idi.

-Deyəsən, uşaqlıqdan futbolun fanatı olmusunuz?

- Futbolun azarkeşi idim. Oyun zamanı isə həmişə qol vuran tərəf mən olurdum. Uşaqlıqda hər şey cığallıq, dəcəllik də var idi. Amma yenə də çalışırdıq ki, ədalətli oynayaq, qanunu pozmayaq. Ən çox Qala qapısından aşağıdakı meydanda oynayırdıq. İndi uşaqların oynaması üçün yer yoxdur, ancaq kompüterdə oynayırlar ki, bu da onları öldürür. Biz uşaqlıqda "nakuli” , "çilədi” və. s oyunları oynayırdıq. Mən bilən uşaqlar bu oyunlardan artıq istifadə etmir.

-Uşaqlıq dostlarınızla necə əlaqə saxlayırsınız?

- Polad Bülbüloğlu ilə bağlı yaxşı xatirələrim var. Onunla 5 yaşından dostuq. Bir əhvalat yadımdadır ki, bağda olanda valideynlərimiz bizi dənizə buraxmırdılar. Biz də tənbəllik etmədik, xəlvətcə Polad ilə dənizə getdik. Poladın da qolunda atasının bağışladığı çox bahalı bir saat vardı. Dənizdə çiməndə onu qumun altında basdırdıq. Çimib çıxandan sonra saatı tapa bilmədik. Çünki basdırdığımız yeri işarələməmişdik. Sahil boyu bütün günü qumun içində saat axtarmağa başladıq . Heç yadımdan çıxmaz, Polad ağlayırdı ki, atam məni öldürəcək. Nəhayət, saatı tapdıq və evə qayıtdıq. Evə qayıdanda gördük ki, hamı bizi təlaş içində axtarır.

- Bildiyimə görə, "Dağlı çörəyi”ni xüsusi ilə xoşlayırsınız...

- Mən uşaqlıqdan bu çörəyi xoşlayıram. Ona görə də bir az kökəm.

- Bəs gənclik illərindən yadınızda nə qalıb?

- Gəncliyim çox maraqlı keçib. Çünki böyük insanlarla ünsiyyətdə olmaq böyük xoşbəxtlikdir. Mən ikinci konservatoriyanı faktiki olaraq Maestro Niyazinin evində qurtardım. Dünyanın bütün musiqiçiləri Niyazinin evinə qonaq gəlirdi və gecə saat 3-ə kimi söhbət edirdilər. Bizonlara mühazirə kimi qulaq asırdıq.

- Qızlarla aranız necə idi?

- Çox yaxşı (gülür). Etibarlı qızlar var idi ki, onlarla dostluq edirdim. İndi hərəsi bir yerə dağılışıb. Ən çox təsirləndiyim isə dostlarımın rəhmətə getməyidir. Dost rəhmətə gedəndə elə bilirəm ki, ürəyimdən bir parça qopur.

Mənim ilk məhəbbətim isə Bülbül adına məktəbdə oxuyarkən başlayıb. Bir xüsusiyyətim var idi ki, gözəl olub, ağlı olmayan qızdan uzaq gəzirdim. O zaman ev, maşın, var-dövlət əsas amil deyildi. Əsas o idi ki, hansı kitabları oxumusan. Tutaq ki, kimsə Heminqueyi tanımırdısa, onda bizim əhatəmizdən çıxırdı, yəni batdı. Həyat yoldaşımla isə məktəbdə də, konservatoriyada da bir yerdə oxumuşuq.

- Geyimdə daha çox nəyə üstünlük verirsiniz?

- Daha çox idman üslubundan xoşum gəlir. Gödəkcə və cins geyməyi xüsusi ilə sevirəm. Qalstukdan, kostyumlardan zəhləm gedir. Rəsmilik məni məhv edir. Onsuz da səhnəyə çıxanda rəsmi geyinirəm.

-Ziyalılarımızın çoxu burada şalvar, xarici ölkələrə gedəndə isə şort geyinirlər...

- Düzdür. Amma yenə də 10 il əvvələ baxanda yaxşıdır. İndi yayda şort geyinən cavan oğlanları görmək olar. Mən buna çox yaxşı baxıram. Yayın istisində nə etməlidirlər. Xoşum gəlmir ki, 20 yaşlı cavan oğlan qalstuk, kostyum geyinir. Biz belə şeylərə gənc olanda baxıb gülürdük. O zamanlar komsomolçular qalstuk taxırdılar. Şəxsən mənim üçün kostyumda fortepiano çalmaq çox çətindir .

- Həm romantik, həm idealist insansınız. Bilmək olar Fərhad Bədərbəyli özü üçün kimi ideal hesab edə bilər?

- Böyük insanların həyatı böyük bir dərsdir. Məsələn, Bethoven 3-cü simfoniyasını Napoleona həsr etmişdi. Napoleona azadlıq gətirən insan kimi baxırdı. Amma o, özünü imperator elan edəndə Bethoven bu rəyini dəyişdi. Halbuki Napoleon onu öldürə və ya həbs edə bilərdi. Amma Bethoven qorxmadı. Prinsip məsələsində belə insanlar çox gözəl bir nümunədir. Yoxsa sən dünən marksist idin, bu gün millətçisən, sabah pantürkistsən və s. Əqidəsini hər gün dəyişən insanları sevmirəm. Mən 30 il bundan qabaq dediyimi indi də təkrar edəcəyəm...

- Sizinlə söhbət etdikcə eyni zamanda çox emosional və bir az da əsəbi olduğunuzu hiss etdim...

- İşdə əsəbiləşəndə özünü əla almaq lazımdır. Camaatın üstünə qışqırmaq və ya təhqir etmək heç vaxt ola bilməz. Mən 21 ildir ki, burada rektoram, heç kimin xətrinə dəyib, təhqir etməmişəm.

Anamın atası Tağı bəy Səfərəliyev milyonçu olsa da, uşaqlarına həmişə bu sözü deyib: "Uşaqlar birinci növbədə faytonçu, aşpaz, ev xadiməsidir ki, onlara xüsusi bir hörmət bəsləyin. Salam verəndə çox böyük hörmət ilə alın. Çünki onlar kasıbdırlar, eyni zamanda sizə qulluq edirlər və ürəklərində nisgil ola bilər”.

Bu böyük bir məktəbdir. İndi yeni azərbaycanlıların oğulları və qızları belə tərbiyə almırlar.

Evdə isə o qədər də kaprizli insan deyiləm. Nə verirlər yeyirəm. Kişi belə şeylərə fikir verməli deyil ki, mən onu yemirəm, bunu yemirəm. Belə şeylərdən zəhləm gedir. Lap bu gün çörək yoxdur, nə olsun .Yəni belə şeylər problem deyil. Bunlar xırda məsələlərdir. Sizə bir sirr də açım ki, yaradıcı insanların bir çoxu kimi evə bazarlıq etməyi də sevmirəm.

- Fotolarınıza baxdıqca anlamaq olur ki, uşaqları çox sevirsiniz.

- Əlbəttə, elədir. Bir qız övladım var. Uşaq olmasa da, onu hələ də "Delya” (Dilarə) deyə çağırıram. Onun da güclü yumor hissi var. Buna görə də hərdən aramızda zarafat atışmaları olur. Ağıllı və çox azad bir insandır. Bizim aramızda heç vaxt qorxu olmayıb, mən ona inanmışam, o da atasını sevir və yəqin ki, fəxr edir. Mən buna ümid edirəm. Ona görə də xoşbəxtəm.

- Və sonda Fərhad Bədəlbəyli özünü necə ifadə edə bilər?

- Hər insanı təbəssümlə qəbul edirəm. Və çalışıram ki, insan kədərlidirsə, bu dərdi başa düşüm. İnsan aqressivdirsə çalışıram ki, altdan alım. Yoxsa mən də aqressiv olarsam nəticə də konflikt olar. Deyirəm, əşi boş ver, hər şey yaxşı olacaq.

 

Şahanə Rəhimli

Ədalət.-2012.-28 dekabr.-S.6.