VƏTƏNDAŞ ŞAİR

 

   Kürək söykəyənin ana torpağa

  

   Haqqı yox bir ayrı təltif istəsin...

 

   Xalqın sevimli şairi Məmməd Araz üçün ən böyük mükafat doğma yurdda, ana torpaqda gəzməkdir.Vətən küləyinin hər səhər qapısında əsməyi şair üçün həqiqi səadətdir.Vətənsiz hər şeyi əfsanə sayan Məmməd Araz bir gün qürbətdə qalarsa min il qədər uzun keçər həmin gün. Şair torpağa, elə-obaya o qədər bağlı insandır ki, yalnız öz doğma ocağında isinə bilir. Əsl vətəndaş üçün ən böyük xoşbəxtlik öz vətənindədir. Xalqının, Vətəninin yaxşı günündə, yaman çağında onunla birgə olmaq, sevincini də kədərini də birgə yaşamaq ən böyük səadət deyilmi?

   Məmməd Araz üçün ən qiymətli təltif, ən böyük sərvət xalqının qəlbində qazandığı məhəbbətdir. Şair üçün xalqın alqışından, el məhəbbətindən qiymətli nə ola bilər? Şair o zaman əyilməz və vüqarlı olur ki, xalqın məhəbbətini qazanmış olsun.Xalqın dərdini, vətənin kədərini daim qəlbində yaşadan, onu düşünən Məmməd Arazı necə unutmaq olar? Şairi əbədiləşdirən onun vətənə bağlılığı, yurda olan sevgisidir.

 

   "İstəsən şairi əyəsən, onun

   Əlindən xalqının alqışını al"

 

   - deyən şairi əyilməz edən xalq məhəbbətidir. Məmməd Araz üçün vətən dərdi, vətən həsrəti ən dözülməz bir dərddir.Bu dözülməzliyə şair öz əzəməti, vüqarı ilə sinə gərdi. Araz boyda dərdə dözdü. Mən Araz şairiyəm deyib hayqırdı

   "Mən ondan su içmişəm

   Anamdan süd əməntək.

   Sudan çıxan balıq tək

   Ölərəm mən Arazsız ".

 

   Məmməd Arazın dərdi Füzuli kədəri qədər böyükdür. "Məmməd Araz kədəri Füzuli kədərinin varisidir və öz zərifliyi, insaniliyi ilə oxucunu ilkinliyə, kökə, təmizliyə, etibara, yüksək sevgiyə, torpağa bağlayır, onu ucaldır. Mahiyyət etibarilə bu kədər düşündürən və gözəl yaşamağa çağıran kədərdir." (Sabir Rüstəmxanlı)

   Məmməd Araz fəlsəfəsi də düşündürücü , heyrətləndirici bir fəlsəfədir.

 

   "Şair dostum, çaldığın saz

   Eldən ayrı səs ucaltmaz.

   Gur çayları səsinə qat,

   Nə şöhrət gəz, nə də ki ad".

 

   Həqiqətən də Məmməd Araz şan- şöhrət, ad- san gəzməmişdir. Onun adı da , sanı da, şanı da, şöhrəti də Vətən torpağı, xalq məhəbbətidir. Xalqın qəlbində əbədi yaşamaq hər sənətkara nəsib olan xoşbəxtlik deyil. Lakin Məmməd Araz bu səadəti qazana bilmişdir.

   Məmməd Araz şeiri bütün ruhuyla Azərbaycan torpağına bağlıdır. Elə şairi sevdirən, yaşadan, əbədiləşdirən də budur.

   Məmməd Araz üçün Vətən sevgisi ən uca bir zirvədir. Onun ən böyük arzusu isə Azərbaycanı o taylı, bu taylı yox, bütöv görməkdir. Bəlkə də Məmməd Araz üçün bundan böyük dərdə ola bilməzdi. Gözüyaşlı Təbrizi düşündükcə özü də kövrəlir və dərdini vərəqlərə tökürdü. Sinəsini ağ kağızlara boşaldırdı.

 

   "...Nə qədər yataqda Araz var hələ

   Arazdan içməmiş Təbriz var hələ!

   Ya mənim dərdimlə yaşar bu dağlar,

   Ya da ki, üstümdən aşar bu dağlar..."

 

   Şairin dərdi dağlar qədərdir. Hətta bu dərdə dağlar da dözməz. Təbrizin dağlar başında ağlamasına dözə bilməyən şairin bu ağır dərdinin üstünə bir dərd də qalandı: Qarabağ dərdi! Təbriz həsrətinə dözə bilməyən şair indi Şuşa hicranına necə dözsün. Xocalı dəhşətini hansı dillə, hansı sözlə qələmə alsın?! Bu dərdlərə dözə bilmədi şair. Dərdini dağlara desə də, vərəqlərə yazsa da ürəyi tablaşmadı, qəlbi paralandı. Əli qələmdən üzülsə də, dili dolaşsa da beyni daim düşündü, ürəyi bu kədərlə döyündü. Elə şairi döyüş bölgələrinə, səngərdəki əsgər yanına çəkib aparan da vətən sevgisi, torpaq yanğısıydı. Nəinki yaxşı vaxtlarında, hətta səhhətinin imkan vermədiyi vaxtlarda belə o, döyüş bölgələrində əsgərlərlə birlikdə olmağı özünə borc bilir. Vətənin keşiyində dayanmış əsgər oğullar qarlı- şaxtalı günlərdə səngərlərdə üşüyəndə Məmməd Araz da isti otağında üşüyürdü. Vətən torpağı düşmən taptağındadırsa, şair qəlbi necə rahat ola bilər? Onun qəlbi daim vətən keşikçilərinin yanında olub, onları düşünüb, onlarla nəfəs alıb. Ona görə də vaxtaşırı döyüş bölgələrinə gedir, əsgərlərimizi qələbəyə ruhlandırır. Şairin

 

   "Vətən mənə oğul desə nə dərdim,

   Mamır olub qayasında bitərdim"

 

   misraları hər bir əsgərimizin dilinin əzbəridir. Bu misraların bir ordu qədər qüdrəti var. Şairin əsgərləri tez-tez yada salması, onlarla birlikdə olması döyüşçülərimizin əzmini bir daha artırır, vətənə olan sevgisini gücləndirirdi. "Ölməzdir ölənlər Vətən yolunda" fikrini əsgərlərimizə aşılamaq, ölməzlik dərsini səngərdə döyüşçülərə təlqin etmək hər şairin, hər ustadın hünəri deyil. Ancaq Məmməd Araz bu mətnliyə, dözümlülüyə qadir ola bilərdi. Yalnız Məmməd Araz poeziyası bu qüdrətə malikdir. Xalqı, milləti həmişə birliyə , sarsılmazlığa, dönməzliyə qələbəyə səsləyən şair Azərbaycan əsgəri ilə birgə olmalıdır.

   2001-ci ilin dekabrında səhhətində problem olmasına, ömür-gün yoldaşı Gülxanım ananın etirazlarına baxmayaraq, döyüş bölgəsinə yollanır. Şair biləndə ki, vətən oğlu onun səsindən, şeirindən ilham alır, ruhlanıb cuşa gəlir, onu heç evdə saxlamaq olarmı?!

   Güclü yağış yağdığından, havanın çox soyuqluğundan narahat olan şairsevərlərə isə cavabı belə oldu: "Əsl kişi havasıdır. Haydı getdik!" Doğrudan da əsl kişi, mərd insan, vətənpərvər şəxsləri həyatda heç qorxutmur. Əksinə çətinliklərə sinə gərməkdən zövq alır, əsl yaşamağın mənasını da elə bunda görür. Elə çətin gündə, ağır vaxtlarda Vətənin keşiyində durmaq, dostun yanında olmaq lazımdır. Bax budur Vətənpərvərlik - Məmməd Araz məktəbi.

   Şairin döyüş səngərlərindəki əsgərlərlə görüşündən aldığı təəssüratlarını bölüşdüyü şeirləri daha təlatümlü, daha canlıdır. Şahidi olduğu hadisələrin təsvirini bizimlə bölüşən şair sanki bizi həmin yerlərə çəkib aparır, o hissləri bizə yaşadır. Məhz budur Məmməd Araz şeirinin sehri, gücü, təbii, səmimi düşündürücü olması. Şair bütün keçilməzlikləri Vətəninin adıyla keçmişdir. Vətən üçün yaşamaq, onun yolunda hər çətinliyə qatlaşmaq vətən yolunda qurban getməkdən böyük bir şərəf varmı görəsən bu dünyada?! Hamı, hər şey gəldi-gedərdi bu dünyada. Ancaq insanı əbədiləşdirən, onu ölməz edən Vətənə, xalqına bağlı olması, onun üçün yaşamasıdır.

 

   "Bu torpağın son qurbanı mən olsam,

   Öz odumda yanıb külə tən olsam,

   Eldən ötən güllələrə dən olsam,

   Ata, millət, oğul deyib ağlama,

   Ağlamağın yeri deyil, ağlama!"

  

   Vətən yolunda şəhid olmaq bir səadətdir ki, bu səadətə qovuşan bir şəhid əsgər üçün ağlamaq lazım deyil. Həm də ağlamaq acizlik, əyilmək əlamətidir ki, bizim xalqımıza əyilmək, düşmən qarşısında boyun əymək yaraşmaz. Məmməd Araz kimi əyilməz şairlər- oğullar yetirən bu torpaq, xalq heç vaxt əyilməmiş və düşmənə boyun əyməmişdir.

  

   "Əyilməkdir ağlamağın tərs üzü,

   Dərdi dartıb üzməyəni dərd üzür,

  Ağlayanı tez də tapır dərd - hüzür,

   Bəlkə, tanrı belə yazıb, ağlama,

   Səsini boğ, millət qızı, ağlama! "

  

   Nə qədər taleyin qismətinə boyun əysək də, işğal altında olan torpaqlarımızı düşmən əlində qoya bilmərik. Nə qədər ki, yurdumuz taptaq altındadır, nə qədər ki, sərvətimiz talanmışdır, nə şəhidlərimizin, nə də Məmməd Arazın ruhu rahat olacaq. Ona görə də Vətənimizi yağılardan qorumaq hər bir vətəndaşın borcudur. Hər kim ki, bu torpaqda gəzir, vətənin havasını udur, suyunu içir onu qorumağa və müdafiə etməyə borcludur !!!

 

 

  Gülşən AĞABƏY,

  AMİ-nin Quba filialının baş

  müəllimi, filologiya üzrə fəlsəfə

  doktoru

 

  Ədalət.-2012.-1 fevral.-S.6.