Vətəndaş
olmaq...
"Vətən
daşı olmayandan, Olmaz ölkə vətəndaşı"
Məmməd
Araz
Torpaqlarımızın iyirmi faizi
erməni işğalı altındadır. Hər gün
işğal altında olan yeraltı və yerüstü sərvətlərimiz
talan edilərək, Ermənistana daşınır. Bu prosesdə
mədəniyyətimizə aid olan nə varsa, - daşınan
çoxdan Ermənistana aparılıb, daşınmaz mədəniyyət
abidələrimiz isə erməniləşdirilib, dünya
ictimaiyyətinə erməni abidələri kimi təqdim
olunur.
Beləliklə, 20 ildir ki,
torpaqları işğala məruz qalıb, bir milyondandan
artıq məcburi köçkünümüz var. Amma buna
baxmayaraq, işğalçı Ermənistandan fərqli
olaraq, Azərbaycan öz hərbi gücünü gücləndirir,
iqtisadiyyatında irəliləyişlər həyata
keçirir. Biz işğala məruz qalan tərəf
olmağımıza baxmayaraq, 80%-li ərazi ilə
çalışır və inkişafa doğru gedirik. Bəs,
görəsən, ölkəmizə erməni
işğalçıları tərəfindən vurulan ziyan
barəsində, o cümlədən bütün sahələrdəki
itkilərimiz barəsində dünya ictimaiyyətini hansı
səviyyədə məlumatlandıra bilmişik?
Qarşıdan möhtəşəm
"Evrovision" yarışması gəlir. Belə mötəbər
bir yarışda birincilik qazanaraq, dünyanın diqqətinin
Azərbaycana yönəldilməsi alqışa layiqdir.
Bakıda təşkil olunan yarışmaya isə söz yox
ki, yüzlərlə əcnəbinin gəlişi gözlənilir,
həmdə yarışmanın birbaşa canlı
yayımlanması nəticəsində milyonlarla insanın
Bakını və müsabiqəni seyr etmək şansı
qazana biləcəyini indidən ehtimal etmək olar.
Bütün bunlarla yanaşı ortaya bir sual
çıxır: Yarışma günlərində ölkəmizi
xaricilərə necə təqdim edəcəyik?
Qazandıqlarımızla, nailiyyətlərimizlə yanaşı,
biz erməni işğalı nəticəsində ölkəmizə
dəymiş maddi-mədəni itkilər barəsində də
qonaqlara məlumat verə biləcəyikmi?..
Qeyd etməliyik ki, tədqiqatçıların
da təsdiq etdiyi kimi, Qarabağ və ona bitişik rayonlar, - Kəlbəcərdən
başlamış, Zəngəzur və Naxçıvanadək
olan ərazilər ölkəmizin əsas mədəniyyət
daşıyıcılarından biri hesab edilir. Qarabağ və
ona bitişik rayonlar tarixən ölkəmizin indiki
hüdudlarında formalaşan dövlətlərin əsas
istinad mənbələrindən olubdur. Azərbaycan ədəbi
dilinin əsas daşıyıcı qüvvəsi də məhz
bu ərazilərdəki yaşayış məntəqələri
olmuşdur desək, yəqin ki yanılmarıq. Dünyada
üçüncü yaşayış məskəninin -
Azıx mağarasının, ən qədim Xocalı-Gədəbəy
mədəniyyətinin öz başlanğıcını bu ərazilərdən
götürməsi də tarixi faktdır. Bir məqama toxunmaq
yerinə düşərdi ki, adıçəkilən ərazilər
alimlərin əsas tədqiqat mənbəyi olsa da, bir sıra
tədqiqini gözləyən tarixi obyektlər də erməni
talanına məruz qalmışdır. Ancaq keçmiş
sovet dövründə də tədqiqat obyekti kimi bəzi qədim
abidələr siyahıya alınmayıbdır. Bununla
bağlı bir faktı da qeyd edək ki, Ağdərənin
Madagez kəndinin Gülüstan kəndinə yaxın istiqamətində
yerləşən qəbiristanlığında qədim Alban
türbəsinin olmasının vaxtilə şahidi olsaq da,
sonralar bununla bağlı axtarışlarımız səmərəsiz
qalmışdır. Belə ki, həmin abidə o dövrdə
dövlət tərəfindən qeydiyyata alınmayaraq, üzərindən
ötüb, keçilmişdir.
Ərazilərimizin hər
qarışı bizim üçün əziz olsa da,
reallıq ondan ibarətdir ki, ermənilərin 20 faiz
torpaqlarımızın işğal etməsi nəticəsində
35-40 % - lik tarixi mədəniyyətimizi itirmək təhlükəsi
ilə üz-üzə qalmışıq.
Belə olan halda bugünkü nəslin
üzərinə böyük məsuliyyət yükü
düşür. Yəni, biz itirdiklərimizi
siyahılaşdırmalı, qiymətləndirməli, bərpa
etməyə var qüvvəmizlə çalışmalı
və bütün bu məqamlar barəsində dünya
ictimaiyyətini məlumatlardırmalıyıq. Hansı ki,
Ermənistan öz saxta tarixini dünya ictimaiyyətinə
"sırıyaraq" özünə haqq
qazandırmağa çalışdığı halda, biz nədən,
öz doğrumuzu dünyaya bəyan etməyək?!
Vəziyyətdən
çıxış yolu kimi
ilk olaraq nəyi təklif
etmək olar. Bizim (SAMF-nun) bu istiqamətdə
apardığımız təhlillər göstərir ki, ilkin olaraq
ən optimal addım Dövlət Qarabağ Tarixi Muzeyinin fəaliyyətinin bərpası
sayıla bilər. Nəzərə alsaq ki, paytaxtda bu
tipli muzey yoxdur, onda belə bir muzeyin yaradılması
daha da
aktuallaşır. Erməni işğalı nəticəsində
məhv edilmiş abidələrin kataloqunun tərtibi, onların yerləşdiyi
ərazilərlə birlikdə maketinin
hazırlanması, habelə işğal
zamanı xilas edilən eksponatların bərpa
edilərək sərgilənməsi ölkəmizin
tanıdılmasında əvəzsiz rol oynaya bilər. Əgər, Şuşa
Rayon İcra Hakimiyyətinin fəaliyyəti üçün ən müasir
memarlıq üslubunda inzibati
bina tikiriksə, Dağlıq
Qarabağın Azərbaycanlı İcması da
fəaliyyətini məhz həmin binada davam etdirirsə, bundan əlavə
prezident sərəncamı ilə ölkə
paytaxtında Şuşa Musiqi
Məktəbinə bina inşa
edilməsi üçün büdcədən
vəsait ayrılırsa, demək belə bir
muzeyin fəaliyyəti üçün
binanın tikintisi real
hesab edilə bilər.
Ancaq Mədəniyyət və
Turizm Nazirliyinin rəsmiləri bizim irəli sürdüyümuz
təklifi alqışlasalar da, bu prosessin icrasına bir qədər
pessimist yanaşmaları təəssüf hissi doğurur. Əgər
biz bu muzeyin Şuşada fəaliyyət göstərməsi
niyyətindəyiksə, bəri başdan 20 ilimizi itirdik.
Gözləmə mövqeyində dayanmış olsaq, onda nə
Xocalı sakinləri üçün, nə də Biləsuvar,
Yevlax, Ağdam və Ağcabədidə qaçqın şəhərcikləri
salınmalı deyildi. Yəni gec-tez torpaqlarımız
işğaldan azad ediləcək və məcburi
köçkünlərdə çadır şəhərciyindən
bir başa öz yaşadıqları ərazilərə
köçürülə bilərdilər. Belə
çıxır ki, Xocalı sakinləri üçün
salınan qəsəbədə şəhid şəhərin
sakinlərinə ehtiram əlaməti olaraq abidənin
ucaldılması da yersiz idi?! Amma dövlət siyasətinin tərkib
hissəsi kimi görülən işləri ancaq
alqışlamaq lazımdır.
Bəs struktur vahidi kimi adı Mədəniyyət
və Turizm Nazirliyinin balasında olan və nazirliyin rəsmi
internet resursunda qeyd olunan Dövlət Qarabağ Tarixi Muzeyinin
bərpası bizə nə verə bilər?
1. Hazırda 40 min eksponata malik 22
muzeyin işğal altında olduğu deyilir. Dünyada ikinci
olan Ağdam Çörək Muzeyi, Zəngilan Daş Heykəllər
Muzeyi, Kəlbəcər, Laçın, Ağdam, Qubadlı, Zəngilan,
Şuşa, Xocalı tarix-diyarşünaslıq muzeyləri
eksponat fondu ilə bərabər məhv edilmiş, Cəbrayıl
və Füzuli diyarşünaslıq muzeylərinin
binaları dağıdılmışdır. Şuşa
şəhərinin tarixi muzeyi, Azərbaycan Xalçası və
Xalq Tətbiqi Sənəti Dövlət muzeyi Şuşa
filialının, Dövlət Qarabağ Tarixi muzeyi, dahi bəstəkar
Üzeyir Hacıbəyovun, böyük müğənni
Bülbülün, görkəmli musiqiçi və rəssam
Mir Mövsüm Nəvvabın, Laçında Sarı
Aşığın, görkəmli musiqiçi Qurban Pirimovun
Gülablı kəndindəki (Ağdam) xatirə muzeyləri
tamamilə məhv edilmişdir. Bu siyahıya ictimai əsaslarla
məktəblərdə, təhsil ocaqlarında fəaliyyət
göstərən muzeyləri, habelə Xankəndində,
Ağdərədə, Xocavənddə də rəsmi fəaliyyətdə
olan diyarşünaslıq muzeylərini də əlavə etsək,
ümumi rəqəm xeyli artacaq.
20 il ərzində işğal
altında olan ərazilərimizdə fəaliyyət göstərmiş
muzeylərimiz haqqında dəqiq məlumat toplaya
bilmişikmi? Təəssüf ki, indiyədək bu sahədə
hər hansı dəqiqləşdirmə aparılmayıb. Mədəniyyət
və Turizm Nazirliyinin rəsmi arayışında
işğal nəticəsində dəymiş maddi və mədəni
ziyanın həcmi təxminən 7 milyard dollar həcmində
göstərilir. Demək, ilk olaraq muzeyi bərpa etməklə
maddi mədəni itkilərimizi siyahılaşdırmaq
şansı qazana bilərik.
2. Hazırda fəaliyyətdə
olan diyarşünaslıq muzeylərinin muzey mərkəzinin
fondunda saxlanılan eksponat fondunun bərpasını həyata
keçirməklə, onun daimi olaraq qeyd olunan muzeydə sərgilənməsinə
nail ola bilərik. Bundan əlavə işğaldan sonrakı
müddətdə formalaşan eksponat fondunu da bura əlavə
etsək fəaliyyəti bərpa ediləcək muzeyin zəngin
eksponat fondunu formalaşdırmaq mümkündür. Ancaq belə
anlaşılmasın ki, rayonlarda fəaliyyətdə olan
diyarşünsalıq muzeylərinin fəaliyyətini kölgə
altına almaq istəyirik. Biz bu işlərin sistemli şəkildə
aparılmasının tərəfdarıyıq. Dövlət
Qarabağ Tarixi muzeyinin bərpası
tarix-diyarşünaslıq muzeyləri üçün baza mərkəzi
kimi olmaqla, səyyar sərgilərin təşkilini həyata
keşçirməklə bu qurumların üzərinə
düşən məsuliyyət yükünü
artırmış olacaq, həm də gənc nəslə Azərbaycanımızı
daha dərindən öyrənməkdə mühüm rol
oynayacaqdır.
3. İşğal altında olan hər
rayonun maketi, maddi mədəni abidələrin xəritəsinin
hazırlanması və nümayişi muzeyin fəaliyyətinin
əsas istiqamətlərindən ola bilər. Qeyd edək ki, Bərdə
rayon Tarix Diyarşünaslıq muzeyində Bərdə şəhərinin
tarixini əks etdirən maket yüksək orijinallıqla
hazırlanıb və hazırda adı çəkilən
muzeydə sərgilənir. Demək belə bir təcrübə
artıq var.
4. Dövlət Qarabağ Tarixi
muzeyinin bərpası ən nəhayət protokol qaydasında
rəsmi qonaqların səfər proqramına salınması,
əcnəbi turistlərin və xüsusən böyüməkdə
olan gənc nəslin nümayəndələrinin muzeyə
ziyarətlərinin təşkili ilə Azərbaycanımızı
daha dərindən tanıtmağa nail ola bilərik.
Söz Azadlığını
Müdafiə Fondunun prioritet fəaliyyət istiqamələrindən
biri Qarabağ mövzusudur. Biz indiyədək Azərbaycan
Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi
Şurasının maliyyə dəstəyi ilə Qarabağ
mövzusuna həsr olunmuş iki layihə həyata
keçirmişik. Fond Dövlət Qarabağ Tarixi Muzeyinin bərpası
ilə bağlı bir sıra addımlar atmaq niyyətindədir.
Əsas məqsədimiz zəngin tariximiz, mədəniyyətimiz
haqqında məlumatları gənc nəslə və
dünya ictimaiyyətinə çatdırmaqdır. Belə
bir aktual mövzunu yenidən ictimai müzakirəyə
çıxarır, ölkə ziyalılarının, elm və
mədəniyyət adamlarının, eləcə də gənclərin
bu mövzuya öz münasibətlərini bildirməsi
üçün əlimizdən gələni əsirgəməyəcəyik.
Tarixini yaşatmaq hər bir insanın vətəndaşlıq
borcudur. Biz bu məsələdə vətəndaş
mövqeyimizdən çıxış etməli, Dövlət
Qarabağ Tarixi muzeyinin fəaliyyətinin bərpası
üçün əlimizdən gələn köməkliyi əsirgəməməliyik.
Vüqar
Tofiqli
"Söz
Azadlığını Müdafiə Fondu"
nun
icraçı direktoru
Ədalət.-2012.-1
fevral.-S.6.