Sual aydınlığı

 

  Ələddin İncəlinin "Üç kitab və ya Qarabağnamə" kitabı haqqında

 

  Bizim millətin taleyindən keçən Qarabağ olayları "superdövlətlər" tərəfindən bütün kiçik ölkələrin başına, eləcə də zaman-zaman bizim başımıza açılan oyunların tərkib hissəsidir (hamıya bəllidir ki, erməni havadarlarsız bizimlə bacarmaz). Vaxtı çatanda həmin bu superdövlətlərin ortaq maraqları çərçivəsində Qarabağ problemi də həll olunacaq. Yəni, hansısa bir formada, hansısa bir tərkibdə ya anrılıq olacaq, ya da bərilik. Həmişə də belə olub. Zaman-zaman bizi parçalayıb ya o dövlətə, ya bu dövlətə qatıblar. Ya o imperiyanın, ya bu imperiyanın əsarətində qalmışıq. Indi çox yaxşıdır ki, yenə bu superlərin təzyiqi, təpkisi altında olsaq da, onların məzələnə-məzələnə bizə düzüb-qoşduqları Qarabağ nağılının bitəcəyi, göydən üç alma düşəcəyi günü gözləsək də müstəqilik. Hər halda neftimizə və qardaş Türkiyənin bizə havadarlıq imkanına görə o biri "podsovet"lərdən daha çox müstəqilik və daha çox bərkiyirik. Böyük faktımız, həqiqətimiz də budur ki, bu dövrü yaşamaq bizə nəsib olub. Necəsi başqa məsələdi. Millətin durumu həm aşağı, həm yuxarı təbəqəsinin bütün mənalarda səviyyəsinin məntiqi nəticəsi, haqq olan reallığıdı. Millətin ən böyük bəlası əslində bəlaları bəzəyə-bəzəyə bədiiləşdirməkdən, bədiiləşdirə-bədiiləşdirə sinirib, ona uyğunlaşmaqdan, hər şeyə dözə-dözə üzünü çevirib ömrü sakitcə yaşamağa dönməkdən ibarətdir. Əxz elədiyim bu çox ümumi təsnifatı verməklə demək istəyirəm ki, Qarabağ əhvalatının fonunda ölkələrin üzü, millətlərin bir-birinə və bizə qarşı üzü, ötəndə içimizdə özümüzə qarşı, yurda, torpağa qarşı üzümüz açıldı. Hər vətəndaşın, nəhayət, hər söz adamının, şairin mövqeyi üzərə çıxdı, görk oldu.

   Mətləbimiz tanınmış şair Ələddin İncəlinin dostu Tağı Əhmədlinin qayğısıyla MBM nəşriyyatında çap olunub üzərə çıxan "Üç kitab və ya Qarabağnamə"sinə üz tutmaqdı. Üç yüz səhifəlik bu sanballı kitabda Qarabağ hadisələrinin başlandığı vaxtdan üzü bəri baş verənlərin təfsilatı, təsviri, təsiri o dərəcədədi ki, sanki, bədii gündəlik oxuyursan. Kitab üç bölümdən ibarətdi. "Qarabağ fəryadı", "Qanlı qərənfillər, qanlı tarix - şanlı tarix", "Əsgər marşı çal, zəfər marşı çal". Qarabağnamənin əsas tağı birinci bölümdü. Yəni əksər xronika orda cəmlənib. İkinci qanlı 20 yanvara tələsən imperiya qatarının keçdiyi tarixi yolları, Xocalı soyqırımını ehtiva edir. Üçüncüdə marşlar, qəhrəmanlıq şərqiləri və əsgəranə lirik şeirlər yer alıb. 

   Çox maraqlıdı. Ələddin İncəli əyalətdə- Qazağın Kəmərli kəndində yaşayan, yaşı səksəni keçmiş ağsaqqal söz adamıdı. Və doğrudan da, mənə (elə hər kəsə) maraqlı göründü ki, hansısa yazar tərəfindən Qarabağ mövzusunda bu həcmdə, əhatəli şeirlər kitabı ortaya qoyulub görəsən, ya yox?! Gəncliyində Ağdərənin Manikli kəndində dörd il işlədiyinə, Qarabağ adlı tanrı gözəlliyini gözünə-könlünə köçürüb, oraları yaxşı tanıdığına görə də ola bilər ki, böyük sevginin böyük ağrısı varlığına bu qədər dərindən sirayət etmiş olsun. Bir də hər şey vətəndaş yanğısı üstəgəl ayıq ziyalı dünyagörüşündən başlayır:

 

   Ya Rəbb, Şərqi Qərbdən saxla,

   Bosniyanı Serbdən saxla,

   Fələstini İsraildən

   Türkü "hay"dan-əzraildən,

   Ərzi rusdan saxla, Allah,

   Dostu "dost"dan saxla, Allah!..

 

    Söhbət təkcə qədərdən getmir. Ələddin müəllimin özünəməxsus şeiriyyatı, saf dili bu kitabda da tam sərgilənib. Onun tez-tez işlətdiyi ümumiləşmiş bir "hay" obrazı var ki, bu da əslində, erməni adıyla şərin, şeytanın simvolik işarəsi, türkün qabağına dığırlanmış kərən, geniş anlamda əngəl, bəla mübtədasının sinonimidir:

 

   Hay nahaq yerə

   Qan tökər, tökər!

   Özgə yurduna

   Göz dikər, dikər!

  

   Tərəddüd etmədən deyirəm: müəyyən mənada, müəllifin baxış bucağı altında Qarabağ olaylarının bədii salnaməsi kimi baxıla bilən bu kitabın elmi, tarixi əhəmiyyəti var. Hadisələrin yaranma rüşeymindən tutmuş Salatının qətlinə, vertolyot qəzasına, Daşaltı quramasına... qədər hər şey xronaloji ardıcıllıqla, nizamla verilib. Bu kitab dərs vəsaiti kimi məktəblilərə təklif təqdim oluna hər kəsin kitab rəfinə yön ala bilər.

 

   Qoy düşsün ağıza, qalsın,

   Oğuzdan oğuza qalsın.

   Köçürdüm kağıza, qalsın

   Dövrümün salnaməsi.

  

    Kitabı diqqətlə, sonadək oxuyanlar razılaşacaq. Şair hadisələri ardıcıl, mütamadi həm təsvir edir, həm onlara analitik münasibətini yüksək bədiyyatla ortaya qoyur. Şeirlər yazılma tarixinə görə ardıcıl verildiyindən mənasına, motivinə, enerjisinə görə rayonların əldən getdiyi həmin həyacanlı anları oxucusuna bir daha xatırladr, bir daha yaşadır. Itkilərə düçar olduqca Ələddin İncəli hirsindən yerə-göyə sığışmır, yana-yana car çəkirdi:

 

   Ağdamın yağmalanması

   Ağdan da oldu, baba!

   ...Biz sağkən, o yağı düşmən

   Bəs niyə sağ oldu, baba?

   Başqa birində:

 

   Yağılar gör nələr etdi?

   Getdi Füzuli, Cəbrayıl.

   Sonra da Qubadlı getdi,

   Yatıbsan, ey millət, ayıl!

  

   s.

 

   Deyək ki, Ələddin müəllim dəfələrlə ön cəbhələrdə olub, şeirlərini əsgər zabitlərə, sərhədlərdə yaşayan sakinlərə, köçkünlərə oxuyub. Itirmək bir ayıb, oturub gözləmək ikinci ayıb- deyən şair üsyan edir, xalqı səsləyir:

  

   Ay ərən oğullar, əsğər oğullar,

   Ağdam, Şuşa, Xankənd sizi gözləyir!

  

   Cəbrayıl, Zəngilan, Qubadlı, Gorus,

   Xocalı, Xocavənd sizi gözləyir!

 

   ...Soltan bəy yağıdan qoruyan Laçın,

   O min evli Minkənd sizi gözləyir!

 

   ...Yuxarı Qarabağ, Murov, Kəlbəcər,

   Ağdərə, Sırxavənd cizi gözləyir!

 

   Birini bilib, birini bilməyən şair neyləsin ki?! Hirsini baçbilənlərə töküb, onlardan çarə istəyir. Onun vətəndaş mövqeyini, yanğısını bilmək üçün həmin vaxtın səlahiyyətlisinə yazdığı məktuba diqqət yetirək:

 

   Gəz Azərbaycanın sərhədlərini,

   Ucqar kəndlərimiz vir-viranədi.

   Dağlıq Qarabağın türk kəndlərini

   Viran qoyanlara cavabın nədi?!

   Kərki, Malıbəyli, Meşəli hanı?

   Tapdanıb düzdəndi neçə yurd yeri.

   Kim verdi Laçından sonra Şuşanı?

   Sırxavənd neçə yol alındı geri?

   Intəhası, illər sonra ATƏT-lər, AŞPA-ların uzun-uzadı çək-çevirindən sonra da örkənin çox uzanıb doğanaqdan keçmədiyini görən vətən aşiqi qayıdır ki:

   Bu gün Azərbaycan verir imtahan

   "Yurd-Vətən" fənnindən!..

    Sualsa birdir:

   "Qarabağ!"

    Tamaşa salonu: cahan!

   Cahan bilirmi ki, kim müqəssirdir?

 

   Şairin könlünün bələdçiliyiylə Qarabağ ağrısına ekskurs etdikcə qədim diyarın toponimlərini öyrənir, yer-yurd adlarıyla da tanış olursan. Müəllif Qarabağ savaşının burulğanında davaya qatılmış o biri bölgələrin kəndlərinə üz tutur, İncəli, Cəfərli, Əlibəyli, Şınıxlı igidlərini vəsf edir, döyüşə ruhlandırır. Kitabda müəllifin dilini, təbini, həsrətini bir araya gətirən "Qarabağa dön, igid!.." başlığı altında yer alan bayatılar da diqqəti cəlb edir:

 

   Qarabağda zülüm var,

   Ocağım var, külüm var.

   Orda vətən uğrunda

   Bir şərəfli ölüm var.

 

   Qarabağa yönüm var,

   Qarabağa dönüm var!

   Qarabağdan dünyaya

   Ünvanlanan ünüm var!..

 

   Ümumiyyətlə, hər şairin kitabını, ya silsilə seirlərini oxuduqda onun sevgisi, yanğısı, ilhamı, elmi, istedadı fonunda məntiqi, mətləbi, məqsədi bəllənməlidi. Sən kimsən, nə deyirsən?- sualınin cavabı üzərə çıxmalıdı. Nə xoş ki, qocaman şairimiz Ələddin İncəlinin "Üç kitab və ya Qarabağnamə" kitabında bu sual cavablanır.

 

 

   Rəfail İNCƏYURD

 

   Ədalət.-2012.-1 fevral.-S.6.