QAR ÜSTÜNDƏ LƏPİRLƏR...

 

  (Əvvəli ötən saylarımızda)

 

   Açıq səma altında muzey

  

   Beyləqan ən qədim tarixə malik yaşayış məskənlərindəndir. Biz bu barədə dəfələrlə söhbət açmışıq. Bu qədim yurdun tarixi ilə bağlı arxeloqlar və tarixçilər müxtəlif fikirlər söyləyirlər. Amma əsas fikir ondan ibarətdir ki, Beyləqan çox qədim bir tarixə malikdir. O tarixə ki, onun nə 100 yaşı var, nə də 1000 yaşı. Bu yaş bizi eramızdan əvvəlki illərə aparır. Ən qədim tarixi abidələr, ən qədim tapıntılar və eksponatlar onu deməyə əsas verir ki, Beyləqan həqiqətən də Azərbaycanın ən qədim yaşayış məskənlərindəndir. Örənqala haqqında çox zəngin, tarixi məlumatlar var. Təbii ki, bu məlumatları tarixçilər və arxeloqlar araşdırıb ortaya çıxarıblar. Tarixçi alim Nadir Abdullayev Örənqalanın keçmişi ilə bağlı çox maraqlı açıqlamalar verib. Bu açıqlamalar bir daha onu göstərir ki, qədim Beyləqanın keçmişi çox zəngindir.

   Bu gün Beyləqanda nadir rayonlarda gözə dəyən açıq muzey yaradılıb. Bu açıq muzeydə ən qədim dövrə məxsus eksponatlar, saxsı nehrələr, çıraqlar və əşyalar qoyulub. Təbii ki, Beyləqana gələn hər hansı bir insan onun tarixi ilə maraqlansa, elə şəhərin mərkəzindəki açıq səma altındakı muzeyə baş çəkməsi kifayət eləyir. Biz də yolumuzu bu açıq muzeyə saldıq. Açıq muzeydəki tarixi eksponatları və əşyaları görəndə xəyalımız ən uzaq keçmişə qayıtdı. Sanki özümüzü ən qədim dövrdə və bu muzey əşyaların əks etdirdiyi zamanda hiss etdik. Hiss etdik ki, qədim şəhərin və qədim tarixin başı nə qədər müsibətlər çəkib. Təbii ki, bu açıq muzey də rayon icra hakimiyyətinin başçısı İrşad Əliyevin ideyası əsasında yaradılıb. Bu eksponatları, əşyaları ortaya çıxaran, açıq səma altında yerləşdirən insanlara bir daha "çox sağ ol" dedik. "Çox sağ ol" dedik ki, ən qədim dövrümüzə məxsus olan eksponatları və əşyaları qoruyub saxlaya biliblər və müasir gənclərə nümayiş etdirirlər. Məgər bundan da gözəl işmi var?!

 

   Təbii qazın sevinc

 

   Beyləqana artıq bir neçə ildir ki, təbii qaz verilir. Rayona ilk dəfə təbii qaz verilərkən ölkə prezidenti İlham Əliyev mərasimdə iştirak edib və bu tədbirdən sonra Beyləqan şəhərinə, eləcə də bir çox yaşayış məntəqələrinə təbii qaz ötürülüb. Aydındır ki, təbii qazın əhaliyə verilməsi insanların həyat şəraitini və güzəranını daha da yaxşılaşdırıb. Çünki sirr deyil ki, havalar qarlı, şaxtalı və soyuq keçəndə əhali yanacaq sarıdan çox korluq çəkib. Pulu olmayanlar isə yanacaq ala bilməyəndə meşələrə gedərək, ağacları qırıblar və odun kimi istifadə ediblər. Bu isə təbiətə və insanlara dəyən ağır zərbə demək idi. Demək olar ki, indi rayona təbii qazın verilməsi nəticəsində meşələrə də o qədər hücum çəkilmir və ağaclar da qırılmır. Çünki artıq neçə-neçə yaşayış məntəqəsinə təbii qaz verilib. 

   Ötən ilin sonunda isə Beyləqanın Birinci Aşıqlı və Orta Əlinəzərli kəndlərinə mavi yanacaq verilib. Həmin qazın verilməsi prosesində rayon icra hakimiyyətinin başçısı İrşad Əliyev və digər şəxslər də iştirak eləyiblər. İrşad müəllim kənd sakinlərini təbrik edərək deyib ki, bu gün mavi qaz artıq Beyləqanın bir çox kəndlərinə gəlib çatıb. Gələcəkdə isə digər kəndlərə də qaz xətti çəkiləcək və insanların yanacaq sarıdan heç bir korluğu olmayacaq.

 

   Yollar yenidən qurulub

 

   Bir vaxtlar Beyləqanın yolları da bərbad gündə idi. Daha doğrusu, bu bərbad yollarla hər sürücü hərəkət eləyə bilmirdi. Hərəkət eləsən də maşın çala-çuxura düşür və tez sıradan çıxırdı. Aydındır ki, bu bərbad yolla getməyi heç kim arzulamazdı. İrşad Əliyev Beyləqan rayon icra hakimiyyətinin başçısı təyin ediləndən sonra bir çox sahələrdə olduğu kimi, yolların yenidən düzəldilməsinə, tikilməsinə və əsaslı surətdə bərpa edilməsinə böyük önəm verilib. Böyük önəm verilib ki, yollar qısa zaman kəsiyində əsaslı surətdə təmir edilib və istifadəyə yarallı hala salınıb. Elə ona görə də bu gün Beyləqan şəhərində nəqliyyat vasitələrinin hərəkəti asanlaşıb. Rayonun prospektlərinin və küçələrinin demək olar ki, hamısına asfalt örtük döşənib. Üstəlik də piyadaların hərəkət etdiyi səkilər də çox yaxşı bir vəziyyətə salınıb. Əlbəttə, yollar rahat olanda istər-istəməz həmin istiqamətdə hərəkət edən insanlar bir o qədər də çətinliklə üzləşmirlər.

   İndi bu gün nəinki Beyləqanın mərkəzində, hətta onun qəsəbələrində və kəndlərində belə yollar əsaslı təmir edilib. O da aydındır ki, yağış, qar yağanda bərbad yolla hərəkət eləmək ikiqat çətinləşir. Amma nə yaxşı ki, bu gün rayonun yolları əsaslı surətdə təmir edilərək əhalinin istifadəsinə verilib. Təbii ki, yolların təmiri heç də asanlıqla başa gəlməyib. Ona görə ki, bu yolların yenidən qurulması, tikilməsi və əsaslı surətdə təmir edilməsi üçün yüz minlərlə manat vəsait xərclənib. Ölkə prezidenti İlham Əliyevin regionların sosial-iqtisadi inkişafı ilə bağlı ayırdığı vəsait Beyləqanda demək olar ki, çox uğurla böyük tikinti, quruculuq və abadlıq işlərinə sərf olunub.

   Məhz bunun nəticəsidir ki, Beyləqanda və eləcə də qəsəbələrdə, yaşayış məntəqələrində hər gün bir yenilik, bir abadlıq və bir tikinti işinin şahidi olursan. Şahidi olursan ki, hardasa yeni binanın, yeni sosial obyektin özülü qoyulub. Əlbəttə, bütün quruculuq və abadlıq işləri yalnız və yalnız insanların həyatının yaxşılaşdırılmasına və rahat yaşamalarına hesablanıb.

 

   Bolluq yaranır...

 

   Beyləqanda kənd təsərrüfatı məhsullarının istehsalına çox böyük önəm verilib. Yəni bütün dövrlərdə burda taxıl, üzüm, pambıq, bostan-tərəvəz məhsulları bol olub. Ona görə bol olub ki, insanlar onlara ayrılmış payıbəlli təsərrüfatlarda yaz-yay və payız-qış mövsümündə əziyyət çəkiblər, işləyiblər, tər töküblər və sonra da onun bəhrəsini görüblər. Ona görə bəhrəsini görüblər ki, onlar torpağa ürəkdən bağlanıblar, onu seviblər, əzizləyiblər. Torpaq da deyir ki, öldür məni, dirildim səni. Yəni torpağın nazı ilə oynayan adam heç vaxt korluq çəkməyib və ac qalmayıb. Əksinə onların həmişə təhnəsi çörəklə dolu olub. Həm öz balalarını, ailəsini dolandırıb, həm də başqalarına əl tutublar.

   Rayon icra hakimiyyəti başçısının kənd təsərrüfatı işləri üzrə müavini Telman Məstanov bizimlə söhbətində dedi ki, ötən il Beyləqanda bol taxıl toplanıb. Eyni zamanda, bostan-tərəvəz məhsulları da yaxşı olub. Yəni camaatımız üçün icra hakimiyyəti və eləcə də əlaqədar təşkilatlar tərəfindən hər bir şərait yaradılıb. Lazım olanda onlara güzəştli kreditlər də verilib. İndi sirr deyil ki, ayrı-ayrı fermerlərə kənd təsərrüfatını inkişaf etdirmək üçün dövlət dəstəyi də var. Belə ki, fermerlər üçün kredit, güzəştli yanacaq və eləcə də gübrələr verilir. Bu isə kənd təsərrüfatının inkişaf etdirilməsinə ayrı-ayrı fermerlərdə böyük maraq yaradır. Məhz buna görə də rayonumuzda torpağa həvəs də daha da artıb və fermerlər böyük işlərə imza atırlar.

   Son 8 ildə rayonumuzda 35724 nəfər insan işlə təmin edilib. Bu isə o deməkdir ki, çörək qazanmaq üçün hər bir şərait var. Sadəcə olaraq, gərək çörək qazanmaq istəyən əziyyət çəksin, tər töksün bunun da bəhrəsini görsün. Kim əziyyət çəkirsə, torpaqla əlləşirsə onun da müəyyən zaman kəsiyindən sonra nəticəsini hiss eləyir...

   ... Bayırda qar yağır. İnsanlar isə hərəsi bir yana tələsir. Amma hiss olunur ki, bu yağan qar onların da ürəyincədir. Çünki qar bərəkət deməkdir, ruzi deməkdir. Qar həm şumlanan topağın, göyərən zəminin yorğanıdır. Qoy bu yorğan daha qalın olsun ki, il ruzi, bərəkət gətirsin...

 

 

   Faiq Qismətoğlu

 

  Azərbaycan Respublikasının Prezidenti yanında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi fondunun maliyyə yardımı ilə

 

 Ədalət.-2012.- 4 fevral.-S.12