KOROĞLU KİMİNDİR?!

 

"Yeni Musavat" qəzetinin 31 yanvar nömrəsində Famil Cəfərlinin Koroğlunun Bakıda ucaldılacaq heykəli ilə bağlı çox təəccüblü və qəribə yanaşmasını oxudum. Həmin köşə yazısındakı iki məqama diqqət yetirək...

  

    "Birincisi odur ki, xalq qəhrəmanının abidəsi niyə gizlicə qoyulur. Bir neçə gün əvvəl baş verən hadisənin xəbəri bir neçə gün sonra niyə yayılır?!

   İkincisi, bu abidənin açılışını hərləyib-fırlayıb niyə Fransa Senatının Türkiyəyə qarşı alçaqlıq elədiyi indiki günlərə saldılar? Çoxu bunu təsadüfi saymır ha- deməyi məndən. Tarixi bilənlər bilir, Koroğlu da Anadolu türklərinə qarşı çıxmış biridir. O, Azərbaycanda Osmanlı imperiyasına qarşı Cəlalilər hərəkatının (XVI əsrin sonları - XVII əsrin əvəlləri) başında duranlardan biri olub. Lənət şeytana, yoxsa Sarkoziyə, Fransaya bu türk düşmənçiliyinə görə bir söz deməyə cürəti çatmayan bizimkilər Koroğluya heykəl qoymaqla Fransaya dəstəyini nümayiş etdirir? Türk düşmənlərinə sevgi göstərməyi böyük siyasət sayır?! Eyhamla deyirlər ki, qorxmayın, bizsizin yanınızdayıq?!

   Mən demirəm ki, Koroğlunu silib ataq, onun heykəlinin qoyulmasını ləğv edək. Yox. Sadəcə bu abidə söhbəti indiki bu həssas vəziyyətdə məncə, heç yerinə düşmür. İki qardaş ölkə arasında böyük narazılıq, yekə diplomatik qalmaqal yaranmasa yaxşıdır".

   Hörmətli Famil müəllim, day bu qədər yox !

   Əvvəla abidə niyə gizlicə qoyulur ki?! Gizlicə onda olar ki, səhər durub eviyin, ya yeriyin qabağında qəfil bir heykəllə rastlaşasan, gecəqondu kimi.

   Bu heykəlin ucaldılması üçün sərəncam verilib, Prezidentin Ehtiyat Fondundan vəsait ayrılıb. Şəhər icra hakimiyyəti yer ayırıb. Uzun müddətdir ki, həmin ərazidə hazırlıq aparılır. Sağdan keçən , soldan keçən görür bilir ki, burda Koroğluya heykəl qoyulacaq. bu sərəncam veriləndə, işlər görülməyə başlananda məlum söz-söhbət Fransa parlamentinin müzakirəsinə çıxarılmamışdı.

   İkincisi, Koroğlunun türk düşmənçiliyinə, Osmanlıya dəxli. Fransada heç bilmirlər Koroğlu kimdi, nəçidi, bizə sağ ol desinlər. Koroğlunu Avropada bir-iki ovuc tanıyan varsa, onlar da mütəxəssislər tədqiqatçılar ola bilər, onu şair kimi tanıyırlar. hələ vaxtilə Avropada Koroğlunun şeirlərini kitab kimi çap ediblər. Biz "Cəsur ürək" çəkmişik, "Robin Qud" ki, onu Aaropada, dünyada tanıda bilək. Onu da qeyd edim ki, Koroğlu bir xalq qəhrəmanı olduğu kimi, həm qüdrətli bir şairdi. isə.. 

   Koroğlunun Osmanlı imperiyası ilə vuruşması Sovet ideologiyasının nağıllarından başqa bir şey deyil. Kimə desən ki, Koroğlu Osmanlıyla savaşıb, Anadolu türkləri ilə savaşıb gülər. Düzdür, Sovet hökuməti "Koroğlu" dastanına maya qoyub yəqin ki, dastanı toplayıb üzə çıxaranlara da müəyyən bir istiqamət verib.

   "Dədə Qorqud" eposu belə başlayır ki, Peyğəmbər əleyhisalam zamanıda Bayat elindən Dədə Qorqud derlər bir qopdu. Hamımız çox gözəl bilirik ki, bu belə deyil. Dədə Qorqud İslamdan yüz illər əvvəlki eposudur. Əks halda eposda bircəcə dənə olsa İslamdan ya ərəbdən bir ada, bir adət-ənənəyə rast gələrdik. İndi dastanı qələmə alan belə yazıb deyə, beləmi qəbul etməliyik?! Eləcə "Koroğlu"nu qələmə alanlar, daha doğrusu Sovet tədqiqatçıları zamana görə isə yaza bilərlər.

   Amma dastanın ümumi ruhu var dastan ortadadır.

   Gələk Koroğlunun Osmanlı, Anadolu türklərinə qarşı düşmənçiliyinə! Bu heykəli qoymaqla Fransaya yarınmağımıza!

   Əgər Koroğlu Osmanlının, Anadolu türkünün düşməni olsaydı qardaşlarımız onu bizdən çox sevərdilərmi?! Bilirsinizmi, Koroğlunun Türkiyədə, xüsusi ilə Anadoluda neçə heykəli ucaldılıb? bu gün qardaş ölkədə tarixçilər tədqiqatçılar arasında Koroğlunun Türkiyənin hansı elindən olması ilə bağlı mübahisələr müzakirələr gedir?

   sübut etməyə çalışırlar ki, Koroğlu Anadolu türküdü. Onun yuvası Çənlibel Boludakı Çənlibel dağıdı (Anadolu türkləri Çamlıbel deyirlər). 

   Mən bunula mübahisə ya müzakirə açmaq istəmirəm ki, Koroğlu kimindir?! Bizim, yoxsa Osmanlı türklərinin! Sadəcə olaraq Türkiyənin tarixi tədqiqatçılarının öz aralarında Koroğlu ətrafında apardıqları müzakirələrə toxundum. Şəxsən mənim fikrimcə Osmanlı türkünün nəyi varsa bizimdir bizim nəyimiz varsa Osmanlı türkünün. Biz ayrı-ayrı beldən gələn ya bir beldən gəlib ayrı-ayrı anadan doğulan ögey qardaş deyilik ki, dədə-babalarımızın mirası üstə dava salaq!

   Hörmətli Famil müəllim, Bolu şəhərinin simvolu Koroğlunun heykəlidi. Hələ 30-32 il əvvəl görkəmli şair Məmməd Aslan Türkiyəyə səyahəti ilə bağlı yazdığı "Ərzurumun gədiyinə varanda" kitabında qardaş ölkədə Koroğluya qoyulmuş heykəllə bağlı ətraflı yazmışdı.

   Bolunun meydanı olan Bələdiyyə meydanında Koroğlunun möhtəşəm heykəli ucalır.

   Bundan başqa Nalihan ilçəsində daha bir heykəli qoyulub. tədqiqatçılar iddia edirlər ki, bu ilçə adını Qıratın nalından götürüb. Koroğlu öz sevimli atını bu ilçədə nalladarmış, ona görə bura Nalihan deyiblər.

   Koroğlunun daha başqa bir heykəli Dördtivan ilçəsində qoyulub.

   Boluda Koroğlunun adına xəstəxana var, müxtəlif təsisatlar var s. ilaxır.

   Türkiyədə Koroğlu ilə bağlı neçə-neçə film çəkilib. Düzdür bu filimlər elə bizim "Koroğlu" filmi kimi bir şeydi. Amma hər halda bir yox, bir neçəsini çəkiblər.

   Türkiyə ötən əsrdə indiki kimi demokratik deyildi ki, milyonlar xərcləyib ona düşmən olanların kilsəsini təmir eləsin, onlara monastır tiksin, öləndə küçələrə tökülüb "hepimiz hrantız! Hepimiz erməniyiz!" desinlər. Qarsda "Erməni-Türk qardaşlığı" abidəsi ucaltsınlar.

   Qısası ötən əsrdə Türkiyədə düşmənə heykəl qoymazdılar, adını əbədiləşdirə bilməzdilər, haqqında filimlər çəkməzdilər.

   Biz Koroğluya hələ indi heykəl qoymaq istəyirik...

   ... Düzdü Şəmkir yolunda Koroğluya bir heykəl qoyublar, Keçəl Həmzəyə o heykəli qoysaydılar razı olmazdı. Və mən yazılarımın birində bu heykəllə bağlı yazmışdım ki, Koroğlunu Qıratın deyil, eşşəyin belində oturdublar...

  

   ... Onu da heykəl hələ qoyulmamış qaralayırsız: "İki qardaş ölkə arasında narazılıq, yekə diplomatik qalmaqal..."

   Narahat olmayın belə bir şey baş verməz. Amma sizin bu yazınız qaşınmayan yerdən qan çıxarmaqla, qaşınmayan yerdən qan çıxarmaq istəyən "Yeni Şəfəq" qəzetinə qardaş ölkədə bu qəzetə züy tutanlara Azərbaycana yeni böhtanlar atmaq üçün gözəl bir fürsət verə bilər."

 

Aqil ABBAS aqilabbas@rambler.ru

Ədalət.-2012.-4 fevral.- S.1-3.