BİR QIŞ NAĞILI
İki şairin bir turac sevdası
Yaxşı ki, Tanrı insana ünsiyyət qurmaq,
anlaşmaq qabiliyyəti verib. Əgər belə
olmasaydı, ürək heç nəyə dözməz, elə
ilk həmlədən, ilk laqeyd münasibətdən, ilk
sayğısızlıqdan param-parça olardı. Şükür ki, Tanrı yaratdığı insan
övladının ağlı-kamalı ilə yanaşı,
sevgisi, duyumu, anlayışı ilə də var edib,
cilalayıb. Ona bircə kəlmə
"Ol!" deyəndə həm də "Anla!
Düşün! Sev!" də deyibdi. Bax, insan da bu hikmətli sözlərin sirlərinə
valeh ola-ola ona verilən ömür payını
yaşayıbdı. Bir az az, bir az
çox, bir az kədərli, bir az sevincli, bir az nəşəli,
bir az ələmli, bir az da özü bildiyi kimi...
Havaların necə
keçdiyi göz önündədi. Durub
qardan, çovğundan danışmağın yeri yoxdu.
Bir də danışıb neyləyəsiyik ki,
Tanrı ixtiyar sahibidi, yer-yurd da onun. İstəyər
qar yağdırar, istəyər gün çıxarar. Biz onun əksinə getməkdə çox acizik.
Bizim ən böyük anlayışımız
elə bu təbiət hadisələrini zövqümüzə,
ruhumuza uyğun nizamlayıb yaşamaqdı. Necə ki,
bu həftənin qarlı günlərinin birində tələbə
dostlarımın yaratdığı yaz havası, gətirdikləri
yaz ovqatı qışı mənə unutdurdug
Telefonuma zəng gəlir.
Sabir idi. Şair, nəğməkar
dostum Sabir Abdin. Özünəməxsus şəkildə
soruşdu:
- Qağa, hardasan?
Təbii ki, mən də cavabı
ləngitmədim, evdəyəm- dedim. Bunun ardınca şair
qardaşımın ikinci sualı gəldi:
- Sən bilən bu qarlı
havanın dərmanı nədi?
Bir az duruxdum və
anladım ki, belə havada həm qar tapdalamaq, həm də
xudmani bir yerdə əyləşib dostların əhatəsini
sözlə, işıqla doldurmaq lap gözəl olar.
Duruxduğumu görüb Sabir növbəti sualı göndərdi
ünvanıma:
- Dur, otur bir maşına gəl,
"Əcəmi"yə. Metronun yanındakı parkda
yaxşı qar var, bir az qar tapdalayaq. Ramiz də gəlib rayondan. Özü
də nəsə sürpriz hazırlayıb bizə. Gəl görək nə sürprizdi.
Təbii ki,
dostların dəvətini yubatmadan, necə deyərlər,
vaxtın üstünə toz qonmasına imkan vermədən
deyilən ünvana gəldim. Tələbə
dostlarım həqiqətən "Əcəmi"də
topuqdan olan qarın üzərində söhbət edə-edə
gəzişirdilər. Görüşdük
və mən də onlara qoşuldum. Bakı
üçün qeyri-adi olan bu gözəl havanı ciyərlərimizə
çəkə-çəkə bir xeyli parkda gəzdik.
Düzünü deyim ki, biz qarın içində
gəzib dolaşdıqca mən Ramizin sürprizinin nədən
ibarət olacağını düşünürdüm.
Elə bil ki, düşündüklərimi Sabir göydə
tutdu və:
- Qağa, bu Ramiz müəllim (o
adətən dostları belə titullarla təqdim etməyi,
şərəfləndirməyi xoşlayır - Ə.M.)
rayondan gələndə bizim adımızı çəkib
bir əhd eləyib. Yəni deyib ki, ay Allah, iki
şair üçün bir güllə atacam, ovum qanlı
olsun. Kişinin ovu da qanlı olub, bir turac
vurub və götürüb özü ilə gətirib
Bakıya. Bax, indi Ramiz istəyir ki, onu bir
yerdə bişirtdirsin və biz də onu üçlükdə
nuş eləyək.
Hə, doğrudan da
ilin-günün bu vaxtı ov əti, özü də turac əti
yemək hər şairə nəsib olan iş deyil. Ona görə
mən də çox ürəklə Allahıma
razılıq edərək dedim:
- Görünür biz şairlərin
Tanrı yanında az-çox xətir-hörməti var. Ona
görə də bizim adımız çəkilib, atılan
güllə boşa getməyib.
Bu zarafatlara Ramiz də
qoşuldu. O da özünəməxsus şəkildə
mənim və Sabirin məsələni belə bəzəməyimizə
güldü və gülə-gülə də dedi ki:
- Bilirəm, siz bir yer tapıb bunu
bişirtdirə bilməyəcəksiniz. Amma mənim
bir eloğlum var, gəlin onun həmişə oturub
çay-çörək yediyi kafeyə gedək. Yolüstü zəng vurum özü də gəlsin,
turacın məsələsinə baxaq.
Bu təklifi qəbul
etdik və qarı tapdalaya-tapdalaya üz tutduq Zərifə
parkına doğru. Ordan zeytunluğa
qalxdıq. Təəssüf ki,
axtardığımız dostum dediyi ünvanı səhv
salmışdı. Yenidən üzü
geri parka tərəf qayıtdıq. Bax, elə bu
qarın içərisində gəzdiyimiz saatlar ərzində
ağlıma bir zarafat gəldi:
- Sabir, sən heç fikir verirsən
ki, Ramiz müəllim iki şairi bir turaca görə necə əsir-yesir
edib? Özümüz ova getsəydik, yəqin
heç bu qədər qar tapdalamazdıq. Amma
Ramizdəki məharəti görürsən də,
"İki şair və bir turac" yazısının layihəsini
qoydu ortaya. Bunu gərək qələmə
alam. O biri dostlarımız da oxuyub heç olmasa ov həvəsinə
düşsünlər.
Biz həmin günü nəhayət
ki, turacın tavaya düşməsinin şahidi ola bildik. Sağ olsun Zakir Rüstəmovu. Sözün kövrək damarını göydə
tutan, misralara qiymət verməyi bacaran, bir sözlə, hal əhli
olan dostumuz öz kömək əlini bizə doğru
uzatdı və onun sayəsində bu turac əhvalatı əməlli-başlı
bir məclisə körpü saldı. Biz
tələbəlikdən də danışdıq, ailədən-uşaqdan
da, bugünkü və dünyasını dəyişən
dostlardan, doğmalardan da. Açığını
deyimi ki, bu qar bəlkə də bir bəhanə oldu. Yox, səhv edirəm, əslində turac bəhanə
oldu. Biz həmin gün Bakıda, ölkənin
baş kəndində qarın ləzzətini duyduq,
yaşadıq. Mən dostlardan ayrılanda
artıq içimdə baş qaldıran misraları
öz-özümə pıçıldayırdım.
çəkilərək
özümə
sükutla
danışıram
o sükuta elə
bil
daha çox
qarışıram-
tək olandag
bir az dərdi
unudub
bir az qəmi
atıram
əlimdən
sükut tutur
istəyimə
çatıram-
tək olandag
xəyallardan
qopmadan
dörd tərəfi
gəzirəm
birtəhər
qaçan vaxtın
qarşısını
kəsirəm-
tək olandag
özümə
çəkilməyim
sənlə
söhbət etməkdi
sükutdansa istəyim
uzaqlara getməkdi-
tək olandag
***
Anlayışlı
olmağın insana Tanrı hədiyyəsi olduğunu əvvəldə
xatırlatmışdım. Elə dostlarla
keçirdiyim həmin günün əsas qayəsi də məhz
bizim bir-birimizə qarşı anlayışlı
olmağımız idi. Yəni istər
süfrə arxasında, istər qar tapdaya-tapdaya gəzdiyimiz
zamanda etdiyimiz söhbətlərin hamısı səmimiyyət
və anlayış ifadə edirdi. Ətrafdan
bizi dinləyən olsaydı, dərhal anlayardı ki, biz
dördümüz də səmimiyyəti,
qarşılıqlı hörmət və diqqəti, yəni
insani dəyərləri təkcə bir-birimizdən əsirgəmirik,
həm də onu özümüzün bir parçamıza
çeviririk.
Bax, bu dediklərimin
fonunda mən gözümün önünə
dünyasını dəyişən dostlarımı gətirirəm.
Xüsusilə qələm, söz dostlarımı,
könül sirdaşlarımı - Nüsrət Kəsəmənlini,
Vahid Əlifoğlunu, Vaqif Cəfərlini, Pərviz
Əliyevig eləcə də Ələsgəri
qarşımda canlandırıram. Hər biri ilə
söhbət etmək, səslərini eşitmək istəyi
ilə dərin bir sükuta dalıram. O sükutun
içərisində mənə doğru axıb gələn
səsləri duyuram, eşitməyə başlayıram. Bu Nüsrətin səsidi, özünəməxsus
şəkildə şeir oxuyur - mən bu günə qədər
öz şeirlərini Nüsrət kimi, Nüsrət təqdimatında,
Nüsrət ifasında, Nüsrət görkəmində
oxuyan ikinci bir şairə rast gəlməmişəm. Nüsrət öz şeirlərini oxuyanda o, bu
dünyanın adamı olmurdu. Onun səsi,
sözləri göz önündə, ekrandakı kimi göstərirdi
dinləyiciyə. Səs də
görünürdü, söz də. Bu,
Nüsrətin qeyri-adiliyi idi. Onu Allah
yalnız Nüsrət Kəsəmənliyə
bağışlamışdı. Nüsrət şeir
oxuyur:
"Şur" dayandı, dindi
"Şüştər",
"Şüştər" məndən
Vətən istər
Desələr bir qərib göstər,
Uşaq da göstərər
məni.
Bax, bu səs də
Vahid Əlifoğlunundur. Rəndəsiz,
boyasız, heç bir qayda-qanuna əməl etməyən səs.
Olduğu kimi, Allah ona nə cür veribsə, o
cür köntöy və o cür də ərkli bir səs.
Vahidin səsinə yad adam qulaq assa elə
bilər ki, Vahid söhbət eləmir, kiminləsə
dalaşır, mübahisə edir. Qəribə
idi Vahidin səsi. Şair səsindən çox, təpədən-dırnağa
zəhmət, ağrı-acı hopmuş, dizi-dirsəyi qabar
bağlamış zabitəli kişi səsi
idi və həmin səslə də Vahidin şeirləri
qulaqlarımda səslənir:
Qabağıma ölüm
çıxar
Qırxım ötər, ilim
çıxar
Yüz çörəkdən əlim
çıxar-
Bir şeir yazana kimig
Bax, bu da Vaqif Cəfərlinin
səsidi. Zarafatı səsinə elə
qatır ki, özünün dediyi kimi, "sifətinin
qarası" itir o səsin içində. Şair Ənvər Əhmədin "qara
şair" dediyi Vaqif Cəfərli zarafatı ilə kədərdən,
ehtiyacdan və bir də zamanına etirazdan qaralmış sifətinin
qara rəngini işığa çevirirdi. Təsəvvür edin ki, qaranlıqda işıq nə
qədər gözəldirsə, Vaqif Cəfərlinin səsi
də, zarafatı da qara rəngi bir o qədər
işığa boyayır, sevdirir hər kəsə. Və bu səs də "öd daşından"
gileylənir. Özü ilə son mənzilə
apardığı öd daşındang
Bu isə Pərvizin
səsidi. Bir az cığal, bir az
zarafatcıl, bir az müdrik, bir az qətiyyətli, bir az
çevik. Bütün hallarda Pərviz öz səsini
elə kökləyirdi ki, onun cığallığı da,
zarafatı da, sərtliyi də, mülayimliyi də
hamısı qarışırdı bir-birinə. Anlaya bilmirdin ki, bu səs sənə doğmadı,
yoxsa ki, yad. Bax elə o
anlaşılmazlıq Pərvizin səsinin
yaraşığıydı. Dəfələrlə
o səsin ip ucunu tapmaq, onu çözmək istəmişəm.
Çalışmışam ki, bu səsin nə
ifadə etdiyini anlayım, amma bacarmamışam. Çünki onun səsi olduğu zaman, durduğu məqama
köklənirdi. Necə deyərlər, o
zamanın və məqamın adamıydı. Elə səsi
də özü kimig
Hə, səslərlə
yordum deyəsən sizi. Amma mən
Bakının o qarlı havasında, o doğma insanların
arasında həmin o səsləri elə rahatca eşidirdim
ki, sanki o səslər mənə tərəf əlini
uzatmışdı. Məni
çağırırdı, ya mən onlara doğru gedirdim,
anlaya bilmədim. Anlaya bilmədiyim həmin
o məqamda yadıma dostlar, doğmalar üçün qəribsəyən
əllərim düşdü. Əlimi buz
kəsmişdi. Xışmaladığım
qar barmaqlarımı keylətmişdi.
əllərimin
istisi
əllərində
ləngimir
həsrətə
dil tökürəm
ağrılarım
səngimirg
baxışımda
bir dünya
ilğım
kimi ötərig
yaşayıram
mən guya-
yaşatmaqçün
kədərig
ürəyimin səsini
göylər
çəkir, yer udur
o mənim nəfəsimi
bəhanəsiz unudurg
nə ümidim tükənir,
nə dilim qıfıllanır.
görüş yeri
saydığım-
dünya hələ
fırlanırg
***
Deyəsən söz-sözü çəkdi və yaxud da söz fikrə körpü oldu. Bilmirəm, hər nə olubsa, ötən həftənin son istirahət gününü qar tapdaya-tapdaya qəribə bir ovqatla yaşadım. Elə bir ovqatla ki, onun hər anı yadımda-yaddaşımda iz buraxdı. Xüsusilə iki şairin bir turac həvəsi ilə qol-qola girib Bakının parklarını gəzməsig Amma məni qınamayın, bunun da öz gözəlliyi var. Söhbət bir tikə çörək yeyib, çay içməkdən getmir. Dostlarım, eləcə də mən həmin gün neçə-neçə duyğulara baş vurduq, neçə-neçə xatirələri oyatdıq. Və biz bir də şeirin duyğularımızda yaratdığı həzinliyi, kövrəkliyi yaşadıq. Bu cür yaşamaq həm saflaşmaqdı, həm təzələnməkdi, həm də özünə kənardan baxmaqdı. O qarlı gündə biz həm özümüzə, həm bir-birimizə, həm də dostlarımıza açıq ürəklə, xoş niyyətlə nəzər yetirdik. Kaş, Allahın da həmişə nəzərində olaq!
Əbülfət
MƏDƏTOĞLU abulfatm@box.az
Ədalət.-2012.-4 fevral.- S.8.